t s

» » “Ata Sonevini Ziyarət Günü” Törənində deyilmiş fikirlər

“Ata Sonevini Ziyarət Günü” Törənində deyilmiş fikirlər

10-06-2015, 09:57 Yazar:  Röya Baxılıb: 724 Çap et
“Ata Sonevini Ziyarət Günü” Törənində deyilmiş fikirlərAsif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı


Ocaq Günsırası ilə bu ilin Şölə Ayının 5-də Asif Atanın ölümündən 18 il ötdü. Mütləqə İnam Ocağı gələnəksəl olaraq bu tarixdə “Ata Sonevini Ziyarət Günü” Törənini (Ağstafa sonevliyində) gerçəkləşdirdi. Evladlar “Ataya səcdə yüksəkliyində Ata tələblərinə yetək!” dedi. Törən quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Günümüzə başlayırıq. Biz 18 ildir, hər il Atanın sonevi üzərində törən keçiririk. Ancaq Ocaq olaraq işimizi Atanı ziyarət eləməklə bitirmirik. Atanı ziyarət bir anın məsələsi deyil. O, bütöv ilin yaşantılarının hesabatıdır əslində. Biz bütün çağlarda özümüzü Atanın hüzurunda bilirik. Atanın ruhani hüzurunda, mənəvi hüzurunda bilirik. Asif Atanın yaratdığı, ortaya gətirdiyi Olay, Dünyabaxış əslində bizim hər birimizin içini yarpaq-yarpaq açır. Hər birimizin ağlını böyüdür. Bizi xalq olmağa, millət olmağa kökləyir. Biz xalq olmağın, millət olmağın hesabatını veririk. Biz ildə neçə bayram, törən keçiririk. Bunların hamısı sadəcə bir gündə keçirilməli tədbirlər demək deyil. Törəndən öncə mən söhbət elədim, Azərbaycanı qarış-qarış gəzirik. Bundan sonra da gəzəcəyik. Azərbaycanda özünəxaslıq yaratmaq, düşünürük, bir günün, beş günün məsələsi deyil, illərin işidir. Biz o illəri yetiririk. O illərlə yaşayırıq, bundan usanmırıq. Çünkü o həqiqət bizim ağlımıza çatıb.
Biz, millət olaraq, yad mədəniyyətlərin basqısında yaşayırıq, nəinki on illər, yüz illərdir. Özgürlük deyilən bir anlayış var. Çox adam elə bilir, bu özgürlüyü Avropa kəşf edib, yalnız Avropanın demokratiyasında mövcuddur. Özgürlük insanın içindəki tələbdir. Milyon il öncə də olsa, dünən də, bu gün də, insanın içində o tələb var. Ayrı-ayrı çağlarda ayrı-ayrı ideologiyalar ortaya çıxıb. O ideologiyalar özgürlüyü özünəxas olaraq ifadə edib. Yəni demokratiya deyir özgürlüyü filan üsulla gerçəkləşdirmək olar, bir başqası gəlib deyir, filan üsulla. Ancaq özgürlük özgürlükdür. Sadəcə ideyaların, ideologiyaların özünəxas yanaşması var. Asif Ata tamam fərqli yanaşdı. O deyir, haçağacan insan özü özünü yaratmayıb, öz içində qurulmayıb, öz içində daşıdığı insanilik mənasına çatmır, ondan özgürlük-filan gözləmə. Ondan sağlam, doğru addım gözləmə. Fəzilət gözləmə. O niyə eləsin axı?! O, buna yetməyib.
Hər bir insan bioloji varlıq kimi doğulur, bioloji tələblərlə də yaşayır. Hər birimiz yeməliyik, içməliyik, geyməliyik, işləməliyik. Təbii, qaçılmaz şeylərdir. Yaşam bununla oluşur. Ancaq biz bütünlüklə yaşamın bu tələbinin altında yaşayırıqsa, onda niyə dünyaya gəlmişik, niyə gedirik, fərqinə varmırıq. İnsanıq, ya insan deyilik, fərqinə varmırıq. Bioloji ömür yaşayırıq, ömrümüz başa çatır. Biz sadəcə olaraq, soyartırma əməllərində var oluruq. Ancaq Asif Ata, eləcə də Asif Atayadək tarixdə bir çox dühalar insan haqqında başqa fikirlər də səsləndiriblər. Söz yox, onu hərəsi öz üslubunda deyib. Yəni insan təkcə göründüyü deyil, insan təkcə bioloji varlıq deyil. İnsan içində yüksək qüdrət daşıyır, insanlıq adlı məna daşıyır. Onun dünyaya gəlişinin hədəfi də odur: öz ömründə, öz içində daşıdığı mənaya yetsin, gözəllikləri üzə çıxarsın.
Asif Atanın dünyagörüşündən doğan fəlsəfənin bir fərqini mən demək istəyirəm. Bizə qədər olan dini, fəlsəfi baxışlar insana bir çox məsələlərin içinə girməməyi tövsiyə edir. Məsələn, fəlsəfədə aqnostsizm deyilən bir cərəyan var. Yəni hər şeyi dərk eləmək olmaz. İdrakın olanağı dışındadır. Semit dinlərində də var – Allahın işinə qarışma. Asif Ata deyir, qarış. Necə qarış, Allah adlandırılan qutsal Məna var. Vicdan, ədalət həmin mənaya bağlıdır. İnsansevərlik, vətənsevərlik, millətsevərlik, dövlətsevərlik Allahlıq məzmununa bağlıdır. Asif Ata deyir, o məzmunun içinə gir, Allahın sirlərinə yet. Onun sirləri gözəlliklərdən ibarətdir. O gözəlliklərə yet. Gözəlliklərə yetməsən, sən necə gözəllik yaradacaqsan?! Dünyanı necə gözəlləşdirəcəksən?! Yox, mən qorxuram, sirrə qarışmıram. Qarışmıram, heyvan kimi qalıram. Qarışmıram, müti qalıram. Mən müti qaldıqca əməllərimdən gözəlliklər gözləmə. Qorxaqdan gözəllik gözləmə. Qorxaqdan vəhşilik gözlə, yırtıcılıq gözlə. Dövlətlərin başına gələn azğın adamlar ən qorxaq adamlardır, rəzil adamlardır. Onlar içində qorxu gəzdirirlər. Qorxu gəzdirdiyi üçün qorxudur. Qorxudur, çünkü içində qorxu var. Basqı altında saxlayır ki, özü basqı altına düşməsin. Ona görə Asif Ata deyir, gərək insanlığın sirlərinə yetəsən. Allahlıq mənasının sirlərinə çatasan. Gözəllikləri özündə üzə çıxarasan – ədaləti, vicdanı, həqiqəti, doğmalığı, insansevərliyi, millətsevərliyi.
Biz Azərbaycanı qarış-qarış gəzirik, Azərbaycan gəncliyinin ağlında bu halı yaradırıq. Azərbaycan gəncliyinə deyirik, sənin millətin, vətənin gördüyün bu dağınıq deyil, dağıdıblar onu, talayıblar onu, məhv eləyiblər onu. On illərdir, yüz illərdir məhv ediblər. Bu deyil sənin vətənin.
Son çağlarda bir yazı yazmışam. Orada vurğu olunur: iki məsələ mühakimə olunmazdır: Ana, bir də vətən. Vətən heç mühakimə olunmazdır. Ana nədəsə mühakimə oluna bilər. Əgər ana dünyaya övlad gətirib, ona qayğı göstərmirsə, onu atırsa, özü küçə adamına çevrilirsə, onda o, analıq haqqını itirir. Onda o, mühakimə olunmalıdır. Niyə bu addımı atır deyə mühakiməyə gəlir. Millət də mühakiməyə gəlir, niyə özündən ayrılmısan deyə. Niyə öz böyüklərindən, şəxsiyyətlərindən ayrılmısan? Niyə öz böyüklərinə, şəxsiyyətlərinə, dəyərlərinə yiyə durmursan deyə milləti də mühakimə eləmək olar. Ancaq vətən mühakimə olunmur.
Anamın sağlamlığı ilə uğraşan bir həkim dostum deyir: insan dilini dəyişə bilər, mədəniyyətini dəyişə bilər, dinini dəyişə bilər, vətənini dəyişə bilər, ata-anasını dəyişə bilməz. Mən deyirəm, insan vətənini dəyişə bilməz. Sən buradan gedib İngiltərədə, Fransada yaşayırsansa, bu, vətəni dəyişmək anlamına gəlmir. Vətən mənəviyyat yaradır, ruh yaradır. Bizə dil verir, şüur verir. Bizim şüurumuz Azərbaycana xas şüurdur. Bizim ruhumuz Azərbaycan xas ruhdur, İngiltərəyə xas ruh deyil. Ona görə vətəni dəyişmək olmur. Coğrafiyanı, yeri dəyişmək vətəni dəyişmək anlamına gəlmir. Mən Abşeronda, Bakıda yaşayıram. Məndən soruşanda demirəm Bakılıyam. Bakı mənim sevdiyim yerdir, yurdumun baş kəndidir. Mən Borçalıdanam deyirəm. O ruhu mənə Borçalı verib. Ola bilər kimsə heç nə götürməyib. Ancaq onun anlamı odur. Ona görə vətən mühakiməyə gəlmir.
Asif Atanın yaratdığı ideya, dəyər də mühakiməyə gəlmir. Çünkü Asif Ata özündə vətən anlamı daşıyır. Mənim üçün Asif Ata Əfəndiyev Qasım müəllimin oğlu anlamına gəlmir. Mən hansısa bir aydına, deyək Qasım müəllimin oğluna qulluq etmirəm. Mən Asif Atanın yaratdığı ideallara qulluq edirəm. Mənim üçün odur. Azərbaycan ideallar yaradıb. Mən Azərbaycanı Asif Atadan öyrəndim. Azərbaycanın nə demək olduğunu. Həmən öyrəndiklərimi, Azərbaycanı qarış-qarış gəzirəm, gəncliyin ağlına yazıram, sənin vətənin budur. Sənin vətənin böyük dəyərlərdən başlayır – Zərdüştdən başlayır, Dədə Qorquddan başlayır. Babəkdən, Füzulidən, Hürufilərdən, sazdan, muğamdan başlayır. Sənin dəyərlərin budur. Sən cılız, balaca ulus deyilsən. Səni bu duruma salmaq hələ o demək deyil sən balaca xalqsan. İllərlə bu milləti cılızlaşdırıblar. Ruhunu işğal ediblər, onu gözükölgəli ediblər. Milləti öz gözündə düşürüblər, millət özünü söymək öyrənib. Millət özünü sevmək öyrənməyib. Hər dəfə mən bunu vurğu edirəm: millətə özünü sevmək öyrətməyiblər, söymək öyrədiblər. Hamı deyir bu millət alçaqdır. Hamı deyir bu millət satqındır-filandır. Satqın deyil, satqın duruma salınıb. Biz yad baxışların basqısı altında olanda, özümlü mədəniyyətimiz olmayanda basqılar altında üzümüzü itiririk. Son yazımda yazmışdım: Ermənistan adlanan Batı Azərbaycandan gələn azərbaycanlılar, Qarabağdan qovulan azərbaycanlılar Bakıda, Sumqayıtda, hardasa yerləşiblər. Onlara soydaşları, deyək İmişlidən, Kürdəmirdən, Beyləqandan olan öz soydaşları rişxənd edir. Onlara deyirlər, sizin qeyrətiniz olsaydı, öz torpaqlarınızı qoyub gəlməzdiniz. Buradaca vətən bölünür, ayrılıq yaranır. Sanki Qarabağ qarabağlının dərdidir, Göyçə göyçəlinin dərdidir, Kürdəmir kürdəmirlinin dərdidir. Başqasının dərdi deyil. Ona görə də çoxlu “birliklər” yaradırlar, örgütlər yaradırlar, – bu, Qazax “birliyidir”, guya Qazağın dərdiylə uğraşır. Bu, Yevlax “birliyidir”. Bunlar hamısı Azərbaycanın böyük dərdini parçalamaqdır. Bütövlükdə Azərbaycanla uğraşmaq gərəkdir. Asif Ata Azərbaycanı bütöv götürür, dərdi bölmür, parçalamır. Azərbaycanı bir götürür. Bizim ağlımızda Azərbaycanın obrazını yaradır, dəyərini yaradır, onun ruhunu yaradır. Bizim ruhumuz işğal olunub. Bizim ruhumuzu işğaldan çıxarır Asif Ata. Haçağacan insanın ruhu işğal altındadır, ondan vətən, millət gözləmə. Vətənə, millətə sevgi gözləmə. Ruhdur əsas. Gərək o ruh özgürlüyə yetsin. Nəylə yetsin – özümlü mədəniyyətlə, özümlü dəyərlərlə. Millət – öz mahiyyətindən gələn, öz içində yaranan, öz keyfiyyətlərindən yaranan qutsal dəyərlərlə özünə bənzəyə bilər. Özünü yarada, qoruya bilər. Dünyada öz yerini qoruya bilər. Asif Atanın yaratdığı, dediyi elə bir səviyyəni qapsayır, bu, sözə sığmır.
O gün bir iş yoldaşımz öldü, onu torpağa qoyduq. Orada söhbət ancaq ərəb dilində gedirdi. Bəs sənin ananın dili hanı? Sənin beşiyinin başında axı anan sənə layla çalıb. Sənin şüurunun altına öz dilini yeridib, qoru bu dili, bu dilin gözəlliyini. Bu dil saz dilidir, şeir dilidir, nəğmə dilidir, ruhaniyyat dilidir. Onu sənin şüurunun altına yeridib. Sən neyləyirsən, niyə qorumursan?
Molla deyir “Ələkbər ibn Səməd”. Demir “Səmədin oğlu Ələkbər”. Bunu molla deyir, heç kim səsini çıxarmır.
Niyə sən ananı torpağa öz dilində qoymursan? Heç kim qanmır, orda nə deyilir, nədən gedir söhbət. Asif Ata ona görə deyir, ruhun işğal olunub.
Öz dilində, öz mədəniyyətində, öz milli kimliyində, öz insani kimliyində yaşamasan, bu gördüyünüz gedişatdan daha betər gedişatda olacağıq. Yoxdur qorunası dəyər. Mənə verin qorunası dəyəri. Millətin içindən çıxan dəyəri mənə verin mən onu qoruyum, birləşim. Çox az şey qalıb bizi birləşdirən. Bu bölgələrimizi birləşdirən sazdır. Saz böyük söhbətdir, ancaq azdır. Xalqı xalq eləmək üçün təkcə saz azdır. Ya da muğam, azdır. Ona görə bizim bu günkü ziyarətimiz xalq olmaq anlamına gəlir, millət olmaq anlamına gəlir. Asif Ata bizi çağırır. Birinci çağırış “İnsanlaşın – İnsanlaşdırın. Bəşərin nicatı insanlaşmaqdadır!” Bu çağırış təkcə bizim millətə yönəlməyib. Bütün bəşər xalqlarına yönəlib. Asif Ata milli Olaydır, ancaq eyni halda bəşəridir. İnsanlaşma bir ulusa xas deyil, bütün bəşərə xasdır. Ancaq ulusdan başlayır. Asif Ata da belə bir işi öz ulusundan başlayır. İdeyasını, sözünü, fikrini, düşüncəsini ulusundan başlayır, bəşərə doğru. Ona görə Asif Ata çağırır: “İnsanlaşın – İnsanlaşdırın. Bəşərin nicatı İnsanlaşmaqdadır!”
İkinci məsələ, Asif Ata millətçidir. Biz millətçiyik. Ancaq Asif Ata – öz millətinin varlığını başqa millətləri əskiltmək hesabına qurmur. Hər bir millət özü bir dəyərdir. Heç bir millətin başqa milləti əzməyə, alçaltmağa haqqı yoxdur. Mənim millətimi də kiminsə əzməyə, mədəniyyətini sıxışdırmağa, yerini dar etməyə, küçümsəməyə haqqı yoxdur. Ona görə Asif Ata içəridən belə bir hal yaradır, bizim qəddimiz düzəlsin millət kimi. İçimizdən düzələk. İçəridən yetək. Onun çağırışı budur: İnsanlaşma, millətləşmə, vətənləşmə, Şərqləşmə, bəşərləşmə. Böyük bir ideya. Bu ideyaların hər biri özündə böyük insani məna daşıyır.
Mən sözümü bitirirəm. Hər birinizə təşəkkür edirəm, zəhmət çəkib gəlmisiniz. Hər biriniz zəhmət çəkib dinləyirsiniz. Ataya səcdə ilə sözümü bitirirəm. Asif Ata mənim səcdəgahımdır, mənim qibləm buradır. Bakıdır və buradır. Bakı ona görədir, Asif Ata milləti içəridən var edən Ocağını Bakıda yaradıb. Bura mənim ona görə qibləmdir, insanlığın açarı olan, insanlığın carçısı olan Asif Ata üzünü Ağstafa torpağına söykəyib. Bu torpaq qutsaldır. Bu torpaq öpülməyə layiqdir. Hər kəs öz torpağını öpməsə, qutsal olmur. Gedirlər Məşhədi, Kərbəlanı, ərəb torpaqlarını öpürlər. Bircə dəfə də əyil, öz torpağını öp. Bircə dəfə də de, bura mənim üçün qutsaldır. Qoyun qibləmiz öz içimizdə olsun. Öz içimizdən gəlin baxaq qibləmizə. Mənim üçün bura qiblədir.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Rafiq bəy (Ağstafalı): Ağstafa torpağında doğma şairimiz Hüseyn Arif də basdırılıb. Onun bir sözünü, sizin sözünüzə qüvvət olaraq, deyəcəm. Dediniz ki, Bakı, bir də bura ziyarətgah yeridir.
Nəsil-nəsil nəsihət deyir sözünü
Öz yerinə yaxşı çata yerində.
Qəlbdən gələn qəlb odunu söndürər,
Başdan gələn başa bata yerində.
Yaxşı oğul, yaxşı ata yaxşıdır,
Həm sevincin, həm kədərin baxşıdır,
Bu dünyada hər yaxşıdan yaxşıdır,
Yaxşı oğul yaxşı ata yerində.
Soylu Atalı: İndi mən istəyirəm sizə bir qardaşımızı tanıdam. Biz bu sonevi Günev qardaşımızla tikmişik. Günev bura betonu tökəndə ayağında çəkmə, istəyirdi üstündə yeriyib bərkitsin, sonra beton çatlamasın. Mən ona əngəl olurdum, Atanın üstünə çıxma ayağınla. Yazıq dizini yerə qoyub yumruğuyla yoğururdu. Bu o oğuldur. Beyləqanlıdır. Beyləqanda, Ağcabədidə, İmişlidə Asif Atanın harayını çəkir, orda onun İnam Məbədini tikir, dilində Ata sözü, qəlbində Ata harayı öz vətəninə, millətinə sevgiylə, insanlığa sevgiylə harayını çəkir.
Günev Atalı Ataya səcdə ilə sözünə başlayır: Bugünkü gəlişimizin tarixi önəmi haqqında istəyirəm deyəm. Tarixə üz tutanda görürük, iz qoyub getmiş, söz demiş, bəşəriyyətə yön vermiş bir çox dühalar var, onların sonevi ziyarət olunur. Bunun da çox böyük önəmi var. Mən başqalarını görməmişəm, Leninin şalaşını görmüşəm Razliv gölü yaxınlığında. Sosialist rejimli ölkələrin hər yanından ora ziyarətə gəlirdilər. Heç ora onun mavzoleyi də deyildi. Bir dəfə gedib gizlənmişdi.
Bu millət, bu yurd 14 yüzildir əsirdir. Yad dünyabaxışların etkisində özünə qarşı çevrilib. Bu yurdu dağınıq günə qoyan xilafətin əsgərləri, burdan, türklərin elindən, obasından uşaqları aparıb məmluk edirdilər, əsgər edirdilər. Onların cəsarətindən, qolunun gücündən yararlanıb o boyda imperiya yaratdılar, xilafət yaratdılar, sonra onları özlərinə qarşı çevirdilər. “Məmluklar” kinosuna baxsanız görəcəksiniz. Filmdə “manqurt” öz anasını oxla vurur. Yaddaşı pozulmuş, özündən ayrılmış bir millətə çevrilmişik. Bu gün bura gəlişimiz özümüzə dönməyimiz üçündür. Bunu özəl bir gün kimi qəbul edə bilərik: Asif Atanın ideyalarını – Mütləqə İnam, Kamil İnsan, Ruhani Cəmiyyət, Müstəqil Vətən, Özümlü Şərq, Ləyaqətli Bəşər. Asif Ata ona görə qutsaldır, bu ideyaları verdi. Bu ideyalar millətə, bəşərə deyir: sənin özünə qayıtmağından başqa özgürlüyün yoxdur. Nə qədər özgürlüyün yoxdur, elə bədbəxt gündə olacaqsan. Müharibələr, qan-qada, müharibələrdə bir-birindən ağır cinayətlər, rəzalətlər, insanın insana zülmü, körpəni nizəyə taxmaq. İnsan bunu belə edərmi? İnsan insanlığından ayrılıb hara gedir?! Kamillik özünü tanımadan başlayır. Kimdir bu insan? Özündə nə daşıyır? Bunun bəşər tarixinə gəldiyinin nədir önəmi?
Belə bir çağda, belə bir uçurum qarşısında, demək olar, bütün bəşəriyyət dirənib. Çünkü insanlıq adlanan mənadan uzaq düşüb. İndi biz, az sayda insanlar, çalışırıq. Dünyabaxışların daşıyıcıları həmişə ilkində az olublar. Barmaq sayda adamlar olublar. Ancaq nə ediblərsə, tarixin nizamında, gedişatında nə iş ediblərsə, elə onlar görüblər. Bir-birindən az-çox anlamda fərqli. Mən Asif Atanı heç kəslə tutuşdurmuram. Çünkü Asif Ata Mütləqdə özünü tapdı. Çünkü bəşər tarixində saysız-hesabsız Allahlar yaranmışdı. Başqa-başqa adlarla, başqa-başqa bütlərlə. Ata fərqli baxış ortaya qoydu. Bu baxımdan Asif Ata bəşər tarixində bənzərsiz şəxsiyyətə çevrildi. Bizlər haralardansa bura gəlməklə onun ideyalarını qurub qoruyuruq. Heç vaxt fikirləşmirik, bizim bu gəlişimiz, sözümüz itib gedəcək. Biz dünyada insanın dəyişməsinin peşindəyik.
Sizin hər birinizə bugünkü gəlişiniz üçün minnətdaram. Sinə elə dolub, danışmaqla qurtaran deyil. Atamız Var olsun!
Nurtəkin Atalı: Min ömürə sığmayan Amal yükü bir ömürə sığdı – Atanın ömründə.
Min ömürə sığmayan millət yükü, bəşər yükü bir ömürə sığdı – Atanın ömründə.
Ata bunları ömrünə sığdıra bildi. Ata deyirdi Amal üçün beş ömür də azdır. O dərəcədə özünü vermişdi yaratdığı dünyabaxışına, ideyasına.

Ata həqiqətlə birdir. Atanı eşitməmək həqiqəti eşitməməkdir. Atanı görmək həqiqəti görməkdir. Atanı anlamaq həqiqəti anlamaqdır.
Ata ölən gündən hər il mən bura gəlirəm. İlk illər kədər çağırırdı bu törən. Atanı itirmək dəhşətli, sarsıntılı bir kədər idi. Bu kədəri necə yendik?! Biz bura ömrümüzlə gəlirik. Bizim ömrümüzdə Atanın qoyduğu ideyalar var, o ideyaları gerçəkləşdirmək üçün əməllər yerinə yetirmişik, görüşlər keçirmişik. Kitablar yazmışıq. Bu il Atanın 3 kitabını çap elədik. Həm də Evladların üçünün kitabı çıxdı. Soylu Atalının indiyə qədər 3 kitabı çap olunub, ancaq başqa Evladların kitabı çıxmamışdı. Bu il mənim də kitabım çap olundu. Bu il bura gəlişim mənim üçün yeni bir fərəhdir.
Ata öldü, dünəndə qaldımı? Qalmadı. Ata bugün yaşayır, yaşamasıyla sabahı var edir. Sabahı yaradır, qurur. Bizim ömrümüzlə qurur.
Ocağın yaşaması Azərbaycanın yaşamasıdır. Ocağın yaşaması millətimizin, bəşərin yaşamasıdır. Belə bir fərəhli yolçuluq aqibəti yazıb Ata ömrümüzə. Ona görə biz həyatda nəylə görüşürüksə görüşək – çətinliklə görüşürük, çətinliyi yenirik, yetkinləşirik, kamilləşirik. Fərəhlənirik – kamilləşiirk, sarsılırıq – kamilləşirik. Yolun tələbi kamilləşməkdir, yolun tələbi yenməkdir, yolun tələbi həqiqət uğrunda döyüşə çağırmaqdır. Belə bir fərəhli aqibət yaşayırıq. Bu gün bu fərəhi burdakı yurddaşlarmıza çatdırmaqdan olduqca böyük qürur duyğusu yaşayıram. Çox xoşbəxtəm. Atamız Var olsun!
Soylu Atalı: Atanın qarşısında hesabat vermək – onun ulusunuun qarşısında hesabat verməkdir. Çünkü Atanın qarşısı bizim üçün böyük anlam, ulus deməkdir. Qurulan, yaradılan ulusdur. Ata deyirdi, bizim nəyimiz var, ulusundur. Biz ulusla var oluruq. Bizim kimliyimiz ulusda özünü tapır. Nəsiminin adını çəkirsiniz və b. Bunların hamısı harda yaşayır – ulusda. Ulusumuz nə qədər özünə yadlaşdırılsa da, ayrı-ayrı cəhətləriylə əksilsə də, yenə onun içində böyüklərimiz, dəyərlərimiz yaşayır. Bir də beş adam olsun, min adam olsun, fərq eləməz. Ulusun dəyərini yaşadan insanlar elə onu təmsil edirlər.
Üstün Atalı: Ata sonevinin ziyarəti ulusumuza yönünü (qibləsini) tanıtmaq anlamı daşıyır.
Atanı ziyarət borc deyil, məcburiyyət deyil, görüntü deyil.
Atanı ziyarət insanı tanımaq, ona tapınmaq deməkdir.
Atanı ziyarət insana inanmaq Yeni İnama yetmək deməkdir.
Atanı ziyarət insana inanmaq, Yeni İnamı yetirmək deməkdir.
Atanı ziyarət ulusu yadların əlindən alıb özünə qaytarmaq deməkdir.
Atanı ziyarət dünyanın gözəlliyi uğrunda döyüşmək deməkdir. Bu günlə barışmamaq, bu günü ötmək deməkdir.
Bu gün asılılıq özgürlük biçimində sunulur. Yalan həqiqət donunda göstərilir. İnsanları şirnikləndirirlər istəklərinə çatmaq üçün. Hər şeyə əl atırlar, təki xalq yaranmasın, təki insanlar ayılmasın. Təki insan özündən ayrılsın – özgələşsin, millətsizləşsin, vətənsizləşsin, şərə gərək olsun.
Bunları görməyi səndən öyrəndik, Ata! Sənin ömründən, sənin imtinalarından, sənin fədakalığından, sənin döyüşündən!
Ata bizi yaşamın çirkabından, azğın oyunlarından geri çəkdi, özümüzə inanmağı öyrətdi. Yönümüzü göstərdi.
Nəyə çatmışamsa az sayıram, nəyi bilirəmsə az sayıram. İnama layiq, ulusa layiq olmaq istəyirəm.
Atamız Var olsun!
İlham Mustafa: Mən sizə təşəkkür edirəm. Bəlkə də mənim yaşamımda bundan sevincli gün yoxdur. 92-ci ildən Soylu Atalıyla bir yerdə işləyirəm. Ata ideyalarını, Ata Yolunu hələ də öyrənirəm. Toplantılara qatılıram, öyrənirəm. Bu gün sözün doğru anlamında qutsal bir gündür. Atanın sonevini ziyarətə gəlməyimi sözlə ifadə edə bilmirəm. Atanın sözünü, kəlamlarını oxuyanda düşünürsən, mən niyə əməllərimi belə eləmirəm. Eyni halda Atanı oxuduqca fikirləşirsən, mən başqaları kimi ola bilmərəm. Biz Atanın dediyi ilə yaşamalıyıq. Biz millət yaratmalıyıq. Kim nə eləyir eləsin, heç olmasa biz yaşadaq ulusumuzu. Tarix dəyişir, gənclər böyüyür, heç olmasa arxamıza çevrilib baxanda biz də (Ata dühasından yararlanıb) özümüzdən sonrakılara bir şeylər saxlayaq. Ata bizə öz millətimizin, öz türk soyumuzun gələcəyini, onun çaşqın durumdan çıxmasının yollarını öyrədir. Bu yol İnsanlaşma Yoludur. Əgər bir millətin içərisində fərdlər ona layiq yaşasa, onda o millət heç vaxt ölməz.
Ağstafa torpağı vətənin, belə deyək, ortasıdır. Dağın o yanı da, bu yanı da Azərbaycandır. Ancaq ruhumuz ulusumuzdan, türk soyumuzdan ayrılıb, ərəb ideologiyasının altına düşmüşük, çaşbaş qalmışıq. Ona görə də Atanın yaratdıqları, doğrudan da, bizim üçün danılmaz, uca dəyərdir.
Yenə deyirəm bu gün üçün çox böyük fərəh duyuram. Pul yığıb Kəbəyə gedirlər, hacı olmağı ömrün istəyinə çevirirlər. Ancaq Atanın sonevinə gəlib ziyarət eləmək mənim üçün bütün ziyarətlərdən yüksəkdə durur. Ata qarşısında baş əyirəm.
Yasin Türksoy: “İnsanlaşın – İnsanlaşdırın!” Bu elə Asif Ata fəlsəfəsinin ölçüsünü ortalığa qoyur. Hər dəfə dünyanın axarını, sistemləri, rejimləri, ideologiyaları, strategiyaları fikirləşib yol axtaranda görürsən, Asif Atanın yolundan, fəlsəfəsindən başqa çıxış yolu yoxdur. Yəni Azərbaycan üçün, Şərq üçün, bəşər üçün “İnsanlaşın – İnsanlaşdırın!” çağrışı. Mütləqə İnam – bu elə qurtuluşdur!
Atamız Var olsun!
Günev Atalı: Elxasla yolboyu söhbətləşəndə gəlişini özü üçün qiymətləndirdi, Ata sonevini ziyarət eləməkdən çox böyük qürur duyur. Nəyi vurğu eləmək istəyirəm? Dünən öz kəndlərində izdiham qarşısında – onun kəndi də dinin ən qatı qaranlıq yaratdığı bir kənddir – bura gəlişini bildirib: mən sabah Asif Atanın başdaşını öpməyə gedirəm. Etiraz edənlərlə bir neçə saat söhbətləri alınıbdır. Onun sözünü təsdiqləyənlər də olubdur. Orada “Atanı ziyarətə gəlmək” sözünü işlətməyin özü ərdəmlikdir.
Nəriman bəy (Ağstafalı): Asif Ata bizim yerlimizdir, böyüyümüzdür, ağsaqqalımızdır. Biz fəxr edirik onunla. Bir də fəxr edirik sizin kimi insanlarla, uzaqdan – Borçalıdan, Beyləqandan, İmişlidən, başqa rayonlardan gəlib ziyarət edirsiniz. Əlbəttə, onun qoyduğu ideyalar bəşəri gözəl günlərə çıxara bilər, arxasınca gedilsə. Ağstafalı olaraq sizlərə çox minnətdarıq. Baş əyirik hamımız.
“Ölümlə Görüş” yazısını Göylü Atalı, “Aqibət” yazısını Üstün Atalı, “Matəm üstə Mütləqlə Təmas”ı Soylu Atalı oxudular.
IMG_3400Soylu Atalı: Bununla da biz “Asif Ata sonevini ziyarət günü” törənini başa çatdırırıq. Bir daha vurğu edirəm: Asif Atanın həqiqətləri öyrənildikcə, dərk olunduqca insanın qəlbini böyüdür. Onun gözəllikləri açılır. Gərək insanlar ona cəhd eləsin. Görsünlər onların yurdunda bu uca şəxsiyyətin, böyük insanın dediyi nədir?!
Biz heç bir xalqın varlığına qarşı deyilik. Ola da bilmərik. Asif Ata bəşəri insandır. Biz nə rusa, nə ərəbə, nə ingilisə, heç kimə qarşı deyilik. Hər bir xalqın öz mədəniyyəti var. Asif Atanın dediyi də budur: hər bir xalqın mədəniyyəti ulusuna uyğun, yarar olsun. Başqalarını asılılığa salmaq yönündə yürüş eləməsin. Başqa ulusların mədəniyyətini sıxışdırmasın. Mədəniyyətlər bir-birindən öyrənə bilər. Bir xalqın mədəniyyətində çatışmayan cəhət başqa xalqın mədəniyyətində ola bilər. Burda pis şey yoxdur. Ancaq yamsılamaq olmaz. Bir ulus öz mədəniyyətini qırağa qoyub başqasının mədəniyyətini götürürsə, onda o var ola bilməz. Ata bunu deyir. Niyə öz mədəniyyətini dışlayıb, başqasının mədəniyyətini götürürsən?! Rus mədəniyyəti rus xalqı üçün gərəkli bir şeydir, rus mədəniyyətində yararlı bir şey görsəm, bəhrələnərəm. Ancaq bütövlükdə bizim mədəniyyəti qoy qırağa, rus kimi davran, ərəb kimi yaşa, fars kimi yaşa, bu artıq ulusun ölümünə gətirib çıxarır. Belə şeylərə qarşıdır Asif Ata.
Ərəb Baxışı bizim xalqımızdan şiə yaratdı, sünnü yaratdı – bunları bir-birinə qarşı qoydu. Bu gün də o qorxu var. İstənilən an dış qüvvələr, Amerika, o biri, bu biri bölgələrdə oturuşmaq üçün şiə-sünnü məsələsini qabardıb xalqı üz-üzə qoyacaq. Bu bölgə sünnüdir, güney bölgəsi şiədir. Axı bu bir ulusdur. Yaxud bu ulusun insanlarından, ərəblərin baxışından yararlanıb, ingilislər vəhhabi düzəldir. Gənclərimizi əlimizdən alır, evimizin içinə soxulurlar. Balalarımızı əlimizdən alıb Suriyada döyüşdürürlər. Təkcə Suriyada döyüşdürmürlər, ulusa qarşı hazırlayırlar, dövlətə qarşı hazırlayırlar. Qorxu qaynağına çevirirlər. Bununla da gəncləri tamamilə kölələşdirirlər. Bu gənclər ulusal şüurlarını itirirlər. Atasına, anasına qarşı qorxu qaynağına çevrilirlər. An gələr, üzdən uzaq, atasının, anasının başını kəsər.
Bizim gəncliyimizdən başqaları aparıb pis istək üçün yararlanır. Asif Ata isə öz insanına yiyə durur. Baxın fərqə, ərəb dünyagörüşü insanlarımızdan şiə-sünnü yaradır, Asif Ata isə onlardan ulus yaradır. Onun qəlbini, ağlını böyüdür, qoy o ulusuna qulluq eləsin. Qoy bura bağlansın. Başqa ulusa sayğısı olsun, ancaq öz ulusunun dəyərini yaşatsın, qorusun.
Allahın evi sayırlar məscidləri. Ancaq məscidlərdə Allahlığa qarşı işlər gedir, insanlığa qarşı işlər gedir. Çünkü o məscidlərin hamısı ya fars-İran agenturasıdır, ya ərəb agenturasıdır, ya ingilis agenturasıdır. Yəni o yerlərdə bir dənə ulusal dəyər öyrədilmir. Bircə kəs ulusal şüurun gəlişməsinə qulluq göstərən addım atılmır. Asif Ata ona görə gəlib.
Biz İnam Evi tikirik. İnam Evi nə deməkdir – İnsanlığın Evi. İnsanlığın Evində insanlıq öyrədilməlidir. Ulusun dəyəri, bəşərin dəyəri öyrədilməlidir. İnsana, ulusa, bəşərə qarşı terror hazırlanmamalıdır. Azğınlıq yaradılmamalıdır.
Asif Atanın İnamı, Dünyabaxışı, Varlığı xalqı bir yerə gətirən, bir yerə bağlayan qutsal bir Olaydır. Biz ona bağlanırıq, insanlarımızı da ona çağırırıq, – Asif Ataya üz tutmaqdan qorxmayın. Dünən başlayıb, yenidir. Yenilikdən qorxmayın. Yeniliyi öyrənin. Bu Yenilikdə qutsallıq var, insanlıq var. Var olun!
Törən “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə sona yetdi.
Şölə Ayı, 37-ci il. Atakənd.
(iyun, 2015. Bakı.)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:19 Elçin bəy və Gülnarə xanımın Beşikbaşı Törəni Bu gün, Ocaq Günsırası ilə 12 Çiçək Ayında Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Qutsal Beşikbaşı Törəni keçirmişdir. Beşikbaşı Törəni Sumqayıt şəhərində gerçəkləşdirilmiş, bütövlükdə ulusal ruhun təsdiqini sağlamışdır. Ocaqsevər Elçin Həsənovun və nişanlısı Gülnarə xanımın evliliyinin beşik
15:07 İnsanilik – bəşərin varolma, özünütəsdiq ölçüsüdür İşıqlı ATALI Mütləqə İnam Ocağının Yükümlüsü Ocaq Yükümlüsü İşıqlı Atalı İnsanilik Bayramı münasibətilə Ulusu kutlayıb. Kutlamada deyilir: “Ürəyinizdə Günəş olsun! İnsanlıq İnsanın, ulusların əzəli, əbədi, sonsuz, kamil varolma tələbi, diləyidir. Bu tələbə yetmək tarixin bütün çağlarında çətin
17:36 Günev Atalının “İnamlı İllərimin Harayı” kitabı çapdan çıxdı Ürəyinizdə Günəş olsun! Bu günlərdə Asif Ata Ocağının Evladı Günev Atalının “İnamlı İllərimin Harayı” kitabı çapdan çıxdı. Kitab bir yaşamın Əqidəyə bağlı ayrı-ayrı aşamalarını izhar edir. Kitab 500 sayda “Elm və Təhsil” nəşriyyatında basılmışdır. Yaxın günlərdə kitab evlərində və satış
16:16 İnsanlığın Yeni İli qutlu olsun! Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Sabah, 1 Günəş Ayı Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağında Günsıra (təqvim) dəyişir – Yeni İl başlayır. Ocaq İlsırasının (tarixinin) 37-ci ili girir. Günsıranın bu günü Ocaqda “Yeni İl Törəni” keçirilir. Bu gün həm də Türkə-Türklüyə, bütövlükdə
22:23 Asif Ata Ocağı bölgədə gənclərlə yeni görüş keçirib Ürəyinizdə günəş olsun, sayğılı yurddaşlarımız! Bildirdiyimiz kimi, Asif Ata Ocağının ideya quruculuğu və yayıcılığı işi bir neçə yöndə inkişaf etdirilir. Bu yönlərdən ən əsas yeri Ocaq tədbirlərində “Özüylədöyüş” ideyasına əməl olunması və Ocaqçının mənəvi, idraki kamilliyinin yüksəldilməsi tutur.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az