t s

» » Mediadan qaçan qurumlar öz işlərinin öhdəsindən gələ bilməyənlərdir – AKTUAL

Mediadan qaçan qurumlar öz işlərinin öhdəsindən gələ bilməyənlərdir – AKTUAL

21-11-2019, 15:30 Yazar:  Firuzə Baxılıb: 31 Çap et
Mediadan qaçan qurumlar öz işlərinin öhdəsindən gələ bilməyənlərdir – AKTUALJurnalist üçün xəbər hər şeydən önəmlidir. Ölkədə və dünyada baş verən hadisələri, önəmli xəbərləri operativ şəkildə oxuculara çatdırmaq KİV-lərin borcu olsa da, hərdən informasiya əldə etməklə bağlı ciddi çətinliklər yaşanır. Məsələ ondadır ki, media nümayəndələri gün ərzində məlumat əldə etmək, informasiyanı dəqiqləşdirmək üçün müxtəlif ünvanlara müraciət edirlər. Belə ünvanlar arasında dövlət qurumlarının mətbuat xidmətlərinin xüsusi çəkisi var. Bu mənada dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Ümumiyyətlə, mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki, ən çox KİV əməkdaşlarının işinə yarayar. Əslində onların işi də mətbuat nümayəndələrinin sorğularını cavablandırmaq, onlarla əlaqə qurmaqdır.

Lakin reallıq odur ki, mətbuat xidmətlərinin hamısından informasiyanı almaq o qədər də asan olmur. Bəzi hallarda isə bir sıra mətbuat katibləri və ya xidmətin əməkdaşları medianı aidiyyəti vəzifəli şəxslə əlaqələndirmək əvəzinə jurnalistləri sadəcə “yola verirlər”. Azərbaycanda dövlət qurumlarının mətbuat xidmətlərinin hamısı media ilə eyni səviyyədə çalışmır. Etiraf etməliyik ki, fəaliyyətsizliyi ilə jurnalistləri narazı salan mətbuat xidmətlərinin sayı az deyil. Təəssüf ki, bir sıra dövlət qurumlarının mətbuat xidmətləri cəmiyyətlə əlaqələrdə maraqlı deyil və buna görə jurnalistlər üçün qapalı sayılır. Jurnalist hansısa məlumatı əldə edir və onu dəqiqləşdirmək üçün müvafiq qurumun mətbuat xidmətinə müraciət ünvanlayır. Cavabında telefonlar ya sönülü olur, ya da zənglərə cavab verən tapılmır. Bəziləri isə “sualınızı “e-mail”imizə göndərin, rəsmi cavab verək” deyirlər. Lakin operativlik baxımından bu üsul heç də əlverişli olmur.

Bəzi mətbuat xidmətləri isə press-reliz yaymaqla işlərini bitmiş hesab edirlər. Yəni media ilə daimi işləmək, jurnalistləri maraqlandıran suallara anındaca cavab vermək onlarlıq deyil. Bunun nəticəsidir ki, jurnalistlər bəzən hər hansı məlumatı dəqiqləşdirmək üçün alternativ mənbələrə çıxmaq və qeyri-rəsmi informasiyanı yaymaq məcburiyyətində qalırlar.

Bakıdan fərqli olaraq bölgələrdə fəaliyyət göstərən müxbirlərin rayonlarda baş verən hadisə, təbii fəlakət və digər faktlarla bağlı məlumat əldə etmələri daha da çətindir. Çünki hansısa nazirlik, komitə və digər qurumlarla bağlı baş verən hadisə barədə məlumat əldə etməkdən ötrü bölgə müxbirləri qurumun yerli şöbələrinə müraciət edirlər. Əksər hallarda yerli orqanlar bölgə müxbirlərinə məlumat verməkdən çəkinirlər və müxbiri qurumun mətbuat xidmətinə yönləndirirlər. Nəticədə isə məlumat ya gecikir, ya da əhəmiyyətini itirir.

Lakin elə mətbuat xidmətləri də var ki, onlar jurnalistlərlə çalışmaqda maraqlıdırlar. Həmin mətbuat xidmətlərindən günün istənilən saatında istənilən məlumatı dəqiqləşdirmək mümkündür. Xüsusən, son aylar bu sahədə müşahidə olunan müsbət tendensiya təqdirəlayiq hesab olunmaqdadır. Sirr deyil ki, son zamanlar texnoloji inkişafın yüksək həddə çatması, sosial şəbəkələrin aktivləşməsi jurnalistikanın da imkanlarını genişləndirir, informasiya yayımının sürətlənməsinə səbəb olur. Sosial şəbəkələrin aktivləşməsi mətbuat katibliyi institutunun da işinə müsbət təsir edir. Müxtəlif qurumlarla bağlı informasiyaların jurnalistlərə, mediaya ötürülməsi prosesi sürətlənir. Bir neçə dövlət qurumlarının mətbuat xidmətləri sosial şəbəkələrdə, ələlxüsus feysbukda daim jurnalistlərlə ünsiyyətdə olurlar. Hətta bir sıra qurumların mətbuat xidmətləri hər gün, bəzən isə gündə iki-üç dəfə qurumla bağlı yeni informasiyanı sosial şəbəkədə paylaşır, problemlə bağlı jurnalistlərin suallarına operativ reaksiya verirlər. Bu zaman təbii ki, həm dövlət qurumu, həm də informasiya axtarışında olan media orqanları üçün qaneedici və əlverişli mühit yaranır. Xüsusən, son dönəmlər dövlət başçısı tərəfindən rəhbərliyi dəyişdirilən bəzi qurumlarda mətbuat xidmətləri də paralel olaraq aktivləşiblər. Ekspertlərin fikrincə, həqiqətən sosial şəbəkə anında xəbər çatdırma və xəbər alma mexanizminə çevrilib. Əgər mətbuat xidmətləri bu platformadan istifadə etmirlərsə, ancaq press-relizlər, bəyanatlarla göndərməklə kifayətlənirsə, bu, onların uduzmağı deməkdir.

Gündəmə gətirilən məsələni “Şərq”ə dəyərləndirən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, mətbuat xidmətləri dövlət qurumlarının simasıdır. Jurnalistin sözlərinə görə, mətbuat xidməti necə fəaliyyət göstərirsə, təmsil etdiyi dövlət qurumu da o cür işləyir:

“Özünə güvənən, işində şəffaflığa üstünlük verən, ümumiyyətlə, hesabatlıqdan qaçmayan istənilən dövlət qurumlarının mətbuat xidmətləri media üçün hər zaman fəal və əlçatan olublar. Özü də istənilən suala, hətta gecə saatlarında belə cavab verməkdən çəkinməyiblər.

Deməli, həmin qurumların rəhbərləri öz işlərində həqiqətən də məsuliyyətlidirlər və ona görə də heç bir sualdan qaçmağa ehtiyac görmürlər. Məhz bu cür qurum rəhbərləri mətbuat xidmətlərinə şərait yaradır ki, ictimaiyyətlə, ələlxüsus jurnalistlərlə təmaslar intensiv şəkildə həyata keçirilsin. Amma korrupsiyaya uğramış, öz işində nöqsanlara yol verən, şəffaflıqdan qorxan və yarıtmaz fəaliyyət göstərən qurumların mətbuat xidmətləri birmənalı olaraq ictimaiyyət üçün əlçatmaz olurlar. Əksər hallarda media nümayəndələri hansısa məsələ ilə bağlı müvafiq qurumun mətbuat xidmətlərini tapa bilmirlər. Tapanda isə dolğun informasiya əldə etməkdə çətinlik çəkirlər. Həmin qurumlar jurnalistlərə lazımsız, süni, bürokratik əngəllər yaradırlar ki, müxbir sualları ünvanlaya bilməsin. Bunun da səbəbi sözügedən qurumun şəffaf fəaliyyət göstərməməsidi”.
A.Həsrətin fikrincə, bundan sonra artıq heç kim mətbuatdan qaça bilməyəcək: “Cənab Prezident yeni kadrları işə cəlb edir, nazirlər və ayrı-ayrı qurumların rəhbərlərini dəyişdirir. Əgər yeni rəhbərlər əvvəlki başçılar kimi mətbuatdan qaçsalar, ictimaiyyətə açıq olmasalar, o zaman düşünəcəyik ki, deməli, onlar da şəffaf fəaliyyət göstərmək niyyətində deyillər. Məsələ ondadır ki, qanunsuz əməllər törədən rəhbərlərin cəmiyyət arasına çıxmağa üzləri olmur. Məhz bu səbəbdən onların mətbuat xidmətləri də özləri kimi qapalı olurlar. Düşünürəm ki, yeni təfəkkürlü insanlar ilk növbədə mətbuat xidmətlərini daha aktiv şəkildə cəmiyyətə təqdim etməlidirlər. Eyni zamanda mətbuat xidmətlərinin öz işini fəal şəkildə görə bilməsi üçün onlara sərbəstlik verilməlidir. Şəxsən bildiyim, tanıdığım bəzi qurumlarda əvvəlki illərdə mətbuat xidmətləri jurnalistlərlə işləməyə cəhd göstərirdilər, media ilə əlaqə qurmaqda maraqlı olmağa çalışırdılar, amma qurumun rəhbərləri buna bilərəkdən şərait yaratmırdılar. Lazımsız maneələr yaratmaqla mətbuat xidmətinin işini bloklayırdılar”.

MŞ İdarə Heyətinin üzvü bildirib ki, hansı qurumlarda ciddi nöqsanlar, korrupsiya, qohumbazlıq, yerlibazlıq və s. neqativ hallar mövcuddursa, elə mətbuatdan qaçanlar da həmin dövlət orqanlarıdır:

“Onları narahat edən odur ki, mətbuat xidmətinin hansısa açıqlaması yerinə düşməz və rəhbərliyin işinə mənfi təsir göstərər. Amma işinə və özünə güvənən heç bir məmur, qurum sədri, icra başçısı qətiyyən mətbuat xidmətinin fəaliyyətinə əngəl yaratmaz. Kiçik bir müşahidə aparsanız və ya sorğu keçirsəniz görəcəksiz ki, hansı qurumların fəaliyyəti qənaətbəxşdir, hansılar isə əlçatan deyil. Birmənalı olaraq bilmək lazımdır ki, mediadan qaçan qurumlar öz işlərinin öhdəsindən gələ bilməyənlərdir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
18:12 "Biz Şura olaraq daima QHT-lərlə media orqanlarının daha sıx əlaqədə olmasına çalışırıq" - Elməddin Behbud Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Azadinform-a müsahibə verib. Mediaxeberleri.az həmin müsahibəni təqdim edir: - Gələn il Ermənistan-Azərbaycan münaqişəsinin otuz illiyidir. Yeri gəlmişkən bu
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az