Gürcüstanda Azərbaycan və Gürcüstanın qeyri hökumət təşkilatlarının (QHT) birgə iştirakı ilə “Ümumqafqaz Evi” beynəlxalq sülhməramlı qeyri-hökumət təşkilatı yaradılıb.Avqustun 15-də Tbilisidə “Ümumqafqaz Evi”nin təqdimatı olub. Təşkilatın təsisçiləri Azərbaycanın istefada olan polis general-mayoru, Qarabağ müharibəsi veteranı Kamil Məmmədov və AMEA Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, UNESKO-nun dosenti Rizvan Hüseynovdur. Mərasimdə bildirilib ki, təşkilat ötən ilin dekabrında Gürcüstanda rəsmi qeydiyyata alınıb. Təşkilatın əsas fəaliyyət istiqaməti Qafqazda sülh quruculuğuna dəstək verməkdir. Sentyabrda Tbilisidə QHT-nin təsis qurultayının keçirilməsi nəzərdə tutulub. Toplantıya Gürcüstan, Azərbaycan və Ermənistanı təmsil edən ictimai-siyasi xadimlər və sülh quruculuğu sahəsində fəaliyyət göstərən təşkilatlar dəvət olunacaqlar.
“Ümumqafqaz Evi”nin yaradılması təşəbbüsünə Gürcüstanın məşhur simaları dəstək verib. Onların arasında məşhur müğənni, Gürcüstanın Xalq artisti Vaxtanq Kikabidze, məşhur gürcü bəstəkar Gia Kançeli, gürcü rejissor Robert Sturua da var.
R.Hüseynov bildirib ki, təşkilatın yaranma ideyasını “Alban Avtokefal Kilsəsinin və türk-xristianlarının irsinin bərpası üzrə hərəkat”ının rəhbəri Artur Ağacanov və digərləri də dəstəkləyiblər.
Tədbirdə “Ümuqafqaz Evi”nin bölgədə münaqişə tərəfləri arasında dialoqun genişləndirilməsi istiqamətində fəaliyyətinə dəstək vermək çağırışı ilə beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu, Cənubi Qafqaz ölkələrinin ziyalıları və ictimaiyyətinə müraciət qəbul olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Öz şərhini bildir: