İsraildən ŞOK XƏBƏRDARLIQ: Qəzzaya atom bombası ata bilərik
İsrail qüvvələrinin Qəzzaya qarşı ağır bombardmanları davam edərkən, dünən İsrailin Mədəni İrs naziri Amihai Eliyahu şok bir açıqlama verərək Qəzzaya atom bombası atmağın variantlardan biri olduğunu bildirib. Mediaxeberleri.Az xəbər verir ki, ifrat sağçı Yəhudi Gücü partiyasından koalisiya hökumətində yer alan Eliyahu İsraildə "Kol Barama" radiosunda iştirak etdiyi bir proqramda İsrail ordusunun 7 oktyabr hücumlarından sonra başlatdığı hərbi əməliyyatlardan “tam qane olmadığını” bildirib. O, Qəzzanın yenidən işğal edilməli və orada yəhudi qəsəbələri salınmalı olduğunu müdafiə edib. Eliyahu Qəzzadakı fələstinlilərlə bağlı isə"Onlar İrlandiyaya da, səhralara da gedə bilərlər, Qəzzadakı canavarlar özləri həll yolu tapmalıdırlar" ifadələrini işlədib. Veriliş aparıcısının “Qəzzaya atom bombası atmağa ehtiyac varmı?” sualına Eliyahu “Bu, variantlardan biridir”,-deyə cavab verib. Nazirin sözləri ilə bağlı açıqlama verən Netanyahu ofisi Eliyahunun sözlərinin "həqiqəti əks etdirmədiyini" və onun kabinet iclaslarından qeyri-müəyyən müddətə uzaqlaşdırıldığını deyib. Eliyahu daha öncə Qəzzaya hücumları əks etdirən bir videoya “Qəzzanın şimalı həmişəkindən daha gözəldir. Hər şeyi partladın, bu çox xoşdur” sözlərini yazdığı üçün tənqid edilmişdi.