t s

» » Təcili Tibbi Yardım xidmətinə ayrılan dərmanlar belə mənimsənilir... - İTTİHAM

Təcili Tibbi Yardım xidmətinə ayrılan dərmanlar belə mənimsənilir... - İTTİHAM

8-08-2019, 12:19 Yazar:  Firuzə Baxılıb: 155 Çap et
Təcili Tibbi Yardım xidmətinə ayrılan dərmanlar belə mənimsənilir... - İTTİHAM“Hürriyyət”in redaksiyasına səhiyyə sistemindəki problemlərlə bağlı şikayət məktub daxil olub. Məlum səbəblərdən adının gizli qalmasını istəyən peşəkar, təcrübəli həkimin bizə ünvanladığı həmin məktubu olduğu kimi oxucularımıza çatdırırıq:

“Mən peşəkar həkiməm, terapevtəm. 1976-cı ildən Təcili Tibbi Yardım xidmətində çalışıram.Təcili yardımda işləmək həm ağır, həm də məsuliyyətlidir. Fiziki xəsarət, yaxud ölümlə nəticələnən bədbəxt (eləcə də kriminal) hadisə yerinə ilk gələn polislə yanaşı, məhz təcili yardım maşını olur. Əslində təcili yardım əməkdaşları hər an təhlükə ilə üz-üzədirlər, getdikləri məkanda istənilən sürprizlə qarşılaşa bilərlər.

Bütün bunları nəzərə alaraq, Təcili Tibbi Yardım xidməti əməkdaşlarının maaşları digər sahələrdə çalışan tibb işçilərinə nisbətən həmişə daha yüksək olub. Odur ki, maaş sarıdan şikayətimiz yoxdur.

Qarşılaşdığımız ən böyük problem dövlət tərəfindən Təcili Tibbi Yardım xidmətinə ayrılan dava-dərmanın həkimlərə gəlib çatmamasıdır. Ən yaxşı halda ayrılan 10 adda dərmandan yalnız biri təcili yardım həkimlərinə gəlib çatır, özü də bir qutu yox, cəmi bir ampul. Bir ampul dərmansa bir xəstənin belə dərdinə əlac deyil. Bu səbəbdən məcbur qalıb öz maddi vəsaitimizlə lazım olan dərmanları alırıq ki, bizdən imdad gözləyən insanlara təcili yardım göstərə bilək.

Onu da qeyd edim ki, Təcili Tibbi Yardım xidmətində dərman problemi Azərbaycanda Birinci Avropa Oyunları keçiriləndən sonra yarandı, bu günədək də davam edir.

Bundan əlavə, işin düzgün planlaşdırılmaması nəticəsində təcili yardım maşınları çağırışlara vaxtında yetişə bilmir, bu da çox vaxt insan ölümünə səbəb olur.

Bir faktı nəzərinizə çatdırım. 3 ildir ki, Masazır ərazisində yerləşən yaşayış binalarından birində qaz sıması baş verir. Bunun səbəbi isə müəmmalı olaraq qalır. Əslində o binanın sakinləri çoxdan ordan köçürülməliydi, amma nədəbsə hələ də həmin qəzalı binada yaşamaq məcburiyyətindədirlər. Halbuki, istənilən vaxt binada partlayış baş verə bilər. 3 ildir həmin ərazidə fövqəladə vəziyyət elan olunub və təcili yardım həkimləri daim orda növbə çəkir. Növbədə olan həkimlərdən birinin ora getməyi isə həm digər həkimin iş yükünü artırır, həm də təcili yardımın işinə neqativ təsir göstərir. Çünki bir həkim eyni vaxtda iki ünvanda ola bilmir, bu isə ağır vəziyyətdə olan xəstələrin həyatını təhlükəyə atır. Sonucda qınanan, suçlandırılan da məhz biz, həkimlər oluruq.

Əslində Fövqəladə Hallar Nazirliyi öz öhdəsinə düşən vəzifəni Təcili Tibbi Yardım Xidmətinin üzərinə yıxmamalıdır. Nazirliyinin tibb biriqadası var və məhz həmin briqada fövqəladə hallarla bağlı olaylara cavabdehdir. Amma təəssüf ki, Masazırda növbə çəkmək də, dənizdə hər hansı təbii fəlakət, yaxud bədbəxt hadisə nəticəsində baş verən hadisə yerinə yetişmək də də təcili yardım briqadalarının öhdəsindədir.

Problemlərdən biri də Təcili Tibbi Yardım xidmətinin yarımstansiyalarında (Bakı şəhərində təxminən 39 yarımstansiya var) dispetçerlər ştatının ləğv edilməsidir.

Aydınlıq gətirmək üçün deyim ki, Bakı şəhərində yerləşən hər bir rayonun öz yarımstansiyası var. Hər bir yarımstansiyanın da öz telefon nömrəsi vardı. Təcili yardım çağırmaq istəyən şəhər sakinləri birbaş onların ərazisində fəaliyyət göstərən yarımstansiyaya zəng vururdu və həmin ərazini yaxşı tanıyan dispetçer dərhal zəngə cavab verib təcili yardım briqadasını ünvan başına yönləndirirdi və təcili yardım maşını yubanmadan xəstəyə yetişirdi.

Amma son 4 ildir Təcili Tibbi Yardım xidməti mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərir. Artıq heç bir yarımstansiyada dispetçer yoxdur (bununla həkimləri nüfuzdan salmaq, insan həyatını təhlükəyə atmaq bahasına büdcəyə qənaət edirlər), yalnız bir mərkəzi stansiyada hardasa 10 dispetçer zənglərə cavab verir, məhz onlar çağırışları qəbul edib yarımstansiyalara, həkimlərə çatdırır (yarımstansiyalarda zənglərə birbaşa həkimlər cavab verir, təbii ki, həmin vaxt çağırışda olmasalar). Hər an Bakı şəhərinin hər yerindən ora (103 nömrəsinə) zənglər daxil olur deyə dispetçerlər vaxtında çağırışlara cavab verə bilmirlər. Nəticədə zərər çəkən çox, vaxtını, hətta həyatını itirən isə bütün ümidini təcili yardım briqadasının köməyinə bağlayan xəstələr olur. Bu yubanmalara görə qınanan, hətta bəzi hallarda söyülüb-döyülən isə biz həkimlər oluruq. Dəfələrlə çağırışa gedib çatanda əsəbdən özünə yer tamayan insanlarla qarşılaşmışam, gözünün önündə ağrıdan qovrulan əzizi bizim yolumuzu gözləyən, bizi görəndə isə bütün hirsini, hikkəsini üstümüzə tökən bu insanları qınamağa nə haqqımız var?! Axı bəzən təcili yardım briqadası 1,5 saat, 2 saat çağırışa yubanır.

İnanın ki, təcili yardım briqadaları çox gərgin şəraitdə işləyir. Bəzən səhərdən axşamadək bir stəkan çay belə içməyə vaxtımız olmur. İlin bütün fəsillərində, qızmar günəş altında, soyuqda, şaxtada, yağışda, qarda gecə-gündüz yol üstəyik. Yarımstansiyada 10-ca dəqiqə oturub dincimizi almağa vaxt tapmırıq. Bir çağırışdan digərinə tələsirik. Həkim qıtlığı təkcə xəstələrə deyil, elə bizim özümüzə də çox böyük ziyan vurur, sağlamlığımızı itiririk.

Amma şikayət etmirik. Vətəndaşların sağlamlığının keşiyində dayanmaq, onlara təcili ilkin yardım göstərmək bizim vəzifə borcumuzdur. Bu peşəni özümüz seçmişik və sevə-sevə icra edirik. Amma bütün səylərinə rəğmən, xəstə həyatını itirəndə, yaxud vəziyyəti daha da ağırlaşanda, üstəlik buna görə heç bir günahın olmadığı halda qınanıb suçlananda özünü çox pis hiss edirsən. Sanki bütün dünyanın ağırlığı çiyinlərinə çökür.

Elə buna görə də “Hürriyyət”in redaksiyasına məktub yazmaq qərarına gəldim. Bu məktubu təkcə öz adımdan deyil, bütün həmkarlarımın adından yazıram. Ümid edirəm, qəzetiniz vasitəsilə səsimiz aidiyyati qurumlara çatacaq və sadalanan problemlər ən tez zamanda öz həllini tapacaq”.

P.S. İnanırıq ki, aidiyyati qurumlar, ilk növbədə Səhiyyə Nazirliyi bu vicdanlı, peşəsinə hörmətlə yanaşan təcrübəli həkimin harayını eşidəcək, səsinə səs verəcək.

Biz də öz növbəmizdə aidiyyati qurumlarla əlaqə saxlayıb, sözügedən məsələyə münasibətlərini öyrənməyə çalışacağıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az