t s

» » Vaqif Səmədoğlu: Bütün zamanların sakit dissidenti...

Vaqif Səmədoğlu: Bütün zamanların sakit dissidenti...

17-06-2019, 14:00 Yazar:  Firuzə Baxılıb: 143 Çap et
Vaqif Səmədoğlu: Bütün zamanların sakit dissidenti...
Vaqif Səmədoğlunun xatirəsinə...

Vaqif Səmədoğlu ilə son söhbətim hardasa 2000-ci illərin əvvəllərində olmuşdu. Onun ölüm xəbəri gələndə, nədənsə BBC dalğalarında səslənmiş həmin əsəbi müsahibəni xatırladım.

Onun üçün çətin vaxtlar idi. Müsavat Partiyasından yenicə ayrılmışdı. Tez-tez keçmiş partiyadaşlarının qınaq və ittihamları, jurnalistlərin kinayəli və iynəli sualları ilə üz-üzə gəlirdi.

Mənim ona ünvanladığım sualda da ittiham yox, amma bir az qınaq var idi. Ondan soruşmuşdum ki, Müsavatdan getmiş olsa da, bir şair, ictimai xadim kimi təqib olunanları, həbsxanaya salınan fəalları niyə lazımınca müdafiə etmir, axı, kimin də olmasa, onun səsini iqtidar eşidər və hesablaşardı. Axı o, Müsavatdan əvvəl də, sonra da Vaqif Səmədoğlu idi.

- Kim deyir ki, mən onları müdafiə etmirəm, səsimi ucaltmıram...Mən bu adamları müdafiə də edirəm, onlar üçün ağız da açıram...Mən hər dəfə belə adamları müdafiə edəndən sonra gəlib müsahibə verməməliyəm ki, kimin üçün nə etmişəm...Sən axı bilmirsən, bu adamlar mənə nə iftiralar atırlar, nə qarğışlar edirlər...Deyirlər ki, görüm onu atası kimi xərçəngdən ölsün...

Bu sözlər indiki kimi yadımdadır və o da yadımdadır ki, bundan sonra daha heç bir sual vermədim.

Lakin o qətiyyən yalan deməmişdi. Həqiqətən də insanların müdafisəinə qalxırdı. Tək o illərdə yox, sonrakı illərdə, az qala öldüyü günədək.

2011-ci ilə aid qəzetlərdən birində oxuyuruq:

“Xalq şairi, Azərbaycan Yazıçılar Biliyinin üzvü Vaqif Səmədoğlu Müsavat Partiyası başqanının həbsdə olan müşaviri Yadigar Sadıqovun müdafiəsinə qalxıb. V.Səmədoğlu Y. Sadıqovun kimisə döyməsinə inanmadığını bildirib: “Yadigarı çoxdan tanıyıram. O, mənim dostum, sevdiyim, hörmət bəslədiyim adamdır”.


Müsavatdan getməsinə səbəb “partiya intizamını pozması” olmuşdu. Daha doğrusu partiyasının boykotuna baxmayaraq Milli Məclisdəki mandatından imtina etməmişdi.

Lakin “şair” və “partiya intizamı” kəlmələrini bir taxçada görmək çətindir. Ona görə çətindir ki, siyasi partiya siyasi azadlıq üçün mübarizə aparırsa, şairinki ilahi azadlıqdır.

Hansının hansından önəmli olduğunu deyə bilmərəm, amma tam fərqli anlayışlar olduğu bəllidir.

Vaqif Səmədoğlu deyəndə, bu gün böyük əsksəriyyət onun “Bəxt üzüyü”, “Yaşıl eynəkli” adam filmlərini, elə yada düşmələri də də insana təbəssüm gətirən personajlarını xatırlayır.

Heç şübhəsiz bunlar komediya, yumor yoxluğu dövründə böyük ustalıqla yazılmış əsərlər idi. Lakin Vaqif Səmədoğlu ilk növbədə şairdir və ədəbiyyatda da şair kimi qalacaq.

Bu da deyilməlidir ki, Vaqif Səmədoğlu özünə şair deməyə utanan azsaylı, lakin həqiqi şairlərdən idi.

O şairliyindən başqa daha bir cəhətini də gizləyib saxlamışdı. Vaqif Səmədoğlu öz şeirləri ilə bütün dövrlərin dissidenti idi. Amma Qorbaçovun “qlastnost”u ilə verilən azadlıq şəraitində, dissidentliyin birdən-birə dəbə çevrildiyi, birdən-birə onlarca “dissident”in nəinki üzə çıxdığı, hətta partiya, hərəkat rəhbəri olduğu vaxtlarda da Vaqif Səmədoğlu bircə dəfə də olsun “dissident olmuşam” deməmişdi.

Lakin onun həqiqi Azərbaycan dissidenti olduğunu bilmək üçün ayrı-ayrı illərdə yazılmış şeirlərini oxumaq kifayətdir. İlləri əbəs yerə demədim. Bu şeirlərin altındakı tarixləri də oxumaq lazımdır, çünki bu tarixlər şeirlər qədər məna yükü daşıyır.

Atasını 17 yaşında ikən itirmiş Vaqif 1965-ci ildə yazırdı:

Doğuldum 1939-da,

1937-də tutuldum.

48-də nənəm öldü,

ömrümdə ilk dəfə

ölüyə ağladım.

Balıqlar saxladım

akvariumda.

Açıq qaldı pəncərəm

bir qış gecəsi.

Dondu balıqlar...

İndi 1965-in

yanvar gecəsidir.

Deyəsən yaşamaq istəyirəm.

Bu şeirində Vaqif Səmədoğlu hələ doğumundan əvvəl repressiya yaşadığını söyləyirdi.

Digər tərəfdən 1960-cı illər Xruşşovun gətirdiyi “kiçik istiləşmə” dövrü idi. Bütün SSRİ ədəbiyyatında “60-cılar” deyilən bir hərəkat yaranmışdı. Azad danışmaq, azad yazmaq və bununla öyünmək də olardı.

Lakin Vaqif Səmədoğlu həmin “icazəli azadlıq” dövründə də şeirlərini bayraq etmədi, onları sakitcə yazmaqda davam etdi. O bu şeirləri özü, öz ürəyi üçün yazırdı. Əslində bu şeirlərin əksəriyyətini heç “icazəli azadlıq” dövründə də çap etməzdilər. 1965-dən daha bir şeir. Bakıya yazılıb:

Əyrin-üyrün,

dar küçələrin...

...İçindən

Kommunist küçəsinə çıxan təəccübüm,

oğrularından qorxan cibim,

ölüm ayağındadır indi

Biçarə şəhər,

İçəri şəhər...


Hələ bundan da əvvəl 1964-cü ildə, Sovet İttifaqının ABŞ-la kəllələşdiyi vaxtda Vaqif Səmədoğlu bir gün onun da öz ölkəsinin öz rəngi ilə dünya xəritəsinə yazılacağına ümid edirdi:

Nəyin istisindən yananlar

arzulayacaq kölgəmi?

Hansı rənglə çəkəcəklər

xəritələrdə ölkəmi?..

...Öpüşəcək,

öldürəcək,

düşünəcəklərmi yenə qaranlıqda?

İnsan xoşbəxt olacaqmı

məhəbbətin doğduğu bir anlıqda?

Qatarlarda

axşamüstü

çay paylayacaqlarmı içməyə?

Pasport, viza

gərək olacaqmı sərhədlərdən keçməyə?..


1968-ci ildə yazılmış “Füzuliyə” şeirində isə yumorlu bir dissidentlik var:

...Bilirsənmi, vaxt dəyişib,

Məcnun fit çalır tində.

Özbəklər xələt paylayır

Sənin yubileyində...

Bilirsənmi, artıq kəsib

Ümid keçən yolları

Tikilməmiş türmələrin

Hörülməmiş hasarı...


Ümumiyyətlə 1968-ci ildən etibarən Vaqif Səmədoğlunun şeirlərindəki ümidsiz ümidin yerini, tam bir ümidsizlik tutur. Bu vaxt artıq Xruşşov devrilmiş, hakimiyyətə SSRİ-nin pəncərələrini bərk-bərk bağlayan Brejnev gəlmişdi:

Bax

bu kitabı da oxuyub

qurtaracağıq.

Biləcəyik

başkəsənin kim olduğunu...

Sonra başımızı

bir yastığa qoyub

yuxuya gedəcəyik.

Ömür sürəcəyik beləcə...

Evimiz bir,

başımız bir yastıqda.

Bir-birimizə yaxın,

bir-birimizdən xəbərsiz...

1969-cu ildə yazılımış başqa bir şeirdən:

Zülmət möhürləmiş bu qəbzlərin

Haqqını nə ilə ödəyim indi?

Deyirlər özün seç, "tebe na vıbor" -

İntihar, qazamat, vətən həsrəti...


Vaqif Səmədoğlu 1982-ci ildə, SSRİ-də durğunluğun hökm sürdüyü dövrdə yazılmış başqa bir şeirində də “rusca misra priyomu”ndan istifadə edib:

İlahi, hansı dildə yalvarım sənə? ...çünki yaratdığın neçə min dildən

cəmi ikisini bilirəm.

Bunların birindən

yer də, göy də xəbərsiz...

Odur o birində

yalvarıram sənə indi:

Qospodi, pomoqi, Qospodi...


1970-ci ildə yazılmış daha bir şeirdə də şifrələnmiş məna gizlənib:

Olan-qalan yayımızı

Çox gördü zaman bizə.

Yad ellərin qarı yağır

Haçaqdan elimizə.

Bu soyuqdan qorunmaqçün

Nə əlcək var, nə papaq.

Zor iş imiş hər gün fillə

Bir yastığa baş qoymaq!

Ürəyimdə bir qorxu var,

Yaman qara qorxu var.

Qorxuram bir gün əriyər

Buza dönmüş bu yad qar.

Onun seli elimizi

Aparar bir çöp kimi.

Üzməyə əl-qolumuz yox,

Tariximizdə gəmi...


1983-cü ildə şair Sovet İttifaqında dissidentlərin ən münasib məkanından belə yazırdı:

Dəlixanada axşamdır,

Dəli Qabil yer süpürür.

İnsan hər yerdə insandır

Ölməyibsə, ömür sürür.

Sıraya düzüb sayırlar

Sanitarlar bizi səhər.

Dünyanı gəzə bilirik

Qapıdan hasara qədər...


Azərbaycanın azad olduğu 1993-cü ilə aid şeirdə də təəssüf var. Ölkəsinin ən yeni tarixindəki həmin taleyüklü ildə şair yazırdı:

Mənə vətən yolu

dar gəlir yenə,

Üzümə bahar yox,

qar gəlir yenə...

Yenə qar üstündə iz qoyub getmək,

qar üstə yıxılıb, üz qoyub getmək.

Getmək, dağlar aşıb.

aranlar keçib

və bilmək, və bilmək, bilmək ki gecdir,

karvan çoxdan keçib,

köç çoxdan köçüb,

Sən bel bağladığın,

ümid sandığın

bulağın suyunu özgələr içib...

Vagif Səmədoğlunun daha bir heyrətamiz cəhəti olub.


O, Azərbaycanın müstqəlliyi dövründə “sovet şairi” kimi keçmiş tarixlə tənqid olunan atasını – böyük Səməd Vurğunu müdafiə etməyə qalxmayıb, onun təbliğatı ilə məşğul olmayıb...

Ona görə ki, atasının böyüklüyünü övladdan daha yaxşı kim bilər? Böyüyün isə etirafa, təbliğata ehtiyacı varmı?




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:10 HƏQİQƏTİN BİR ÜZÜ VAR, YALANIN MİN ÜZÜ Bir neçə vaxt bundan öncə dostum Telman Səmədov zəng vurub dedi ki, “Azadlıq” radiosunda Səməd Vurğun haqqında bir veriliş var, ona qulaq as. Mən həmin verilişi dinlədim və “Azadlıq” radiosu ilə bağlı bir olayı xatırladım. Üstündən çox illər ötdüyünə görə dəqiq vaxtını bilmirəm, “Azadlıq”
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az