“Qadını kişilər köləyə çevirir” - Daha bir qalmaqallı açıqlama
Ötən gün psixoloq Əfsanə Rüstəmovanın “Günə son” ictimai-sosial verilişində söylədiyi “Emosional ehtiyacı ödənməyən qadının boşanma kimi hüquqi bir haqqı var. Əgər mənim 3000 min manatlıq telefon kimi emosional bir ehtiyacım varsa, həyat yoldaşım ya onu mənə almalıdır, ya da mənim imtina etmək kimi şansım var” fikirləri cəmiyyətdə və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bu fikirlər yenidən Azərbaycan qadınlarının ələbaxan olması məsələsini aktuallaşdırıb. Bəs görəsən, buna səbəb nədir? Məsələ ilə bağlı Yenisabah.az-a psixoloq Vüsalə Rüstəm danışıb. Onun sözlərinə görə, qadınları köləyə çevirən əsas səbəblərdən biri sosial asılılıqdır. Ailədə hökmranlığını təmin etmək istəyən kişilər əsrlər boyu bu yola əl atıblar: “Azərbaycanda qadınların ələbaxan olması düşüncəsini uzun illər və əsrlər boyu formalaşdıran valideynlərimiz, ata-babalarımız olub. Bunun da öz səbəbləri var. Maddi asılılıq insanı kölə və qul edir. Belə qadını idarə etmək çox asandır. Maddi cəhətdən asılı qadın çarəsiz əlildir. Bunu bilərək ediblər və illərlə nəsillərə ötürüblər. Ailələrdə, evlərdə bu qanun hökm sürüb. Bizim ölkədə "ər çörəyi yemək" ifadəsi populyardır və bunun günahkarı da valideynlər və baba, nənələrimizdir. Qız uşağı böyüyən evlərdə analara fikir versəniz görərsiniz ki, qız bir şey istəyəndə “Qızım, darıxma, onu sənə ərin alacaq, ya bir varlı adam tap, o alsın” formasında qız uşaqlarının beyninə yeridilir. İstisnalar olsa da, belə düşüncəli ailələr daha çoxdur. Qızına “təhsil al, normal şəkildə pulunu qazan, özün al, sən bacaracaqsan” deməkdənsə, ən asan yolu seçirlər - qızına kiminsə verəcəyi minnətli çörəyi”. Vüsalə Rüstəm bildirir ki, güclü kişilər heç vaxt qadınının inkişafından qorxuya düşmür. Əksinə, ona dəstək olur: “Bu fikir bir çoxunun xoşuna gəlməyə bilər, amma kişi də anlamalıdır, bu gün işləməyinə imkan vermədiyin qadın qəfil sən öləndən sonra ən ağır, çarəsiz vəziyyətə düşə bilər. Pul qazanan, ağıllı qadın özgüvəni olan normal kişini qorxutmamalıdır. Çünki belə qadınlar ailəyə dəstəkdir, inkişaf edir, uşaqlarını da ələbaxan öyrətmir. Təkcə Azərbaycanda deyil, müsəlman ölkələrinin çoxunda qadın ələbaxan, zəif və çarəsizdir. Bunun da günahkarı nəsillərlə ötürülən lazımsız ənənələrdir. Qadını maddi cəhətdən asılı, çarəsiz görən kişilər özlərinin də “pul kisəsi” formasında görülməsində narahat olmamalıdırlar. Çünki bu vəziyyəti onlar özləri yaradır. Qadın pul qazanar məni saymaz nə deməkdir? Sənin ailənə gətirdiyin qadın maaş kimi aldığı 5-10 manatla səni dinləməyəcək, belə təfəkkür bizi hara aparıb çıxaracaq? Ağıllı, savadlı, güclü qadın kişinin arxası, gücü, güvəndiyi yeri, isti ocağıdır. Qadın oxuyarsa, öyrənərsə, uşaqlarına da öyrədər. Həm də güclü qadın güclü kişi deməkdir. Çünki tərbiyəçilər qadınlarımızdır. Qorxaq, savadsız, zəlil vəziyyətində olan qadından qəhrəman böyütməyi gözləməyə dəyməz”. Əsmətxanım Rzazadə