t s

» » Transxəzər qaz kəməri: rəsmi Bakıya qarşı oyun, yoxsa... - TƏHLİL

Transxəzər qaz kəməri: rəsmi Bakıya qarşı oyun, yoxsa... - TƏHLİL

12-04-2019, 10:37 Yazar:  Firuzə Baxılıb: 78 Çap et
Transxəzər qaz kəməri: rəsmi Bakıya qarşı oyun, yoxsa... - TƏHLİLSon aylarda Türkmənistan hökumətində Transxəzər qaz kəməri layihəsinin dirçəldilməsi ilə bağlı hərəkətlilik hiss olunmaqdadır. 2018-ci ilin avqustunda Xəzərətrafı 5 ölkənin dənizin hüquqi statusu ilə bağlı razılaşmanı imzalamasından dərhal sonra bu layihə ilə bağlı müzakirələr də başlandı. Düzdür, müzakirələrin lap başlanğıcında Rusiya onun iradəsindən kənar Xəzər dənizinin dibi ilə hər hansı kəmərin çəkilməsinin qeyri-mümkün olduğunu açıq dillə tərəflərə anlatdı.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasından sonra Transxəzər qaz kəmərinin inşasının mümkünlüyü barədə suala cavab verərkən kəmərin çəkilməsi üçün onun bütün Xəzəryanı ölkələrlə razılaşdırılmal olduğunu bəyan etdi. Rusiyanın bu mövqeyinə rəğmən, ötən ilin oktyabrında Avropa İttifaqının (Aİ) nümayəndələri Brüsseldə Türkmənistan nümayəndə heyəti ilə danışıqlarda Transxəzər qaz kəmərinin tikintisinə investisiya cəlb olunmasına kömək etməyə hazır olduqlarını bildirdilər. Bu təklif Türkmənistan prezidenti Qurbanqulu Berdumuhammedov tərəfindən razılıqla qarşılandı.

Onun neft-qaz üzrə müşaviri Yaxşıgəldi Kakayev isə bu ilin fevralında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında bildirdi ki, Transxəzər Qaz Kəməri Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinə dəyərli töhfə verə bilər. O bildirib ki, bu layihə üzrə ilk danışıqlar hələ 2011ci ildə üçtərəfli formatda: Türkmənistan, Azərbaycan və Aİ arasında başlayıb. Daha sonra 2015-ci ildə Türkiyə və Gürcüstan danışıqlar prosesinə qoşulub: “Türkmənistan bu layihə üzrə danışıqların bərpasına hazırlığını təsdiq edir. Əminəm ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasları Transxəzər Qaz Kəməri layihəsinin uğurlu reallaşdırılmasında daha bir addm olacaq”.

Fevralın 20-də isə məlum olub ki, Avropa İttifaqı Türkmənistana Avropaya qazı Azərbaycan vasitəsilə tədarük etməyi təklif edib. Layihə ilə bağlı müzakirələrə təkan verən daha bir mövqe ABŞ prezidenti Donald Trampdan gəldi. O, Novruz bayramı münasibətilə türkmənistanlı həmkarı Q.Berdiməhəmmədova ünvanladığı teleqramda Türkmənistanın Qərbə qaz ixracının imkanlarından istifadə etməyə başlayacağına ümid etdiyini bildirib: “Ümid edirəm ki, Türkmənistan Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Qərbə yeni qaz ixrac imkanlarından istifadə edə biləcək.

Maraqlıdır, bir zamanlar Azərbaycanın aktiv təşəbbüskarı olduğu layihə ilə bağlı Avropa, ABŞ və Türkmənistanın hərəkətliliyi Bakıda elə də böyük entuziazmla qarşılanmır. Azərbaycan Transxəzər qaz kəməri layihəsində təşəbbüskar ölkə kimi iştirak etmək istəmir.

Bunu Azərbaycan prezidenti İlham Əliyev ötən ilin avqustunda Almaniya kansleri Merkellə görüşdən sonra keçirilən brifinqdə açıq qeyd edib: “Transxəzər kəmərinin tikintisi daha çox qazın sahibi üçün maraqlı olmalıdır, tranzit ölkələr burada təşəbbüs göstərməməlidir. Necə ki, biz qazın sahibi kimi 3500 kilometrlik kəmərin tikintisinə start verdik, böyük maliyyə vəsaiti ayırdıq. Ona görə də əgər Xəzərin şərq hissəsində öz qazını Azərbaycan üzərindən dünya bazarına çıxarmaq qərarı olarsa, biz əlbəttə ki, buna çox maraqla baxa bilərik və onda öz qərarımızı verə bilərik. Ancaq bu qərar bizim yox, qarşı tərəfin olmalıdır”.

Qeyd edək ki, Türkmənistanın öz qazını Xəzər vasitəsilə Avropa bazarına çıxarmaq üçün hərəkətə keçməsi Rusiya tərəfinin də aktivləşməsinə gətirib çıxarıb. Belə ki, “Qazprom”un rəhbəri Aleksey Miller martın sonunda bu il artıq üçüncü dəfə Aşqabada səfər edib və türkmən qazının Rusiyaya ixracının bərpasını müzakirə edib. İxracın həcmi və qiymət barədə məlumat açıqlanmasa da, Türkmənistanın Rusiya üzərindən ixrac imkanlarının geniş olmadığı bildirilir.

Azərbaycanın Transxəzər qaz kəməri layihəsinə ciddi maraq göstərməməsi, təşəbbüskarlıqdan çəkinməsinin səbəbi nədir? Bu məsələdə Rusiya amili nə qədər rol oynayır?

Neft məsələləri üzrə ekspert, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, Transxəzərdən Azərbaycanın böyük həcmdə gəlirlər əldə edəcəyinə dair deyilənlər reallığı əks etdirmir: “Bir zamanlar keçmiş nəqliyyat naziri Ziya Məmmədov və komandası Ələt dəniz limanı və Bakı-Tiflis-Qars dəmiryol xəttindən Azərbaycanın milyardlarla gəlir əldə edəcəyini bildirirdilər. O zaman mən demişdim ki, bu layihələrdən belə böyük həcmdə gəlir əldə etmək müşkül məsələdir. İndi hamı bilir ki, bu layihələrdən gəlirimiz ən yaxşı halda 200 milyon dollar olacaq. Hazırda da bəzi siyasətşünaslar, qaz marketindən xəbəri olmayanlar elə ab-hava yaratmağa çalışırlar ki, türkmən qazı gəlsə, Azərbaycan tranzitdən milyardlarla dollar əldə edəcək. Dövlət Statistika Komitəsinin rəsmi məlumatı var: ötən il Azərbaycanın Bakı-Tiflis-Ceyhan neft kəməri ilə 6 milyon 445 min ton tranzit nefti daşınıb. Bu tranzitdən ölkənin gəliri heç 100 milyon dollar da deyil. Neftin tranziti ilə qazın tranziti arasında böyük fərq var. Məsələ burasındadır ki, BTC ilə neft gedir Ceyhan limanına, oradan yüklənib yola salınır bazara.

Yəni yüklənib gedən məhsulun sahibinin kim olmasının qiymətə təsiri olmur. Amma qaz tranzitində vəziyyət fərqlidir. Tutalım ki, türkmən qazı gəldi, Cənub Qaz Dəhlizi ilə gedib çıxdı Avropa bazarına. Biri var bu bazara 10 milyard kubmetr Azərbaycan qazı çıxsın, biri də var onunla bərabər daha 10 milyard kubmetr türkmən qazı çıxsın. Türkmən qazının bizim məhsulla eyni vaxtda bazara çıxması bizim məhsulun qiymətində azı 15 faiz ucuzlaşmaya səbəb olacaq. Fərq etmir, Avropada qaza tələbat yüksəkdir, yaxud azdır. Bir bazara eyni vaxtda iki satıcının məhsulu çıxırsa, bu, mütləq qiymətə azaldıcı təsir göstərir. Tranzit haqqına gəlincə, Rusiya ildə Ukrayna üzərindən 90 milyard kubmetr qaz nəql edir. Tranzit haqqı olaraq Ukrayna bundan 2,5 milyard dollar qazanır. Biz də ildə 10 milyard kubmetr türkmən qazından uzağı 250 milyon dollar tranzit haqqı ala bilərik. Bunun da mühüm bir hissəsi gedəcək boru kəmərlərinin səhmdarlarına ”.

Mərkəz rəhbərinin fikrincə, vaxtilə Türkmən qazının Azərbaycan üzərindən nəqlini nəzərdə tutan “Nabukko” layihəsini ortaya atmaqla Avropa Rusiyadan qazı daha ucuz qiymətə və fasiləsiz əldə etməyə çalışıb: “Avropa bu layihə üzərində oynamaqla Rusiyadan fasiləsiz və ucuz qaz təchizatı üzrə öhdəliklər əldə etdi. Bu gün Avropa və ABŞ-ın Transxəzər layihəsinə real dəstəyini - söhbət ilk növbədə maliyyə dəstəyindən gedir - görə bilmirik. Digər tərəfdən, Türkmənistanın özü də bu layihə üçün ciddi bir aktivlik, çalışma ortaya qoymur. Azərbaycan Cənub Qaz Dəhlizini reallaşdırmaq üçün həm özü maliyyə qoydu ortaya, həm də maliyyə və siyasi dəstək almaq üçün çox gərgin işlədi, Avropa ölkələrinə səfərlər təşkil olundu, danışıqlar aparıldı. Bu gün Türkmənistan bunun heç birini etmir. Bu ölkə 2015-ci ildən dəyəri 11,7 milyard dollar olan TAPI qaz kəməri layihəsi üzrə müqavilə imzalayıb - Pakistana qaz çatdırmaq üçün. Amma indiyədək layihənin maliyyələşməsi üçün bir nəticə əldə edə bilməyib. Bu vəziyyətdə Transxəzərin reallaşması üçün bu ölkədən hansısa ciddi addım gözləməyə dəyməz”.

İ.Şaban hesab edir ki, Azərbaycanın Cənub Qaz Dəhlizini doldurmaq üçün qaza ehtiyacı azı 20 ildən sonra yarana bilər: “Bizim qaz istehsalımızın pik dövrü keçəndən sonra bəlkə Xəzərin o tayındakı qaza ehtiyac yaransın...”




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az