t s

» » BİR CAVİD GETSƏ DƏ FANİ DÜNYADAN, MİN-MİN CAVİD GƏLƏR HƏMİN İŞIĞA - Səbinə YUSİF

BİR CAVİD GETSƏ DƏ FANİ DÜNYADAN, MİN-MİN CAVİD GƏLƏR HƏMİN İŞIĞA - Səbinə YUSİF

10-02-2019, 09:54 Yazar:  Səbinə YUSİF Baxılıb: 110 Çap et
BİR CAVİD GETSƏ DƏ FANİ DÜNYADAN, MİN-MİN CAVİD GƏLƏR HƏMİN İŞIĞA - Səbinə YUSİF

Biri vardı, biri yox...

Nağıl kimi başlamaq istəyirəm bu yazıma. Bəli, düz oxudunuz. Nağıl kimi. Nağıllarda sonda mərd namərdə, xeyir şərə, işıq zülmətə qalib gəlir. Elə Cavid həkimin ömrü də xeyirlə şərin, mərdlə namərdin, işıqla zülmətin mübarizəsidir. Göydə parlayan günəşin qətlinə bənzədirəm mən onun qətlini. Əgər günəş sönmədisə, demək onun xəstələri yolunda günəş kimi işıq saçan ömrü də heç zaman sönməyəcək.


Əslində yazacağım bu yazını ötən ilin iyun ayından yazmalı idim. Vallah nə gizlədim, yaza bilmədim. Cavid həkim kimi dəyərli, ləyaqətli, işinin alimi olan bir eloğlumuzu vaxtsız itirmək sizlər kimi mənə də çox pis təsir edir. İndi, gecənin bu aləmində, komputer qarşısında kövrələ-kövrələ (hərdən də gözümdə gilələnən yaşın əlindən yazdıqlarımı aydın görmədən) bu yazını yazmağa başladım. Çünki fevral ayının 9-u rəhmətlik Cavid həkimin doğum günüdür. Zaməddin müəllimlə, Hafizə xanım fevralın 8-dən Qazaxa üz tutdular. Axı onların ciyərparası Cavid həkim qibləgahımız olan Qazax torpağında uyuyur. Yaşasaydı 42 yaşını qeyd edəcəkdi. O, yenə də yaşayır. Qəlblərdə, könüllərdə, vicdanlarda. Elə bu yazımın yazılma səbəbi də onun ürəklərdə yaşamasıdır. Qeyd etdiyim kimi iyun ayı idi. Zamədin qağam zəng etdi ki, Tovuzdan qonaqlar gəlib. Siz də gəlin bizə. Atamla getdik. Bəli o qonaqlar da Cavid həkimi ürəklərində yaşadanlardandır.

Fərmail müəllim və Kimya müəllimə Tovuz rayonunun Qaraxanlı kəndindən gəlmişdilər Xanlıqlar kəndinə. Nəvələrinə Cavid həkimin adını veriblər. Gəlmişdilər ki, onun məzarını ziyarət edib, valideynlərindən o adın halallığını alsınlar.

Kimya müəllimə ilə müsahib oluram:

- Cavid həkimi nə vaxtdan tanıyırdınız?

- Tarix dəqiq yadımda deyil. Rəhmətlik Cavid həkimi bacımın baldızının tanışlığı ilə tanımışdım. Bibixanım da həkimdir. O, Cavid həkimi Türkiyədə oxuduğu illərdən tanıdığını demişdi. Biz də ona inanaraq Cavid həkimin qəbuluna getdik. Onda “Mərkəzi klinika”da işləyirdi. Bir ildən sonra “Tədris Terapevtik Klinikası”nda çalışmağa başladı.

- Razı qaldınızmı müalicə və müayinəsindən?

- Əlbəttə razı qaldım. Razı qalmasam idi, mən hər zaman Cavid həkimin qəbuluna gedərdimmi? Ümumiyyətlə inanmıram ki, ondan narazı qalan xəstəsi var. Hamı ondan razı idi. O, hərtərəfli gözəl insan idi.

- Nəvənizə onun adını verdiniz.

- Bəli. Onun xətrini o qədər çox istəyirdim ki. Bir övladım kimi.

- Siz uşağa Cavid həkimin adını verəndə o sağ idimi?

- Xeyr. Dünyasını dəyişmişdi. Üç yaşı var balaca Cavidin.

- Nədən qərara gəldiniz məhz Cavid həkimin adı?- Bir həkim kimi o sizdə necə təəssürat yaratmışdı?

- O, çox alicənab insan idi. Sadə, təmkinli, olduqca böyük ürəkli bir insan idi. Allah rəhmət etsin.
Söhbətimizə Kimya müəllimənin həyat yoldaşı Fərmail müəllim müdaxilə edir: Rusiyada işləyirdim. Azərbaycana gəlmişdim. Qəfil ürək ağrılarım başladı. Oğlum rəhmətlik Cavid həkimlə danışdı. Biz Bakıya getdik. İlk baxışdan bizi qarşılamağı, davranışı olduqca səmimi oldu. İnanın, ürəyimin ağrısını unutdum. Ürəyimi anqioqrafiya etdi. Elə o vaxtdan bu vaxtacan ürəyim məni incitmədi. Mən onu dəfələrlə gördüm. Tanışlığımızdan çox məmnun idim. Həkimlər var ki, iki kəlməsi ilə, baxışı ilə xəstənin dərdinin üstünə dərd gətirir. Ancaq Cavid həkim belə deyildi. Səninlə söhbət edən kimi elə hiss edirdin ki, indicə dünyaya gəlmisən – ağrısız-acısız. Müsbət auralı insan idi. Sənəti, xasiyyəti, insanlığı, xeyirxahlığı bir-birini tamamlayırdı. Kaş ki, belə cavan getməzdi bu dünyadan! Kaş ki, yaşayaydı!
Söhbətimizə yenidən Kimya müəllimə ilə davam edirik.

- Cavid həkimin adını nəvənizə verməkdə niyə israrlı oldunuz?

- Çünki o insanlığın ən bariz nümunəsi idi. Onun qətlindən sonra həkimə getmədim. Nəvəm dünyaya gələndə dedim ki, uşağa rəhmətlik Cavid həkimin adını verəcəm. Arzu edirəm ki, nəvəm Cavid həkimim Cavid kimi ləyaqətli, dəyərli, gözütox bir həkim olsun. Allah mənə ömür versə mən Cavidi həkim oxudacam.

- Deyirsiz, bir dəfə oğluma zəng etməliydim, səhv edib ona zəng etmişəm.

- Oğlumun adı Ceyhundur. Telefonda adları axtarıb oğluma zəng edirdim. Əsəbi idim. Adı səhv görmüşəm. Cavid həkimə zəng etmişəm. Telefona cavab verən kimi başladım acıqlı-acıqlı danışmağa. Hələ bir kobud söz də işlətdim. Bir də gördüm, xəttin o başından rəhmətliyin gülüş səsi gəlir: Ay Kimya xala, sənsənmi? Dedim, ay həkim bağışla Ceyhuna zəng edirdim. Düzü çox pis olmuşdum. Hiss etdi ki, oğluma deyəcəyim sözü Cavid həkimə dediyimə görə çox pis olmuşam. Dedi ki, Kimya xala qəti narahat olma. Ölmürdünmü o sözü eşitmək üçün. O belə həkim idi. Onun sözü də, rəftarı da, alicənablığı da müalicə idi. Bizim kənddən çox adamların həkimi olub. Adı çəkiləndə hələ də bizlər onun nakam ömrü üçün ağlayırıq.

- Valideynlərini tapdınız. Qəbrini ziyarət etdiniz. Bir az da olsa rahat oldunuzmu?

- Yəqin bilirsiniz ki, dünyasını dəyişmiş insanın adı yeni doğulmuş körpəyə veriləndə həmin insanın ruhu şad olsun deyə Quran oxunmalıdır, adına ehsan süfrəsi açılmalıdır. Mən də mollaya məsləhət etdim. Molla dedi ki, vəfat etmiş insanın anasının adını bilməsən, Quran ona çatmır. Ona görə də mən qaldım çaş-baş. Özümə gələ bilmirdim. Ürəyimdə öz-özümə çox dedim ki, mən onun valideynlərini tapmalıyam. Çətinliklə də olsa tapdım. Bakıda qızım yaşayır. Hafizə xanımın bibisi qızının övladı və mənim nəvəm eyni məktəbdə oxuyur. May ayının 25-də Cavid həkimin həmin o qohumu votsapda şəkil qoyub. Mənim qızım da o şəkili tanıyıb. Həmin qızdan Cavid həkimin anasının adını soruşub. O da deyib. Bir də qızım zəng etdi ki, ana, daha rahat ol. Cavid həkimin anasının adını öyrəndim – Hafizə xanımdır. Quran oxutdur. Mən də həmin gün getdim Quran oxutdum. Adına ehsan süfrəsi açdım. Ondan sonra rahat oldum. İndi Hafizə xanımla, Zaməddin müəllimdən bir şəkil istədim. Şəkli verdilər. Söz verirəm, hər il Cavid həkimin ad günündə adına Quran oxudub, ehsan süfrəsi açacağam. İl dönümündə isə Xanlıqlar kəndinə gələcəyəm.

SözArdı: Fevral ayının ilk günündə düşmən tərəfindən vurularaq ayağının birini itirən igid qardaşımız kapitan Eyyubov Fərhad Rüstəm oğlunun ziyarətinə getdik. İnsanlar bu ziyarətə böyük sevgi ilə gəlmişdilər. Uca Allah tezliklə şəfa versin igid Fərhad Rüstəm oğluna.

Zaməddin Qağam da bizimlə bir arada idi. Fərhadın anası Aypara müəllimə Zaməddin Qağamı görən kimi Cavid həkimi xatırladı: Allah Cavid həkimə min rəhmət etsin. Məni ölümcül halda Qazaxdan Bakıya gətirdilər. Həkimlərdən biri (adını yazıda mən qeyd etmirəm. S.Y.) dedi ki, nahaq gətirmisiniz. Qaytarıb aparın. Nə yaşayar, yaşayar. Sonra məni Cavid həkim müayinə etməli oldu. Dedi ki, sizdə qorxulu heç nə yoxdur. Ömrü Allah verir. Narahat olmayın. Sağalacaqsınız. Ürəyimi həm angioqrafiya, həm də açıq əməliyyat etdi. Mən Cavid həkimin müalicəsindən çox razı idim. Bu günə kimi ürəyimdən şikayətim yoxdur. Ona oğlum deyirdim. Mənim o biri oğlumun adı da Caviddir. Deyirdim ki, Cavid həkim, mənim iki yox, üç oğlum var. Biz onu vaxtsız itirdik. Çox təəssüf edirəm. Çox heyfslənirəm. Allah rəhmət etsin. Məkanı cənnət olsun.

P.S. Bir insan adı çəkilən hər yerdə rəhmətlə anılır. Yaşamaq budur. Cavan yaşında bu qədər böyük, şöhrətli hörməti hər adam qazana bilmir. Ancaq o qazandı bu şöhrətli hörməti. Öz insanlığı, alicənablığı, sənətinin kamil bilicisi olmaqla o ölməzliyə gedən yolun açarını tapdı və bu açar daim onun əlində olacaq. İsrafil surunu çalanacan.
Ruhun şad olsun, Cavid həkim.


İnsanlığına böyük hörmətlə: Səbinə YUSİF




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:16 Nüsrət Kəsəmənlinin xanımı: “Şirməmməd Hüseynov mənə görə Nüsrətə xəbərdarlıq etmişdi” - MÜSAHİBƏ Rəhilə Kəsəmənli: “Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım” “Nüsrət Kəsəmənliyə qarşı çox haqsızlıqlar oldu” XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az