t s

» » Məhkəmələr vətəndaşların “Azəriqaz”a qarşı iddialarını təmin edir

Məhkəmələr vətəndaşların “Azəriqaz”a qarşı iddialarını təmin edir

16-01-2019, 22:29 Yazar:  Gülnar Baxılıb: 243 Çap et
Məhkəmələr vətəndaşların “Azəriqaz”a qarşı iddialarını təmin edir
Mirvari Qəhrəmanlı: “Qeyri-qanuni cərimələr həddən artıq çoxdur”

Yanvar ayı başlayandan həm mediada, həm də sosial şəbəkələrdə qazla təminatda yaranan fasilələrin çoxalmasından şikayətlər vüsət alıb. İstifadəçilər bildirirlər ki, demək olar, hər həftə təbii yanacaqla təminat dayandırılır, saatlarla istilik üzünə həsrət qalırlar. Kluarlarda bu kəsilmələrin qaz itkilərinin qarşısının alınması məqsədi daşıdığı da müzakirə mövzusudur. AFN yaranan bu və digər problemlərlə bağlı suallarını Neftçilərin Hüquqlarını Müdafiə Komisətinin sədri Mirvari Qəhrəmanlıya ünvanlayıb:



- Mirvari xanım, Azərbaycanın qaz ehtiyatı son hesablamalarda nə qədər göstərilir? Ölkənin qazla təminatına yetirmi?

- Azərbaycanda dəqiqləşdirilmiş çıxarıla bilən neft-kondensat ehtiyatı 1,5 milyard ton, qaz ehtiyatı isə 2 trilyon 550 milyard kubmetr həcmindədir. Proqnozlaşdırılan neft ehtiyatı 2 milyard ton, qaz ehtiyatı isə 3 trilyon 450 milyard kubmetrdir. Bu rəqəmləri SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə açıqlayıb.
Ölkənin təbii ehtiyatından əlavə, SOCAR və Rusiyanın “Qazprom” şirkəti Azərbaycana təbii qazın tədarükünün bərpa edilməsi ilə bağlı razılığa gəlib. Müqavilə 2017-ci il noyabrın 21-də imzalanıb. Müqaviləyə əsasən, SOCAR 1,6 mlrd. kubmetr həcmində Rusiya qazı alacaq. 2017-ci ildə Rusiyadan Azərbaycana 349 mln. kubmetr qaz tədarük edilib. Energetika Nazirliyinin məlumatına görə, 2018-ci ilin 9 ayında Azərbaycan Rusiyadan 800 mln. kubmetr təbii qaz idxal edib.
“Caspian Barrel”in proqnozlarına görə, “Şahdəniz” yatağından ilk 100 milyard kub metrlik qaz 2019-cu il yanvarın II yarısında hasil edilməlidir.

Layihələrə görə, “Şahdəniz”-Mərhələ 2 çərçivəsində hasil edilən qaz 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəql ediləcək. Bundan əlavə, Gürcüstanın təbii qaza olan ehtiyacının 99,65 faizini Azərbaycan təmin edəcək. Qonşu ölkə təbii qaz həcminin 1,866 milyard kub metrini SOCAR şirkətindən, 813 milyon kub metrini isə “Şahdəniz” yatağından əldə edəcək. Yerdə qalan 0,35 faizi (9,41 mln. kub metr) yerli hasilatın payına düşəcək. Bu qaz ehtiyatı və layihələr haqda.
Azərbaycanda əhalinin qazla təminatına gəldikdə, bildiyiniz kimi, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Azərbaycan Respublikası ərazisində təbii qazı təchizat nöqtələrindən qəbul edərək, paylanması və satışını həyata keçirir. İstehsalat Birliyi ölkəmizin bütün regionlarını əhatə edən 2 milyondan çox istehlakçını təbii qazla təmin edir.
Qurumun əsas öhdəliyi istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etməkdir. Lakin iki ildən artıqdır ki, Azərbaycanda əhalinin qazla təminatında çox ciddi problemlər müşahidə olunur. “Azəriqaz” tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan respublikasının qanununun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı qərarının bir neçə maddəsi pozulur. Bundan əlavə, 16 dekabr 2017-ci ildə SOCAR vitse-prezidenti Rəhman Qurbanovun təsdiq etdiyi “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair” metodiki tövsiyələrə əsasən, “Azəriqaz” tərəfindən hazırlanmış qaydaların 4-cü bəndindəki qeyri qanuni düzəliş (SOCAR tövsiyələrinin 1.4.1 bəndində abonentə cərimə tədbiq olunarkən dəymiş ziyanın 90 gün ərzində sərf olunan qaz həcmi miqdarında nəzərdə tutulur, Ə.Hacıyev tərəfindən hazırlanan qaydalarda isə bu, 180 günlə əvəz olunub) nəticəsində abonentlərə tədbiq olunan cərimə ikiqat artırılıb.

- Əhaliyə verilən qazın tez-tez kəsilməsinin qaz itkisinin qapadılması ilə əlaqədar olduğu deyilir. Siz necə düşünürsünüz, iddialar nə dərəcədə gerçəyi əks etdirir?

- “Azəriqaz” İB ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs İbrahim Kərbalayev qaz itkisinin səbəbini ölkədə qaz təchizatı sisteminin böyük hissəsinin 1960-1980-ci illərdə, keçmiş Sovetlər İttifaqının standartları əsasında qurulmuş şəbəkədə, qaz təchizatı rejimlərinin tənzimlənməsində böyük texniki problemlərdə və qaz itsifadəçilərində görür. Bəli, “Azəriqaz” bu itkiləri əhalinin hesabına bağlayır. Qurum Tarif(qiymət)Şurasının qərarından sui-istifadə edir. Təbii qazın ölkədaxili tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif(qiymət)Şurasının 22 dekabr, 2016-cı il 19 nömrəli qərarına əsasən, illik qaz sərfi üzrə limit 1700 kubmetr təsdiq olunub. Bu limit daxilində abonent bir kubmetr qaz sərfi üçün 10 qəpik, limitdən artıq sərf olunan hər kubmetr qaz sərfi üçün isə 20 qəpik ödəniş etməlidir. Hər ilin sonunda (25.dekabr-28dekabr) abonentlərin sayğaclarının (smart tiplilər istisnadır) üzərindəki göstəricilər qanuna uyğun qaydada oxunub bütün abonentlərə bildirişlər paylanılmalı, sıfırlama olunmalı, yeni ildən istehlakçı illik limit üzrə (1700 kubmetr) qazdan istifadə etməlidir. Lakin 2017-ci ilin yekunu üzrə abonentlərin sayğac göstəricilərində dekabrın qaz sərfi yanvar ayının əvvəllərində qeyd edilmişdi. Bu faktlar abonentlər tərəfindən sosial şəbəkələrdə də öz əksini tapmışdı. Ölkədə 2 970 000 qaz abonenti var. Bunun 95%-i əhalidir. 1 milyona yaxın abonent isə mexaniki sayğacdan istifadə edir. Aldadılan abonentlər məhz mexaniki sayğacdan istifadə edənlər idi. Elektron sayğaclarda ödəniş kartla olduğundan bu saxtakarlıq siyasətləri həmin sayğaclarda tədbiq olunmadı.

- “Qaza hava vurulması” haqda çox danışılır. Mümkündürmü belə bir hal?

- Bəli. Qış aylarında qrafik üzrə hər gün bir rayonda qaz təchizatı saxlanılıb yenidən qaz istifadəyə verilərkən, boruya vurulan hava nəticəsində 15-20 dəqiqə ərzində sayğac sürətlə fırlanır və abonent həmin sərfi də ödəməli olur. Qazla təminatın saxlanılmasına isə “Azəriqaz” tərəfindən eyni cavab verilir: “325 mm qaz xəttində təmir gedir”. Ancaq təmirin hansı sahədə aparıldığı sualına cavab verilmir.
Abonentlə bağlanmış müqavilə şərtlərini pozaraq xəbərdarlıqsız qazla təminat saxlanılır.

- Sayğaclara əsassız müdaxilələr, saxta cərimələr yazılması da son vaxtlar artan şikayətlər arasındadır. Sizdə bu haqda məlumatlar vamı?

- Var, həm də çox. İstehlakçılara əsassız, qeyri-qanuni cərimələr tədbiq olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 80 saylı qərarı yerinə yetirilmir. Həmin qərarın müvafiq maddəsinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
Lakin sayğaclar quraşdırılarkən üzərində olan plombların yalnız biri müvafiq örtüklə örtülür. İkinci plomb (yivli birləşməyə vurulmuş plomb) isə açıqda qalıb. Açıq qalan plombun “qırılması” adı altında əhaliyə qeyri-qanunu cərimələr tətbiq olunur. Sayğacların üzərində qoruyucu örtüklər quraşdırılmır. Bir neçə fakt da deyə bilərəm. Məsələn, Lənkəran RQİİ-nin xidmət sahəsinə plombu korroziyaua ugramış ve korroziya nəticəsində qırılmış 3700 abonentə cərimə tətbiq olunub. Masallı rayonunun Qəriblər kəndində “Azəriqaz” İstehsalat Birliyinin muhəndis texniki isciləri tərəfindən 250 abonentin qaz saygacında mudaxilə faktı askarlanıb. Qəriblər kəndində 650 abonent var. Baxış keçirilən 300 sayğacdan 250-də müdaxilə aşkar olunub. Salyan RQİİ-də (rəis İlham Şahmirzəyev) 40-dan yuxarı abonentə cərimə tədbiq olunaraq qaz təchizatı saxlanılıb. Cərimə tədbiq olunan abonentlərə müdaxilə ilə əlaqədar dövlət rəyi verilməyib. Yəni cərimənin nəyə görə tədbiq olunduğunu abonent bilmir. Cərimə miqdarı 500 manatdır(?). Bu xidmət sahəsində qaz itkisi apreldə 36%, mayda isə 31% olub.
Ekspert araşdırmaları zamanı müxtəlif mənbələrdən daxil olan məlumatlarda qeyd olunur ki, 2018-ci ilin mart-aprel ayında plastik plombların (sayğacın yivli birləşməsinə vurulmuş plomb) qırılması ilə bağlı 8 Regional Qaz İstismar İdarəsinə hər abonentə 4000 m.3 qaz həcmində, 800 manat dəyərində olmaqla 12500 abonentə cərimə yazılıb. Həmin abonentlər son 4 ayda plombları təzələnmiş abonentlərdir.
Bundan əlavə, təbii şəraitə görə sınmış, çatlamış sayğaclardan ötrü də abonentə cərimə tədbiq olunur. Lənkəran rayonu Şağlaser kəndində əvvəl abonentə bu bəhanə ilə 1503 manat cərimə yazıb, abonentin təkidindən sonra sayğacı yoxlamaya göndərilib. Lənkəran Rayon Qaz İstismar İdarəsi həmin kənddə 46 abonenti sayğaca müdaxilə halı aşkarlandığına görə məhkəməyə verib. Abonentlər iddia edirlər ki, onlar sayağaclara heç bir müdaxilə etməyib, sayağaclar yaşayış evlərindən ən azı 50-100 metr kənarda, hasarların üzərində qurlaşdırılıb. Sayağacların təhlükəsizliyini qoruyan xüsusi qoruyucu avadanlıq yoxdur. İş üzrə məhkəmə prosesi davam edir.
Kənddə cərimələnənlərdən biri də 70 yaşlı Şahnaz Qurbanovadır. Övladları Rusiya və Bakıda olması səbəbindən Ş.Qurbanova evində tək yaşayır. İdarənin əməkdaşları onun evinin sayağacında da müdaxilə “aşkarlayıblar”. O isə məhkəmədən gələn çağırışdan sonra hadisədən xəbəri olduğunu deyib.
Zərdab rayon Məlikli kəndinin sakini Umudov Fərmana, 2017-ci ilin 4 dekabrında evindən 100-150 m kənarda olan sayğaca yük avtomobili zərər vurduğu üçün 1944 manat cərimə tədbiq olunub. Halbuki o, bu barədə dərhal “Azəriqaz”ın Tərtər RQİİ-nin Zərdab şöbəsinə məlumat verib. İdarənin işçiləri sayğaca baxış keçirmiş və akt tərtib ediblər. Üstündən 1 ilə yaxın vaxt keçəndən sonra ona Tərtər RQİİ tərəfindən əsassız cərimə yazılıb. Sayğacın yük maşını tərəfindən vurulması barədə Zərdab DYP-nin də arayışı var və həmin arayış aktla birlikdə “Azəriqaz”a göndərilib.
Bu kimi misalları çox göstərə bilərəm. Abonentlərə yazılan cərimələr AGİS(Avtomatlaşdırılmış Qaz İnformasiya Sistemi) proqramında yerləşdirilir və 30 gün müddətində GAZREPORT smart proqramına atılır. Bu halda abonent öz borcunu görə bilmir və hər ödədiyi məbləğin müəyyən faizi cəriməyə ödəniş kimi düşür, abonentin isə bundan xəbəri olmur.
Sayğaclar dəyişdirilərkən də əhalinin “borcu”oladuğu haqda əsassız cərimələr tədbiq olunur. Borcun, yaxud cərimənin hansı əsasla tədbiqi edildiyi haqda abonentə heç bir sənəd təqdim olunmur.

- Əhali bu qanunsuz cərimələnmələrə qarşı hansı addımları atır? Hüquqi həlli mümkündürmü bu problemlərin?

- “Azəriqaz” işçiləri tərəfindən qeyri-qanuni cərimə tədbiqinə qarşı Ağstafa, Qazax, Tovuz, Sabirabad, Ucar və Biləsuvardan, Salyan, Şəmkir, Bakı və s. 50-yə qədər məhkəmə prosesləri olub. Bütün iddia ərizələri təmin olunub. Hazırda Xətai rayon məhkəməsində 4 iddia ərizəsinə baxılacaq, 6 iddia ərizəsi isə hazırlanır. Məhkəmə prosesləri cərimə tədbiqinin qeyri-qanuni olduğunu sübut etdi. Cərimə tədbiq olunmuş bir neçə abonent “Azəriqaz”ın Satış Departamentindən sənəd tələb etdikdən sonra cərimələr silinib.

Ümumiyyətlə, abonentlər də bilsinlər ki, istehlakçıya cərimə tədbiq olunanda qazpaylayıcı aşağıdakı şərtlərə əməl etməlidir:

- İstismara yararsız hesab edilmiş (müdaxilə faktı aşkar olunmamış) və müdaxilə faktı aşkar olunmuş və ya hesabatı qeydiyyata almayan sayğaclara “Azəriqaz” İB-nin nümayəndəsinin iştirakı ilə müvafiq olaraq aktlar (bildirişlər və rəylər) tərtib edilərək, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən 7 iş günü müddətində (sayğacların qəbulundan sonra) “Azəriqaz” İstehsalat Birliyinə təqdim edilir;

- Aktların (bildirişlər və rəylər) müvafiq tədbirlər görülməsi, sayğacın bərpası və dəymiş ziyanın ödənilməsi məqsədi ilə istehlakçıya rəsmi məlumat təqdim edilir.
- Əgər rəydə sayğaca müdaxilə edildiyi aşkarlanarsa o halda, sərfiyyat əsas götürülərək, həm itirilmiş təbii qazın, həm də sayğacın dəyəri hesablanır. Sərfiyyat hesablanarkən itirilmiş təbii qazın dəyəri SOCAR, “Neftqazelmitədqiqat” İnstitutu tərəfindən hazırlanmış və 16 dekabr 2017-ci ildə SOCAR vitse-prezident R.Qurbanov tərəfindən təsdiq olunmuş metodiki tövsiyələr əsas götürülərək 90 günədək hesablanmalıdır.

- Son olaraq nə təklif edirsiz, kütləvi hal almış bu pozuntuları necə aradan qaldırmaq, dayandırmaq olar?

- “Azəriqaz” İB SOCAR-ın tərkibindən çıxarılmalıdır. Hasilat və satış bir əldə cəmləşə bilməz. Yuxarıda qeyd olunan problemlərin araşdırılması, aradan qaldırılması üçün “Azəriqaz”da müstəqil qurum tərəfindən ciddi yoxlamalar aparılmalıdır.

Həbibə ABDULLA




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:06 “Azəriqaz” sakinlərin başına belə oyun açır… – GİLEY Lənkəran Rayon Qaz İstismar İdarəsi rayonun Şağlaser kəndində 46 abonenti sayğaca müdaxilə halı aşkarlandığına görə məhkəməyə verib. Bu barədə kənd sakinləri Unikal.org-a şikayətində bildiriblər. İdarənin əməkdaşları sakinlərin xəbəri olmadan “qaz sayağaclarına müdaxilə” maddəsi ilə sakinləri
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az