t s

» » Hamı ərə getməyimi istəyir, mən isə…

Hamı ərə getməyimi istəyir, mən isə…

16-12-2018, 08:25 Yazar:  Gülnar Baxılıb: 127 Çap et
Hamı ərə getməyimi istəyir, mən isə…
Son zamanlar mistik anlar yaşayıram desəm, inanın. Təsəvvür edin ki, anamın gecə-gündüz mənə “bəsdir daha onu-bunu “bəyənmirəm, ərə getmirəm” dedin, ailə qur” deməsi bir tərəfə, cəmiyyətdəki tanıdığım və tanımadığım tanınmış və ya az tanınan insanlar tərəfindən də qınağa çevrildim. Axır vaxtlar depressiyaya düşməyimi də hiss etdim.

Depressiyaya uşaq vaxtı, lap çoxdan, təqribən yeddi-səkkiz yaşlarında düşmüşdüm. O zaman, heç depressiyanın nə olduğunu belə anlamırdım. Sadəcə, bərk darıxırdı körpə qəlbim və bir də fikir edirdim. Özü də bilirsiniz nəyin fikrini? Nənəmin Çəhrayı inəyinin. Hə, hə... inəyin. Nənəmlə babamın himayəsində böyüdüyümdən, necə deyərlər, bir sözüm iki olmayıb. Amma nənəmin inəyi məsələsində, türklər demiş, “hayal kırıklığı” yaşadım.

Demək belə, həyətimizdə bir inək vardı, rəngi də elə gözəl idi ki, narıncıya çalardı, nənəm onu gah Günəş, gah Qızıl çağırardı. Amma inəyin məxmər dərisi o qədər xoş görünürdü ki, mən onu sevdiyim rənglərdən biri ilə, yəni Çəhrayı adlandırmışdım. Südü az olanda da Gümüş deyərdi nənəm ona. Yəni inək bacarığına görə “qiymət” ala bisəydi, yəqin ki, süd verdiyi vaxtlarda “beş” alardı, südü az olanda isə nənəm ona “dörd” qiyməti verməklə kifayətlənərdi. Hər halda, mən bütün bunları o zamankı uşaq ağlımla düşünürdüm.

Qış ayları idi. Nənəm əlində boş vedrə otağa daxil olub, babama dedi: “Ay kişi, bu heyvanda heç süd yoxdur, deyirəm bəlkə aparasan onu Kərim kişinin inəyinin yanına?”

Babam cavab verənə qədər mən narahat halda qışqırdım: “Ay baba, Çəhrayı inəyi heç yerə aparma!”

Düzdür, Çəhrayı inək məni onu sevdiyim qədər sevməsə də, hətta bir gün mənim təkidimlə nənəm onu sağmağa icazə verəndə arxa ayağı ilə düz alnımın ortasından təpik vurub, məni üçgünlük yataq xəstəsi etsə də, ona olan sevgim böyük idi. Olduqca ağıllı inək idi; təsəvvür edin, Moskvada yaşayan yaşıdım xalam qızı bizə qonaq gələrdi, darvazanın kəndarından bir addım uzaq düşəndə “azar”, ağlayar, bütün el-obanı cır səsi ilə köməyə çağırardı. Amma yaşca ondan bəlkə də dəfələrlə kiçik olan Çəhrayı inəyimiz naxıra özü tək gedib, tək gələrdi.

Nə isə, qayıdım əhvalata. Babam maraqla nənəmə, sonra da mənə baxdı. Həyəcanımı hiss edən babam nəvazişlə dilləndi:

- Gözəl balam, birdəfəlik aparmırıq ki! Bir gecə qalacaq, gətirəcəyik.

Mən ağlamağa başladım:

- Niyə? Nə günahı var axı onun?

Dərhal məktəbdəki müəlliməmi xatırladım. Sinif yoldaşlarımın bir səhvi olanda müəlliməm onları küncdə saxlayardı. Yəqin Çəhrayı inəyin də səhvi süd verməməsi idi, odur ki, başladım nənəmə yalvarmağa:

- Ay nənə, nə olar, Çəhrayını heç yerə aparmayın, səhvi varsa, bağlayın tövlənin küncünə.

Nənəm gülməyə başladı, babam da ona qoşuldu. Nənəm mənə yaxınlaşıb, qabar, titrək əlləri ilə üz-gözümü sığalladı, göz yaşlarımı silərək, “Çəhrayı cəzallanmır ki, balam” dedi. Mən bir qədər sakitləşdim:

- Bəs onda niyə onu Kərim dayıgilə aparırsınız?

Nənəm babama baxaraq, dedi:

- Çəhrayının toyu olacaq. Onu Kərim dayının inəyi ilə evləndirəcəyik ki, balası olsun, onda südü də çox olacaq.

Mən indi bayaqkından daha çox həyəcan keçirməyə başladım. Qonşumuz Kərim dayının inəyi var idi. İnək nə inək: bir nəhəng qara öküz. Onu hər dəfə yolda görəndə vahimə ilə nəfəsimi içimə çəkib, divarın dibinə sıxılardım, öküz də mənə tərs-tərs baxıb, yoluna davam edərdi. Bir anlıq gözümün qarşısına Çəhrayının “adaxlısını” gətirdim və sanki düşünmə qabiliyyətimi itirdim. Odur ki, növbəti sualla nənəmdən əl çəkmədim:

- Ay nənə, birdən, Çəhrayı Kərim dayının inəyini bəyənmədi? Razı olmadı onunla evlənməyə? Onda necə?


Nənəmlə babam qəşş etdilər. “Bəyənər, bəyənər, - nənəm dedi. - Toydan sonra bəyənəcəklər bir-birilərini”.

Babam da nənəmin söhbətinə müdaxilə etdi:

- Elə nənən də bəyənmirdi məni, beş il razı olmadı, toydan sonra əlli beş ildir, hələ də əl çəkmir məndən!

Nənəm onun üstünə acıqlandı:

- Adə, bəsdir uşağın yanında gic-gic danışdın!

Babam bilsəydi ki, nəvəsi böyüyüb yazı-pozu əhlinə aid olacaq, bəlkə də ümumiyyətlə danışmazdı. Amma deyilən söz, necə deyərlər, atılan güllə kimidir. Odur ki, babam artıq “siyasi səhvə” yol vermişdi.

Ertəsi gün sübhdən oyandım. Dərsə getməyə hələ çox vardı, mən Çəhrayı inəyin yanına tövləyə tələsdim. Qaranlıq, soyuq həyəti keçərək tövlənin qapısının cəftəsini açdım. Çəhrayı məni görcək, hörmət əlaməti olaraq, əvvəl qabaq, sonra arxa ayaqlarını yerə dayaq edərək, ayağa qalxdı. Mən ona öz ürək sözlərimi dedim, təbrik etdim. Bibimin toyunda da hər kəs gəlib onu beləcə təbrik etmişdi. Axı bu adətdir! Çəhrayının da təbrikə ehtiyacı var idi. Amma deyəsən, Çəhrayının toy günü ondan çox mən həyəcan keçirirdim. O, mənim təbriklərimə heç məhəl də qoymadı. Mən böyük məmnuniyyətlə onu qucaqlayıb, öpmək istərdim, lakin sivri, ucu şiş buynuzlarını görərək, fikrimdən daşındım. Tövlənin qapısını bağlayıb, evə qayıtdım.

Nənəm artıq oyanmışdı. O, yun jiletini əyninə geyinərək, maraqla mənə baxdı: “Nə tez oyanmısan?”

Mən Çəhrayı inəyin yanına getdiyimi və onu təbrik etdiyimi dedim. Nənəm yenə də güldü: “Çəhrayının əvəzinə sənə “çox sağol” deyirəm!”

Rənglərlə düşünən beynimdə yenə sual yarandı:

- Nənə, bəs Çəhrayının fatası olacaq?

Nənəm deyəsən artıq bezmişdi suallarımdan:

- Yox, mənim balam, inəklərin fatası olmur.

Mən əl çəkmirdim:

- Bəs bibimin toyunda fatası var idi axı!

Nənəm cavab verdi:

- Elə insanlarla inəklərin fərqi bundadır.

Həmin an nənəmin sözlərini anlamasam da, illər sonra onun nə demək istədiyini başa düşdüm... Həm də çox yaxşı başa düşdüm. Axşam isə babam Çəhrayının boynuna kəndir taxıb, qonşu Kərim dayının inəyi ilə “evləndirməyə” apardı. Amma elə getdiyi kimi də Çəhrayı ilə bərabər tez geri qayıtdı. Nənəm eyvandan onu səslədi:

- Nə oldu, ay Ağa, Kərimgil yoxdular evdə?

Babam tövlənin qapısını aça-aça cavab verdi:

- Evdədilər, amma inəkləri xəstələnib. Kərimgil baytar çağırıblar. Belə getsə, sabah ətçiyə aparacaqlar inəyi.

Ay Allah, mən necə də sevinirdim! Bizim gözəllər gözəli Çəhrayı inəyimiz hara, Kərim dayının qap-qara vahiməli öküzü hara! Heç yaraşmırdılar da!

Ertəsi gün babam Kərim dayının inəyini ətçiyə apardıqlarını dedi. Nənəm xəmir yoğura-yoğura mənə əsəbi halda deyinirdi:

- O qədər ağladın ki, Çəhrayı da “evdə qaldı".

Babam da zarafatından qalmırdı:

- Həə də, adam xeyir işə şəkk gətirməz!

İndi də başladım Çəhrayının “evdə qalmasını” özümə dərd etməyə. İlk depressiyam belə başladı.

İndi də növbəti depressiyam - elə bil kimsə məni qarğayıb, Ukrayna ilə Rusiya qarşıdurması, Suriya və İraqda baş verən dəhşətlərdən sonra deyəsən, ikinci yerdə mənim ailə qurmaq problemim idi hər kəs üçün maraqlı.

Səhhətimdə problem yarandı. Ola bilər ki, uşaq və yeniyetmə vaxtlarımda yaşadığım bölgədə yod çatışmazlığı mənim orqanizmimə də təsirsiz ötüşməyib. Odur ki, getdim valideynlərimin tanıdığı və məsləhət gördüyü həkimin yanına. Həkim suallar verirdi. Suallardan biri də pasiyentin ailəlii olub- olmamağı ilə bağlı idi. Həkimin sualına “subayam” dedikdə, üstümə necə qışqırdısa, dik atıldım: “Burda nə işin var? Çıx get ərə! Xoşun gəlir cavan bədənini iynə-dərmanla zəhərləyəsən?!”

Ona təmkilnlə cavab verdim:

- Doktor, mən gecələr boğuluram, çox güman ki, bədənimdə yod çatışmazlığı var...

O, mənə danışmağa imkan vermədi:

- Gül kimi qızsan, get ailə qur, vəssalam!

Kor-peşman həkimin kabinetini tərk edərkən Çəhrayı inəyimiz düz gözümün önündə idi. Özümü bir anlıq Çəhrayı inəyin yerində hiss etdim...

Metroda, mağazada, hətta uzaq ölkələrdə belə nə evlilik sualı məndən əl çəkirdi, nə də Çəhrayı inəyin görüntüsü gözümün önündən gedirdi.

Yaxın vaxtlarda işlə bağlı bir yaradıcı müəssisəyə üz tutdum. Gənc rəhbər olduqca alicənab, həssas və kübar bir insan idi. Hiss olunurdu ki, o mənim müəssisəsində qonaq olduğum üçün hədsiz hörmətlə davranır. O, hətta ona işçisi tərəfindən gətirilən Şəki halvası diliminin belə mənim tərəfimdəm “edam” olunmasını istədi. Deyəsən, dolu görkəmimdən şirniyyatı çox bəyəndiyimi təxmin etmişdi. Mən şirniyyatın “taleyini həll etdikdən” sonra, gənc rəhbər mənə bir neçə sual ünvanladı: valideynlərlə bağlı, yaşayış yeri və sairə. Hər şey yaxşı idi. Birdən, rəhbər sual verdi:

- Siz ailəli olmusunuz?


Yenə də nənəmin Çəhrayı inəyi gəlib dayandı düz gözümün önündə. Çəkinərək: “Yox” dedim.

O, davam etdi:

- Sizə ailə qurmaq lazımdır!

Nə qədər çalışdım, Çəhrayı inəyin xəyalını düşüncəmdən itələyib çıxaram, alınmadı, ağırlıq etdi şüuruma. Birtəhər onu beynimin küncünə sürükləyib, rəhbərə təmkinlə cavab verdim:

- Mənə iş lazımdır!

Rəhbər iri, mərhəmətli gözlərini gözlərimə zilləyərək, anlayışla mənə baxdı. Axşam isə evə döndükdən sonra anam yenə də növbəti dəfə mənim yadıma nənəmin Çəhrayı inəyini saldı:

- İllərin gedir, heç taleyini düşünmürsən!

Yorğun-yorğun anama baxıb cavab verdim:

- Mən Çəhrayını düşünürdüm... ona isə bu gərək deyildi...




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:16 Nüsrət Kəsəmənlinin xanımı: “Şirməmməd Hüseynov mənə görə Nüsrətə xəbərdarlıq etmişdi” - MÜSAHİBƏ Rəhilə Kəsəmənli: “Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım” “Nüsrət Kəsəmənliyə qarşı çox haqsızlıqlar oldu” XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az