t s

» » Avropaya inteqrasiyanı xalqımızın inkişafı tələb edir – VİDEO

Avropaya inteqrasiyanı xalqımızın inkişafı tələb edir – VİDEO

16-04-2015, 01:10 Yazar:  Məmməd Məmmədov Baxılıb: 692 Çap et
Avropaya inteqrasiyanı xalqımızın inkişafı tələb edir – VİDEOAprelin 15-də Milli Şura Beynəlxalq Mətbuat mərkəzində “Azərbaycan-Avropa Birliyi münasibətləri“ movzusunda dəyirmi masa təşkil edib. Saat 12:00-da başlayan və iki saat davam edən tədbirdə tanınmış ictimai-siyasi xadimlər iştirak edib. Tədbirdə Azərbaycanın Avropa Birliyinə inteqrasiyasının zəruriliyi qeyd olunub, inteqrasiya üçün mümkün imkanlar dəyərləndirilib.

Dəyirmi masanı giriş nitqi ilə Cəmil Həsənli açıb:
– Bu gün biz Riqa sammiti ərəfəsində Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığının vəziyyətini müzakirə edəcəyik. Bilirsiniz ki, Azərbaycan artıq 20 ilə yaxındır Avropa Birliyi ilə bu və ya digər əməkdaşlıq formalarından istifadə edir və bunun təxminən son 10 ili Şərq Tərəfdaşlığı çərçivəsində cərəyan edir. Bu gün Azərbaycanın müstəqillik qazanmasından artıq 25 il keçir və bu müddət ərzində Azərbaycan müxtəlif Avropa strukturlarına inteqrasiya olunmuşdur. Qarşıda may ayında Riqa Sammiti gəlir və bilirsiniz ki, Şərq Tərəfdaşlığı çərçivəsində 6 ölkə bu proqramda iştirak edirdi. Onlardan üçü Asossasiya Sazişini imzaladı. Qalan ölkələr içərisindən istər Avropa üçün, istər region üçün ən ciddi əhəmiyyətə malik olan məsələ Azərbaycanın bu Asossasiya sazişini imzalamasından ibarətdir. Düzünü deyim ki, biz ölkəmizin Avropa Birliyi ilə əməkdaşlığına böyük əhəmiyyət veririk. Birincisi, Azərbaycanın Avropa Birliyinə inteqrasiya arzularının tarixi kifayət qədər uzundur. Bu, 1918-ci ildən başlanıb. Birinci Azərbaycan Cumhuriyyətini qurmuş insanlar öz xalqını Avropa ailəsinin içərisində görmək istəyirdi. Əgər o dövrün poeziyasında millətin imzasını dünya xalqlarının imzası içərisində görmək arzuları var idisə, bununla ilk növbədə həmin dövr üçün daha mütərəqqi, proqressiv və demokratik dəyərlərə iman gətirən Avropa dəyərləri nəzərdə tutulurdu. Bu gün də bu belədir.
Heç kəsə sirr deyil ki, bugün insan haqları ilə bağlı ölkəmizdə çox ciddi problemlər var. Bilirsiniz ki, siyasi məhbusların sayı 100-dən artıqdır. Ölkədə müstəqil məhkəmə sistemi yoxdur. Siyasi islahatlar aparılmır. Ölkənin siyasi sistemində və iqtisadi həyatında islahatlara böyük ehtiyac var. Xüsusilə Azərbaycan iqtisadi həyatının liberallaşmasına çox böyük ehtiytac var. Bu liberalizm arzularının tarixi Azərbaycanda bir əsrdən artıqdır ki, var. Amma biz istəyirik ki, bu arzu olaraq qalmasın. Sözün tam mənasında Azərbaycanda siyasi islahatlarla möhkəmləndirilən, iqtisadi, sosial islahatlar aparılsın. Insan haqlarına təminatlı hüquqi münasibətlər formalaşsın. Nə qədər ağır olsa da deməliyəm ki, bizim xalqımız Sovet sistemi çərçivəsində hüquqi baxımdan daha etibarlı müdafiə olunurdu, nəinki bugünkü müstəqil Azərbaycanda. Ona görə də hüquqi islahatların aparılmasına, Avropa dəyərlərinə doğru böyük bir yolun açılmasına doğru ciddi ehtiyac vardır. Biz uzun müddət korrupsiyaya, monopoliyaya, rüşvətxorluğa qarşı ölkədə mübarizənin başlanmasını, hüquqi sistemin bərqərar edilməsini irəli sürmüşük. Öz fikirlərimizi həm mətbuat vasitəsilə, həm müxtəlif tədbirlərdə, həm də Milli Şuranın proqram sənədlərində açıqlamışıq. Təəssüflər olsun ki, bu gün Azərbaycan cəmiyyətinin böhran girdabına daxil olması bir tərəfdən dünyada yanacağın qiymətinin düşməsiylə bağlıdırsa, o biri tərəfdən effektli iqtisadi sistemin olmaması ilə bağlıdır. Qarşıdakı Riqa sammitində Azərbaycan Assossasiya sazişini imzalamalıdır. Milli Şura olaraq biz ona görə bu fikirdəyik ki, xalqımızın Avropa xalqları ailəsində bərabərhüquqlu yer tutmasına, azadlıq dəyərlərinə, demorkatik və hüquqi dəyərlərə qatılmasına, ölkədə hüquqi sistemin yaranmasını arzuladığımız üçün bu sazişin imzalanmasına tərəfdarıq. Azərbaycan dövlət rəhəbrliyini də ona çağırırq ki, bu sazişin imzalanması xalqımızın köklü maraqlarına uyğundur, bu sazişi imzalamaq lazımdır.
Milli Şura sədrindən sonra dəyirmi masa iştirakçıları mövzu ilə bağlı fikirlərini bölüşüblər.



Milli Şura Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli:
– Azərbaycan Avropa Birliyi münasibətlərinin təməli 1996-cı ildə Lüksemburq şəhərində qoyulub. Azərbaycan və Avropa Birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq sazişi imzalanıb və həmin saziş 1999-cu ildə qüvvəyə minib. 2004-cü ildən Azərbaycan Avropa qonşuluq siyasətinin üzvüdür. Nəhayətn 2009-cu ildə Polşanın o vaxtkı prezidenti tərəfindən Şərq Tərəfdaşlığı ideyası irəli sürüləndən və İsveç tərəfindən geniş dəstək alandan sonra bu layihə təsis edildi. Şərq tərəfaşlığının bu günə qədər olan sammitlərində Azərbaycan siyasi rəhbərliyi iştirak edib. Formal olaraq Azərbaycanın Şərq Tərəfdaşlığı proqramı ilə münasibətləri nornmaldır. Ancaq əməli addımlara gəldikdə əməkdaşlıq biz istədiyimiz səviyyədən geri qalır. Şərq Tərəfdaşlığı çərçivəsində 6 ölkədən üçü artıq Assossasiya sazişini imzalayıb. Azərbaycan, Ermənistan və Belarusiya isə hələ də sazişi imzalamaq niyyətini irəli sürməyib. Azərbaycan hakimiyyəti Avropa Birliyi ilə münasibətlərin dərinləşməsini müəyyən mənada öz hakimiyyət maraqları üçün məqbul hesab etmir. Məhz bu günə qədər Azərbaycanın Dünya Ticarət Təşkilatı ilə danışıqları müsbət nəticə verməyib və bu gün Azərbaycan bu təşkilatla ən çox danışıqlar aparan və hələ də üzv olmayan bir ölkə kimi dünya rekordçusudur. Hətta Rusiya və Ermənistan bu təşkilata üzv olduğu halda Qərblə münasibətləri daha normal görünən Azərbaycan hələ də qərb iqtisadi sisteminin bu mühüm mexanziminin üzvünə çevrilməmişdir.
Azərbaycan bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, həmçinin Avropa Şurasının üzvüdür. Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığını şərtləndirən bir çox mühüm amillər var. Birincisi, ona görə ki, bu sazişin imzalanması Azərbaycanın üzvləşdiyi problemlərin həlli üçün real mexanizmdir. İkincisi, bu sazişin imzalanmasının əlehdarları bir çox hallarda bu fikirdən çıxış edirlər ki, bu sazişin imzalanması Azərbaycanın suverenliyinə təhlükə ola bilər. Bu yanaşma da kökündən yalnışdır. Azərbaycanın Avropa Birliyi ilə münasibətlərinin bu günə qədər gəlib çatdığı istənilən mərhələdə bu münasibətlərin söykəndiyi əsas prioritetlər bunlardır. İlk növbədə üzv olan ölkələrin müstəqiliyyinə hörmətdir, üzv olan ölkələrin ərazi bütövlüyünə hörmətdi, üzv olan ölkələrin suverenliyinə və sərhədlərinin toxunulmazlığına hörmətdir. Bu 4 prinsip Avrop Birliyi ilə bütün münasibətlərin təməlidir. Bu baxımdan Assossasiya Sazişinin imzalanması Azərbaycanın maraqlarına heç bir təhdid törətmir.
Professor Əli Abbasov:
– Mən də inteqrasiyanın tərəfdarıyam. Amma reallığa da baxmalıyıq. Bir nömrəli sual budur ki, gələn sammitdə Azərbaycan sazişə imza atacaqmı? Təbii ki, atmayacaq. Vaxtilə İlham Əliyev deyib ki, Azərbaycanın xüsusi əməkdaşlıq proqramı var, onlar Avropa Birliyi ilə o planla işləyəcəklər. Demək olar ki, bu, demoqoqiyadır. Əgər biz Norveç, İslandiya, İsveçrəyə baxsaq görərik ki, inteqrasiyanın müxtəlif formaları var. Mən fikirləşmcə, vəziyyət belədir ki, Azərbaycan Avropa Birliyi və Avrasiya İttifaqı ilə balanslarşdırılmış formada münasibətləri saxlamalıdır və ya saxlayacaq. Buna baxmayaraq, hər bir dövlətə cəmiyyətin səsi lazımdır. Buna görə də yaxşı olardı ki, Avropa Birliyinə inteqrasiya məsələsi ilə bağlı referendum keçirilsin. Əgər bu da olmayacaqsa sosial sorğular keçirmək olar ki, xalqımızın Avropa Birliyinə inteqrasiya ilə bağlı fikirlərini öyrənək.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı:
Avropaya inteqrasiya məsələsinə bir neçə aspektdən yanaşa bilərik. Cəmiyyətimizdə soruğu keçirsək, hər kəs istəyər ki, Avropada yaşasın və ya təhsil alsın. Amma Azərbaycanın Avropa dəyərləri ilə idarə olunması məsələsinə gələndə problem yaranır. Ukrayna prosesləri göstərdi ki, avtoritar rejimlərin mövcud olduğu ölkələrdə hökumətlər Avropa Birliyinə inteqrasiyaya tərəfdar ola bilmirlər. Azərbaycanın Avrointeqrasiyası avrotoritar İlham Əliyevlə uzun-uzadı diplomatik müzakirələr aparmaqdan keçmir. Avrointeqrasiya məsələsində bizim qarşımızda duran mühüm məsələlərdən biri qeyri-neft sektorunun qısa müddətdə inkişaf elətdirilməsi, ölkəni iqtisadi böhrandan çıxma imkanı əldə etməsidir. Bu isə azad investisiya mühitinin yaradılması ilə bağlıdır. Bu o deməkdir ki, biz Avrointeqrasiya prosesində bugünkü Qərbin bilik, bacarıq və texnologiyalarını öz arxasınca ölkəmizə gətirsək, investisiyaları ölkəmizə cəlb eləsək, Azərbaycanda inkişaf üçün yeni imkanlar yaranar. Əks təqdirdə iqtisadi böhrandan çıxış imkanları çox çətin görünür. Eyni zamanda iqtisadi dirçəlişlə yanaşı, həm də təhlükəsizlik problemləri ilə bağlı Avrointeqrasiya məsələsi önəm kəsb edir.
İlk növbədə bu gün şimaldan gələn təhdidlə üz-üzəyik. Postsovet ölkələrinin çoxu Rusiya təhdidi ilə qarşılaşıblar. Belə olan təqdirdə Avrointeqrasiya Rusiyadan gələn təhdidə qarşı beynəlxalq birliyin dəstəyini alma imkanlarımızı artıra bilər.
İstiqlalçı deputat İbrahim İbrahimli:
– Dünya dəyişir. Daha təhlükəsiz, daha stabil, daha dayanıqlı yeni dünya düzəni formalaşır. Soyuq müharibədən sonra başlanan bu proses Avropanı çox ciddi şəkildə narahat edir. Belə bir vəziyyətdə müstəqil dövlətlərin başlıca vəzifəsi özünün strateji seçimini etməkdir. Yəni yeni formalaşan dünya düzənində öz yerini, rolunu və mövqeyini müəyyənləşdirməlidir. Dünyada avtoritarizmlə demokratiya arasında uzun müddətdən bir çarpışma, gərgin hətta total müharibələrə qədər sürüklənə biləcək bir səviyyədə proseslər gedir. Azərbaycanın yeritdiyi xarici siyasət indiki həssas geosiyasi məqamlara cavab vermir. Azərbaycan hakimiyyəti siyasi konyekturaya əsaslanan balanslı siyasət aparır. Siyasi konyektura dünyada gedən dinamik proseslərin təsiri ilə çox sürətlə dəyişməyə başlayıb. Azərbaycan hakimiyyəti öz hakimiyyətini qoruyub saxlamaq üçün yalnız və yalnız o ölkələrlə əlaqələr qurub ki, o ölkələrdə avtoritarizm mövcuddur. Ona görə mən də bütün təkliflərə qoşuluram. Hesab edirəm ki, Azərbaycan yubanmadan öz seçimini etməlidir.
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev:
– Müzakirə etdiyimiz məsələnin Azərbaycan üçün həqiqətən də böyük əhəmiyyəti var. Təəssüflər olsun ki, Azərbaycan ictimaiyyəti nə qədər istəsə də, Avropaya yaxınlaşa bilmirik. Bu, bilavasitə Azərbaycan hakimiyyətinin mövqeyindən asılıdır. Əlbəttə ki, Rusiya ilə bağlı bəzi narahatçılıqlar var. Amma məsələn, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qoşulmağı Rusiyanı maraqlandırmasa da, Azərbaycan hələ də bu təşkilatın üzvü deyil. Azərbaycan hökuməti qəsdən süni bariyerlər müəyyənləşdirir ki, nəticədə problemlərin həlli mümkün deyil. Hakimiyyətdə olan siyasi qüvvə nə qədər qalacaqsa müxtəlif bəhanələrlə Avrointeqrasiya məsələsi həll olunmayacaq. Problem demokratiya məsələsi ilə bağlıdır. Məsələn, Ukrayna Assossasiya müqaviləsinə əsasən 350 yeni qanun qəbul etməlidi. 3700-dən artıq standartın tətbiq olunma məsələsi var. Hakimiyyətin bölgüsü, demokratik seçki, azad məhkəmə, sərbəst toplaşma, birləşmə azadlıqlarının qorunmasına dair qanunlar və mexanizmlərdi. Azərbaycan hakimiyyəti davranışları ilə göstərir ki, onun heç belə bir niyyəti yoxdu.
Hesab edirəm ki, Milli Şura Avrointeqrasiya məsələsinin ciddi təbliğatı ilə məşğul olmalıdır.
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev:
– Azərbaycan artıq iqtisadi böhrana girib və bu uzunmüddətli böhrandır. Böhran neftlə bağlı deyil, aparılan siyasətin nəticəsidir. Vətəndaş cəmiyyəti olaraq imzatoplama kampaniyasına başlamaq lazımdır. Biz Azərbaycanın Assossasiya sazişini imzalaması tələbini ortaya qoymalıyıq. Vaxt gedir. Bugünkü böhran bütün xalqa aiddir. Ona görə də bizim vaxtı uzatmaq, gözləmək ixtiyarımız yoxdur. Ona görə də hesab edirəm ki, təcili sürətdə hazırlaşmalıyıq və tələbimizi ortaya qoymalıyıq.
Sahib Kərimli:
– Azərbaycan hakimiyyətinə səslənmək istəyirəm ki, Riqa sammiti öncəsi yenidən imitasiya xarakterli ölkənin aparıcı müxalifətinə bu cür yer vermək yox, müxalifətin funksiyasının icrasına şərait yaradılmalıdır. Artıq cəmiyyəti aldatmaq olmaz. İnformasiya texnologiyaları inkişaf edir. Xalqımız artıq bilir ki, neftin qiymətinin düşməsinə səbəb nədir.
Jurnalist Şahvələd Çobanoğlu:
– Mən bir mədəni hadisəyə müraciət etmək istəyirəm. Bilirsiniz ki, indi Bakıda “Əli və Nino” filmi çəkilir. Həmin məşhur romanın mövzusu bizim bugünkü tədbirimizin mövzusudur. Azərbaycan haradı? Hara üz tutmalıdı? Həmin filmin kadrları yayılmışdı, orda göstərilir ki, küçədə qəzet satılır. Amma bugünkü Azərbaycan haradı? Azərbaycan Avropa Oyunları keçirir, amma hətta “Əkinçi” qəzetinin vaxtilə getdiyi kəndlərə qəzet getmir. Qəzeti nəinki dağlardan, yuxarılardan sıxışdıra-sıxışdıra gətirdilər, yerin altından belə sıxışdırıb çıxardılar ki, metroda da qəzet satılmır. Azərbaycan hakimiyyəti Avrointeqrasiya məsələsində təkcə səbəblər göstərmir, həm də ittiham edir. Kim Avrointeqrasiya məsələsinə çağırışlar edir, onları satqın adlandırır. Eyni zamanda Avropanın özünü ittiham edir. Həm Avropa Oyunları keçirirlər, həm də Avropanı ittiham edirlər. Avropadan hesabatlar səslənəndə onları ermənipərəst adlandırırlar. Biz başa düşürük ki, Azərbaycanın seçim etməsində geosiyasi çətinliklər var. Yaxşı Rusiya böyük əngəldirsə, Azərbaycanda qəzet satmağa nə mane olur? Avropa Oyunları keçirə biliriksə, Avropasayağı seçki keçirməyə nə mane olur? Hökumət köhnə üsul idarəni, korrupsiyanı, monopoliyanı, yalanı davam etdirmək naminə bu bəhanədən istifadə edir.
Professor Nurəddin Məmmədli:
– Şübhəsiz ki, bütün beynəlxalq təşkilatlara qoşulmaq müəyyən risklərlə bağlıdır. O cümlədən Avropa İttifaqına daxil olduğumuz təqdirdə də müəyyən problemlər yarana bilər. Bu ondan qaynaqlanır ki, Avropa Birliyi heç bir ölkəni yalnız xalqı xilas etmək üçün öz sıralarına daxil etmir, eyni zamanda həmin xalqlardan nəsə qazanır. Ona görə biz hər şeyi qazanacağıq kontekstində bu məsələyə yanaşmağı qəbul etmirəm. Azərbaycan dövlətinin və xalqının gələcəyi Avrointeqrasiyadan çox şey qazana bilər.
AXCP GK sədri İlham Hüseyn:
– Azərbaycan hakimiyyəti şəxsi maraqlarının ifadəsi baxımından tam olaraq Avropaya inteqrasiya edib. Övladlarının təhsili orda, müalicələri orda, istirahətləri orda, bahalı villaları orda, bank hesabları orda. Şəxsi həyatları baxımından Avropanı seçiblər amma xalqın ora girməsini istəmirlər. Ona görə ki, Azərbaycan Assossasiya Sazişini imzaladıqdan sonra Azərbaycan vətəndaşlarına köləlik sazişini imzalada bilməyəcək. Azərbaycanda analoqsuz köləlik siyasətini aparmaq mümkün olmayacaq.
İqtisadçı Nemət Əliyev:
– Azərbaycan iqtisadiyyatına nəzər yetirsək görərik ki, Azərbaycanın bugünkü bütün müəssisə və təşkilatları özünün iqtisadi münasibətlərinin istiqamətini Avropaya tutub. Mən şəxsən belə başa düşürəm ki, Azərbaycan öz yerini Avropa Birliyində müəyyən etməlidir. Çünki bütün iqtisadi münasibətlər bu birlik üzərində qurulub. Neftin dünya bazarında qiyməti aşağı düşdüyü dövrdə Azərbaycanın qeyri-neft sahələrində istehsal göstəriciləri kəskin şəkildə aşağı düşür. 4-5 aydır ki, ölkənin qeyri-neft sahələrini tənəzzül bürüyüb. Belə bir məqamdan çıxmağın yeganə yolu yeni texniki avadanlıqları ölkəmizə gətirilməlidir.
İqtisadçı Məhəmməd Talıblı:
– Avropa Birliyinə inteqrasiya cəmiyyətin müxtəlif sahələrinə inetqrasiyanı özündə ehtiva edir. Siyasi, iqtisadi, ideoloji, humanitar və s. İqtisadi inteqrasiyanın ən vacib istiqamətləri ilə bağlı qeydlərimi etmək istəyirəm. Biz ilkin olaraq Dünya Ticarət Təşkilatına üzv olmalıyıq. Bu təşkilata üzvlük üçün 1997-ci ildən ərizə ilə müraciət etmişik. Amma hələ də üzv ola bilməmişik.




AXCP sədri Əli Kərimli:
– Azərbaycan xalqının köklü maraqlarına uyğundur ki, Azərbaycan Avropa İttifaqına inteqrasiya etsin. Bu bizim özümüzün ənənəvi siyasətidir. Uzun illərdir ki, hesab edirik ki, müasir Azərbaycan da, Xalq Cumhuriyyətinin yolunu davam edərək müasir hüquqi dövlətə çevrilməlidir və bu coğrafiya üçün çox vacib olan Avropa Birliyinə inteqrasiya prosesində iştirak etməlidir. Yadınıza salmaq istəyirəm ki, bir müddət əvvəl Milli Şuranın təşəbbüsü ilə ölkənin tanınmış ictimai-siyasi xadimlərinin, siyasi partiyaların təmsilçilərinin hamısının iştirakı ilə kollektiv bir bəyənnamə qəbul olunub. Biz o bəyənnamadə ölkəmizin Avropa Birliyinə inteqrasiya məsələsinə tərəfdar olduğumuzu bildirmişik. Azərbaycan hökumətindən müvafiq addımların atılmasını istəmişik. Milli Şura ötən ilin payızından bəri keçirdiy silsilə mitinqlərin hər birinin qətnaməsində Azərbaycan hakimiyyətindən tələb edirik ki, Avropa Birliyi ilə Assossasiya sazişi imzalansın və bu iş ləngidilməsin. Amma biz yaxşı bilirik ki, Azərbaycan hökuməti mümkün qədər ləngidəcək bu prosesi. Ona görə ki, Azərbaycan hakimiyyəti seçkiləri saxtalaşdırmaq azadlığını, korrupsiya azadlığını, rüşvət azadlığını, monopoliya azadlığını, bir ailənin hakimiyyətinin istədiyi qədər sürmə azadlığını əldən vermək istəmir. Burda hər hansı elmi, geosiyasi arqumentlər düşünmək lazımdır bəlkə də, amma özümüzü aldatmaqdır. Biz hamımız bilirik ki, Azərbaycan hökuməti bütün gücü çatdığı həddə qədər bu prosesi ləngidəcək. Çünki hüququn üstünlüyünün təmin olunduğu məkanda olmaq, insan haqlarının üstün sayıldığı məkanda olmaq bu gün hakimiyyətdə olan qüvvələrin proqramına daxil deyil. Onlar başa düşürlər ki, belə bir məkanda indiki siyasəti davam etdirmək mümkün deyil. Biz ənənəvi olaraq Azərbaycanın Avropa Birliyinə inteqrasiyasına tərəfdar olmuşuq. İlk növbədə Azərbaycanda hüquqi dövlət qurmaq istədiyimizə görə. Azərbaycanda ardıcıl islahatlar aparmaq istədiyimizə görə. Yaxşı hökumət, keyfiyyətli idarəetmə qurmaq istədiyimizə görə. Yüksək səviyyəli təhsil sisteminə, sosial müdafiə sisteminə malik olmaqdan ötrü, səhiyyəni inkişaf etdirməkdən ötrü, hüquq mühafizə sistemini inkişaf etdirməkdən ötrü biz bunu bir mexanizm kimi nəzərdə tutumuşuq. Bizim Avropa Birliyinə inteqrasiya tərəfdaşı olmağımız ona görə deyil ki, Avropa bunu istəyir. Heç mən əmin deyiləm ki, Avropa Birliyi bunu çox ciddi şəkildə istəyir. Amma biz hələ onlardan təşəbbüslər görmürük. Biz inteqrasiyaya ona görə tərəfdarıq ki, Azərbaycan xalqının inkişafı bunu bizdən tələb edir.
Azərbaycan uzun illər ərzində aparılmış yarıtmaz iqtisadi siyasətin nəticəsində iqtisadi böhranın içindədi, iqtisadi iflasa doğru sürətlə irəliləyir. Azərbaycanın son 5 ayda Milli Bankın dövlət ehtiyatları 37 faiz, 5.5 milyard azalıb. Mart ayında 1.5 yarım azalıb. İndi 9.5 milyard ehtiyatımız qalıb. Mart ayındakı sürətlə davam etsə altı aylıq, biraz qənaətlə xərcləsələr 7-8 aylıq ehtiyatımız qalıb. Neft fondundakı vəsaitlər isə artıq xərclənib. Azərbaycan beynəlxalq layihələrlə üzərinə maddi öhdəliklər götürüb. Bu ilin büdcəsinin kəsrləri neft fondunun ehtiyatları ilə birtəhər qapadacaq. Bu da neft fondunu bitirəcək. Azərbaycanın problemi təkcə neftin bahalaşması deyil. Milli valyutanın iflasa uğraması, qeyri-neft sektorunun yaranmamış məhv olmasıdır. Belə bir vəziyyətdə Azərbaycan üçün açılım olmazsa olmazdı. Azərbaycan mütləq siyasi-iqtisadi açılıma getməlidir. Azərbaycan insanların təşəbbüsünə imkan verməlidir. Ölkəmiz xarici sərmayələr üçün açılmalıdır. Ölkəmizin bank sektoru böyük bir təhlükə ərəfəsindədi. Ona görə də mən burdan hökumətə səslənib demək istəyirəm ki, siz Azərbaycanda hər zaman statuskvonu, indiki idarəetməni saxlamağa çalışmısız. Ilk növbədə ona görə ki, hakimiyyətinizi və var-dövlətinizi qoruyub saxlayasınız. Sizə tam əminlinklə deyirəm ki, əgər bu siyasət davam etsə təkcə Azərbaycanın iqtisadiyyatı böhrana girməyəcək. Sizin himayənizdə olan banklarınız batacaq, tikinti sektoruna qoyduğunuz milyardlar batacaq, başqa sahələrdə gördüyünüz işlər batacaq. Onsuzda sizin iqtisadi sahədə bir bacarığınız yoxdu, onun hamısını oğurluq və korrupsiya yolu ilə qazanmışdız. İndi bu böhrandan bütövlükdə təkcə Azərbaycan üçün yox, o cümlədən Azərbaycanı idarə edən bu ailə hakimiyyəti üçün də ciddi fəsadlar vəd edir. Sona, dibə gəlib çatmamış, bütün rezervlər xərclənməmiş ölkənin qapıları açılmalıdı. Bu dəyişiklilər üçün sivil məcra yaratmağın şərti məhz Avropa Birliyi ilə inteqrasiyanı sürətləndirməkdir. Ləngimədən Dünya Ticarət Təşkilatına daxil olmaqdır, ləngimədən Avropa Birliyi ilə azad və dərin ticarət anlaşmasını imzalamaq, vətəndaşlara təşəbbüs tanımaq və vətəndaşların gücü ilə ölkəni xilas eləmək. Hal-hazırda Azərbaycan böyük bir həbsxanadı. İqtisadiyyat da, siyasət də, seçki də monopoliyadadı. Bacarmırsız, Azərbaycanı iflasa aparırsız. İndi tək çarə yanğın düşmüş həbsxanada qapıları açmaqdı ki, heç olmasa məhkumlar özlərinə çarə tapsınlar.
***
Dəyirmi masa Azərbaycan hakimiyyətinə Avropa Birliyi ilə assosiativ münasibətlər və azad ticarət haqqında saziş imzalamaq çağırışı yer alan qətnamənin qəbulu ilə başa çatıb. Qətnamədə qeyd olunur ki, rəsmi Bakı hakimiyyəti qoruyub saxlamaq maraqlarından irəli gələrək, Avrointeqrasiyaya maraq göstərmir və bunun üçün tələb olunan əsaslı islahatları həyata keçirmir.
Sənəddə demokratiya və insan hüquqları sahəsində ciddi gerilik, 100-ə yaxın siyasi məhbus olan ölkədə ictimai-siyasi vəziyyətə də diqqət çəkilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:41 Əli Həsənov: “I Avropa Oyunlarını ökəmizə qarşı “qara piar” kampaniyasına çevirməyə çalışırlar” "Avropa Olimpiya Komitəsi Azərbaycanda l Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul etdikdən sonra ötən dövr ərzində Təşkilat Komitəsi bu mühüm beynəlxalq idman tədbirinin yüksək səviyyədə təşkili üçün mühüm işlər görmüşdür. Yeni idman qurğularının tikintisi, artıq mövcud olan qurğuların
00:19 Əli həsənov: Azərbaycan ictimai, siyasi, idman və mədəni tədbirlərin mərkəzinə çevrilib “Hazırda biz 2015-ci il ilk Avropa Oyunları ərəfəsindəyik”. Bu gün Azərbaycan ictimai, siyasi, idman və mədəni tədbirlərin mərkəzinə çevrilib. Hazırda biz 2015-ci il ilk Avropa Oyunları ərəfəsindəyik, bu il Azərbaycan Avropa Oyunlarını, Avropa idmançılarını qəbul etməyə hazırlaşır.
22:58 Avropa Komissiyası yeni qurumunu - Enerji Birliyini elan edib Avropa Komissiyası Enerji Birliyi adlı yeni qurumunun startegiyasını təsdiqləyib. Yeni sənəd Avropanın 2030-cu ilə qədər ətraf mühit və enerji siyasətinin müəyyənləşdirir. Sənəd fevralın 25-də Brüsseldə təsdiqlənib. Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maros Şevçoviç bildirib
12:05 Bakı Brüssellə assosiasiya sazişinə getməyəcək “Avropa öz ailəsində Azərbaycanı da görməkdə maraqlı və israrlıdır”. Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib. O, Azərbaycanın Avropa Birliyi ilə assosiativ üzvlük haqqında sazişi yaxın zamanlarda imzalamayacağını bildirib: “Avropa
11:05 Cənub Qaz Dəhlizi layihəsi Azərbaycana hansı dividendləri gətirəcək? Rufiz Qonaqov: "Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın regionda və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində mühüm əhəmiyyətə malikdir" Bu günlərdə Azərbaycan təkcə region deyil, eləcə də Avropa, onun enerji təmiantı üçün daha bir önəmli tədbirə ev sahibliyi etdi. Belə ki, fevralın 12-də

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az