t s

» » Ulu Öndərin əziz xatirəsi muxtar respublikanın bütün rayonlarında ehtiramla anılıb

Ulu Öndərin əziz xatirəsi muxtar respublikanın bütün rayonlarında ehtiramla anılıb

13-12-2018, 13:39 Yazar:  Gülnar Baxılıb: 147 Çap et
Ulu Öndərin əziz xatirəsi muxtar respublikanın bütün rayonlarında ehtiramla anılıb
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında ehtiramla anılıb.

Şərur rayonu

Dekabrın 12-də rayonun idarə, təşkilat və müəssisələrinin, təhsil ocaqlarının kollektivləri, əmək və müharibə veteranları, ictimaiyyət nümayəndələri Ulu Öndərin rayon mərkəzindəki əzəmətli abidəsi önünə gələrək görkəmli dövlət xadiminə sonsuz məhəbbət və ehtiramlarını bildirib, dahi rəhbərin siyasətinə sadiq olduqlarını bir daha nümayiş etdiriblər.

Naxçıvan Muxtar Respublikasında da ulu öndər Heydər Əliyevin siyasəti yüksək ehtiramla həyata keçirilir. Muxtar respublikamız bu siyasətin işığında özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Naxçıvan geniş quruculuq meydanına çevrilib, iqtisadi yüksəliş, çoxşaxəli dinamik inkişaf Azərbaycanımızın bu qədim diyarına hər ötən gün, hər ötən il yeniliklər gətirir. Bunu Şərur rayonunun timsalında da görmək olar.

Dahi şəxsiyyətin Azərbaycana rəhbərliyi dövründə Şərur rayonunda genişmiqyaslı tikinti-quruculuq, abadlıq tədbirləri həyata keçirilib, çoxsaylı məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri tikilib istifadəyə verilib. Respublikamızda savadlı, bacarıqlı kadrların hazırlanması, mədəniyyətin və incəsənətin inkişafı, milli-mənəvi sərvətlərin, tarixi abidələrin qorunması, muzeylərin təşkili sahəsində Ümummilli Liderin həyata keçirdiyi ardıcıl tədbirlərdən də rayona xeyli pay düşüb. Yeni sənaye müəssisələrinin işə salınması, aqrar sahədə həyata keçirilən islahatlar bölgənin iqtisadiyyatının və buna müvafiq olaraq əhalinin maddi rifah halının xeyli yüksəlməsinə imkan yaradıb. Dahi rəhbərin müəyyənləşdirdiyi quruculuq siyasətinin bəhrələri rayonda 2018-ci ildə də göz oxşayır. Bütün bunlara görədir ki, şərurlular Ulu Öndərin xatirəsini daim uca tuturlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışında iştirakı rayon sakinləri tərəfindən sevinclə qarşılanıb.

Cari ilin ötən dövründə Şərurda quruculuq prosesləri uğurla davam etdirilib, Ərəbyengicə, İbadulla kəndlərində bir sıra obyektlərin açılışı olub, su və kanalizasiya sistemlərinin bərpası davam etdirilib. Yengicə kəndində Şərq hamamı yenidən qurularaq istifadəyə verilib. Rayon Tarix-Diyarşünaslıq Muzeyi binasının yenidən qurulması başa çatdırılıb, Kosacan kəndi də müasirliyə qovuşaraq Şərurun gözəlliyinə yeni çalarlar gətirib. Kərimbəyli, Yeni Havuş və Xətai kəndlərində isə quruculuq tədbirləri davam etdirilir. Bütün bunlar Heydər Əliyev siyasi yolunun bəhrələridir.

Babək rayonu

Muxtar respublikamızın iri yaşayış məntəqələrindən olan Babək rayonunun yaradılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Azərbaycana rəhbərliyinin birinci dövründə respublikanın ucqar rayonlarının iqtisadiyyatını möhkəmləndirmək siyasətinin nəticəsi kimi 1978-ci il oktyabrın 23-də təşkil edilmiş bu rayona mərkəzi hakimiyyətin iradəsinin əksinə olaraq xalq qəhrəmanının adının verilməsi Ulu Öndərin tariximizin və milli yaddaşımızın bərpası istiqamətində apardığı taleyüklü tədbirlərin davamı idi. Bu il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamına əsasən Babək rayonunun 40 illik yubileyi geniş abadlıq-quruculuq tədbirləri ilə qeyd edilib.

Bu gün 75 mindən çox əhalisi olan rayon 35 kənd və bir qəsəbədən ibarətdir. Rayonun Naxçıvan şəhərinə yaxın kəndləri ilə yanaşı, ucqar yaşayış məntəqələri də sürətlə inkişaf edir. Belə ki, Nehrəmdə, Kərimbəylidə, Şıxmahmuddakı müasir şərait eynilə ucqar dağ kəndləri olan Göynükdə, Nəhəcirdə, Aşağı və Yuxarı Buzqovda, Gərməçataqda, Payızda da yaradılıb. Yuxarı və Aşağı Buzqov yaşayış məntəqələrində kompleks quruculuq işləri aparılıb, müasir infrastruktur təmin edilib.

2018-ci ildə də böyük nailiyyətlərə imza atan rayonun inkişaf tarixinə yeni səhifələr yazılıb. Nehrəm kəndindəki tarixi İmamzadə türbəsi əsaslı şəkildə yenidən qurulub, Şəkərabad kəndində su-kanalizasiya sistemləri, muxtar respublikanın istehsal gücünə görə ən böyük Asfalt-Beton Zavod Kompleksi Ali Məclis Sədrinin iştirakı ilə istismara verilib. Babək qəsəbəsində yeni quruculuq ünvanlarından olan 7 mərtəbəli 28 mənzilli yeni yaşayış binasının açılışı olub.

Bu il oktyabrın 22-də rayon mərkəzində dövlət qurumlarının yerləşdiyi dördmərtəbəli inzibati bina əsaslı yenidənqurmadan sonra istifadəyə verilib, həmin gün rayonun 40 illik yubiley tədbiri Ali Məclis Sədrinin iştirakı ilə qeyd olunub.

Hazırda rayonda quruculuq və abadlıq tədbirləri sürətlə davam etdirilir. Belə ki, rayon elektrik şəbəkəsi və baytarlıq idarəsi üçün yeni inzibati binalar, süni mayalanma mərkəzi tikilir.

Bu gün rayon sakinləri dahi şəxsiyyətin 40 il əvvəl Babək rayonunun təşkil edilməsi ilə bağlı qəbul etdiyi tarixi qərarın əhəmiyyətini daha yaxşı anlayır və Ən Böyük Azərbaycanlının xatirəsini hər zaman uca tuturlar. Hər il olduğu kimi, rayon ictimaiyyətinin nümayəndələri bu il də Ulu Öndərimizin icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsinin önünə gül dəstələri qoyub, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad ediblər.

Ordubad rayonu

Azərbaycan Respublikasının qurucusu və yaradıcısı, görkəmli dövlət xadimi Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonu da bu gün tərəqqi dövrünü yaşayır. Ulu Öndər ölkəmizə rəhbərliyinin hər iki dövründə bu bölgənin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayıb.

Görkəmli dövlət xadiminin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə Ordubadda həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ictimai-siyasi sabitlik, əmin-amanlıq bərpa edilib. Rayonda bütün sahələrdə inkişaf özünü göstərib, əhalinin məşğulluq probleminin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilib, azad sahibkarlıq üçün geniş imkanlar yaradılıb.

Böyük inkişaf yoluna çıxan Ordubadda son illər əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, Ulu Öndərimizin Naxçıvanın inkişafı naminə başladığı işlər bu gün də uğurla davam etdirilir. Rayon mərkəzində, kənd yaşayış məntəqələrində həyatın bütün sahələrində yeniləşmə diqqəti çəkir. Rayonda kompleks quruculuq tədbirlərinin aparılması davamlı xarakter alıb.

Cari il aprel ayının 2-də rayonda “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ordubad dəmir yolu stansiyası istifadəyə verilib. İyulun 27-də yeni binada fəaliyyətə başlayan rabitə evi və yeni nəsil telekommunikasiya sistemi ordubadlılara daha bir qayğının ifadəsi kimi dəyərləndirilir. Hazırda muxtar respublikanın ən böyük yaşayış məntəqələrindən biri olan Dəstə kəndində kompleks quruculuq tədbirləri çərçivəsində yeni məktəb, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası üçün yeni binalar inşa olunur, kənddaxili yollara asfalt örtük salınır, mərasim evi tikilir. Hazırda rayon icra hakimiyyətinin və şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binaları yenidən qurulur.

Bütün bunlara muxtar respublikada ümummilli liderimiz Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində nail olunub.

Ölkəmizin gələcəyi üçün gördüyü işlərə, insanların rifahı naminə misilsiz xidmətlərinə, bugünkü əmin-amanlığa, firavanlığa görə xalqımızın böyük oğlu rayon sakinləri tərəfindən həmişə minnətdarlıqla xatırlanır. Onlar inanırlar ki, Heydər Əliyev siyasəti bundan sonra da yaşayacaq, bu siyasət yaşadıqca ölkəmiz, onun bir parçası olan Ordubad daha böyük uğurlara imza atacaq.

Dekabrın 12-də Ordubad rayonunda da dahi rəhbərin, əbədiyaşar liderin anım mərasimi keçirilib. Ordubadlılar rayondakı mədəniyyət sarayına gələrək Heydər Əliyevə sevgi və ehtiramlarını bildirib, Türk dünyasının böyük oğlunun əziz xatirəsini bir daha yad edib, Ulu Öndərin foyedəki portreti önünə gül dəstələri qoyublar.

Sonra “Dahi rəhbər” sənədli filmi nümayiş olunub.

Culfa rayonu

Culfa rayonunda da Ümummilli Liderin xatirəsi böyük ehtiramla yad olunub. İdarə, müəssisə, təşkilat kollektivləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri Ulu Öndərin Culfa şəhərindəki büstünü ziyarət edib, önünə tər gül dəstələri qoyublar.

Bu gün Culfa müasir rayona çevrilib. Bir-birindən yaraşıqlı inzibati və ictimai yaşayış binaları, parklar, abad prospekt və küçələr, həm şəhərdaxili, həm də rayonun kəndləri arasında salınmış asfalt yollar sakinlərin istifadəsinə verilib. Əhalisinin 70 faizdən çoxu kəndlərdə yaşayan muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Culfa rayonunda da mühüm sahələrdən olan aqrar bölmənin inkişafı diqqət mərkəzində saxlanılıb, daxili bazarın keyfiyyətli yerli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına əlverişli şərait yaradılıb. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib, əhalinin məşğulluğu təmin olunub, maddi rifah halı daha da yaxşılaşıb.

Cari il də culfalılar üçün quruculuq tədbirləri ilə yaddaqalan olub. Belə ki, 2018-ci ilin yanvarında rayonun Dizə kəndində tam orta məktəb, kənd və xidmət mərkəzləri istifadəyə verilib, Yaycı-Dizə arası 5 kilometrlik yol, həmçinin kənddaxili yollar asfaltlanıb. Noyabrın 30-da isə Qazançı kəndində yeni sosial obyektlər istifadəyə verilib. Kənddə, həmçinin XVII əsrə aid Qazançı körpüsü tarixi-memarlıq abidəsi bərpa olunub.

Təbii ki, görülən işlər Culfa rayonunun sakinləri tərəfindən minnətdarlıqla qarşılanır, xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi daim ehtiramla yad edilir.

Kəngərli rayonu

Kəngərli rayonunun yaradılması və bugünkü inkişafı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uğurlu siyasi xəttinin ifadəsidir. Bu rayonun yaradılması, yeni idarə, müəssisə və təşkilatların fəaliyyətə başlaması mindən çox iş yerinin açılmasına, bölgə iqtisadiyyatının güclənməsinə, ailələrin məskunlaşmasına imkan verib.

Ötən illər ərzində burada rayon üçün mühüm infrastruktur layihələri həyata keçirilib, Kəngərlinin sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib. Təhsil, səhiyyə, idman, mədəniyyət müəssisələri və digər obyektlər tikilərək vətəndaşların istifadəsinə verilib. Yeni istehsal müəssisələrinin işə salınması ilə mühüm iqtisadi potensialın əsası qoyulub, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, güzəranının yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması istiqamətində böyük işlər görülüb.

Bu gün Kəngərli rayonu hərtərəfli inkişaf və tərəqqiyə qovuşub. Əsaslı və kompleks şəkildə aparılan tikinti-quruculuq tədbirlərinin nəticəsidir ki, rayonun inzibati mərkəzi olan Qıvraq qəsəbəsi öz simasını tamamilə dəyişib. Bir-birindən yaraşıqlı inzibati binalar, mədəniyyət və istirahət parkı, müasir memarlıq quruluşuna malik mədəniyyət sarayı, ümummilli lider Heydər Əliyevin abidəsi və digər quruculuq ünvanları qəsəbəyə gözəllik bəxş edib. Ötən dövrdə rayonun bütün yaşayış məntəqələri abadlaşdırılaraq kompleks quruculuq işləri aparılıb, rayon mərkəzi və kəndləri birləşdirən yollar yenidən qurulub.

Bu il də rayonda geniş tikinti-quruculuq və abadlıq işləri aparılıb. Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa edilərək istifadəyə verilib, rayon mərkəzindəki stadion yenidən qurulub, Qıvraq qəsəbəsindəki 48 mənzilli yaşayış binasının inşası başa çatdırılıb. Hazırda qəsəbədəki “N” hərbi hissəsində zabit-gizir ailələri üçün 44 mənzilli yeni yaşayış binasının, qəsəbənin mərkəzində salınan yeni istirahət parkının tikintisi davam etdirilir.

Fəxrlə demək olar ki, Kəngərli bu gün muxtar respublikanın inkişaf etmiş rayonları sırasındadır. Burada inkişaf və yüksəliş davamlı xarakter alıb, sakinlərin yaşayış səviyyəsi daha da yüksəlib, onlarda sabaha güclü inam yaranıb. Rayon əhalisi bütün bu uğurlara görə ümummilli lider Heydər Əliyevə minnətdardır.

Dekabrın 12-də dahi şəxsiyyətin anım günü ilə əlaqədar olaraq keçirilən mərasimdə Kəngərli sakinləri ümummilli liderin əziz xatirəsini hamılıqla yad etməklə Azərbaycanın xilaskarına bir daha hörmət və ehtiramlarını bildiriblər. Həmin gün xalqımızın böyük oğlunun rayon mərkəzində əzəmətlə ucalan abidəsini yüzlərlə insan ziyarət edib.

Şahbuz rayonu

Ümumxalq sevgisi ilə xatırlanan Ulu Öndərin yorulmaz dövlətçilik fəaliyyəti sayəsində muxtar respublikanın hər bir guşəsində olduğu kimi, Şahbuz rayonunda da hərtərəfli inkişafa nail olunub.

Bu dağ rayonunun əhalisinin firavan həyatı və torpağa bağlılığı Ulu Öndərin xalqımız qarşısındakı xidmətləri ilə bütünləşdikcə insanların qəlbində Heydər Əliyev ideyalarına sədaqət duyğuları daha da artır. Elə bu hisslərlə də anım günündə rayon ictimaiyyəti görkəmli dövlət xadimi Heydər Əliyevin Şahbuz Rayon İcra Hakimiyyətinin inzibati binası önündə ucaldılmış büstünü ziyarət edib, önünə qərənfillər düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad edib.

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf və tərəqqi siyasətinin bəhrələrini Şahbuzda da aydın şəkildə görmək olar. Ötən dövrdə burada iqtisadiyyat inkişaf etdirilib, əhalinin yaşayış səviyyəsi yüksəldilib. Artıq Şahbuz şəhəri və rayonun bütün yaşayış məntəqələri rahat yol, nəqliyyat infrastrukturu, içməli su ilə təmin olunub, etibarlı enerji və rabitə şəbəkəsi yaradılıb. Şahbuz rayonu həm də turizm üçün əlverişli bölgədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” 2018-ci il 29 noyabr tarixli Sərəncamına əsasən görülən tədbirlər, dekabrın 5-də bölgənin təqdimatının keçirilməsi muxtar respublikamızda turizmin canlanmasına göstərilən böyük qayğının ifadəsidir.

Ötən illərdə rayonda aparılmış çoxsaylı quruculuq işlərinin sırasına bu il yeniləri də əlavə olunub. Belə ki, rayon mədəniyyət sarayı üçün tikilən yeni bina tamamlanıb, Badamlı qəsəbəsində mineral su istehsal müəssisəsinin yaradılması işləri davam etdirilir. Rayon mərkəzində, həmçinin aviakassa və ictimai yaşayış binaları tikilməkdədir.

Ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından 15 il ötsə də, dahi rəhbərin əbədiyaşar ideyalarından bəhrələnərək öz firavan həyatını qurmuş şahbuzlular Onun xalqımız qarşısındakı misilsiz xidmətlərini, ölkəmizin, eləcə də muxtar respublikamızın çətin dövrlərindəki xilaskarlıq missiyasını həmişə minnətdarlıqla xatırlayırlar.

Sədərək rayonu

Dekabrın 12-də Sədərək rayonunda da ümummilli lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad olunub. Rayonun minlərlə sakini dahi şəxsiyyətin Heydərabad qəsəbəsindəki büstünü ziyarət edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırıb, ümummilli lider Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaradıb. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu getdikcə artırır.

Sədərək rayonunun yaradılması, inkişafı və tərəqqisi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sədərək rayon kimi muxtar respublikanın inzibati ərazi bölgüsünə 1990-cı il avqustun 28-də daxil edilib. Rayonun inzibati mərkəzi olan Heydərabad qəsəbəsinin əsası hələ Ümummilli Liderin Azərbaycana birinci rəhbərliyi dövründə qoyulub. Naxçıvanın qala qapısı sayılan bu bölgədə 1990-1993-cü illərdə ağır döyüşlər gedib. Həmin illərdə buradakı vəziyyətlə bilavasitə tanış olan Ulu Öndər bu hücumların qarşısının alınması üçün misilsiz xidmətlər göstərib, dünya ölkələrinin diqqətini həmin hadisələrə yönəldib. Dahi şəxsiyyətin böyük nüfuzu, uzaqgörən siyasəti nəticəsində düşmən hücumlarının qarşısı qətiyyətlə alınıb, rayonun müdafiəsi üçün mühüm addımlar atılıb.

Görkəmli dövlət xadiminin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə rayonun sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bir qəsəbə və iki kənd yaşayış məntəqəsindən ibarət olan Sədərək rayonu böyük inkişaf yolu keçərək hərtərəfli tərəqqiyə qovuşub. Son illər rayonda 1782 şagird yerlik 4 ümumtəhsil məktəbi, 1 uşaq musiqi məktəbi, 2 uşaq bağçası, 3 səhiyyə müəssisəsi, 4 mədəniyyət və 2 idman obyekti, 2 kənd mərkəzi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Rayon mərkəzi olan Heydərabad qəsəbəsinin siması büsbütün dəyişib, yeni park və küçələr salınıb, rayonun bütün daxili yolları abadlaşdırılıb. Hazırda Heydərabad qəsəbəsində 7 mərtəbəli 48 mənzilli yaşayış binasının inşası davam etdirilir.

Təbii ki, sədərəklilər Ümummilli Liderin Sədərək rayonunun yaradılması, qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində xidmətlərini unutmur, xatirəsini hər zaman dərin hörmət və ehtiramla yad edirlər.

AZƏRTAC-ın Naxçıvan bürosu




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az