t s

» » Əliyevin Moskvada Yeltsindən sərt tələbi - Müşaviri açıqladı

Əliyevin Moskvada Yeltsindən sərt tələbi - Müşaviri açıqladı

12-12-2018, 11:50 Yazar:  Gülnar Baxılıb: 91 Çap et
Əliyevin Moskvada Yeltsindən sərt tələbi - Müşaviri açıqladı
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günündə onunla birgə çalışan, Azərbaycanın keçmiş dövlət müşaviri Qabil Hüseynli xatirələrini Axar.az-a danışıb.

Heydər Əliyevin xarici səfərləri zamanı müşahidələrini danışan eks-müşavir Ümummilli liderlə 20-dən çox dövlətə səfərdə iştirak etdiyini bildirib:


“Ümumiyyətlə, Heydər Əliyevin çoxlu xarici səfərləri olurdu. Bu səfərlərdə dövlət başçıları ilə çoxsaylı görüşlərin əsas ağırlıq mərkəzi Dağlıq Qarabağın üzərinə düşürdü. Dağlıq Qarabağ probleminin həlli və hələ də bu problemə obyektiv yanaşmanın olmaması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, işğal edilən torpaqlarımızdan erməni qoşunlarının çıxarılması müzakirələrin əsas mövzusu idi. Mən Heydər Əliyevlə birlikdə 20-dən artıq dövlətə səfər və müxtəlif beynəlxalq konfranslarda iştirak etmişəm. Bu zaman beynəlxalq konfranslarda Heydər Əliyevin daha çox görüşləri olurdu. Elə olurdu ki, bir gündə 4, 5 dövlətin rəhbəri ilə görüşmə imkanı yaranırdı. Bu görüşlərin hamısını yorulmadan, ustalıqla həyata keçirirdi. Dünyada Dağlıq Qarabağ probleminin geniş rezonans doğurması, bu problemə diqqətin artması, vasitəçilik səylərinin güclənməsi, problemə yanaşmada kəskin dönüş Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Prezidentinin təkbaşına apardığı təbliğat nəticəsində demək olar ki, ermənilərin dünyanı yanıltma, problem barədə mənfi rəy formalaşdırma cəhdləri puça çıxdı. Heydər Əliyevin Dağlıq Qarabağla bağlı yeritdiyi siyasət və bu siyasəti həyata keçirmək üçün xaricə etdiyi səfərlər bu gün xarici siyasətimizin Dağlıq Qarabağ problemi məsələsində uğurlu nəticələrin əldə edilməsinin bünövrəsini təşkil edir. İndi Heydər Əliyev tərəfindən əsası qoyulan işlər onun davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir”.

Hər yerə Qafqazın xəritəsiylə gedərdi

Qabil Hüseynli Əliyevin prezident olduqdan sonra niyə ilk olaraq BMT TŞ-nin daimi üzvlərinin olduğu ölkələrə getməsi məsələsinə aydınlıq gətirib:

“Mən ilk növbədə Heydər Əliyevin Dağlıq Qarabağ probleminin həllinə, onun beynəlxalq rəydə dəqiq siyasi mənzərəsinin yaradılmasına necə böyük diqqət verdiyinin şahidi olmuşam. Heydər Əliyev xarici səfərləri sırf səfər xatirinə etmirdi. Bu səfərləri edərkən o, qarşısına Dağlıq Qarabağla bağlı konkret məsələlərin həllini məqsəd kimi qoyurdu. Xatırlayıram ki, toplantıların birində xarici səfərlər başlanmalı idi. Bu zaman Heydər Əliyev bildirdi ki, öncə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrə səfər etmək lazımdır. Bu məsələ haqqında onlarda geniş təəssürat yaratmaq vacibdir. Ona görə də Heydər Əliyev ilk səfərini Fransaya etmək qərarına gəldi. Fransa Prezidenti Fransua Mitteranla görüş keçirdi. Fransada Heydər Əliyev yüksək səviyyədə qarşılandı. Yelisey sarayında onun şərəfinə xüsusi qəbul düzənlənmişdi. Bu qəbulda Heydər Əliyevin hörmət və ehtiramla qarşılanması ilə yanaşı, ona qarşı xüsusi marağın və onun bütün sözlərinə necə böyük diqqət göstərildiyinin şahidi oldum. Heydər Əliyev hər zaman özü ilə bölgənin rəngli xəritəsini götürürdü. Bu xəritə ilə Dağlıq Qarabağın harada, Ermənistanın hansı tərəfdə yerləşməsi, Azərbaycanın coğrafi mövqeyini inandırıcı faktlarla, müsahibinə təsir etmək yolu ilə anladırdı. Mitteranla görüşündə Heydər Əliyev yenə də stolun üstünə həmin xəritəni açdı və Mitterana Dağlıq Qarabağ probleminin yaranması, problemdə ermənilərin nə qədər vəhşiliklər, vandalizmlər törətməsi, nə qədər insanın yurd-yuvasından didərgin düşməsini inandırıcı və təsiredici faktlarla çatdırdı. Fransaya səfər zamanı mənim yadımda qalan əsas məsələ bu oldu ki, Heydər Əliyev fransız prezidentdə Dağlıq Qarabağın Azərbaycana məxsusluğu, bu torpaqların əbədi Azərbaycan torpaqları olması haqqında fikir formalaşdırmağa nail oldu. Buna mən Fransua Mitteranın məsələ ilə bağlı öz fikrini deyərkən şahid oldum”.

Tetçerlə uzanan görüş

H.Əliyevin Paris səfərindən sonra Londonda Marqarit Tetçerlə görüşməsini xatırladan eks-müşavir bu görüşün nəzərdə tutulandan çox uzun çəkdiyini və Dəmir Ledinin görüşdən çox razı qaldığını deyib:

“Fransadan sonra biz Böyük Britaniyaya səfər etdik. O zaman İngiltərənin Baş naziri Marqaret Tetçer idi. Tetçerlə onun görüşü yarım saat nəzərdə tutulmuşdu, amma görüş 1 saatdan çox çəkdi. Bu 1 saat ərzində Heydər Əliyev ilk növbədə Dağlıq Qarabağ problemini yenə də xəritə ilə çox ətraflı şəkildə xanım Tetçərə çatdırdı. Belə məlum oldu ki, Tetçerin özü də bu məsələ haqqında zəngin məlumata malik deyildi. O, Heydər Əliyevin danışığına, təqdimatına çox diqqətlə qulaq asır, yeri gələndə suallar da verirdi. Mən əmin oldum ki, Dağlıq Qarabağda ermənilərin necə təcavüzkar dövlət kimi vandal hərəkətlər törətdiyinə və Dağlıq Qarabağ ətrafındakı 7 rayonu necə işğal etmələri ilə bağlı çox ciddi maraqlı məlumatlar və statistik rəqəmlər gətirdikcə, sanki Tetçer stress keçirir, həyəcanlanır və həyəcandan onun yanaqlarında qızartı hiss olunurdu. O, Heydər Əliyevi çox həyəcanla dinləyirdi. Nəticə etibarı ilə Heydər Əliyev İngiltərənin baş nazirində Dağlıq Qarabağla bağlı mükəmməl təəssürat yarada bildi. Söhbət əsnasında Xəzərin neft ehtiyatları barədə də söhbət oldu. Amma bu çox qısa və bir neçə sualın cavablandırılması ilə bitdi. Yəni bir saatlıq görüşün ən azı 80%-i Dağlıq Qarabağ problemi ilə bağlı müxtəlif məsələlərin izahına və bu məsələdə dünya dövlətlərinin passiv mövqeyinin şərh edilməsinə həsr edildi.

İngiltərə səfərində mənə bir daha aydın oldu ki, Heydər Əliyev çox düzgün strategiya seçib və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə məlumat verilməsi problemin həlli ilə bağlı dünya liderlərində təsəvvürlərin formalaşdırılması, həm də bu problemə yanaşma tərzinin dəyişdirilməsi ilə yeni nüansların formalaşdırılmasına böyük köməklik göstərdi”.

Mingəçevir SES-də təcrübə keçən Çin liderinin rusca nitqi

Ümummilli lider Heydər Əliyevlə Çindəki görüşlərindən danışan Q.Hüseynli burada Azərbaycan liderinin birinci dərəcəli qonaq kimi qarşılandığını söyləyib:

“İngiltərə səfərindən sonra Heydər Əliyev Çinə səfər etdi. Çin Xalq Respublikasında Azərbaycan Respublikasının Prezidentinin çox böyük ehtiramla qarşılanmasının şahidi olduq. Orada bizə izah etdilər ki, Çin nadir hallarda dövlətlər üçün birinci dərəcəli qəbul mərasimi hazırlayır. Azərbaycanin kiçik dövlət olmasına baxmayaraq, Heydər Əliyevə ABŞ prezidentinə olan diqqət var idi və onun üçün birinci dərəcəli qarşılama mərasimi təşkil edilmişdi. Bu mərasimdə Heydər Əliyev və onu müşayiət edənlərə Çin Kommunist Partiyasının baş katibinin yüksək hörmətli qonaqlar üçün nəzərdə tutulmuş otel kompleksində yerlər ayrılmışdı. Pekinin mərkəzində yerləşən çox cazibədar və xüsusi zövqlə tərtib edilmiş bir yer idi. Bu bölgə diqqətdən kənar saxlanılan, amma içərisi təbiətin fauna və florasının bütün nümunələri ilə dolu, kottec tipli ayrı-ayrı binalardan ibarət çox böyük bir otel kompleksi idi ki, Heydər Əliyevə də burada qəbul mərasimi düzənlənmişdi. Bu mərasim Çin ordusunun fəxri qarovul dəstəsinin müşayiəti ilə həyata keçirildi. Kifayət qədər diqqətçəkən və möhtəşəm bir mərasim idi. Çin Kommunist Partiyasının baş katibi həm də Çin Respublikasının sədri hesab edilirdi. İndi də belədir. Həmin şəxs Sovet İttifaqında təhsil almışdı, o zamankı Leninqrad Politexnik Universitetini bitirmişdi. Rus dilini mükəmməl bilirdi. Bu görüş zamanı da söhbətlər rus dilində aparılırdı. Onun digər bir özəlliyi ondan ibarət idi ki, həmin şəxs iki dəfə təcrübəsini Mingəçevir Su Elektrik Stansiyasında keçmişdi. Ona görə də həm Heydər Əliyevin tərcümeyi-halını bilirdi, xüsusilə, Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olması onda Heydər Əliyevə qarşı böyük hörmət hissinin yaranmasına səbəb olmuşdu. O, ikili görüşlərdə, eləcə də Heydər Əliyevin şərəfinə düzənlədiyi ziyafət mərasimində rus dilində nitqlə Heydər Əliyevə çox böyük hörmətini ifadə edirdi. Eyni zamanda danışıqlar prosesində Heydər Əliyevdən Azərbaycanın nəyə ehtiyacı olmasını soruşdu. Heydər Əliyev, əlbəttə, yenə də Dağlıq Qarabağ problemi və onun ətrafındakı rayonların Dağlıq Qarabağın ermənilər və digər qəyyum dövlətlər tərəfindən necə işğal edildiyini, bu zaman Azərbaycanın 1 milyondan çox əhalisinin qaçqın vəziyyətə düşməsini, ağır vəziyyətdə yaşamasını və bunların Azərbaycan üçün böyük problemə çevrilməsini diqqətə çatdırdı. Çin Xalq Respublikasının sədri də bunları çox böyük diqqətlə dinləyirdi. Özünün təklifi və təşəbbüsü ilə Azərbaycana 10 milyon yuan pul ayırdı. Kredit şəklində bu pulu çox aşağı faizlə Azərbaycana təklif etdilər”.

Klintonla görüş – Minsk Qrupu israrı

Heydər Əliyevin ABŞ səfərindən bəhs edən ekspert Klintonun ümummilli liderlə görüşünün necə baş tutmasıyla bağlı maraqlı hadisəni bölüşüb:

“Ən çətin görüşlərdən biri ABŞ-la idi. ABŞ həm Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri, həm də dünya miqyasında sözü keçən bir dövlətdir. Ona görə də Heydər Əliyev ABŞ prezidenti ilə görüşə çox ciddi hazırlaşmışdı. Bu zaman ABŞ-ın Prezidenti Bill Klinton idi. Bu görüşdən əvvəl bir dəfə Misirin paytaxtı Qahirədə beynəlxalq konfrans keçirilirdi. Bu, dünyada əhali artımı və onunla bağlı məsələlərin müzakirəsinə həsr olunmuşdu. Orada ABŞ vitse-prezident Albert Qorun iştirak edəcəyi ilə bağlı da məlumat var idi. Heydər Əliyev konfransa qatılmağı qərara aldı. Orada da qabaqcadan razılaşmalar əsasında Qorla Heydər Əliyevin görüşü baş tutdu. Albert Qor o zaman ayağını idmanla məşğul olarkən sındırmışdı və buna görə də çəliklə yeriyirdi. Ona görə də Azərbaycan Prezidenti onun qaldığı otelə getdi. Orada çox ətraflı və məzmunlu bir söhbət baş tutdu. Yenə də Qarabağ problemi bu söhbətlərin mayasını təşkil etdi və Albert Qora da Heydər Əliyev çox ətraflı məlumat verdi. Albert Qor söz verdi ki, bütün bu məlumatların hamısını Bill Klintona çatdıracaq. Bu zaman Heydər Əliyev Bill Klintonla görüşmək istədiyini bildirdi. Albert Qor Bill Klintonun da Azərbaycan Prezidenti ilə görüşə can atdığını, bunun üçün münasib vaxt olan kimi bu görüşün baş tutacağını bildirdi. Bu görüş 1994-cü ilin payızında BMT Baş Məclisinin sessiyasında Nyu Yorkda baş tutdu. O zaman həm də neft kontraktlarının operatoru olan BP şirkəti orada dünya neft ehtiyatları ilə bağlı böyük bir konfrans-sərgi düzəltmişdi. Bill Klintonu da həmin konfransa dəvət etmişdilər. Əlbəttə ki, ilk növbədə Heydər Əliyevlə razılaşıb belə bir konfrans təşkil etmişdilər. Həmin konfransda Bill Klintonla Heydər Əliyevin təkbətək görüşü oldu. Bundan əvvəl isə sərginin eksponatları ilə tanış olarkən Klinton Heydər Əliyevlə birgə gəzirdi. Bu gəzinti zamanı da Heydər Əliyev ona lazım olan fikirlərini çatdırdı. Elə bu zaman, Heydər Əliyevlə söhbət alındığı üçün onlar ayrıca bir otaqda oturub bu məsələni daha diqqətlə müzakirə etməyi qərara aldılar. Biz təkbətək görüşdə iştirak etmirdik. Amma düşünürəm ki, bu görüş zamanı da Dağlıq Qarabağ problemi və onun həlli yolları, bu problemin beynəlxalq hüquq normalarına uyğun olaraq, həll edilməsi məsələsi Klintonla ciddi surətdə müzakirə olundu. ABŞ Prezidentinə də Dağlıq Qarabağ probleminin baş vermə səbəbləri və nəticələri barədə xəritələrlə izah edilərək onun nəzərinə çatdırıldı. Sonradan ATƏT-in Minsk Qrupunun təşkilində Azərbaycan israrla ABŞ-ın da Minsk Qrupunun həmsədrlərindən biri olmasını istədi. Əvvəlcədən ABŞ-ın adı orada yox idi. Məhz Heydər Əliyevin ABŞ üzərində dayanması və çox ciddi surətdə bu ölkənin də həmin quruma daxil edilməsini tələb etməsi öz həlledici rolunu oynadı. Çünki Avropanın hər hansı bir ermənipərəst dövlətinin Minsk Qrupuna düşməsi ehtimalı böyük idi. O səbəbdən də ABŞ-ın daha obyektiv mövqe tutacağını, eyni zamanda ABŞ-ın nüfuzunu və qüdrətini nəzərə alaraq, Heydər Əliyev bu fikrinin üzərində dayandı. Bu təklifini də qəbul etdirə bildi”.

Vədinə sadiq qalmayan Yeltsin

Q.Hüseynli Rusiya lideri Boris Yeltsinlə Heydər Əliyev arasında Moskva görüşünün daha sərt formada baş tutduğunu və Azərbaycan prezidentinin ona qarşı sərt tələblər irəli sürdüyünü vurğulayıb:

“Moskvada MDB dövlətlərinin başçılarının zirvə toplantısı keçirilirdi. Bu zirvə toplantısında Heydər Əliyev o zaman Rusiyanın prezidenti olan Yeltsinlə görüş istədi. Yeltsin görüşü məmnuniyyətlə qəbul etdi. Moskvanın “Prezident Otel” deyilən və Rusiya Prezidentinin rəsmi görüşlərinin keçirildiyi oteldə Yeltsinlə Heydər Əliyev görüşdü. Görüşdə çox az adam iştirak edirdi. Xarici İşlər nazirimiz Həsən Həsənovla mən həmin görüşdə idik. Görüş yarım saat nəzərdə tutulsa da, çox çəkdi. Əsas müzakirə Dağlıq Qarabağ problemi idi. Heydər Əliyev rus dilində Yeltsinə müraciət etdi ki, MDB dövlətlərinin ən nüfuzlu dövlətinin başçısı olaraq bu məsələyə kəskin reaksiyanı versin. Çünki MDB dövlətləri çərçivəsində bir dövlət digərinin torpaqlarını işğal edir, təcavüz edir. Bu təcavüz nəticəsində 1 milyona yaxın insan qaçqın və məcburi köçkün olub. Buna görə də sizin bu məsələlərə çox kəskin reaksiyanızı gözləyirik.

Yeltsin mənə bir az hallı kimi görünürdü. Bu zaman Yeltsin Heydər Əliyevdən soruşdu ki, siz məndən bu məsələlərə necə reaksiya verməyimi gözləyirsiniz? Həmin vaxt Heydər Əliyev çox cəsarətlə və zəhmli bir formada bildirdi ki, siz yumruğunuzu stola çırpın, ermənilərə möhkəm qulaqburması verin və onlara deyin ki, işğal etdikləri ərazilərdən rədd olsunlar. Yeltsin isə cavabında “Mütləq bunu edəcəyəm” dedi. Söhbətin sonrakı axarında Heydər Əliyev daha ciddi formada Rusiya prezidentindən tələb etdi ki, bu proseslərdə Rusiyanın müsbət rolunu gözləyirik. Bildirdi ki, Azərbaycan xalqı gözləyir ki, siz rus xalqının nümayəndəsi kimi bu proseslərə daha fəal müdaxilə edəcəksiniz və bu problemin, bu qanı axan yaranın Cənubi Qafqazda aradan qaldırılmasına töhfə verəcəksiniz. Orada Yeltsin böyük vədlər verdi, bu məsələyə ciddi müdaxilə edəcəyini vurğuladı. Ermənilərə lazımi səviyyədə təsir göstərəcəyini də bildirdi. Görüş bu məzmunda bitdi. Amma o, bu fikirlərində səmimi deyildi. Çünki məhz Yeltsinin dövründə Azərbaycan torpaqlarının Dağlıq Qarabağın hüdudlarından kənarda olan 7 rayonu işğal edilmişdi. O zaman ermənilərə burada olan Rusiya qoşunları ciddi yardım göstərmişdi. Bunların hamısının Yeltsinin birbaşa təsiri ilə edildiyini güman edirəm və sonrakı proseslər də göstərdi ki, Yeltsin bu məsələlərdə qatı ermənipərəst mövqe tutur”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az