Dağıstana nə çox getdi bu Həmzətoğlu?! - Azərbaycan onun xəyanətini bağışladı, çünki...
Muştuluqçu xəbərlər də düşməyir atdan, Çapır bizim dərələrə, dağlara doğru: “Rəsul gəlib Dağıstandan...” Dillənir atam: - Dağıstana nə çox gedir bu Həmzətoğlu! Eyniləşir dağ vüqarı, Dağlı vüqarı; Bir qocanın dediyini hələ dinlə bir: “Balam - deyir - Yer üzünün uca dağları Elə bizim bu dağlardan köçüb getmədir”. Dünən gözəl qar ələndi şəhərimizə, Dedilər ki, bu töhfədə Rəsul əli var... Gülə-gülə söylədi ki, Süleyman Rüstəm: “Dağıstana yağar ancaq bu ağlıqda qar...” Bu dağlarda hər çay igid, hər bulaq gəlin; Hər şey olar - çay olanda, bulaq olanda. Yağışına, buluduna bərəkət gəlir -- Təbiətə şair oğlu qonaq olanda. Məmməd Araz bu şeiri 40 yaşı olanda avar sovet şairi Rəsul Həmzətovun 50 illiyinə həsr etmişdi. Məmməd Araz istiqlal şairimizdir. Müstəqillik dövründə xalq şairi adı almış ilk iki ədiblərimizdən biriydi. Bu təltif haqqıydı, şeirləri bütöv bir vətənpərvər nəslin yetişməsi üçün məktəb olmuşdu. Amma yalnız bu deyildi. "Kəndlə şəhər arasında qalan"ların, son pənahı öz zəhməti olanların, "sağın boş, solun boş" tənəsinə tuş gələnlərin, .... bir sözlə, 7-77-yə hamının şairi idi. Şeirləri ilə dərdləşirdik, ovunurduq, təsəlli tapırdıq, o şeirləri sufi zikri kimi vird edirdik. Çünki o şeirlərin "ürəyimsiz şeir yazan deyiləm" birinin səmimi duyğuları olduğuna inanmışdıq. Yalnız belə səmimi şəxsiyyət qonşu xalqın böyük oğlu haqda bu qədər içdən, bu qədər munis kəlmələr yaza bilərdi. Rəsul Həmzətov da Sovet İttifaqının digər respublikalarından daha çox Azərbaycanda sevilirdi, yalnız rus sovet estradasının bir zamanlar sevdiymiz mahnılarının söz müəllifi deyildi, həm də Azərbaycan müğənnilərinin ana dilimizdə oxuduğu sevilən mahnıların söz müəllifi idi. “Əziz dostum” mahnısının söz müəllifinin Həmzətov olduğunu yada salmaq bizdə onun nə qədər sevilən müəllif olduğunu sübut edər yəqin. Azərbaycan vasitəsilə onu Türkiyədə də tanıyır və sevirdilər. Həm də ona görə sevirdik ki, onu “sabah mənim avar dilim yox olarsa, onda mən bu gün ölməyə hazıram” “deyən, “Mənim Dağıstanım” adlı vətənpərvər bir əsərin müəllifi kimi bilirdik. O illər sovet Şərqinin istənilən yerində milli hərəkata rəğbət bəsləyirdik. Amma... Amma o zaman Rəsulun “Mənim Dağıstanım”, “mənim dilim” təbliğatının altında bizə qarşı bir iddialar olduğunu bilməzdik. Hələ 1920-ci illərdə ağ qvardiyaçılara qoşulub Avropaya mühacirət etmiş knyaz Trubetskoy korenazasiya (milli dillərin, mədəniyyətlərin inkişafına yardım) proqramının “yanlış getməsinə” görə bolşevikləri tənqid edirdi. O, Dağıstanda məktəblərdə, mətbuatda Azərbaycan dilinin hakim mövqedə olmasına xüsusi etiraz edirdi. “Dağıstanın belə türkləşməsi Rusiyanın marağında deyil, Dağıstan türkləşərsə, Qazandan Anadoluya və Şimali İranadək türk kütləsi əmələ gələr, ruosfob və pantürksit ideyalarn inkişafı üçün münbit şərait yaranar. Dağıstan Avrasiyanın bu hissəsinin türkləşməsinə təbii maneə kimi istifadə edilməli, avar ədəbiyyatının və mətbuatının inkişafı təşviq edilməli, bu dil sadalanan rayonların bütün aşağı yaş məktəblərində icbari fənn kimi tətbiq edilməlididr”-Trubetskoy belə yazırdı. Və tövsiyə nəzərə alındı. Çoxsaylı ikidilli icmalar, o cümlədən bəzən, türk (azərbaycan və qumuq) ləzgi və lakdilli icmalar, az qala bütöv dil ailəsinin çoxsaylı kiçik etnosları avarların tərkibində göstərilirdi. Avar dilinin Dağıstanda hakim dilə çevirmə təşəbbüslərində Sadasa ailəsinə nədənsə xüsusi rol ayrılmışdı. Əvvəl Həmzət Sadasa, sonra oğlu Rəsul Həmzətov bu missiyanı uğurla yerinə yetirdilər. İnsafən, oğul atadan daha istedadlı idi. Dövrə uyğunlaşmaq qabiliyyəti isə heyrətamiz idi. Stalindən Qorbaçova qədər bütün sovet rəhbərlərinin sevimlisi olmaq, həm Xruşov “yumşalmaları”, həm Qorbaçov “yenidənqurması” zamanı qəhrəman kimi görünmək asan iş deyildi. Amma onun dövrə uyğunlaşma qabiliyyətinin bir fəsadı bizə qarşı idi. 1989-cu ildə gözlənilmədən bizə ərazi iddiası səsləndirənlərin cərgəsində yer aldı. Bu, Azərbaycanda az qala doğma adamın xəyanət kimi qarşılanmışdı. Xalq yazıçısı İsmayıl Şıxlının cavab çıxışı da olmuş, Həmzətovu əlində çömçə Azərbaycan qazanının başında durub bir iki kənd payı ummaqda suçlamışdı. Çıxış qeyri-formal nəşrlərdə dərc olunmuş, əl -əl dolaşmışdı. Zaqatalalı dostlardan biri danışırdı ki, o illər hər ov mövsümü gələndə Həmzətov Azərbaycana adlar, burda qaban ovuna gedərmiş. Yenə də gəlmək istədiyini eşitdirəndə, sonralar deputat olacaq avar balası Əli Ansuxski xəbər göndərir ki, gəlsə, qaban əvəzinə... Gerçək əhvalat, ya o illərin şayiələrindən biri olub-olmadığını bilmirəm. Amma biz onu bağışladıq. Avar xalqına, Dağıstan xalqlarına hörmətimizə görə. Müstəqil Azərbaycana da gəldi, onun və atasının taleyində xüsusi rol oynamış azərbaycanlılar haqda xoş sözlər də söylədi. O coğrafiya, o xalqlar bizim tarixin, bizim mədəniyyətin davamı, bir parçasıdır. Biz böyük olmağı bacarırıq. İndi Məmməd Arazın 90, Rəsul Həmzətovun 100 illiyidir. Fərq qoymadan hər ikisinin yubileylərin qeyd edirik. Həmzətovun “sabah avar dilim yox olarsa” qorxusunu qardaş, doğma avar xalqı ilə bərabər bölüşürük. “Həmzətoğlu”nu Dağıstana tez- tez getmiş doğmamız bilirik. Fəqət dilimizdən Məmməd Arazın duası da əskik olmur: Sən bizi kiçiklər kinindən qoru, Fil tutur, şir tutur hörümçək toru...