t s

» » Ermənistanın daha iki qapısı bağlanır: ÇÖRƏK İMTAHANI

Ermənistanın daha iki qapısı bağlanır: ÇÖRƏK İMTAHANI

25-11-2018, 22:47 Yazar:  Gülnar Baxılıb: 150 Çap et
Ermənistanın daha iki qapısı bağlanır: ÇÖRƏK İMTAHANI
ABŞ-ın Tehran rejiminə tətbiq etdiyi sanksiyalar Ermənistanda bank hesabları olan iranlılar üçün ciddi problem yaradıb. Onların hesabları dondurulmaq təhlükəsi ilə üzləşib. Problem İranda anadan olan və Ermənistanda yaşayan ermənilərə də təsir göstərib. Yəni İranda anadan olmuş və hər iki ölkənin vətəndaşı olan ermənilərin də bank hesabları bağlana bilər. Qeyd edək ki, kommersiya bankları Mərkəzi Bankın müəyyən etdiyi qaydalar əsasında fəaliyyət göstərir. Ona görə də İrana aid olan bank hesablarının dondurulması göstərişinin Ermənistanın Mərkəzi Bankından verildiyi şübhə doğurmur.

Əslində, bu məsələ son günlər Ermənistanın siyasi və iqtisadi gündəmində ciddi müzakirə predmetinə çevrilmişdi. ABŞ prezidentinin oktyabrın 25-də İrəvana səfəri zamanı İranla ticari-iqtisadi əlaqələri məhdudlaşdırmağı vacib şərt kimi qoyması Ermənistanda narahatlıqla qarşılandı. Ağ Ev rəsmisi baş nazir Nikol Paşinyana xəbərdarlıq edərək bildirib ki, ABŞ Ermənistanın üçüncü ölkələrlə maliyyə əməliyyatları aparması üçün porta çevrilməsini istəmir. Eyni zamanda, Con Boltonun İran-Ermənistan sərhədinin ABŞ üçün strateji əhəmiyyət daşıdığını xüsusi vurğulaması, Vaşinqtonun həmin ərazini Rusiyanın nəzarətindən çıxararaq kəşfiyyat məqsədilə İrana qarşı istifadə etmək niyyətindən xəbər verirdi.

Nikol Paşinyan öncə Ermənistan üçün həlledici əhəmiyyətə malik İranla münasibətlərdə belə bir addım atmayacağını bəyan etsə də, artıq son hadisələr rəsmi İrəvanın ABŞ-ın tələblərini yerinə yetirməyə razılaşdığını göstərir. Con Boltonun səfərindən təxminən bir ay sonra İranın “Mellət Bank”ın Ermənistan filialına qarşı sanksiyalar tətbiq edilib. Eyni zamanda, Ermənistanda yaşayan İran vətəndaşları banklardakı hesablarının bağlanmasına dair bildiriş alıb.

“Ermənistandakı iranlıların maliyyə əməliyyatları aparması üçün problemlərin yaranması Amerika tərəfinin İrəvanın arqumentlərinə həssas yanaşmadığını göstərir”-erməni mediası belə yazıb.
“Banklardan bizə zəng vurub xəbərdarlıq etdilər ki, hesablarımızın bağlanması lazımdır. Əks halda onlar dondurulacaq”. İrəvanda yaşayan iranlı erməni Arqin Qaraxanyan belə açıqlama verib. Paralel olaraq Ermənistan vətəndaşı olan Qaraxanyanın əhatəsində olan bir çox şəxslər də analoji xəbərdarlığı alıb.

Ermənsitan Mərkəzi Bankı isə İran vətəndaşlarının hesablarının bağlanması barədə məlumatı təsdiqləməsə də təkzib də etməyib. Mərkəzi Bankdan verilən açıqlamada yalnız belə qeyd edilir-“Ermənistan Mərkəzi Bankı ölkədəki banklara heç bir əmr və ya normativ hüquqi aktla İran vətəndaşlarına və İranın digər şəxslərinə xidmət etməyi qadağan etmir”.

Ona görə də bu qərarın daha çox siyasi xarakter daşıdığı və hökumətin rəhbərliyi tərəfindən gəldiyi də istisna edilmir. Bu arada Ermənistanın Rusiya ilə də ticarət əməliyyatlarında məhdudiyyət yaranıb. Daha doğrusu, Ermənistan şimaldan da blokada vəziyyətinə düşmək təhlükəsi ilə üzləşib. Cənubi Qafqaz Dəmir Yolları QSC 2018-ci il dekabrın 1-dən etibarən Qafqaz-Poti-Qavqaz limanına müntəzəm hərəkət xəttini müvəqqəti dayandıracağını bildirib. 2019-cu ilin mart ayından etibarən Ermənistana Gürcüstan vasitəsilə quru yolu ilə taxıl və taxıl məhsullarının daşınması qadağan ediləcək. Beləliklə, Ermənistan nə dəniz, nə də yerüstü yollarla taxıl və ərzaq buğdası əldə edə bilməyəcək. Xatırladaq ki, Gürcüstan 2019-cu ilin sentyabr ayından öz ərazisindən quru yolun ilə taxıl daşınmasını qadağan edən qərar çıxarıb. Lakin sözügedən qərar 2019-cu il oktyabrın 1-dək təxirə salınıb. Göründüyü kimi, Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olan Ermənistanın indi əsas təminatçısı olan İran və Rusiya ilə əlaqələri qırılır. Nikol Paşinyan onun hakimiyyətə gəlməsində mühüm rol oynamış ABŞ-ın təzyiqi nəticəsində İranla maliyyə-ticari əlaqələri məhdudlaşdırmağa məcbudur. Bu isə iranlı iş adamlarının Ermənistanı tərk etməsinə, eləcə də turistlərin gəlişinin qarşısını ala bilər.

Paralel olaraq, N.Paşinyanın Kremllə münasibətlərində mövcud olan soyuqluq Rusiyadan taxıl ixracının dayandırılmasından sonra daha da gərginləşəcək. “Məxməri inqilab”dan sonra Rusiyaya bağlı qüvvələri hakimiyyətdən salan ABŞ indi də İranın bu ölkədən sıxışdırılmasına nail ola bilib. Bu da da öz növbəsində, yaxın perspektivdə Vaşinqtonun Ermənistan üzərində geosiyasi təsirinin artmasına gətirib çıxaracaq.

Lakin İran və Rusiya ilə əlaqələrin kəsilməsi Ermənistanı artıq dörd tərəfdən tam izolyasiya vəziyyətinə salacaq. Ona görə də Ermənistanda yaranmış vəyyətin daha çox iki istiqamətdə inkişaf edəcəyi ehtimal olunur.

Birincisi, əsas nəfəslik olan İranla əməkdaşlığın dayandırılması və Rusiyadan taxıl idxalına tətbiq edilən qadağadan dolayı gözlənilən iqtisadi böhran Ermənistanda yoxsul əhalinin hökumətə qarşı kütləvi sosial etirazlarına səbəb ola bilər.

İkinci ehtimal rəsmi İrəvanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində kompromisə gedərək Azərbaycan və Türkiyə ilə sərhədləri açmasıdır.

Dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Sazişi Partiyasının qalib gələcəyi gözlənilir. Paşinyan tərəfdarları parlamentdə çoxluğu ələ aldıqda və Qarabağ klanı hakimiyyətinə tamamilə hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra baş nazir Ermənistanı təcrid vəziyyətindən çıxartmaq üçün Dağlıq Qarabağ probleminin nizamlanmasında güzəştə getməyə məcbur ola bilər.

Politoloq Nəzakət Məmmədova “Cümhuriyət” qəzetinə açıqlamasında bildirdi ki, İran vətəndaşlarının bank hesablarının bağlanması ABŞ-ın Ermənistanı nəzarətə götürdüyündən xəbər verir. Parlament seçkilərindən sonra isə bu təsirin daha da artacağı gözlənilir:



“Ermənistanda sosial patlayışın baş verməsi ehtimalı real görünmür. Çox güman ki, Amerika buna imkan verməyəcək. ABŞ yoxsul Gürcüstanı maddi yardımlar və transmilli layihələrə qoşmaqla ayaqüstə qalmasını təmin etdiyi kimi, Ermənistana da dəstək verəcək. Ermənistana isə ABŞ hökuməti və erməni diasporası maliyyə yardımı göstərəcək. Paşinyanı hakimiyyətə gətirən ABŞ-da və Fransadakı erməni diasporası onu vəziyyətdən çıxartmaq üçün əllərindən gələni edəcəklər. Amma Ermənistanda İranın banklarının və vətəndaşlarının hesablarının bağlanmasından sonra İrəvanla Tehranın münasibətləri xeyli pisləşəcək. Çünki Ermənistan çox təhlükəli bir oyuna girişib. Ermənistan müstəqil iradəsi olmayan dövlətdir. Onu bu prosesdə bir alət kimi istifadə edirlər. Yəni Ermənistanın ərazisi cənubda İrana, şimalda isə Rusiyaya qarşı bir poliqona çevrilməkdədir. Ümumiyyətlə, ABŞ-ın dövlət çevrilişlərində, rəngli inqilablar məsələsində böyük təcrübəsi var. Paşinyanı da qoymayacaqlar hakimiyyətdən düşməyə. Amma Rusiyanın da xeyli təcrübəsi var. ABŞ və Rusiyanın bu mübarizəsi vaxtlə SSRİ ilə Amerika arasında Latın Amerikası ölkələrində gedən geosiyasi mübarizəyə bənzəyir. Bu gün həmin proses Rusiyanın sərhədlərində gedir. Amerikanın Paşinyana dəstəyi Rusiyanın və İranın Ermənistanla münasibətlərinin kəskinləşməsinə gətirib çıxaracaq. Əslində, söhbət Ermənistanın hansı dövlətin forpostu olmasından gedir. Ermənistan indiyə qədər Rusiyanın forpostu idisə, indi ABŞ-ın, Fransanın forpostuna çevrilib. Bank hesablarının bağlanması da Amerikanın göstərişi ilə həyata keçirilir. Xatırladım ki, “Wikileaks” sənədlərində də Ermənistan ərazisindən İrana qeyri-qanuni silah ötürülməsi barədə məlumat var idi. Qeyd edilir ki, Ermənistan İrana silah ötürülməsi üçün tranzit ölkə rolunu oynayır. Eyni zamanda, İranın sanksiyalara məruz qalan çirkli pulların Ermənistan banklarında yuyulduğu bildirilirdi. ABŞ-ın Paşinyanın hakimiyyətə gətirlməsində və Ermənistanı nüfuz dairəsinə almasında da məqsədi Rusiyadan daha çox İran amili ilə bağlıdır. Bir çox hallarda ilk olaraq ABŞ-ın Rusiyaya qarşı belə bir addım atdığını düşünürlər. Əslində isə Rusiyanın Ermənistandan sıxışdırılması uzaq hədəfdir. Paşinyan özü də Rusiyanı qıcıqlandıran bəyanatlar vermir. Çalışır ki, Moskvanı narazı salmasın. Doğrudur, burada Rusiya amili də var. Amma ABŞ-ın birinci hədəfi İrandır. İsrailin və ABŞ-ın Yaxın Şərq planlarına mane olan İrandır. Tehran rejimi Suriyada, Yəməndə, İraqda, Livanda ABŞ-ın planlarını pozur, silahlı müdaxilə edir. İran şiə hilalı yaradıb və oradan plasdarm kimi istifadə etməklə Yaxın Şərqi idarə etməyə çalışır. Ona görə də ABŞ gəib İranın şimalında-Ermənistanda mövqe tutdu, Tehran rejimini təcrid etdi”.

Nəzakət Məmmədova hesab edir ki, seçkilərdən sonra N.Paşinyanın hakimiyyətinin möhkəmlənməsi ona müxalifətin təzyiqlərini neytrallaşdırmağa və Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanla kompromisə gəlməyə imkan verir. Buna baxmayaraq, Dağlıq Qarabağ məsələsində Paşinyana qarşı təsir vasitələri hələ qalmaqdadır:

“Ermənistan İranla Rusiyanı birləşdirən bir vasitə idi. Artıq bu zəncir qırılıb. ABŞ Ermənistanda oturub İrana da, Rusiyaya da nəzarət edir. İranın Ermənistan vasitəsilə özünün enerji resurslarını Qara dənizə və Avropaya çıxartmaq planlarının qarşısı alındı. Məlumdur ki, Ermənistan İrana elektrik enerjisi satır. Əgər ABŞ Ermənistanı enerji satışını dayandırmağa məcbur etsə, İranın bu sahədə problemləri yarana bilər. ABŞ “məxməri inqilab”dan sonra bir müddət Paşinyana kart-blanş verdi. Paşinyan vaxt qazanırdı, Azərbaycanın əleyhinə sərt bəyanatlar səsləndirirdi. Ancaq seçkilərdən sonra ABŞ Paşinyana bu imkanı verməyəcək.

Con Bolton da buna işarə vurdu ki, seçkilərdən sonra danışıqlarda bütün məsuliyyət Paşinyanın üzərində olacaq. Çünki o, legitim baş nazir olacaq. İndiyə qədər deyirdi ki, parlamentdə çoxluğa sahib olan müxalif Ermənistan Respublika Partiyası mənə güzəştə getməyə imkan vermir. Ancaq seçkilərdən sonra ERP-ni parlamentdən çıxaracaqlar və hakimiyyətin bütün qolları Paşinyanın əlində cəmləşəcək. Artıq Paşinyanın bəhanəsi qalmayacaq. ABŞ onu Dağlıq Qarabağ probleminin həllində güzəştə vadar edə bilər. Hətta Amerika da, Paşinyan da ATƏT-in Minsk Qrupunda Rusiyanın hegemon roluna son qoyulmasına çalışır. Yəni Amerika istəyir ki, Dağlıq Qarabağ məsləsində Rusiyanın hegemon rolunun qarşısı alınsın.

Lakin erməni diasporasının Paşinyana Qarabağı qaytarmağa imkan verəcəyinə inanmıram. Hələ 30 il bundan əvvəl Qorbaçovu ələ alan diaspora Ermənistan hökumətinə təzyiq göstərəcək. Bəlkə də Paşinyan hökuməti yaranmış blokada şəraitindən çıxmaq üçün kompromisə getmək, sərhədləri açmaq istəyərdi. Amma erməni diasporası, erməni kilsəsi lazım olan maliyyəni özü verəcək ki, rəsmi İrəvan güzəştə getməsin”.

Müşfiq Abdulla




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az