t s

» » ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİNİN NİZAMLANMASINA DAİR AVROPANIN MÖVQEYİ

ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİNİN NİZAMLANMASINA DAİR AVROPANIN MÖVQEYİ

10-11-2018, 09:48 Yazar:  Gülnar Baxılıb: 87 Çap et
ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİNİN NİZAMLANMASINA DAİR AVROPANIN MÖVQEYİ
Müəllif burada bilərəkdən “Dağlıq Qarabağ münaqişəsi” terminindən istifadə etmir, çünki iki dövlət arasında qarşıdurmanın məzmunu Azərbaycanın Qarabağ separatçıları ilə mübarizəsindən daha genişdir və tarixən dərindir.



Müstəqil dövlətə qarşı törədilmiş erməni təcavüzü nəticəsində həmin dövlətin ərazisinin 20%-dən çox hissəsi işğal edilib. Məhz “erməni təcavüzü” ona görə deyilir ki, Qarabağın Azərbaycanın tərkibindən çıxma hərəkatında, həmçinin təcavüz və işğalda böyük ideoloji, təşkilati və maddi-maliyyə rolunu ümumdünya erməni icması, bir çox ölkələrdə kifayət qədər nüfuzlu erməni diasporu oynamışdır və oynayır.



Tarixi baxımdan bu münaqişənin kökləri Rusiya çar hökumətinin yardımı ilə alban kilsə muxtariyyətinin, sonradan isə Qafqaz albanlarının kilsəsinin ləğv edildiyi, onun dilinin, mədəniyyətinin hərtərəfli istifadədən çıxarıldığı və onlar haqqında tarixi yaddaşın (xəritələrin, arxivlərin, maddi-mədəni əşyaların) məhv edildiyi dövrə gedib çıxır. Daha sadə desək, bu, alban tarixinin, eləcə də Səfəvilər (1502-1736) və Qacarlar (1737-1925) sülalələrinin dövründə Azərbaycan dövlətçilik nümunələri tarixinin saxtalaşdırılması idi.



Həmin yarımmüstəqil və ya faktiki olaraq, onilliklərlə müstəqil olmuş ərazi vahidləri (bəylərbəyilikləri, xanlıqlar, sultanlıqlar, camaatlıqlar və s.) müasir Azərbaycan və Ermənistanın ərazisində əsrlər boyu mövcud olmuşdu. Azərbaycanlıların və ermənilərin xalq yaddaşında, bir çox digər dövlətlərin tarixi sənədlərində və arxivlərində, müxtəlif milliyyətli alimlərin elmi araşdırmalarında ermənilərin XVIII əsrin sonu – XIX əsrin birinci yarısında Azərbaycan dövlət vahidlərinin ərazilərinə kütləvi şəkildə köçürülməsinin əsl tarixi əks olunmuşdur.



Həmin hadisələr Rusiya imperiyasının Qacarlar dövləti və Osmanlı imperiyası ilə hərbi qarşıdurması və beləliklə, Qafqazda yeni ərazilərin birləşdirilməsi zamanı çarın birbaşa göstərişi ilə baş verirdi. Çar hökuməti tərəfindən zəbt edilmiş və ya “dinc yolla” birləşdirilmiş Azərbaycan xanlıqlarında “xristian elementini” gücləndirmək məqsədilə Qacarlar dövlətindən (müasir İrandan) və Osmanlı imperiyasından on minlərlə erməninin Cənubi Qafqaza köçürülməsi təşkil olunmuş və bu proses maliyyələşdirilmişdir. Həmin rəsmən tənzimlənən və qeyri-rəsmi köçürülmə, eləcə də köçürülənlərə verilən imtiyazlarla bağlı bir çox rəsmi, ədəbi və digər sənədlər qorunub saxlanılmışdır. Bu prosesə qədər ermənilər qeyd edilən ərazilərdə, o cümlədən Rusiya imperiyasının özündə, əsasən, “tacir elementi” və kifayət qədər fəal “erməni” kapitalı ilə təmsil olunmuşlar.



1917-ci ildəki Rusiya inqilabına qədər keçmiş Azərbaycan dövlət vahidlərinin ərazilərində erməni dövlətinin yaradılması ilə bağlı beynəlxalq diplomatiyada heç bir ciddi planlar müşahidə olunmayıb. Avropa dövlətləri və ABŞ erməni muxtariyyətinin və ya dövlətinin yaradılması məqsədilə məkan axtararaq birmənalı şəkildə Osmanlı imperiyası və ya Yaxın Şərq torpaqlarına nəzər yetirirdilər. Misal üçün, ABŞ-ın 28-ci prezidenti T.V.Vilsonun (1856-1924) fikrincə, erməni dövlət vahidi Qara dənizə 100 kilometrlik dəhlizi təmin edərək Osmanlı imperiyasının şimal-şərq vilayətlərində yaradıla bilərdi. Lakin Osmanlı imperiyasının özü və bundan başqa, onun Avropa müttəfiqləri də bu məsələ ilə razılaşmadılar. Eyni sözləri RSFSR-in Xalq Komissarları Sovetinin (31.12.1917 tarixli) “Türk Ermənistanın” öz müqəddəratını azad təyinetmə ilə bağlı sərəncamına da şamil etmək olar.



Erməni dövlətinin Rusiyanın deyil, Türkiyənin ərazisində yaradılması Moskva inqilabçılarının o vaxt müəyyən etdiyi strategiyaya uyğun idi. Cənubi Qafqazdakı ermənilər öz dövlətinin yaradılmasına görə Rusiyadakı demokratik inqilaba, ABŞ təsiri altında yaradılmış Zaqafqaziya Seyminə, Zaqafqaziya Komissarlığına, Zaqafqaziya Federativ Respublikasına və müsəlman əhalisi olan dünyada ilk demokratik dövlətə – Azərbaycan Demokratik Cümhuriyyətinə minnətdar olmalıdırlar. 1918-ci ilin mayında Tbilisidə öz fəaliyyətinə son qoymuş Zaqafqaziya Seymindən sonra üç müstəqil dövlət elan edildi – Azərbaycan, Ermənistan və Gürcüstan. 29 may 1918-ci ildə, yəni müstəqilliyin bəyan edilməsinin ertəsi günü mehriban qonşuluq prinsiplərini rəhbər tutaraq və ermənilərin müraciətini nəzərə alaraq, Azərbaycan Demokratik Respublikası keçmiş İrəvan xanlığının bir hissəsini, o cümlədən İrəvan şəhərini paytaxt kimi Ermənistan Respublikasına vermək qərarına gəldi, çünki həmin vaxt qüvvədə olan beynəlxalq hüquqa görə Ermənistanın nə ərazisi, nə də paytaxt şəhəri var idi.



Bu, Azərbaycan tərəfinin həmin çətin dövrdə erməni və Azərbaycan xalqları üçün həyati əhəmiyyət daşıyan müstəqil dövlətləri yaratmaq və onları yaşatmaq məsələsinin əməkdaşlıq ruhunda birgə həll etmək arzusundan irəli gəlirdi. Bu addıma qoyulan şərt isə ondan ibarət idi ki, ermənilər keçmiş Yelizavetpol quberniyasının bir hissəsi olan Qarabağa iddialarından əl çəksinlər. Həmin vaxtdan etibarən erməni dövlətinin ərazi baxımından açıq-aydın və gizlin şəkildə genişlənməsi, faktiki olaraq monoetnik dövlətin yaradılması xülyası ortaya qoyuldu. Azərbaycanlıların Ermənistandan kütləvi şəkildə köçürülməsi ilə müşayiət olunan həmin ekspansiya sovet dövründə də davam etdi və Qarabağ ermənilərinin ayrılma hərəkatı, Azərbaycana qarşı hərbi təcavüz və onun ərazisinin gözəçarpan hissəsinin zəbt edilməsi ilə son həddə çatdı. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Ermənistanın Türkiyəyə qarşı da ərazi iddiaları var idi. İstənilən dövlətdə ən dəyərli məfhumlar onun xalqı və ərazisidir: həmin dəyərlər əsasında bütün digər amillər yarana bilər.



Görünməmiş ədalətsizlik və qarşıdurma ondan ibarətdir ki, bütün dünyanın gözü qarşısında beynəlxalq razılaşmalara və beynəlxalq hüquqa zidd olaraq, bir dövlət digər dövlətin 20%-dən artıq ərazisini əlindən alır və ölümlə hədələyərək oradan bütün əhalini didərgin salır. Hətta belə olan halda BMT və onun orqanları, Avropa İttifaqı və onun strukturları başda olmaqla bütöv beynəlxalq ictimaiyyət təcavüzkarın cəzalandırılması, beynəlxalq hüququn bərpa olunması üçün heç bir əsaslı tədbir görmür, yalnız sərəncamlar və qətnamələrin qəbul edilməsi ilə kifayətlənir. Aydındır ki, digər ölkələr də öz qonşularının hesabına sərhəd və ərazilərinin “yenidən müəyyən edilməsi” haqqında düşünürlər. Digərləri isə xüsusi “tutarlı” nəticələrdən çəkinməyərək, bu addımı faktiki olaraq həyata keçirirlər (Cənubi Osetiyanın və Abxaziyanın “müstəqilliyinin” elan edilməsi və s.). Zəbt olunmuş Azərbaycan ərazilərində separatçılar və erməni təcavüzkarları artıq öz iqtisadi fəaliyyətlərini aparırlar. Orada həmin əraziləri öz müstəqil dövləti hesab edən yeni nəsil formalaşır. Azərbaycan ilə Ermənistan arasında “nə hərb, nə sülh” vəziyyəti nə qədər uzun çəkirsə, bir o qədər beynəlxalq hüququn bərpası və bu münaqişənin qeyri-hərb yolu ilə həlli çətinləşir.



Əfsuslar olsun ki, kütləvi informasiya vasitələrində əks olunduğu kimi və bir çox araşdırmalar nəticəsində müəllifin gəldiyi qənaətə uyğun olaraq, Avropanın ictimai rəyi özünü müstəqil elan etmiş və tərkibdən çıxmış bir ərazinin – Dağlıq Qarabağın separatçı problem kimi mövcudluğu az maraqlandırır. Avropanın ictimai rəyi daha çox Ermənistanın Azərbaycana qarşı təcavüzü və sonuncunun ərazisinin 20%-dən artıq hissəsinin işğalı önündə ermənilər ilə azərbaycanlılar arasındakı qarşılıqlı münasibətlərə yönəlib. Elə bir təəssürat yaranır ki, ictimai rəy Dağlıq Qarabağ məsələsinin ötəri yolla artıq həll olunduğu və onun yalnız güzəştli hüquqi formada rəsmiləşdirilməsi haqqında düşünür. Bu isə faktiki olaraq separatçılara göz yuman, yaxud vədedici bəyanatlarla (Kosovo, Abxaziya, Cənubi Osetiya – son illər ərzində bu cür hadisələrə rəvac verən aydın nümunələrdir) məhdudlaşan məhz Avropa İttifaqının səhlənkar siyasətinin nəticəsidir. Bununla yanaşı, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın yeddi rayonu məsələsi də arxa plandadır. Zəbt edilmiş ərazilərin təcavüzkar tərəfindən dərhal və qeyd-şərtsiz boşaldılması əvəzinə, həmin rayonların məsələsi ermənipərəst qruplar tərəfindən separatçı Qarabağ probleminin həlli üçün preambula kimi götürülür.



Avropa İttifaqının bir çox siyasətçiləri və adi avropalıların böyük əksəriyyəti münaqişənin iki əsas tərəfindən – Ermənistan və Azərbaycandan, eləcə də daxil olan üçüncü tərəfdən (Dağlıq Qarabağ separatçılarından) başqa böyük (təşviqat, təşkilati, maliyyə və s.) ehtiyatlara malik olan ümumdünya erməni diasporunun olmasını görmürlər və ya görmək istəmirlər. Ötəri, lakin kifayət qədər nüfuzlu münaqişə tərəfləri (yəni Rusiya, ABŞ və s.) və onların mövcudluğu Avropa İttifaqının bir çox siyasətçiləri tərəfindən arxa plana çəkilir. Bu cür siyasətçilər əksər avropalıların ermənilərə “qədim mədəni millət” kimi simpatiya ilə yanaşmasına da arxalanırlar.



Bununla belə, Midiya, Manna, Atropatena və nəhayət, Albaniya kimi qədim dövlətlərin, eləcə də Səfəvilər dövləti və tanınmış mədəni dəyərlərin yaradıldığı xanlıqlar kimi Azərbaycan dövlət vahidlərinin yüzilliklər boyu mövcud olmasını Avropada çox az adam bilir. Bu cür vəziyyət, əsasən, bir faktla izah olunur ki, Avropa siyasətçilərinin böyük əksəriyyəti əsl Avropa mərkəzçiləridir və Avratlantik (Avropa İttifaqına əlavə olaraq ABŞ və Kanadanı nəzərdə tutan) mədəniyyətin, siyasi quruluşun və sivilizasiyanın digərləri üzərində üstün olmasının sadəcə gizlədilmiş tərəfdarlarıdır. Məhz bu səbəbdən onlar erməniləri “özününkü”, azərbaycanlıları isə “qismən özününkü” hesab edirlər. Əlbəttə ki, Ermənistanın təcavüzkar olduğunu anlayırlar, lakin mədəniyyət və dinə görə, o, “özününkü” olan təcavüzkardır (hazırda Samtsxe-Cavaxetiyə iddialar barədə şayiələr gəzir).



Digər tərəfdən, Avropa siyasətçilərinin əksər hissəsinin ikiüzlülük dərəcəsi ilə bir növ siyasi düzgünlük müqayisə edilməzdir. Üçüncü tərəfdən, onlar XIX əsrin sonunda XX əsrin əvvəlində Osmanlı imperiyasında ermənilərin başına gəlmiş faciəyə görə Ermənistanı təcavüzkar adlandırmağa utanırlar. Düzdür, belə olduğu təqdirdə o vaxt mövcud olmamış Türkiyə və Azərbaycan respublikalarının rolunun nədən ibarət olması aydın deyil. Avropa siyasətçilərinin əksəriyyəti həm ABŞ-a, həm də İsrailə “siyasi baxımdan korrekt” münasibət kimi çoxdankı ənənəyə teztez yol verirlər.



Bir çox Avropa siyasətçiləri əksər adi vətəndaşlar kimi Cənubi Qafqazda yerli münaqişələrdən Avropa İttifaqına olan təhlükələri hələ də lazımınca dəyərləndirmirlər. Siyasətçilər və kütləvi informasiya vasitələrinin diqqəti Əfqanıstan, İran, İraq, Şimali Koreya və hətta Venesueladakı problemlərə yönəlib. Yoxsa Cənubi Qafqaz deyil, məhz həmin ölkələr Avropa İttifaqının qonşuluğunda yerləşir?! Eyni zamanda, Avropanın enerji təhlükəsizliyi üçün Cənubi Qafqazdakı yerli münaqişələrdən irəli gələn təhdidlər gec anlaşılır və ya bütövlükdə anlaşılmır. Bunu 2008-ci ilin avqust ayında baş vermiş Rusiya-Gürcüstan müharibəsi göstərdi. Son vaxtlara qədər müəyyən bir rəy yayılmışdı ki, ABŞ və Rusiya istəkləri olarsa, yerli Qafqaz münaqişələrindən irəli gələn hər hansı təhlükəni birgə və hətta tək həll edə bilərlər. Onlar, bəlkə də, bunu özləri edə bilərlər, lakin Avropa üçün bu hadisələr neçəyə başa gələcək?



Heç bir tərəfi alçaltmayan və mövcud hüquqi reallıqları əks etdirən düzgün güzəştlər əsasında bütün maraqlı tərəflərin istəyinə uyğun olaraq, münaqişənin dinc yolla həlli xülya və ya boş arzu deyil. Baxmayaraq ki, Rusiya Federasiyasının Ermənistanda, Avropa İttifaqı ilə ABŞ-ın isə Azərbaycanda strateji maraqları var. Xəzər regionundan Qərbə enerji axınlarının müxtəlifləşdirilməsində Azərbaycan və Türkiyə xüsusi əhəmiyyətə malikdirlər. Bununla belə, Türkiyədən fərqli olaraq, Azərbaycanın Avropa İttifaqına daxil olmaq iddiası yoxdur və bu baxımdan onun tranzit funksiyaları İttifaqın maraqlarına daha neytral görünür. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi üçün nəinki tranzit ölkəsi, o cümlədən neft və qaz təchizatçısı kimi get-gedə daha mühüm rol oynayır. 2012-ci ilə qədər Azərbaycan, çox güman ki, Yunanıstan, İtaliya və Avropanın bütöv cənub-şərq regionunun neft və qaz tələbatının 20%-ni təmin etmək iqtidarında olacaq.



Nəzərə alsaq ki, Qazaxıstan 2010-cu ilədək Xəzərdə tutumu 60.000 tona qədər olan tankerləri qəbul edə bilən (Kurık yerinin yaxınlığında) Yerali limanının tikintisini başa çatdırmaqla bağlı strateji qərar qəbul edib, növbəti illər ərzində Azərbaycanın tranzit funksiyalarının kəskin şəkildə artması gözlənilir. Türkmənistan enerji resurslarının əsas hissəsini Xəzər vasitəsilə daşıdığı təqdirdə tranzit daha da artacaq. Həmin funksiyalar, o cümlədən Avropa İttifaqı üçün çox zəruri olan enerji axınlarının müxtəlifləşdirilməsi Rusiya ilə Ukrayna arasında son (2008-2009-cu illərdə) qaz böhranı baxımından yalnız Cənubi Qafqazda sülhün bərqərar edildiyi və region dövlətlərində sabitliyin saxlanıldığı təqdirdə etibarlı ola bilər. Müəllif əmindir ki, həmin münaqişənin maraqlı tərəfləri arasında qəbul edilə biləcək güzəştlər və qüvvədə olan beynəlxalq hüquq əsasında Avropa İttifaqı, ABŞ, Rusiya, Türkiyə və İranın mümkün qədər birgə və zəruri səyləri ilə problemin dinc yolla ədalətli həlli hələ ki mümkündür. Bu məqsədlə maraqlı tərəflər aşağıdakı tədbirləri görə bilərlər.





Azərbaycan



Birincisi. Azərbaycan Dağlıq Qarabağ vilayətinin muxtariyyət statusunun ləğv edilməsi barədə qəbul etdiyi (1991-ci ilin noyabr ayında) qərarı ləğv edir. Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində mümkün qədər ən yüksək muxtariyyət statusunu Dağlıq Qarabağa verir və həmin hüdudlarda muxtar Qarabağ Respublikasının yaradılması imkanını etiraf edir. Həmin muxtar dövlət vahidi Bakıdakı mərkəzi hökumət ilə beynəlxalq zəmanət və nəzarət əsasında şaquli münasibətlər qurur. Bu məqsədlə yeniləşmiş dövlət vahidinə digər hüquqlar da verilə bilər: azad ticarət zonasının yaradılması; Bakıda daimi nümayəndəlik; həmin ərazi vahidinə aid bütün qərarlara veto qoymaq hüququ; Azərbaycan Respublikasının bütün dövlət orqanlarında zəmanətli təmsilçilik və s.



İkincisi. Azərbaycan Dağlıq Qarabağ, Ermənistan və erməni diasporu arasında nəqliyyat, informasiya və mədəni əlaqələrin maksimal açıqlığına zəmanət verir.



Üçüncüsü. Dağlıq Qarabağın azərbaycanlı icması və Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlardan qovulmuş azərbaycanlı qaçqınlar Azərbaycanın göstərilən güzəştli təkliflərini dəstəkləmək öhdəliyini üzərinə götürürlər.



Dördüncüsü. Azərbaycan separatçıların silahlı tədbirləri və Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində dəymiş zərərə görə Ermənistana və Dağlıq Qarabağın erməni icmasına təzminat iddialarını irəli sürməyəcək. Yalnız mədəniyyət dəyərləri istisna təşkil edir və onların bərpası münaqişənin bütün tərəflərinin səyləri ilə müqavilə əsasında təmin ediləcəkdir



Dağlıq Qarabağın erməni icması



Birincisi. İcma bəyan edir ki, milli erməni icmasının öz müqəddəratını təyin etməsi Azərbaycanın təklif etdiyi maksimal dərəcədə geniş muxtariyyət formasında baş tuta bilər.



İkincisi. Dağlıq Qarabağ silahsızlaşdırılır. Silahlı dəstələr muxtariyyətin administrasiyası və Azərbaycanın Daxili İşlər Nazirliyi tərəfindən nəzarət edilən polisə çevrilir. Müəyyən müddət ərzində həmin polis BMT-nin təyin etdiyi beynəlxalq müfəttişlərin nəzarəti altında fəaliyyət göstərir.



Üçüncüsü. Bərpa edilən və ya yenidən yaradılan muxtariyyət azərbaycanlı qaçqınların könüllü qayıdışına, onların təhlükəsizliyinə və bərabərliyinə beynəlxalq nəzarət altında zəmanət verir.



Ermənistan



Birincisi. Ermənistan Azərbaycanla razılaşdırılmış cədvələ uyğun olaraq beynəlxalq nəzarət altında Azərbaycanın işğal edilmiş ərazilərini birbaşa və ya mərhələli şəkildə, ayrıca rayonlarla və ya regionlarla azad edir.



İkincisi. Ermənistan Azərbaycan hüdudlarında Dağlıq Qarabağı muxtar dövlət vahidi kimi tanıyır.



Üçüncüsü. Ermənistan Azərbaycana hər hansı bir ərazi iddiasından əl çəkir.



Dördüncüsü. Ermənistan M.Bağırovun 1945-1946-cı illərdə verdiyi təkliflərə və Azərbaycan ilə Ermənistan arasında ərazi mübadiləsi ilə bağlı 1994-cü il tarixli Qobbl planına yenidən baxmağa hazırlı olduğunu bildirir. Münaqişənin sülh yolu ilə həllinə həmçinin Ermənistan daxilində formalaşan müvafiq münasibət də zəmin yaradır. Ermənistandakı son prezident seçkiləri zamanı bu ölkənin keçmiş prezidenti və prezidentliyə namizəd Levon Ter-Petrosyan seçkiqabağı çıxışlarında Azərbaycan ilə Ermənistan arasında münaqişəyə münasibət bildirərkən qeyd etmişdi ki, münaqişənin yaradılması məsuliyyətini öz üzərinə götürmək ağır və xoşagəlməz haldır, Azərbaycana dəymiş ziyana maliyyə kompensasiyasının ödənilməsi haqqında düşünmək labüddür. Dəymiş ziyan haqqında məsələ vacibdir, lakin işğal edilmiş ərazilərin tezliklə və qeyd-şərtsiz azad edilməsi, digər ərazilərin zəbt edilməsi məqsədilə törədilmiş təcavüzkar əməliyyatlara və onların qarşısının alınmasına görə məsuliyyət ondan da vacibdir. Bununla əlaqədar silahlı münaqişə tərəflərinin bu cür əməliyyatlarda iştirak etmiş şəxslərin təqib edilməyəcəyi barədə rəsmi açıqlama vermələri faydalı olardı. Bu halda yalnız hərbi cinayətlər törətmiş şəxslər istisna hesab edilə bilər. Təzminatdan imtina, insanlığa qarşı cinayət törətməmiş separatçı hərəkatın və silahlı qarşıdurmanın təşkilatçıları və iştirakçılarının təqib edilməməsi ilə bağlı bəyanatlara paralel olaraq, hesab edirik ki, münaqişə tərəfləri üçün xalq diplomatiyasını təşviq etmək və onu tədricən həyata keçirmək faydalı olardı. Hazırda bir tərəfdən Azərbaycan əhalisi ilə digər tərəfdən Dağlıq Qarabağ və Ermənistan erməniləri arasında təmaslar çox nadir hallarda olur və bu cür görüşlər çox zaman xaricdə baş tutur.



Bu məqalənin müəllifi Almaniyada (Avropa Akademiyasında, “Təmaslar” ictimai təşkilatında, Konrad Adenauer adına Fondda və s.) alimlər və incəsənət adamları arasında bu cür görüşlərdə iştirak edib. Həmin görüşlərdən çıxarılmış əsas qənaət aşağıdakı kimidir: münaqişənin bütün tərəfləri yenə qan tökülməsini istəmir. Ümumən məlumdur ki, xalq diplomatiyası (mədəniyyət, incəsənət və elm xadimlərinin, qeyri-siyasi təşkilatların, həmkarlar ittifaqlarının, maraqlı dairələrin nümayəndələrinin görüşləri) münaqişənin dinc yolla həlli üçün zəruri ilkin şərtdir.



Hazırda isə elə bir təəssürat yaranır ki, münaqişə tərəflərinin elitası sülh və ədalət yolunda, beynəlxalq hüququn ümumi qaydada tanınmış müddəalarının həyata keçirilməsi istiqamətində bu cür təmasların potensialını lazımınca qiymətləndirmir. Münaqişənin hazırkı beynəlxalq hüquq əsasında dinc yolla həllində Rusiya, Türkiyə və İran mühüm rol oynaya bilər. Onların xoş iradəsi olmadan Cənubi Qafqazda sülh və sabitlik mümkün deyil…



Yohannes Rau

Professor, Bundesverin Aparıcı Kadrlar Akademiyası yanında Beynəlxalq Təhlükəsizlik Elmi Forumunun üzvü, (Berlin, Almaniya)

“Azerbaijan Focus” , 2010




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az