t s

» » Gender balansının stimullaşdırılmasında medianın rolu …

Gender balansının stimullaşdırılmasında medianın rolu …

1-11-2018, 09:17 Yazar:  Gülnar Baxılıb: 220 Çap et
Gender balansının stimullaşdırılmasında medianın rolu …
“Qadının telefon işlətməsinə icazə verə bilməzdim. Bizdə nəsillikcə belə şey olmamışdı. Bu səbəbdən arvadımla mübahisə etdik və onu bıçaqladım”, “Aytəkinin boşandıqdan sonra gəlib Bakıda işləməsinə dözə bilməzdim. Üstünə benzin tökərək yandırmaqda məqsədim üzünü tanımaz hala salmaq idi”, “Ali təhsilli qadın işləməsinə icazə verməyən əri tərəfindən öldürüldü”, “Qadın sürücü qəza törətdi”, “Qadın siyasətçi kişi çıxdı”. Bu qeydlər son bir ayda mediada izlədiyim yazılarda QARA şiriftlə verilən fikirlərdir. Mobil telefon işlətmək, boşandıqdan sonra paytaxtda işləmək, qəza törətmək, siyasətçi olmaq kişilərə münasibətdə hadisə deyil. Amma subyekt qadındırsa, bu dərhal media yazıları üçün başlığa çevrilir. Mediadan duyarlı, həssas olmaq tələb olunsa da gender məsələsinə yanaşmada bərabərlik prinsipi pozulur. Buna yol verən media xəbərləmək funksiyasından kənara çıxaraq bir tərəfi diskriminasiyaya məruz qoyur.



Gender stereotipləri təkcə mövzularla deyil, seçilən leksika, metaforalar vasitəsilə də qabardılır



Bu gün də Azərbaycan mediasında gender stereotipləri, qadınlar və kişilərin cəmiyyətdəki yeri, onların funksiyaları, sosial rolları ilə bağlı təsəvvürlər təkcə mövzularla deyil, istifadə edilən leksika, metaforalar vasitəsilə də qabardılır. Media bilərəkdən və ya bilməyərəkdən qadınları kişilərlə müqayisədə daha əlverişsiz şəkildə işıqlandırır. Bununla da cəmiyyətdə qadınlarla kişilərin mövcud yeri haqda hökmran olan stereotiplər daha da qüvvətləndirilir. İstər çap, istərsə də elektron media mütəmadi olaraq qadınlara gözəl, cazibədar olmaqla qarşı cinsin diqqətini çəkmək, dadlı yeməklər bişirmək, evinin xanımı olmaq kimi vərdişlər aşılayır. Bu baryerləri aşıb önə çıxmağı bacaran tək-tək xanımlar isə cəmiyyətə “kişi kimi” qadınlar kimi təqdim edilir.







Digər tərəfdən hələ də kişilər cəmiyyətdəki dominant statuslarını qadınlarla bərabər imkanlara əsaslanmaqla bölüşmək istəmirlər. Həmçinin, cəmiyyətdə mövcud patriarxal sosial normalar qadınların kişilərlə bərabər ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etməsinə imkan vermir.



Qanunvericilik mediada qeyri-adekvat qadın obrazının yaradılmasını qadağan edir



Halbuki Azərbaycan qanunvericiliyi və ölkənin qoşulduğu beynəlxalq sənədlər kişi və qadınların ictimai inkişafı üçün bərabər imkanların hüquqi bazasını özündə ehtiva edir. Azərbaycan cinslər arasında hüquq bərabərliyinin təminatına imkan verən bir sıra beynəlxalq konvensiyalara qoşulub. BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi” (CEDAW) və “Qadınların siyasi hüquqları” üzrə konvensiyası ratfikasiya edilib. Ölkə Avropa Şurasının Nazirlər Komitəsinin üzv dövlətlərə (o cümlədən Azərbaycana) “Siyasətdə və dövlətin əhəmiyyətli qərarlar qəbul edilməsində qadın və kişilərin balanslaşdırılmış iştirakı haqqında” sənədə qoşulub.



Azərbaycanın da üzvü olduğu Avropa Şurasının “Gender Bərabərliyi Strategiyası”nda (2018-2023) birbaşa vurğulanır ki, mediada qeyri-adekvat qadın obrazının yaradılması, informasiya-kommunikasiya texnologiyalarının (İKT) mənfi rolu və təhsil siyasəti ilə bağlı müvafiq tədbirlərin olmaması gender stereotiplərini və seksizmi gücləndirir. Starategiya üzv dövlətlərdən təhsil, media və İKT sektorlarında gender stereotiplərinin və seksizmin kökünün kəsilməsi üçün qanunvericilikdə və siyasətdə dəyişikliklər edilməsini tövsiyyə edir.



Bu sahədə dövlət siyasətni həyata keçirmək üçün 1998-ci ildə Dövlət Qadın Problemləri üzrə Komitə, 2006-cı ildə isə onun bazasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycanın gender haqqında qanununda isə cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməsindən tutmuş, iqtisadi və sosial münasibətlərdə gender bərabərliyinin təminatlarına qədər qadınlara bütün hüquqlar verilir.







Amma müvafiq dövlət qurumları gender balansının qorunmasından danışanda diqqəti daha çox statistik rəqəmlərdəki irəliləyişlərə yönəldir. Vurğulanır ki, bu gün ölkədə yerli icra hakimiyyəti başçılarının müavini vəzifələrindən 78-ni qadınlar tutur. Ədliyyə orqanlarında 1153 qadın çalışır, onlardan 84-ü rəhbər vəzifə tutur. Hakimlərin 61, notariusların 40 nəfəri qadınlardır. Diplomat xanımların sayı isə 181-ə çatıb. Dövlət qulluğunda çalışanların 29.2 faizi, sahibkarların 20 faizi zərif çinsin təmsilçiləridir. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, 2015-ci ildə bu göstərici 16.8 faizə yüksəlib. 2009-cu ildə bələdiyyə üzvü seçilən xanımların sayı əvvəlki illərə nisbətən 5 dəfə artaraq 26.7 faiz olub. Bələdiyyə üzvləri arasında qadınların xüsusi çəkisi 35 faizə çatıb. 2007-ci ildə sürücülük vəsiqəsi alanlardan 4.5 faizi, 2017-ci ildə 7 faizi qadınlar olub.



Bu kimi yanaşma isə göstərir ki, gender bərabərliyi həm də modern bir ailə yapısı, dövlət idarəçiliyi olsa da, diqqəti əsas problemdən yayındırmaq üçün bunu kişi-qadın münasibətləri səviyyəsinə gətirməyə cəhdlər qalmaqdadır.



“XXI əsrdə orta əsrlər təfəkkürü ilə yaşayırıq”



“Mediada gender bərabərliyi ilə bağlı məsələyə yetərincə diqqət ayrılmaması, əvəzində gender stereotiplərinin qabardılmasının səbəbi mətbuatdan daha dərindədir. Bu, əslində cəmiyyətdəki dəyərlər və şüur səviyyəsindən irəli gələn problemdir. Biz XXI əsrdə orta əsrlər təfəkkürü ilə yaşayırıq”,- deyə ekspert Zeynal Məmmədli bildirir.







Z.Məmmədli hesab edir ki, cəmiyyətdə qadın və kişinin sosial rolu barədə mətbuat vasitəsi ilə insanlara doğru informasiya verilməlidir: “Media bununla bağlı təsəvvürlərin müsbət istiqamətdə dəyişməsi üçün cəmiyyət qarşısındakı funksiyasını yerinə yetirməlidir. Həmçinin, demokratik idarəetmənin inzibati idarəetmədən üstünlüyü təlqin edilməlidir. Bu dəyişmə olmadan dövlətin tipi də kişi tipi olur və gücə əsaslanır. Gender məsələsi faktik olaraq medianın bütün mövzularını əhatə etməlidir. Media həm də bu məsələdən pul qazanmağı bacarmalıdır. Hazırda isə siyasi monopolya imkan vermir ki, media öz axarına qovuşsun”.



Media eksperti Ələsgər Məmmədli isə problemi təkcə medianın üzərinə yükləməyin tərəfdarı deyil: “Mətbuatı cəmiyyətdən üstün bir qüvvə kimi düşünmək doğru yanaşma olmazdı. Media bir güzgü rolunu oynayır və cəmiyyətdə nə baş verirsə, onu işıqlandırır. Media zaman-zaman təbliğatla və ya əks-təbiğatla məşğul olsa da, gender stereotiplərinin mətbuat tərəfindən yaradıldığını düşünmək olmaz”.







Media hansı yanaşmanı təbliğ edirsə, cəmiyyət də o istiqamətdə köklənir



Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin sədri Mehriban Vəzirin qənaətinə görə, cəmiyyəti gender balansının qorunmasına sövq etmək təkcə medianın problemi deyil: “Demokratik qərb ölkələrində gender balansının bütün sahələrdə qorunması şirkətlərin və medianın profisionallağının göstəricilərindən biridir. Bu rəqabət mühitinin olduğu cəmiyyətlərdə qurumların reputasiyasını gücləndirən amildir. Azərbaycanda isə gender balansı büdcənin formalaşdırmasındandan tutmuş kadrların işə alınmasına qədər nəzərə alınmır. Bizdə gender balansının stimullaşdırılmasına medianın cəhdi ancaq şəxsi təşəbbüs ola bilər. Mövcud şəraitdə bunun başqa bir yolunu görmürəm”.



“Əgər cəmiyyətdə qadının rolu müti, əzilən, hüquqları pozulan, qərar qəbul etmək rolu olmayan bir durmdadırsa, media bunu işıqlandırmalıdır. Həqiqətlərin, gerçəklərin görünməsi bütün hallarda çox yaxşıdır. Bunlar görünməlidir ki, cəmiyyət təpki göstərərək problemin həllini dövlətdən tələb edə bilsin”,- deyə M.Vəzir vurğulayır.





“Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl isə hesab edir ki, medianın gender məsələsinin stimullaşdırılmasında rolunu qiymətləndirmək üçün həm daxili, həm də xarici amillərə nəzər salmaq lazımdır: “Azərbaycan media cameəsində viziual olaraq gender balansı qorunur. Jurnalistlərin sayı baxımından qadın və kişilər bərabərdir. Hətta xanımların sayı daha çoxdur. Amma rəhbərlikdə digər sahələrdə olduğu kimi balans kişilərin xeyrinə dəyişir. Digər önəmli məsələ isə gender amilinə yanaşmadır. İctimai, siyasi, sosial, iqtisadi mövzuların işıqlandırılmasında gender həssaslığı qorunmur. Diskirmamatik yanaşma hələ də çox böyükdür”.







Ekspertin Azərbaycan mediasında gender məsələləri ilə bağlı ciddi araşdırma yazılar olmamasına təssüflənir: “Gələn il Azərbaycan dövləti CEDAW konvensiyası çərçivəsində üzərinə götürdüyü öhdəliklərin icra vəziyyəti ilə bağlı ikinci hesabatını verəcək. 2015-ci ilin fevralında Azərbaycana 17 sahə üzrə 74 tövsiyyə verilib. Amma indiyədək mediada konvensiya çərçivəsində görülən işlərlə bağlı bir dənə də ciddi araşdırma aparılmayıb. Halbuki, bu tövsiyyələrin icra vəziyyəti ilə bağlı jurnalist araşdırması aparılsa, cəmiyyətə xeyli töhvə verilərdi. Ümumilikdə isə gender balansının qorunması sahəsində vətəndaş cəmiyyəti inistutları, dövlət və özəl sektorla yanaşı medianın rolu daha danılmazdır. Çünki media hansı ritorikadan istifadə edərsə, hansı yanaşmanı təbliğ edərsə, cəmiyyət də o istiqamətdə köklənəcək”.



Medianın gender balansının stimullaşdırılmasındakı rolu XARİCİ TƏCRÜBƏDƏ



Araşdırmalar göstərir ki, dünyanın əksər inkişaf etmiş ölkələrində problemin həlli istiqamətində paralel işlər həyata keçirilir. Gender bərabərliyi ilə bağlı qəbul edilən qanunlar, fəaliyyət planları medianı bu məsələdə müttəfiqə çevirir. Məsələn, ABŞ-da gender diskriminasiyasını aradan qaldırmaq və mətbuatın gender məsələlərinə daha korrekt yanaşması üçün gender bərabərliyi məsələləri qanunverici səviyyədə tənzimlənir. Həmçinin, zamanında “Diversity” (“Müxtəliflik”) adlı təşəbbüs həyata keçirilib. Həmin təşəbbüsə görə, təşkilatlar, dövlət qurumları, özəl şirkətlər könüllü şəkildə öz daxillərində qadınların, Afro-amerikalıların, seksual azlıqların təmsilçiliyini artırmalı və bütün növ ayrı-seçkiliyə son qoymalıdır. Paralel olaraq ABŞ-da fəaliyyət göstərən qadın təşkilatları bu problemləri daima nəzarətdə saxlayır, hökumətdən qrant alır, mətbuatı da bu cür məsələlərdə daha diqqətli olmağa sövq edirlər.







Bolqarıstanda isə gender məsələlərini tənzimləmək üçün “Diskriminasiya əleyhinə”, “Qadın və kişilər üçün bərabər imkanlar haqqında”, “Məişət zorakılığına qarşı” qanun qəbul edilib. “Gender bərabərliyinin təbliği və təmin edilməsi üçün Milli Fəaliyyət Planı” qəbul edilərək icra olunur. Fəaliyyət Planın icrası ilə parlament, Ombudsman Aparatı ilə yanaşı vətəndaş cəmiyyəti qurumları və mətbuat da fəal məşğul olur.

Litvada isə Konstitusiya mediada gender bərabərsizliyi ilə bağlı təbliğatlara məhdudiyyət qoyur.





Mediada ciddi şəkildə “gender linzası” tətbiq edilməlidir



Litvadan olan ekspert Vanda Jursinece deyir ki, ölkəsində dövlət orqanları media qurumları ilə sıx işləyir: "Mediada gender bərabərsizliyi ilə bağlı bir hal təbliğ edilərsə, onlar məsuliyyətə cəlb oluna bilərlər. Yəni jurnalistlər cəmiyyətdə bir cinsin digərindən üstün olmasını formalaşdıra bilməz”.

Dörd ildən artıqdır Almaniyada yaşayan gender sahəsində ekspert Ülviyyə Mammədovanın qənaətinə görə, insanların mediada gördükləri real həyatda baş verənlərə təsirsiz ötüşmür: “Siyasət mediada kişilərin arasında baş verən oyun kimi təsvir edildiyi halda, qadınların siyasətdə uğuru təəccüblü hadisə kimi təqdim edilir. Bu səbəbdən önəmlisi mediada qadınlara münasibət forması və bu mövzu ilə bağlı işlədilən ifadə tərzini dəyişməkdir”.







Ekspertin sözlərinə görə, Azərbaycan ciddi şəkildə “gender linzası” tətbiq edilməlidir: “Hazırda bu, beynəlxalq mediada çox az, Azərbaycan mediasında isə heç tətbiq edilmir. Avropa ölkələrinin təcrübəsi göstərir ki, milyonlarla auditoriyanı əhatə edən medianın gücü kişiləri və qadınları səlahiyyətləndirə bilmək qədər böyükdür. Bu mənada gender münasibətləri haqda artıq cəmiyyətdə formalaşmış və daşlaşmış mövcud yanaşmanı dəyişdirə biləcək, ən azından buna müsbət mənada təsir edə biləcək proqramların təşkil edilməsi vacibdir”.



Bütün bunlar göstərir ki, gender balansın stimullaşdırılmasında medianın rolu əvəzsizdir. Əksər ekspertlər o qənatdədir ki, mediada gender balansının stimullaşdırılması üçün ilkin olaraq KİV materiallarında cinsi ayrı-seçkiliyə yol verən ifadələrdən qaçılmalıdır. Cəmiyyətdə gender bərabərliyinə mane olan mental dəyərlərə qarşı müxtəlif bölgələrdə iş aparılmalı, cəmiyyətin müxtəlif sferalarında (siyasət, iqtiadiyyat, idman, ordu) uğur qazanmış və cəmiyyətə örnək ola bilən qadınların uğur hekayələrinə daha çox yer ayrılmalıdır. Bundan başqa qadın hüquqları, gender məsələləri ilə məşğul olan QHT, özəl sektor və medianın əməkdaşlığının gücləndirilməsinə ehtiyac var. Amma hazırda Azərbaycanda yaranmış duruma görə medianın birtərəfli qınamaq da olmaz. Çünki media bu mövzu ilə bağlı sadəcə kimlərəsə meydan verə bilər. Bu meydandan necə istifadə etmək və cəmiyyətə hansı mesajları ötürmək isə həmin təşkilatların üzərində qalır. Həmin qurumların iş və özünüifadə imkanları azaldıqca isə media bugünkü kimi saralmağa başlayır. Nə qədər ki, media öz maliyyə dayaqlarını bazarda axtarmır, diqqəti ictimai əhəmiyyətli problemlərin işıqlandırılmasına yönəltmir problemlər qalacaq. Demək, çıxış yolu həm də demokratikləşmə və müstəqil medianın bərqərar olub peşəkarlaşmasından keçir.





XalidVAHİDOĞLU




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:12 "Biz Şura olaraq daima QHT-lərlə media orqanlarının daha sıx əlaqədə olmasına çalışırıq" - Elməddin Behbud Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Azadinform-a müsahibə verib. Mediaxeberleri.az həmin müsahibəni təqdim edir: - Gələn il Ermənistan-Azərbaycan münaqişəsinin otuz illiyidir. Yeri gəlmişkən bu
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az