t s

» » Şamaxıda kimin sözü keçir: icra başçısının, yoxsa?..

Şamaxıda kimin sözü keçir: icra başçısının, yoxsa?..

3-04-2015, 01:23 Yazar:  Aygün Baxılıb: 873 Çap et
Şamaxıda kimin sözü keçir: icra başçısının, yoxsa?..Rayonda idarəetmədə və mühüm vəzifələrə təyinat məsələsində söz sahibi köhnə müxalifətçi Qasım Qasımovdur

Şamaxıda yenə narazılıqlar yaşanır.

Rayonun ziyalıları icra hakimiyyətində oturuşmuş bəzi məmurların özbaşınalığından ölkə rəhbərliyinə şikayətlidir. Bəs, rayonda nə baş verir? Kimdir, dövlət qulluğunu nəfsinə qurban verənlər? Redaksiyamıza daxil olan məlumatlardan belə qənaətə gəlmək olar ki, Şamaxıda təmsil olunduğu hakimiyyəti nüfuzdan salmağa çalışan bəzi qüvvələr fəaliyyət dairəsini xeyli genişləndirib.

Bildirildiyinə görə bu qüvvələrin başında siyasi oriyentasiyasını çoxdan itirmiş Qasım Qasımov durur. Hadisələrin gedişini izləyən müşahidəçilərin qənaətinə görə, icra başçısı Asif Ağayevin zəif idarəçiliyində onun I müavini Qasım Qasımovun daha artıq nəzərə çarpması müəyyən məqamlara sanki bir işarədir. Düzdür, Şamaxı camaatı üçün sadə, mədəni, hətta kövrək və ziyalı bir başçı obrazı formalaşdırılsa da, bu imic şəxsən Asif Ağayevin əleyhinə işləməkdədir. Baxmayaraq ki, başçının özü də Pirqulu dağındakı obyektlərdən bir neçəsini nüfuz dairəsinə əlavə edib. Son bir neçə ilin statisikasına nəzər yetirilsə, Şamaxının səfalı guşələrində torpaq sahələri əldə etmiş məmur və işadamlarının əksəriyyəti Asif Ağayevlə sıcaq münasibətdə olanlardır. Lakin bunlar icra başçısının I müavini Qasım Qasımovun əməlləri ilə müqayisədə əhəmiyyətini itirmiş kimi görünür. İcra başçısı müavinin əli ilə Pirquluda və rayonun başqa mənzərəli yerlərində torpaq satışı ilə dolayısı ilə məşğul olur. Həmin ərazilərdə yaşayan sakinlərin torpaqları isə, müxtəlif bəhanələrlə zorla əllərindən alınır. Şamaxı rayon icra aparatının başçısı Asif Ağayevin etibarını qazanmış Qasım Qasımovun bu əməlləri yuxarıların diqqətini nədənsə cəlb etməyib.

“Get Qasım müəllimin yanına”

Qeyd edək ki, Qasım Qasımovun keçmiş icra başçısı Asif Məmmədovla münasibəti heç də sıcaq deyildi. Buna səbəb kimi, Qasım müəllimin hələ vəzifəyə gətirildiyi ilk günlərdə başçı tərəfindən şapalaq cəzasına “layiq” görülməsi göstərilir. Bu iki vəzifəli şəxs arasında qızışan mübahisə bir ara açıq müstəvidə getsə də, sonradan yuxarı pillədəki himayədarların iştirakı ilə tərəflər arasında barışıq əldə edildi. Təbiətən müşahidəçiliyi ilə seçilən şamaxılılar bu “atəşkəsin” son vaxtlar yaxın dostluğa çevrildiyini israr edir. Hər halda Qasım müəllimin Asif Ağayevin qarşısından qaçmadığı, ona necə deyərlər, öz şərtlərini qəbul etdirdiyi qənaətindəyik. Bu şərtlərin nədən ibarət olması hələlik tam şəkildə məlum deyil. Lakin hadisələrin inkişafı fonunda bəzi sirlərin üstü açılır. Baxmayaraq ki, başçı-I müavin tandemi rayonda bu “qoşa qanadın” davranışlarında hər hansı bir problemin olduğunu hər vasitə ilə inkar etməyə hesablanıb. Bununla belə son zamanlar Şamaxıdan paytaxta axan şikayət məktublarının xeyli artmasını da nəzərdən qaçırmayaq. Belə, məktublardan bir qismi də mətbuata ünvanlanıb. Maraqlıdır ki, bu məktubların əksəriyyətində icra başçısı Asif Ağayevin öz müavini Qasım Qasımovun təsiri altına düşdüyü əksini tapır. Məsələn, qeyd olunur ki, başçı faktiki olaraq rayonun idarəçiliyindən kənarlaşdırılıb. Ona edilən vətəndaş müraciətlərinin demək olar ki, hamısı Qasım Qasımov tərəfindən cavablandırılır. Hətta iş o yerə çatıb ki, Şamaxıda mühüm vəzifələrə təyinat məsələsi əsasən Qasım müəllim vasitəsilə “həllini” tapır. Yeri gəlmişkən, Şamaxıda rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyevin Qasım Qasımova “işlədiyi” barədə rayon ziyalıları zaman-zaman həyəcan təbili çalıb. Təəssüf ki, buna hələ də ciddi reaksiya verilməyib. Deyilənə görə icra başçısına müraciət edənlər ardınca bunu eşidir: “Get Qasım müəllimin yanına”.

İzi itirilmiş büdcə vəsaitləri

Fürsət düşdükcə, Qasım Qasımov Şamaxı şəhərində aparılan tikinti-abadlıq işlərindən yetərli gəlir götürülməsi üçün səylərini də əsirgəməyib. Son bir -iki ildə şəhərin mərkəzi küçələrinin abadlaşdırılması və işıqlandırılması işləri əsasən fiziki şəxslərə həvalə edilib ki, bu yolla yüz minlərlə vəsait öz “sahibini” tapıb. Kağız üzərində gecələri par-par parıldayan gündüzə “döndərilmiş” Şamaxının elə küçələri var ki, gecələr vahiməli və keçilməz olur. Bu məqsədlərə ayrılmış büdcə vəsaitinin isə pay-püş edilməsinə nəzarət yoxdur. Bu məsələni şəxsi nəzarətində saxlayan icra başçısının müavini 2013-2014-cü illərdə rayonda gerçəkləşən digər tender layihələrinin də “münasib” adamlara həvalə edilməsini “nizamlayıb”. Təkcə “Eloğlu-M” şirkətinin vasitəsilə Şamaxı rayon təhsil şöbəsinin 500 min manatlıq vəsaitləri mənimsənilib. Daha doğrusu, rayonun təhsil müəssisələri üçün bu şirkətin vasitəsilə guya bərk inventar, maşın və avadanlıqlar alınıb. Qeyd edək ki, 2013-cü ildə qeydiyyatdan keçirilmiş “Eloğlu-M” şirkəti tender müsabiqələrində iştirak hüququ verən standartların heç birinə uyğun gəlmir. 2013-2014-cü illər ərzində Ağdaş, Neftçala, İsmayıllı və Lənkəranda keçirilmiş tender əməliyyatlarındakı yeyintilərdə də şirkətin adı hallanır. Ümumilikdə bu şirkət vasitəsilə həyata keçirilmiş “nağdlaşmalarda” 1 milyon manatadək vəsaitin “izi” itirilib. Rayonda təhsil, səhiyyə, mədəniyyət sahələrini əhatə edən satınalmalar da Qasım Qasımovun “kurasiyasındadır”. Bu yerdə kiçik bir detalı nəzərinizə çatdırmaq zorundayıq. Şamaxı rayon təhsil şöbəsi sən demə, son 2 ildə rəsmxətt ləvazimatlarının satın alınmasına nə az-nə çox, düz 96100 manat xərcləyib. Hanı bu ləvazimatlar? Rayonunbir sıra məktəblərində rəsmxət fənninin qeyri-ixtisas müəllimləri tərəfindən tədris edilməsi fonunda bu qədər israfçılığın sirlərini təsəvvürə gətirmək çətin deyil. Şamaxıda təhsilin inkişafına ayrılan büdcə vəsaitlərinin dağıdılmasına rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyevin susqun münasibətində də bir mətləb yatır. Belə ki, rayon ziyalılarının bildirdiyinə görə, Eyvaz Eminalıyev mühasibat sənədlərini Qasım Qasımovun ixtiyarına verib.

…Onun “qoruyucu mələyi” kimdir?

Ötənilki bələdiyyə seçkilərində öz siyahısı ilə meydan sulamış Qasım Qsımov istəyinə nail olub. İndi isə sübut etmək istəyir ki, rayonun real idarəçiliyi onun əlindədir. Bu yolla Şamaxı ictimaiyyəti qarşısında özünə müsbət imic formalaşdırmaq yolunda istər-istəməz başçının rəqibinə çevrilib. Bunu Qasım Qasımov çox böyük ustalıqla gizlətməyə də bəzən nail ola bilir. Özü də Asif Ağayevin bacarıqsız, yeyib-içən, idarəçilikdən xəbərsiz bir obrazını yaratmaqla! Əldə etdiyimiz məlumata görə, Şamaxı rayon icra başçısının Əngəxaranda və Pirqulu dağında istirahət guşələrindəki kef məclislərində gün keçirdiyi barədə məqsədli informasiya yayılır. Qasım Qasımovun bu məsələdə hər hansı iştirakı və rolu nədənsə Asif Ağayevin adamları tərəfindən araşdırılmır. Bu məsələdə başçının birinci müavininin “siyasi təcrübə”sinin kara gəldiyini söyləyənlər də az deyil. Onu da qeyd edək ki, Qasım Qasımovun vəzifə başına yeni təyinat aldığı vaxtlarda onun barəsində Şamaxı RİH-nin rəsmi internet saytında yerləşdirilmiş bioqrafik məlumatdan kifayət qədər olmasa da, az-çox bilgilənmək olurdu. Baxmayaraq ki, Qasım Qasımovun həyat yolu barədə geniş bəhs edilmirdi. Qısaca bildirilirdi ki, 1959-cu ildə Şamaxı şəhərində anadan olub. O, 1981-ci ildə Çingiz İldırım adına Politexnik İnstitutunun mexanika fakültəsini bitirib. İxtisasca mühəndis-mexanikdir. Əmək fəaliyyətinə institut komsomol komitəsində başlayıb. 2011-ci ilə qədər müxtəlif vəzifələrdə işləyib. YAP-nın üzvüdür, 2011-ci ildən RİHB-nın birinci müavini vəzifəsinə gətirilib. Çox çəkmədi ki, bu məlumatlar saytdan çıxarıldı. Çünki, elə keçmişin Qasım Qasımovun karyerasına təhlükəsi böyük idi. Elə indinin özündə də bu şəxsin əməllərində siyasi keçmişinin miras qoyduğu “ənənələr” özünü bu və ya digər şəkildə büruzə verməkdədir. Maraqlıdır ki, elə bu amil Qasım Qasımovun siyasi fiqurasına unudulmaqda olan ictimai marağı da sanki canlandırmağa başlayıb. Onun vaxtilə müxalifətçi obrazında hakimiyyət partiyasına qarşı hücumları redaktoru olduğu “Günay” qəzeti vasitəsilə həyata keçirilirdi. Lakin çox çəkmədi ki, Qasım Qasımov idarəçiliyində təmsil olunduğu Demokratik Sahibkarlar Partiyasına da arxa çevirdi. Hakimiyyət partiyasının ən ünlü simalarının kölgəsini qılınclamaqla “şöhrət” qazanmaq istəyən dünənin qatı müxalifətçisini cəlb edən sanki karyera və sərvət idi. Bu məqsədin reallaşması hakim Yeni Azərbaycan Partiyasına üzv olmaqdan keçirdi. Günlərin birində asanlıqla “paqonlarını” dəyişərək əslində özünü və özü kimi müxalifətçiləri təkzib etdi. Artıq cibində YAP-ın partiya biletini gəzdirən Qasım Qasımov üçün tezliklə iş də tapıldı. Ümumiyyətlə, uzun illərin müşahidəsi belə qənaətə yol açır ki, ölkədə dünənki müxalifətçilərin böyük bir qismini məsul vəzifələrdə yerbəyer edən “qoruyucu mələk” var. Kimdir o, hansı imana-əqidəyə xidmət edir, bilinmir. Bütün varlığı ilə milli liderimizin siyasətinə sədaqətli əsl YAP-çıları narahat edən də bu deyilmi? Bu gün Qasım Qasımovun Şamaxıdakı təyinatlara, yığımlara rəhbərlik etməsinin özündə müəyyən mətləblər nəzərə çarpır. Başçının birinci müavini kimi Qasım Qasımov həm də rayon fövqəladə hallar komissiyasına rəhbərlik edir. Lakin rayonda son illərdə baş vermiş təbii fəlakətlər zamanı onun yuxarı instansiyalar qarşısında sərgilədiyi kommunistsayağı raportların fəlakət zonasında əhali tərəfindən narazılıqla qarşılanması da onun rayon hüdudlarında nüfuzuna xeyli zərər vurub. Bu mənada görünür Şamaxı rayonunda əhali arasında birmənalı əminliklə Qasım Qasımovun vəzifəsindən kənarlaşdırılacağını gözləyənlər az deyil. Bu şəxs keçmişindəki parametrlərinə görə artıq Şamaxıda uzun illərdən bəri formalaşmış tayfa maraqlarına da cavab vermir. Belə ki, bir neçə partiya dəyişmiş Qasım Qasımovun bu gün üzvü olduğu YAP-a, təmsil olunduğu hakimiyyətə qarşı barışmaz mövqeyinin “evolyusiyası” sadəcə qəbul edilmir. Sonradan onun hətta nüfuzlu Padar tayfasının ağsaqqallarının da etimadını doğrultmadığı üzə çıxıb. Bu isə başçının I müavininə çox ciddi siqnaldır. Yaxın vaxtlarda icra başçısı vəzifəsinə gətiriləcəyi barədə yaxın çevrəsi vasitəsilə məlumatlar yayılsa da, Qasım Qasımovun vəziyyəti heç də ürəkaçan deyil.

P.S. Adları çəkilən şəxslərin münasibəti dərc oluna bilər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:02 Asif Ağayev rayonda rəsmən xaos yaradıb - Şamaxıda daha bir kənd aksiyaya hazırlaşır Göylər sakinlərindən sonra Avaxlı camaatı da İcra Hakimiyyətinə yürüş etmək fikrindədir Ötən gün xəbər vermişdik ki, Şamaxıda etiraz aksiyası keçirilib. JAM.AZ-a daxil olan məlumata görə, rayonun Göylər kəndinin 200-ə yaxın sakinləri İcra Hakimiyyətinin binasına yürüş edərək, üzləşdikləri
12:06 Daha bir rayonda şok məmur skandalı - Şamaxıda yerli məmurlar bir-birilərinə bıçaq çəkib – İcra başçısı rayonu idarə edə bilmir? Redaksiyamıza yazan Şamaxı sakinləri yerli rəhbərliyin əlindən cana doyduqlarını deyirlər. DİA.AZ-a göndərilən müraciətdə deyilir: “Hörmətli redaksiya. Sizə yazmaqla ölkə rəhbərliyinin nəzərinə çatdırmaq istəyirik ki, artıq Şamaxıda hər şey əhalinin əksinə işləməkdədir. Komunal problemlərdən cana
15:15 Şamaxıda icra başçısına söykənən rüşvət piramidası – İdarə müdirləri ona görə rüşvət alırlar ki... Şamaxı rayonunda səhiyyə sisteminin acınacaqlı durumda olması, bu sahəyə rəhbərlik edən Elxan Məmmədovun isə öz işində yol verdiyi çeşidli qanun pozuntuları ilə mövcud vəziyyəti getdikcə daha da ağırlaşdırması artıq heç kəs üçün sirr deyil. Bununla bağlı DİA.AZ-a rayondan verilən məlumatda deyilir
00:03 İŞİD-dən daha bir dəhşətli qətliam: 45 nəfər diri-diri yandırıldı Polis rəisi qurbanların İraq təhlükəsizlik orqanlarının əməkdaşları olduğunu ehtimal edir. İŞİD terror qruplaşmasının silahlıları İraqın qərbindəki Əl Bağdadi şəhərində 45 nəfəri diri-diri yandırıb. Mediaxeberleri.az-ın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis rəisi polkovnik
10:56 Astaranın icra başçısı yol üstündədir - Onun gediş qərarı verilib Prezident Adminstrasiyası Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bu gün “Azər TAc”da yerli icra orqanlarının fəaliyyəti ilə bağlı məqalə ilə çıxış edib. Məqalədə bildirilir ki, Bakı şəhərinin bəzi rayonlarından və Ağstafa, Ağsu, Astara, Bərdə,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az