t s

» » İcra başçısı Bayılda 10 ailəni küçəyə tökdü

İcra başçısı Bayılda 10 ailəni küçəyə tökdü

1-04-2015, 09:35 Yazar:  Aygün Baxılıb: 638 Çap et
İcra başçısı Bayılda 10 ailəni küçəyə tökdüArif İsmayılov küçəsində bütün evlər şumlandı; təzminatlar fərdi qiymətləndirilir, kompensasiyadan narazı qalanların isə yuvaları zorla yıxıldı; icra nümayəndəsi açıqlama verdi
Bakının Bayıl massivində onlarla ev yerlə-yeksan olunub. Arif İsmayılov küçəsində yerləşən tikililərin əksəriyyəti şumlanıb. Neft buruqlarının əhatəsində salınan bu evlər dövlət ehtiyacı adı ilə sökülüb. Sakinlərə isə kvadratına 1000-1500 manat civarında kompensasiya ödənilib. Ehtimal olunur ki, ərazidə park salınacaq və bulvar genişləndiriləcək.



Martın 31-də mənzilindən kompensasiyanın azlığına görə çıxmayan 10 ailənin evi zorla söküldü. Qəsəbənin 6-cı Mədən, Arif İsmayılov küçəsi - 72 “Z” ünvanında yaşayan ailələr məcburi şəkildə evlərindən çıxarıldı.

Sakinlərin məskunlaşdığı 530 kvadratmetrlik ərazi buldozerin qabağına verildi. Hadisə yerinə cəlb olunan polislərin müşayiəti ilə evlər uçurulmağa başlandı. Söküntü işlərinə isə Səbayel Rayon İcra Hakimiyyətinin nümayəndəsi Qurban İsmayılov nəzarət edirdi.

***
Evsiz-eşiksiz qalan sakinlərin yeganə tələbi yuvalarının yıxılmasına görə ədalətli kompensasiya ödənilməsidir. Onların sözlərinə görə, təzminatın verilməsində ədalətli bölgü aparılmır. Bəzi mülklərə kvadratına görə 1000 manat, bəzilərinə 1200 manat, hətta bir neçə evə 1500 manatdan kompensasiya ödənilib.

Ancaq sözügedən ünvanda yaşayan bu 10 ailəyə kvadratına 800 manatdan kompensasiya ödəniləcəyi bildirilib. Sakinlərə bunun səbəbi izah edilməyib. Mülki sahibləri də öz növbəsində irəli sürülən təkliflə razılaşmır. Onlar bildirirlər ki, bu məbləğlə manatın dəyərdən düşdüyü bir vaxtda Bakıda heç yerdən ev almaq mümkün deyil.

Ailə başçısı Həsən Həsənov: “Böyür-başımızda evləri söküblər. Hamısına kvadrata görə azı 1000 manatdan verilib. Bizə 800 manatdan təklif elədilər. Qurban müəllim deyir ki, bu qədər ödəniləcək, vəssalam. Nə bir söküntü haqda əmr var, nə bir sənəd təqdim olunub. Gəlib şifahi şəkildə deyirlər ki, bu yeri sökəcəyik. Mən ailəmlə 15 ildir bu evdə yaşayıram. Bizim dövlətdən tələbimiz budur ki, camaata 1200-1500 manatla verilib, bizə də verilsin”.
Ev sakini Həvva Həsənova deyir ki, onlara qarşı haqsızlıq edilir: “Burda 10 ailədir. Hamı da qeydiyyatdadır. Bircə bu 10 ailəni razı salmırlar. Bizə elə pul verilsin ki, yaxınlıqda ev ala bilək. Mən bu yaşımda hara gedim, kimə sığınım? Hər yerə də müraciət eləmişik. Səbayelin icra başçısı Asif Əsgərova yazmışıq. Ancaq Qurban müəllim deyir ki, 800 manat olacaq”.
Ehtiyatda olan zabit, ev sahibi İlqar Əliyevin sözlərinə görə, 13 il, 6 ay Azərbaycana qulluq edib: “Biz vətən üçün canımızı qoymuşuq. Bu da axırı... Erməni əsgəri bayraq qaldırıb Azərbaycan tərəfə keçir. Yaxşı, onda biz hara gedək?

Camaat 500 manat pensiya alır, mənə 300 verilir. Yenə dinmirəm. Heç olmasa, evimizi sökəndə ədalətli olsunlar. Burda hər kəs ayrı yaşayır. Hamının giriş-çıxışı ayrıdır. Gözləyirik, görək nə olacaq. Prezidentə, Mehriban xanıma, Səbayelin icra başçısına müraciət etmişik. Qonşularımızda 1300-1500 manatdan alanlar var. Bizə niyə 800 manatdan yazırlar? Bu pulla heç yerdə ev almaq olmur. Neçə gündür ki, ev axtarırıq, amma çox bahadır".
Sakinlər qeyd edirlər ki, hüquqi cəhətdən heç bir qanuna əməl olunmur. Onlara nə bildiriş verilib, nə Qiymətləndirmə Komissiyasının qərarı var. İcra nümayəndəsi olan Q.İsmayılov üç mənzilin üzərinə şərti olaraq 174, 178 və 179 işarələri qoydurub. Bu da digər 7 ailənin qanunsuz şəkildə mənzilindən məhrum olunması deməkdir. Sakinlər prezidentin çıxışını yada salaraq Bakıda dövlət ehtiyacı üçün sökülən mənzillərə kvadratı 1500 manatdan kompensasiya verilməli olduğunu qeyd edirlər.
***
Sakinlərin hüquq müdafiəçisi Bəxtiyar Məmmədovdur. Onun sözlərinə görə, məhkəmə qərarı olmadan söküntü işləri aparıla bilməz. Hüquq müdafiəçisi sakinlərin pozulan hüquqları ilə bağlı dövlət başçısına müraciət edib.

B.Məmmədov bu prosesdə heç bir qanuni prosedura riayət olunmadığını düşünür: “Nə mənə, nə sakinlərə bir sənəd təqdim olunub. Qurban İsmayılova da müraciət etmişəm ki, sakinləri incitməyin. Ailənin əsas hissəsini qadınlar təşkil edir, onları həyəcanlandırmayın. Ancaq hədə-qorxu, təzyiq yolu seçiblər. Prezidentin göstərişi var ki, qiymətləndirmə mənzil bazarına uyğun olmalıdır”.

Söküntü ərazisində olan icra nümayəndəsi Q.İsmayılov isə əvvəlcə “Yeni Müsavat”a danışmaqdan imtina edərək ərazini tərk etmək istədi. Daha sonra geri qayıdaraq sakinlərin şikayətini dinlədi. O, “Yeni Müsavat”a bildirdi ki, heç bir qanunsuz söküntündən söhbət gedə bilməz.

İcra nümayəndəsinin sözlərinə görə, bu evlər qeyri-qanuni tikilib: “Buna baxmayaraq, dövlət onlara pul verir. Mənzillərə baxış keçirilir və ekspertlər tərəfindən qiymətləndirilir. Burada bizim iştirakımız yoxdur. Sadəcə, hər bir evin öz qiyməti var. Hər evin tavanı, döşəməsinə qədər hesablanır, pul ödənilir. Dövlət əhəmiyyətli işlər üçün burada söküntü aparırıq. Heç kəsə qarşı qeyri-obyektiv yanaşma yoxdur”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:33 Dövlət adı altında talançılıq - (Araşdırma) ...Hər şey Qurban Abbasov küçəsi, 33 ünvanındakı binanın (Səbayel Rayon Məhkəməsinin binasının düz böyründə, Dövlət Bayraq Meydanından bir qədər aralıda) sakinlərinin polisin gözü önündə küçəyə atılmasından başlamışdı. Virtualaz.org və haqqin.az saytları bu haqda yazmış və bildirmişdi ki, həmin
02:27 Abidin Fərzəliyevin silah cəbbəxanası-Siyahı İcra başçısının kolleksiyasında qiyməti 30 min avro olan ov tüfəngləri də varmış Bir müddət əvvəl dövlət başçısı İlham Əliyev keçirdiyi müşavirələrdən birində məmurlara xitabən bəyan etmişdi ki, özbaşınalıq, qanunsuzluq və harınlıqla məşğul olacaqları təqdirdə tərəfindən cəzalandırılacaqlar. Bu
16:24 Qanunsuz evlər sökülməyəcək - ŞAD XƏBƏR “Söküntü işləri qeyri-müəyyən vaxtadək təxirə salınıb”. Bu sözləri axar.az-a SOCAR-ın Hüquq İdarəsinin rəis müavini Tərlan Tahirov ARDNŞ ərazisində qanunsuz olaraq tikilən evlərin taleyinə münasibət bildirərkən dedi. Qurum rəsmisinin sözlərinə görə, evlərin söküntüsü ilə bağlı məhkəmə qərarı var,
14:49 TƏHLÜKƏ - Bakıda bu bina uça bilər (VİDEO) Suraxanı rayonu, Ələkbərov küçəsi, 41 ünvanında yaşayan sakinlər bir gün binanın onların üzərinə uçacağından ehtiyat edirlər. Mediaxeberleri.az xəbər verir ki, ANS TV-nin məlumatına görə, sakinlər deyirlər ki, tikili günü-gündən dağılır. Yaşayış evində məskunlaşan 7 ailə dözülməz həddə çatan
10:56 Astaranın icra başçısı yol üstündədir - Onun gediş qərarı verilib Prezident Adminstrasiyası Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bu gün “Azər TAc”da yerli icra orqanlarının fəaliyyəti ilə bağlı məqalə ilə çıxış edib. Məqalədə bildirilir ki, Bakı şəhərinin bəzi rayonlarından və Ağstafa, Ağsu, Astara, Bərdə,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az