t s

» » Sərxan Carçı: “Əzrail” Firqəsi

Sərxan Carçı: “Əzrail” Firqəsi

31-07-2018, 21:36 Yazar:  Gülnar Baxılıb: 317 Çap et
Sərxan Carçı: “Əzrail” Firqəsi
Sovet İmperiyasına qarşı silahlı anti-sovet təşkilatı olan “Əzrail” Firqəsi barədə cəmi bir dəfə eşitmişdim. Repressiya qurbanı olmuş kəndçilərimizin siyahısı üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində araşdırma apararkən nəzarətçi iki qovluq verib dedi ki, sən öncə bunları incələ, siyahıda təqdim etdiyin insanların hamısı burada var. Gözlərimə inanmadım. İki hissədən ibarət olan bu qalın qovluqlar “Əzrail” Firqəsinin cinayət işi idi. Adətimə uyğun olaraq qovluğu axır səhifələrindən vərəqləməyə başladım. İlk qarşıma çıxan ad “Sanıyev Musa İlyas oğlu” oldu. Sanıyev Musa İlyas oğlu kəndimizin dəyərli böyüklərindən olan Sabir Çaylının atasıdır. Sabir bəy Çaylı ilə söhbətlərimizdə o atasının hansısa təşkilata üzv olduğu üçün 30-cu illərdə sürgün olunduğunu demişdi. Arxiv sənədlərindən bəlli oldu ki, Sabir bəyin atası Musa Sanıyevin üzv olduğu təşkilat “Əzrail” Firqəsi imiş. Daha sonra isə Musa Sanıyev müharibəyə çağırılıb. Müharibədə rus zabitlərinin ədalətsiz davranışlarına qarşı çıxdığı üçün Beriyanın göstərişi ilə siyasi ittihamlarla həbs edilib və elə həbsdə dünyasını dəyişib.

Doğma babam (babamın atası) Musa Carçıyevin adını və fotosunu “Əzrail” Firqəsinin həbs olunanları siyahısında görəndə keçirdiyim hissləri izah etmək çətindir. Biz onun 37-ci ildə həbs edilib, güllələndiyini bilsək də, 31-ci ildə siyasi dustaq olaraq üç il müddətinə sürgün olunduğunu bilmirdik. Bu yerdə DTX-nın arxiv xidmətlərinin əməkdaşlarına bir daha təşəkkür edərək yazıram ki, babam barədə hələ bu araşdırmalarımdan öncə göndərdiyim sorğunu xüsusi ciddiyyətlə araşdıraraq cavablandırıblar. Çünki göndərdikləri foto mənim onlara verdiyim informasiyadan (1937- 38-ci illər həbsindən) deyil, 31-ci ildəki həbsində , “Əzrail” Firqəsi işi qovluğundandır. 38-ci il qovluğunda isə fotosu yoxdur.

Musa Carçıyevin kiçik qardaşı Carçı Carçıyevin də adını “Əzrail” Firqəsi işində həbs olunanlar siyahısında oxumaq bizim üçün yeni xəbər oldu. Çünki onun siyasi işlər üstündə həbs edildiyini yaşlı nəsildən heç kim danışmamışdı.

DTX arxivindəki araşdırmalarıma paralel olaraq “Əzrail” Firqəsi barədə başqa mənbələrdə də, axtarışa başladım. Cəmi iki yerdə bu firqə barədə məlumata rast gəldim, etnoqraf İsmayıl Umudlunun “Salahlı eli” və Ali məktəblər üçün mühazirələr toplusu olan “Azərbaycan Tarixi XIX-XXI əsrin əvvəli” kitabında.

Araşdırmalarımdan gəldiyim qənaət bu idi ki, “Əzrail” Firqəsi, gizli Müsavat təşkilatının silahlı bir qoludur. Çünki doğmalarımın simasında Çaylıdan və digər kəndlərdən olan gizli Müsavatçılar “Əzrail” Firqəsinin üzvü olaraq 1931-ci ilin yanvar ayında həbs ediliblər. Amma Çaylının bütün repressiya qurbanlarını, onların cinayət işlərini ayrı-ayrı araşdırdıqca bəlli oldu ki, “Əzrail” Firqəsi təkcə gizli Müsavatın yox, həm də gizli İttihadın bir qolu olub. Kəndimizin İttihadçıları da bu firqənin üzvü olublar.
Tarixdən bəlli olduğu kimi tək mübarizə aparmağın çətinliyini görən gizli Müsavat və gizli İttihad təşkilatları (hətta gürcü menşevikləri) birləşiblər və Azərbaycanın müxtəlif əyalətlərində fərqli ad altında fəaliyyət göstəriblər. Onlardan (bildiyimiz qədəri) ikisi Qazaxda fəaliyyət göstərib. “Həqiqət Ordusu” və barəsində yazdığım, təxminən 1929-cu ildə yaradılmış “Əzrail” Firqəsi.

“Əzrail” Firqəsinə və “Həqiqət ordusu”na daha çox Daş Salahlı kəndində rəğbətin olduğu deyilir. Daş Salahlının bütün respublikada tanınan, böyük nüfuz sahibi olan koxası Məmməd Koxa “Həqiqət Ordusu”nun üzvü olub deyə bu sözləri “Həqiqət Ordusu”na aid etmək olar. Amma sənədlərdən açıq-aydın görünür ki, “Əzrail” Firqəsinə daha çox Çaylı kəndində rəğbət var imiş. Hətta ölkənin bir çox əyalətini əhatə edən, Batumiyə qədər əlaqəsi olan bu təşkilat Çaylıdan idarə olunurmuş. Təşkilatın üzvlük vəsiqələri də, Çaylıda paylanırmış. Böyük təəssüflə deyim ki, cinayət işi sənədlərində haqqında çox yazılan vəsiqələrdən bir dənəsi belə qovluqda yox idi.

Təşkilatın Çaylıda rəhbəri isə, həbs olunanlar siyahısında olmasa da, sənədlərdə adı dəfələrlə keçən Tat oğlu Molla Həsən olub. Nə qədər çalışsam da Molla Həsənin kimliyini dəqiqləşdirə bilmədim. Amma onu deyə bilərəm ki, kəndimizə Cənubi Azərbaycandan da köçüb gələnlər var və kənd əhalisi ənənəvi olaraq cənubdan gələnlərə “tat” deyir. Ehtimalım odur ki, Molla Həsən hadisələr zamanı İrana keçib və geri dönməyib.

Həmçinin “Əzrail” Firqəsinin sənədlərində adı keçən, amma həbs edilməyən, 37-ci ildə həbs edilən Çaylı kənd sakini Məhəmməd Sanıyevin cinayət işindəki bir çıxarışda onun “Əzrail” firqəsinin Çaylıda başçılarından biri olduğu yazılıb.

Təşkilatın mərkəzinin Çaylı olduğunu həbs olunanlar siyahısından da görmək olar. 1930-cu ilin dekabr ayında başlayan əməliyyat nəticəsində, 1931-ci ilin yanvar-fevral aylarında 120 nəfər firqə üzvü saxlanılıb. Bir neçə ay davam edən məhkəmədən sonra, Aprel ayında, yarısı təkcə Çaylıdan olan 33 nəfər barədə hökm çıxarılır. Çoxu üç il müddətinə olmaqla İslah Əmək Düşərgəsinə sürgün olunurlar.

“Əzrail” Firqəsi işində həbs olunanların siyahısı

Qazax şəhəri

1. Dilbazov Cəlal ağa, Camal ağa oğlu-29 yaş.
2. Hacı Rəsulov Abduləli-33 yaş.
3. Muradov Seyfulla-32 yaş.
4. Vidadov Abdulla -37 yaş.


Dağ Kəsəmən

5. Muradov Məmməd İsmayıl oğlu-60(65) yaş.
6. Abdullayev Alı Elçi oğlu-45 yaş.

Qıraq Kəsəmən

7. Məhərrəm Həsən oğlu-40 yaş.
8. Hacı Kərim Qəhrəman oğlu-45 yaş.
9. Nəcəf Həsən oğlu Arıxov-38 yaş.
10. Kəbi Məmməd oğlu Arıxov-80 yaş.
11. Əli Mustafa oğlu Sofiyev-45 yaş. (Pirlidə yaşayır)
12. Talıb Əli oğlu-27 yaş. (Hüseynbəyli kəndi)
13. Əjdər Hacı oğlu-26 yaş. (Hüseynbəyli kəndi)
14. Ziyaddın Məmməd oğlu-32 yaş. (Hüseynbəyli kəndi)
15. Nemət ağa Abbasqulu bəy oğlu-40 yaş. (Xalfalı kəndi)
16. Qafar Məmməd oğlu-40 yaş. (Xalfalı kəndi)
17. Qələndar Mənsur oğlu-40 yaş. (Molla Cəfərli kəndi)
18. Molla Abdulla Eyyub əfəndi oğlu-74 yaş. (Faxralı kəndi)
19. Almaz ağa İsgəndər ağa oğlu Şıxlinski-52 yaş. (İkinci Şıxlı)

Çaylı

20. Abduləzim Hacı Mahmud oğlu Bənnayev-27 yaş.
21. Carçı Abbas oğlu Carçıyev-27 yaş.
22. Allahverdi Hacı İsgəndər oğlu Sanıyev-53 yaş.
23. Musa Abbas oğlu Carçıyev-27 yaş.
24. Musa İlyas oğlu Sanıyev-37 yaş.
25. Məhəmməd Həsən Hacı Sərdar oğlu-45 yaş.
26. Məşədi Abbas Əli oğlu-75 yaş.
27. Məşədi Alı Novruzov-70 yaş.
28. Qasım İsmayıl oğlu Sanıyev-30 yaş.
29. İsmayıl Eyvazov-30 yaş.
30. Oruc Şıxı oğlu-30 yaş.
31. Salman Eyvaz oğlu-35 yaş.
32. Allahverdi Qezqi (Göşşü) oğlu-35 yaş.
33. Qadir Hacı oğlu-28 yaş.

Qeyd edim ki, “Əzrail” Firqəsinin cinayət işində, Çaylı kəndində doğulub boya-başa çatmış, böyük mütəfəkkir Hacı Kərim Sanılının da adı dəfələrlə hallanır. Şahid ifadələrində onun barədə deyilən bir cümlə ayrıca araşdırma mövzusudur. M. Ə. Rəsulzadəni yaxşı tanımadığı görünən şahid deyir ki, bu təşkilat H.K. Sanılının başçılığı ilə hansısa Məhəmməd Əmin Rəsulzadə ilə əlaqələnir.

Həmçinin dəfələrlə həbs olunan H.K. Sanılının 1937-ci ildəki həbsində ona qarşı qaldırılan ittihamlardan biri də, “Əzrail” Firqəsinin yaradıcısı olmağı ilə bağlıdır.

Sərxan Carçı: “Əzrail” Firqəsi




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az