t s

» » Gülnarə İsrafil: "Yəsin surəsinin beş ayəsi"

Gülnarə İsrafil: "Yəsin surəsinin beş ayəsi"

6-04-2018, 16:58 Yazar:  Gülnarə İsrafil Baxılıb: 129 Çap et
Gülnarə İsrafil: "Yəsin surəsinin beş ayəsi"
Bağışlayan və mehriban Allahın adı ilə.
1. Yəsin
2. And olsun həkim olan Qurana
3. Həqiqətən sən risalət verilmiş peyğəmbərlərdənsən
4. Düz yoldasan
5. Quran Əziz və Rəhim olan Allah tərəfindən endirilmişdir.


"Bismilləhir rahmənir rahim"

Bağışlayan və mehriban Allahın adı ilə.

Bi-ilə, İsmi-adı, sözün kökü ismundur, iləh- əl iləhdir kök iləhundur. Rahmən- bağışlayan , Rahim-mehriban, Allahın sifətləridir.
Əslində iki “i” yanaşı gəldiyinə görə, ismundakı “i” düşüb bismi olub. Bi birləşdiyi sözün sonunu da kəsrələyib, əl-il olub.
Əllah sözünün əvvəlindəki müəyyənlik bildirən “əlif ləm” artiklın “əlif”i vəsilə rolunu oynadığına görə oxunmur özündən sonrakı sözlə birləşdirir, ləm isə təşdidlənir yəni iki “L” hərfi qoşa yazılır birincisi sakin, ikincisi hərəkəli və yerində qalır, olur “Bismilləh”.

Gördüyümüz kimi Əllah və sifətləri əl artiklla müəyyən yazılıb, dəyişməz olaraq bütün surələrdə eyni qaydada yazılacaq.

Təkcə Əllah kəlməsində “Ləm” hərfi, hərəkəyə uyğun olaraq dəyişir. Əgər Əllah kəlməsindən öncə “zəmmə” və “fəthə” gələrsə “Ləm””Lam”qalın- təxfim oxunur, əgər kəsrə gələrsə “Ləm” incə- tərqiq oxunur. Quran elmində buna “ləfzi cəlalə” deyilir.

Rahmən və Rahim: Canlı və cansızda olmayan yalnız Allaha məxsus zatı sifətlərdir.
Allah və sifətlərə müəyyənlik verilməklə onun təkliyi, bənzərsizliyi, digər Tanrılardan fərqliliyi, müəyyənliyi, yeganəliyini, qüdrətliliyini, elmliliyini, əzəliliyini və əbədiliyini, sonsuzluğunu, bütün sonların ona dayandığını açıqlayır. Bu iki sifət onun böyüklüyünü, mehribanlığını, necə mərhəmətli və bağışlayan olduğunu, dünya və axirəti əhatə etdiyini aşılayır. Belə ki, insanlar onun nurundan var və onun nurunda var olacaqlar.
Tanrılar isə daşa, ağaca, bütə, səma cisimlərinə, olimp tanrılarına və s, deyilir.
Onu da qeyd edim ki, tanrılarda olan bəşəri sifətlər Allahda yoxdur.
Və bütün surələrin başlanğıcı özü ilə başlayır, tək tövbə surəsindən başqa.

Bağışlayandır, Allah, yaratdığı insanını hansı əməlin sahibi olursa olsun, bağışlayır, ac qoymur, sahibsiz buraxmır bir şəkildə onu digər insanın əli ilə, verdiyi ruzilərlə himayə edir. Necə ana öz övladını sona qədər tərk etmirsə bax o da eləcə. İndi deyəcəksiniz bəzi analar tərk edir, o ana deyil, o dünyaya gətirən mexanizmdir hissiz, duyğusuz... Allahın, əsmaul-hüsnada bir adı da himayə edəndir.

Mehribandır, yaratdığını sevgi dolu yaradıb və əskiksiz qüsursuz yaradıb. Özü öz əli ilə ilk bəşəri yaradanda, onlarda hansı qüsur vardı ki, heç bir qüsur yoxdur.
İnsanın doğuşunda onu dünyaya gətirən insanların üzərində vacib şüur hökm sürür. Qüsurlu yaradılış var ki, əslində o yaradılış da qüsursuzdur.
Valideyinlər, uşağın doğuluşundan qabaq, önləmələrə, uyub uymamağa diqqət yetirməlidilər. Biri şikəst doğulmuş uşağını Allahın üstünə yıxırsa bu ona ümumi verdiyi nemətinə daxil deyil və uşağın şikəstliyində də günahkar uşağı dünyaya gətirənlərdir. Şüurdan, zəkadan, elmdən istifadə etmək üçün azacıq düşünmək lazımdır. Hətta, Allah ona öz günahını yükləyənlərə mehribandır. Mehribanlıq bununla bitmir, biz sadəcə kiçik bir misal çəkmək istədik.

Bizdə kök salan ibtidai düşüncə indiki dövürdə insan zəkasından silinib getməlidir. Quranda insana tam azadlıq və seçim verilir, qiyamət günü də azadlıqdan və seçimdən doğan yalnışlarda hesab kitab, sorğu sulal olunacaq.

Allah insanlara nemətini tam verdik deyir: Bəli, ümumi nemətlərin hamısını və gözəl şəkildə o verib. Xüsusi, insanın qazandıqları şeylər var ki, onlar insanın yaşamına təsir edir. İnsan özünün düşmənidir də dostudur da.

Öncə onu qeyd edim ki, Yəsin surəsinin heç bir ayəsi dünyasını dəyişmişlərə aid deyil. Amma Yəsini dərk olunan səviyyədə çatdırmaq, dərkə səbəb olmaq, insanları maarifləndirmək böyük savablardan biridir. Əslində, dirilərə, Allahın, qiyamətin, axirətin və digər şeylərin var olduğunu çatdırmaq üçün fürsət yaranır.
Bunun fəlsəfəsi odur ki, yəni hər kəs dünyadan köçəcək, hər kəs bu dünyada ölümü dadacaq, ölümün qaçılmaz olduğu hər kəsə xatırladılmalır.

Quranda surələr iki yerə ayrılır. Məkkə və Mədəni. Bu surə Məkkədə nazil olub. Səksən üç ayədən ibarətdir. İlk on ayəsi Allahın sifətlərinə, Qurana və Hz. Peyğəmbərin nübüvvət-peyğəmbərlik məqamına, ona iman gətirənlərə və gətirməyənlərə aiddir. Bu hissəsini açıqlayaq ayə-ayə daha sonra digər hissəsinə keçid alarıq. İlk ayəsi iki hərfdən ibarətdir. Buna Quran elmində müqəttəə hərfləri deyilir. Ümumi bu hərflər hansı surənin önündə gəlsə həmin surənin çox önəmli olduğunu bildirir.
Yə, sin.
"Yə" xitabdır, iki hərəkə yəni hərf miqdarında, "Sin" altı hərf miqdarında uzanır. Bu həmin hərfin ləfzi mənasına və qiraətin ləfzinə gözəlliyinə aiddir. Amma dediyimiz kimi, əgər hansısa surənin önündə gəlirsə onun daha çox önəmli olduğunu və vacib üstün surə olduğunu çatdırır. Bəzi din alimlərinin təfsirinə görə? Yəsin peyğəmbərlərin adlarından biridir. Alimlər belə qənaətdədirlər ki, sonrakı ayələr ki, yəni üçüncü ayə və davamı peyğəmbərdən bəhs etdiyinə görə bu fikiri qəbul etmək olar. Yəni, Allah ilk ayədə öz Rəsuluna xitab edir. Həm də bir tərəddüd qoyur. İstəsəniz bu barədə ayrıca araşdırma və təfsir kitablarına müraciət edə bilərsiniz. Bir də onu qeyd edim ki, müqəttəə hərfləri hansı surənin önündə gəlirsə o hərflərdən sonra Qurandan söz açılır. Deməli, o hərflər Quranın qüdrətini möhtəşəmliyini, çox önəmli bir kitab olduğunu bildirir. Yusif surəsi və digər surələri buna misal çəkmək olar.

"Vəl Qurənil həkim" -And olsun, həkim olan Qurana.

Burda "vəv" ətifdir. And "vəvi"dir. Ərəb qrammatikasında and gəlirsə onu bir daha təsdiq edir, əzəmətini və hörmətini göstərir.

İnsan zəkasında Quranın həkimliyinə sual yaranır deyilmi?

Həkim canlı insana deyilir əslində, bəli, burda da Quranı Allah canlı həkim olaraq təqdim edir. Necə insanın cismini həkim sağaldırsa, Quran canlı həkim olaraq, həm cismin həm də ruhun xəstəliyini aradan aparır. Bir gün biri, Hz. Peyğəmbərin yanına gəlir ki, ey Allahın Rəsulu mənə dua yaz, xəstələnmişəm. Həzrət buyurur: "Təbibə get" Burda məqsəd insanları həkimdən uzaqlaşdırmaq deyil. Əksinə Quranın yol göstərdiyinə, insanların insan kimi formalaşmasına, cismən, ruhən canlanmağına xidmət etdiyini yüksək səviyyədə təqdim edir. Əgər, Quranı dərk etmirsənsə, onu öz həyatına tətbiq edə bilmirsənsə, onun ruh üzərində heç bir təsiri də olmur. Ona görə ki, ruha, qəlbə çatmır, dildən söz olaraq keçib gedir. Yəsinin hər bir ayəsi doqquz dəfə digər ayələrdən ağır, nurlu, əzəmətli ayədir. Dinin dediyinə görə, Yəsini doqquz mələk endirib, digər surələrin ayələrini isə iki mələk endirib. Hədislərdə,Yəsin, Quranın ürəyi olaraq təqdim edilir, gəlin düşünək ki, bütün canlıları idarə edən onun ürəyidir. O öz ritmini itirdiyi bir anda, bu dünyada həyat bitir. Bəli, Quranın tanıtımı, həkimliyi, hikmətli olduğu, Yəsinin bu ayəsindən başlayır.

İnnəkə lə minəl mursəlin- Həqiqətən sən mürsəl peyğəmbərlərdənsən. (Mürsəl, risalət verilmiş) Yəni şəriət.

İnnə- həqiqətən, kə- sən, lə- təsdiq ləmidir, min- dan, dən şəkilçisidir, əl artikldır müəyyənlik bildirir, mursəl-risalət verilmiş.

Bildiyimiz kimi, beş ulul əzim peyğəmbər var. Nuh, İbrahim, Musa, İsa, Hz. Muhəmməd.

Əlbətdə adları çəkilən peyğəmbərlərdən başqa Adəm və digər peyğəmbərlərə də, səhifələr göndərilmişdi, risalət verilməmişdi. Amma o səhifələrdə yaxşı işlərə dəvət, pis işlərdən çəkindirmək yox dərəcəsində deyildi. Adəmin öz oğullarını həsəd hissindən uzaq olmağa dəvət etməsi bunu sübut edir. Buna, əmr be məəruf, nəhy əz münkər deyilir. Yaxşı işlərə dəvət, pis işlərdən çəkindirmək.
Rəsulu Əkrəmin yaşadığı dövrdə şərab, pozğunluq, oğurluq, quldurluq baş alıb getmişdi. Əvvəl də risalət gəlməsinə baxmayaraq, Hz. Peyğəmbərin dövrünə qədər insanlar tam yollarını azaraq heyvani sifətlərə düşmüşdülər. Belə bir cəmiyyətə risalətin gəlməsi şərt olmuşdu. Bu hal beş peyğəmbərin dövründə cəmiyyətin çox pis hala qalmasından irəli gəldiyinə görə, Allah risalət qapısını açıb öz rəhmətini peyğəmbərləri vasitəsi ilə lütf eləmişdi.

Biz, Quranı təhlil etsək və dünyada yaranmış izmlərdən məlumatlı olsaq görəcəyik ki, Allahın haram buyurduğu şeylər ilk başdan öz haramlığında haram, öz halallığında halal imiş. Bir şey əvvəldən halal sonradan haram olmadığına içimizdə bir yəqinliyimiz yaranacaq, çünki buna dair ayələr, izmləri əhatə edən çoxlu sayda tarixi məlumatlar var. Bəziləri, şərabın halallığına bəraət qazandıraraq, öncəki peyğəmbərlərin dövrünü misal çəkirlər. Dərk etmirlər ki, peyğəmbərlərin öz yaxınları və bir qism, İlahın yəni Allahın təkliyinə inanmadıqlarına görə yaxud şəriklər qoşduqlarına görə yeni-yeni inanclar uydurub, özlərinə tərəfdaş topladıqları halda belə haramların yaranmasına səbəb olmuşdular.

Bu ayə risalətin gəlmə səbəblərini, vacibliyini və Muhəmməd s.a. s. Peyğəmbərliyini təsdiqləyir. Çünki, ayədə qrammatik cəhətdən "lə" təsdiqi var. Həqiqətən sözü özü də təsdiq mənasındadır. Bir ayədə iki təsdiq gəlib.
Deməli, birinci ayə müqəəttə hərfləri surənin önəmini, əzəmətini, ikinci ayə Quranın canlı həkim və hikmətlərlə zənginliyini, üçüncü ayə risaləti yəni şəriət və Peyğəmbərin Peyğəmbərliyini təkidlə təsdiqlədi...

Alə sıratim mustəqim- Düz yoldasan.

Alə- da, də şəkilçisidir, sırat-yol, müstəqim-doğru düzgün deməkdir.

Əvvəlki ayələrdə qeyd etdik ki, Peyğəmbərlərin yaxınları, doğmaları onları incidib. Onlardan biri də Hz. Mühəmmədin əmisi, Əbu Ləhəbdir. Onun pis əməllərinin qarşılığı olaraq bir surə endirilib. Tarixdə onun o qədər çirkin əməlləri mövcuddur ki, saya hesaba gəlməz... Allah-taala, "Məsəd" surəsinin üç, beşinci ayələrində buyurur ki, "Onun malı və əldə etdikləri ona fayda vermədi. Tezliklə alovlanan oda düşər. Və arvadı odun daşıyanıdır. Boynunda xurma liftindən düzəldilmiş kəndir var." Bu yerdə Hz. Əlinin bir hədisi yada düşür. "Hər kəs öz əməlinin girovundadır."
Əbu Ləhəblə bağlı gələn ayələrin ayrıca təfsiri və məqamı var, amma ayədən çıxış edərək bir məxrəcə gələ bilərik ki, insanı daha çox göynədən, anlamayan elə onun öz doğmaları olur nədənsə. Əgər doğması adamın şəxsiyyətini alçaltmağa cəhd edirsə, kənardakıların da əzib keçməyi asanlaşır. Tarixdə qeyd olunur ki, Peyğəmbər namaz qıldığı halda, Əbu Ləhəb dəvənin qarnını onun başına atır, Allahın Rəsulu bu işdən çox pərişan olur. Amma namazı bitirib, yoluna davam edir. Bu Peyğəmbərin və Peyğəmbərlərin öz zamanlarında çox zülmə məruz qaldıqlarını ümmətə çatdırır.
Ayədə, Allah, Peyğəmbərinin doğru yolda olduğunu xatırladaraq, bir növ onu ürəkləndirir. Bununla haqqın batillə, xeyirin şərlə, gecənin gündüzlə, zülmətin nurla yan-yana olduğunu götərir.
Əslində, Peyğəmbərə elə bir məkanda və zamanda vəzifə verilmişdi ki, heç kəs tək Allah dininə aid olan bir kitab oxumurdu. İnsanların başı eyş-işrətə qarışıb mənəviyyatlarını unutmuşdular.
Bəs, Peyğəmbər bilmirdimi doğru yolda yeridiyini əlbətdə bilirdi, Allah da öz vəzifələndirdiyi şəxsin iradəsindən xəbərdar idi. Yaxşı niyə onda bu ayəni göndərdi?
Himayə olunan şəxsin daha güclü olması hamıya məlumdur, Allah, Rəsuluna himayə etdiyini hiss etdirirdi, ruhən, qəlbən, cismən yaşadırdı, bununla gücünə güc qatırdı.

“Tənziləl azizir rahim”
O əziz və rəhim olan Allah tərəfindən endirilmişdir.
Tənzil- Təfil babına düşür, sözün kökü sulasi-mücərrəddir, üç hərfdən ibarətdir “nəzələ” məsdər formasında endirmək deməkdir, baba düşür keçmiş zamanda (Buna mazi deyirlər) hərfi tərcüməsi: "Endirilmişdir, Əziz və Rəhim olan tərəfindən." “Təfil” babının içindəki gizli “o” işarəsi ikinci ayədəki Quran kəlməsinə bağlanır. Sual yaranır, nə endirilmişdir?
-Quran!
-Necə Quran?
-Hikmətlərlə dolu, həkim olan dirilik verən və diri Quran.
Əl-artikl, Allahın sifətlərinin önündə gəldiyinə görə, yəni müəyyən olunmuş yeganə Allahın, müəyyən olunmuş sifətlərini, öyrədir. Bu sifətlər Allahın sübutu sifətlərindən ikisidir.

Bundan əvvəlki ayələr surənin önəmini, Quranın diriliyini, əzəmətini və hikmətliliyini, peyğəmbərin risalət verilən ulul-əzim peyğəmbərlərdən olduğunu və yolunun doğru-düzgün olduğunu, kitabın nazil olma səbəbini qrammatik cəhətdən müəyyənlik verməklə təsdiqlədi. Bununla Quranın sıradan bir kitab olmadığını öyrəndik. Elə bu üzdəndir ki, Yəsin, Quranın qəlbi adlandırılıb. Çünki burda hər şey öz təsdiqini tapır. Allahın sübutu sifətləri yenidən Quranın Allah tərəfindən endirildiyini təkidlə vurğulayır.

Allahın Əziz sifəti: Yenilməz, məğlub edilməz, möhkəm, izzət sahibi mənsındadır. Bu sifət onun mütləqiyyətinə, əzəli və əbədi qüvvət sahibi olduğuna, olanları və olacaqları yaratmaq gücünə malik olduğunu, sirlərdən agahlığını, sirlərin sahibi olduğunu müəyyən edir. Yəsin surəsinin son ayələrində “kun fə yə kun” (Ol dedi, oldu.) söyləməsi, bu surənin əmr formasında gəlməsi, bütövlüklə Onun bu sifətini və digər sifətlərini sübuta yetirir. Yerdə, göydə hər nə var olun əmrlərinə tabe olaraq hərəkətdədirlər deyimi, sonrakı mərhələlərdə açığa çıxacaq.

Rahim: Həddindən çox içində mərhəmətli, yaratdıqlarına sevgi bəsləyən mənasındadır. Allah yaratdıqlarının zülm çəkməsini istəmir, adları məlum olan və olmayan peyğəmbərlər göndərməsi onun sevgisindən, yaratdıqlarına həm dünyada, həm axirətdə sonsuz nemətlər verməsi, Rahim sifətinin təcallasıdır. Bəziləri bunu axirət müjdəsi olaraq yozur, Allahın zatında sonsuzluq gerçəkləşdiyinə görə, verdiyi nemətlər də sonsuzdur. Nemət dedikdə təkcə qida vasitələri nəzərdə tutulmur, onunla yanaşı həyat, elm, yaratma var etmə, idarə, qüdrət, eşitmə, ağıl, zəka, dərk, və insana və insanlığa lazım olan , insanın xidmətində dayanan hər bir şey nemət hesab olunur. Bu sifət həm, dünyanı, həm də axirəti özündə əks etdirir.

Əslində, yer üzündə hər bir şeyin öncə bir səbəbi, bir nəticəsi var. Səbəb nəticədən yox, nəticə səbəbdən asılı olur. Burda zata gediş yolu açılır. Zat dedikdə həm Allahın, həm də insanın zatı nəzərdə tutulur.

Allahın adından biri də Vücuddur. Vücud kəlməsi həm vacibul-vücuda, həm mümkünəl-vücuda şamil edilir.

Vacibul-vücud özü özündə mövcud olur, başqa əlavəyə, qatqıya ehtiyacı olmur. Şəkərin özlüyündə şirinliyi, meyvənin yaxud hər hansısa bitkinin yağlılığı, turuşluğu, rəngi, cismin işıqlılığı kimi. Gülün bitilişində rənginin oluşunu da misal çəkə bilərik. O gül ki, yağış suları o rəngi yuyub aparmaq qüdrətində deyil. Allahın zatı, əbədi və əzəliliyi, yaratdığı nizamlı şeylərdən sübuta yetir.

Mümkünəl-vücudda bütün yaradılış yenidən yarandığına və yaradanına qayıdır. Adəmin və Həvvanın torpaqdan xəlq olunduğunu açıqlayan Quran, ruhun Allahın nurundan olduğunu və insanın cismən torpağa qayıdacağını, ruhən Allaha qayıdacağını xəbər verir, insan vücudunun idarəçisi ruhdur.

Mümkünəl-vücudun öz özülüyündən olan vücudu yoxdur. Adəm və Həvvanın vücudu altı növ adi torpaqdan , bir şeyə dəyəndə səs çıxaran quru palçıqdan, qara və qoxumuş gildən, süzülmüş palçıqdan, yapışqan palçıqdan, saxsı kimi quru gildən, dörd növ şirin, acı, duzlu, duzsuz sudan, Allahın nurundan, rənglərdən və çalarlardan, hüceyrələrdən yoğrulub yapılmışdı, bu səbəbinə bağlı illət qismindədir, zamana və məkana aiddir. Allahı isə zamana və məkana aid etmək olmaz, çünki zaman və məkanda olan bir varlıq, zaman və məkan baxımından yoxluğa məhkumdur. Əgər varlıqların bir qisminin həm Vacibul-vücud, həm mümkünəl-vücud, olaraq qəbul etsək, nəticə səbəbə qayıdır, səbəbdən yaranır. Zamanla ayrılmış hissə cəm olur. İnsanın cismini idarə edən əzəmət yəni ruh, öz zatına qayıdır, ölməzliyinə qovuşur. Cisim isə yaradıldığında torpaqlaşır, belə götürəndə o da öz mahiyətinə qayıdır, zaman və məkan baxımından yox olsa da.

Adəmin və Həvvanın torpaqdan sudan qatqılanıb yaranması və onların da yaratma vasitəsi olduqları nütfə ilə bağlı ayədə üzə çıxır.
“Və insanın yaradılışına palçıqdan başladı. Sonra da onun nəslini zəif və dəyərsiz bir su damcısından-nütfədən əmələ gətirdi. Sonra onun bədən üzvlərini ana bətnində kamil etdi və ona öz ruhundan üfürdü.”Əraf surəsi ayə on bir.
Bu ayəyə əsasən, insanın vücudunda torpaq, su və hüceyrələr olduğu kimi qalır, yaranış forması dəyişir.

İnsan, Allahın ruhunu daşıdığı üçün, Onun sifətlərinin də daşıyıcısıdır.
Allah, zatı sifətlərindən insana versə də, zatını toxunulmaz olaraq saxlayır. Verdiyi sifətləri mümkünəl-vücud olaraq verir. Çünki yaranan eyni zatdan yox, öncə torpaqdan sudan, daha sonra, insanın öz zatından yaranır, ona görə də əbədi və əzəlilik mümkün olmur.
Beləliklə Allah əbədi və əzəliliyi, sonsuzluq anlayışını özündə gerçəkləşdirir.

Bu ayə Allahın sübutu sifətlərinin dünya və axirətini əhatə etdiyini, onun birliyini, bənzərsizliyini, əbədi və əzəliliyini, sübut etdi. Yenə də müəyyənlik bildirən artikl sifətlərin önündə gəldi. Və bu diqqətdən qaçacaq incəlik deyil. Kim desə ki, Allahın sübutu yoxdur, o şəxs, Yəsin surəsinin bu ayəsindən, dilin təsdiq və inkarından xəbərsizdir.


Gülnarə İsrafil




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az