t s

» » Batan yurd yerinin, "itən" oğulların sorağı ilə Kürün sahilinə gəlmişik

Batan yurd yerinin, "itən" oğulların sorağı ilə Kürün sahilinə gəlmişik

2-04-2018, 22:56 Yazar:  Gülnar Baxılıb: 161 Çap et
Batan yurd yerinin, "itən" oğulların sorağı ilə Kürün sahilinə gəlmişikSular axdıqca durulur Batan yurd yerinin, "itən" oğulların sorağı ilə Kürün sahilinə gəlmişik

Onların hər ikisi bir zaman bu yerlərdə şan-şöhrət sahibi idi. Qaçaq Kərəm də, İsrafil ağa da; hərə öz sahəsində. Biri igid qaçaq, digəri alicənab insan kimi. Qıraq Kəsəmən kəndinin adı da dillər əzbəri idi. İndi nə kəndin izi-tozu qalır, nə də Qaçaq Kərəmin, İsrafil ağanın bir nişanəsi.

Təəssüf, çox təəssüf!

Batan yurd yerinin, "itən" oğulların sorağı ilə Kürün sahilinə gəlmişik. Ağstafanın ən səfalı guşələrindən biridir. Göz işlədikcə uzanan geniş vadini gəzirik. Adlı-sanlı Qıraq Kəsəmən kəndinin qədim yurd yeridir. İndi tamamilə viran olub. Bircə kəndin başında, çox baxımlı yerdə İsrafil ağanın evi nisbətən salamat qalıb. Usta Cəlilin ucaltdığı bu yaraşıqlı mülk bütün evlərin gözü idi. Üç giriş tağlı bu iri bina altı otaqdan və geniş eyvandan ibarətdir. Qırmızı kərpicdən və çay daşlarından tikilmiş, yanmış gəclə suvanmışdı. Deyirlər, evin qumu, əhəngi qoyun südü ilə yoğrulmuşdu. Qapı dəstəklərinin hamısı tökmə bürüncdən idi. Hər otaqda dairəvi hörmə üsulu ilə holland peçləri qurulmuşdu. Avadanlıq da ki say-seçmə. Ceviz ağacından hazırlanmış alman çarpayı, kamotlar və başqa əşyalar Tiflisdən gətirilibmiş. Ev əsl muzey imiş. İndi yalnız uçuq-sökük barıları qalır.

Qıraq Kəsəmən böyük kənd olub. Adına el arasında "Min öylü" kənd deyilirdi. Çoxlu görkəmli adamlar yetişib. Dövlət xadimi Səmədağa Ağamalıoğlu, tibbi elmləri doktoru Aydın Çəndirli, neftçi-alim Abbas Biləndərli, Sosialist Əməyi Qəhrəmanı Yasəmən Məmmədova, fizika-riyaziyyat elmləri doktoru Tahir Abbasov, əməkdar müəllim Hacıbala Hacıyev, polis polkovniki Paşa Hüseynov və başqaları.

Ən ünlü oğulları isə Qaçaq Kərəm və İsrafil ağa idi. İkisi də qan davasının qurbanı olub. Qaçaq Kərəm 1860-cı ildə dünyaya göz açıb. Atası İsgəndər divanla çəkişmə zamanı cəfakeş kəndlilərin tərəfində durduğu üçün Sibirə sürgün edilib. Qayıdanda İsrafil ağa ilə yaranan münaqişə zamanı öldürülür. Atasının yarağını oğlu Kərəm götürüb dağlara çəkilir. O, təkcə atasının intiqamı üçün vuruşmurdu, əlsiz-ayaqsızların haqqını müdafiə edir, kasıb-kusuba havadar durur, zalımların dərsini verir, insafsız, ədalətsiz quruluşun düşməninə çevrilmişdi. Az bir vaxtda xalqın dərin məhəbbətini qazanan Kərəm nəinki Azərbaycanda və Dağıstanda, eləcə də bütün Qafqazda məşhurlaşmışdı. Maksim Qorki yazırdı: "Qafqaz qaçaqları içərisində ən rəşadətlisi Kərəmdir. Kərəm əfsanə və nağıllar qəhrəmanıdır. O, ədalət mücəssəməsidir".

Kərəmin igidliyi, mərdliyi dillər əzbəri idi. Gözlənilmədən peyda olub bir an içində gözdən itməsi, harda haqsızlıq baş verərsə, həmin an özünü ora yetirməsi və qanunu pozanlara layiqli divan tutması haqqında el arasında o qədər geniş söz-söhbət yayılmışdı ki, canişindən tutmuş pristava qədər hamı qorxuya düşmüşdü. Kərəmi aradan götürmək, məhv etmək üçün atlı kazak dəstələri düzəldir, bərələri kəsdirir, satqınları işə salırdılar. Lakin onu tuta, ona bata bilmirdilər. Rusiyanın çox məşhur jurnalı olan "Narodnaya Volya"nın yazdığı kimi "məşhur Kərəm... dəhşətli bir tufana dönmüşdü".

Kərəmin əsas düşməni İsrafil ağa sayılırdı. Onların arasında qan davası var idi. İsrafil ağa varlı-dövlətli ailədə böyümüşdü. Atasının çar ordusundakı xidmətlərinə görə onlara ağalıq verilmişdi. İsrafil ağa Qazax mahalında adlı-sanlı ağsaqqal, ədalətli insan kimi tanınırdı. Kəhər atı xoşlayırdı. Adətən, başında qaragül dərisindən gümüşü papaq, əynində vəznəli çuxa, belində sədəfli xəncəri olardı. Əlində qamçı qısqıvraq dayanar, şəstlə yeriyərdi. Qəddi-qamətindən bir məğrurluq, ağayanalıq duyulardı.

İsrafil ağa həmişə kasıblara əl tutar, onların ehtiyaclarını ödəməyə çalışar, dərdlərinə şərik olar, hökumət adamları, divan məmurları ilə bağlı çətinlikləri həll edərdi. Belə bir inam yaranmışdı ki, İsrafil ağa olan yerdə oğurluq, əyrilik, qətl-qarət ola bilməz. Vaxt olub İsrafil ağa neçə-neçə imkansızı nahaq təzyiqdən, təsirdən qurtarıb, kəndi dəfələrlə vergidən azad edib. Deyirlər, Qazax seminariyasının yanında günbəzli hamamı da o tikdirib.

İsrafil ağa ilə Qaçaq Kərəmin düşmənliyi onların yaxın qohumlarının təqsiri üzündən olmuşdu. Deyirlər onlar süd qardaşı idilər. Bir yerdə böyümüş, uşaqlıqları birgə keçmişdi. İsrafil ağanın əmiləri qətlə yetiriləndən sonra Kərəmin atasının müəmmalı ölümü ilə bu iki məğrur insanın arasında keçilməz sədd yarandı. Buna baxmayaraq İsrafil ağa həmişə Kərəmə yüksək qiymət verərdi. Bir dəfə İran şahı Qazaxdan Tiflisə keçəndə İsrafil ağanı görüşə çağırır. Şah ondan soruşanda ki kim qoçaqdır, sən, yoxsa, Kərəm? İsrafil ağa özünəməxsus tərzdə şəstlə deyir: "Kərəm!"

Onlar mübarizəni, düşmənçiliyi də əsl kişi kimi aparırdılar. Xalq yazıçısı İsmayıl Şıxlı yazır ki, İsrafil ağa məğrur, mərdanə insan idi. Əgər o namərd olsaydı, Kərəmi hiylə ilə ələ keçirər, çar divanxanasına verər və sinəsini ordenlə bəzəyərdi. O Kərəmlə açıq döyüşdə qabaqlaşmaq, üzbəüz vuruşmaq istəyirdi. Namərdliklə işi yox idi. Qaçaq Kərəm öz rəşadəti, İsrafil ağa isə alicənablığı ilə tanınırdı. Hərənin də bir arxası, bir dayağı var idi. Mehdi Hüseyn yazır: "...Qaf dağı kimi əyilməz, məğrur təbiətli Kərəm çar divanxanasından qaçaq düşmüşdü, İsrafil ağa isə çar himayəsində yaşayırdı...".

İki dünyagörüşü, iki mühit, iki aləm üz-üzə dayanmışdı. Onlar düşmən olsalar da, elimizə xas mərdlik, insanlıq, kişilik qaydaları ilə vuruşur, xəlvəti, xain yolla yox, bir-birini məhz mərdliklə, üz-üzə dayanıb məğlub etmək istəyirdilər.

Fərman Eyvazlının "Qaçaq Kərəm" romanında çox ibrətamiz bir epizod diqqəti cəlb edir. Başda Qafqaz canişini olmaqla bütün rəislər, pristavlar, bəylər Kərəmi tutmaq üçün tədbir tökürdülər. Açıq-açığına qalib gələ bilmədikləri üçün onlar Kərəmi xəyanətlə ələ keçirmək, ya da namərdliklə öldürmək istəyirlər. Canişin deyir ki, "qalaları içəridən alarlar". Onun səsinə səs verən Gəncə qubernatoru Nakaşidze isə "quşu quşla tutarlar" fikrini xatırladır. Onlar istəyirdilər ki, Kərəm ya öz qaçaq yoldaşlarının, ya da bəylərin əli ilə öldürülsün. Bu məqsədlə pul yığır, adamları satın alaraq Kərəmin üstünə göndərməyə çalışırdılar. Bu işə İsrafil ağanı da qoşmaq istəyirlər. Ancaq Kərəmin qatı düşməni olan İsrafil ağa əsl Azərbaycan xarakterinə uyğun hərəkət edir. Onlarla qətiyyən razılaşmır: "Kişi düşmənini pulla öldürməz - deyir. - Qanı qanla yuyarlar, pulla yox". İsrafil ağa xəyanətdə, namərdlikdə iştirak etmir, düşməni də olsa, bu gizli sövdələşmədə igid Kərəmin tərəfini saxlayır.

Buna baxmayaraq ədavət davam edirdi. Vəziyyət getdikcə mürəkkəbləşir, mühasirə dairəsi daralırdı: Nəhayət, Qaçaq Kərəm baş götürüb İrana gedir və 1910-cu ildə orada dünyasını dəyişir. (İsrafil ağa isə 1917-ci ildə Kərəmin qohumları tərəfindən qətlə yetirilir).

Kərəm gedəndən sonra anası Fəxrənsə kənddən sürgün ediləndə pristav ona söz atır:

- De görüm, yenə Kərəm kimi bir oğul doğa bilərsənmi?

Fəxrənsə ana əlüstü cavab verir:

- Kərəm kimi mərd doğmağa İsgəndər kimi ər gərəkdir. Qatırdan ayğır törəməz!

İki cəsur insanın faciəli hekayəti sona yetir. İndi zaman başqadır. Aradan çoxlu sular axıb. Dövran dəyişib. Sular da axdıqca, durulur. Özgə cür də ola bilməz. Kürün sahilindəki qədimi yurd yerində iki məğrur insanın ölməz ruhu dolaşır: Qaçaq Kərəmin və İsrafil ağanın. Nə ola bir ecazkar qüvvə gec də olsa, onların aralarındakı kini-küdurəti silib ataydı. Çox güman hər ikisi olub keçən olaylardan bezikib, bir-birinə əl uzatmaq, bir-birinə qovuşmaq istəyir.

İndi sahibkarlığın, eləcə də turizmin inkişafına geniş meydan açıldığı bir dövrdə Kürün sahilində qədim yurd yeri, göz işlədikcə uzanan geniş bir vadi niyə boş qalsın, əvəzsiz tarixi abidə olan İsrafil ağanın mülkü nə üçün bərpa edilməsin? Elə həmin binanın önündəki iki nakam, iki məğrur insanın - Qaçaq Kərəm ilə İsrafil ağanın abidəsi ucaldılsaydı, nə gözəl olardı! Gərək ilk öncə Qıraq Kəsəmən kəndinin hörmətli yetirmələri bu işə qol qoyalar. Qoymayalar ki, ata-babalarının yurd yerində bayquşlar ulasın. Bir zaman adları dillərdə gəzən igid insanların ruhları narahat, nigaran qalsın.

Ağstafa Rayon Mədəniyyət və Turizm Şöbəsinin keçmiş müdiri Gülgün Kərimov deyir ki, bir dəfə Novruz bayramı ərəfəsində İsrafil ağanın viran qalan mülkünün qabağında böyük el şənliyi keçirilirdi. Maraqlı səhnə hazırlanmışdı. Tədbirin qızğın yerində at belində dağ kimi iki igid göründü. Bir tərəfdən Qaçaq Kərəm, o bir tərəfdən də İsrafil ağa asta-asta gəlir. Onlar Koroğlu cənginin sədaları altında bir-birinə yaxınlaşanda bayram iştirakçılarının alqışları bütün qədim yurd yerini bürüdü.



Əhməd İSAYEV,

"Azərbaycan"




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az