t s

» » Məhərrəm Quliyev: “Rayona dövlət başçımızın qayğısı və köməyi olmasaydı, belə yüksək nəticə əldə edə bilməzdik”

Məhərrəm Quliyev: “Rayona dövlət başçımızın qayğısı və köməyi olmasaydı, belə yüksək nəticə əldə edə bilməzdik”

15-01-2018, 16:35 Yazar:  Gülnar Baxılıb: 239 Çap et
Məhərrəm Quliyev: “Rayona dövlət başçımızın qayğısı və köməyi olmasaydı, belə yüksək nəticə əldə edə bilməzdik”
Bir il də arxada qaldı. Amma necə qaldı? Bax bu sual təkcə rayon rəhbərliyini deyil, sıravi ağstafalıların hamısını düşündürür. Çünki ağstafalı istəyir ki, evində həmişə isti çayı, yeməyi olsun, suyu həyətdəki krandan daim axsın, rahat asfalt yolla gedib-gələ bilsin, əkib-becərmək üçün şərait yaradılsın. Ağstafalı ayrı nə istəyir ki? Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə söhbətimiz də elə bu mövzuda idi və hiss edirdim ki, belə bir söhbət rayon rəhbərinin ürəyincədir. Çünki hansı sahədən söz düşürdü, konkret faktlar sadalanırdı, yolların, park və xiyabanların, sənaye müəssisələrinin, məktəb, məktəbəqədər müəssisələrin, tibb ocaqlarının, inşa olunan və ya tamamilə yenidən qurulan saysız-hesabsız obyektlərin adları çəkilirdi. Adamda elə təsəvvür yaranırdı ki, Məhərrəm müəllim, sanki, yaşadığı evdə hansı əşyanın harda yerləşməsindən, necə dayanmasından danışır. Böyük bir rayonun kənd-kəsəyinin adamları, onların əksəriyyətinin problemləri, uğurları haqqında belə aydın və konkret danışmaq məni heyrətləndirirdi. Digər tərəfdən rayon icra hakimiyyəti başçısının iş xüsusiyyətlərinə yaxından bələd olduğuma görə bilirdim ki, Məhərrəm Quliyev təbiətən, sözün yaxşı mənasında, narahat adamdır. Kabinetində əyləşib göstəriş verməyi sevmir. Hər bir işi yerində yoxlamağa adət edib və hiss olunur ki, yalnız o zaman rahatlıq tapır. Özü hər hansı obyektin layihəsinin çəkilişində, bünövrəsinin tökülməsində, inşasında iştirak etməsə və buna hər gün də olmasa, iki gündən bir nəzarət yetirməsə, işdən evə gedəsi deyil. Yaşayış binasının sakinlərini bir-bir dinləməsə, onların necə deyərlər, dərd-sərini öyrənməsə, həyətdə təmir-bərpa işlərinin başlanmasına göstəriş verəsi deyil. Təzə asfalt salınarkən onun müxtəlif yerlərində hündürlüyünü tez-tez ölçməsə, keyfiyyətini yoxlamasa yenə rahatlıq tapan deyil. Bəlkə, bu keyfiyyətlərə malik olmasının nəticəsidir ki, Ağstafada tikilən və ya əsaslı şəkildə yenidən qurulan hər bir obyekt özünün gözəlliyi ilə seçilir. Rayon icra hakimiyyəti başçısının yüksək zövqü aparatda, eləcə də rayonun idarə, müəssisə və təşkilatlarında da özünü elə ilk baxışdan büruzə verir. Yüksək nizam-intizam, hər bir işdə səliqə-sahman, dəqiqlik, operativlik, işçilərin peşəkarlığı, ölkədə və dünyada baş verən hadisələrdən daim xəbərdar olmaları, kənd və qəsəbələrdəki vəziyyəti dərindən bilmələri onu göstərir ki, rayon rəhbərinin zəhməti hədər getməyib.

…Ağstafa son illər çox inkişaf edib. Onun küçə və məhəllələrini gəzərkən görürsən ki, bu yerin beş-on il əvvəlki görkəmindən əsər-əlamət belə qalmayıb. Bu rayon, sanki, hər gün, hər saat böyüyüb, gözəlləşib. Bəs yenicə yola saldığımız 2017-ci ildə necə, Ağstafa nəyi ilə yadda qalıb? Bax elə söhbətimiz də bu barədədir. Aşağıdakı qeydlərimizdən bir daha hiss edəcəksiniz ki, rayonun rəhbərlərinə arxayınlaşmaq məfhumu yaddır. Burada ölkə Prezidentinin adamların gündəlik həyat tərzinin yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişlər və tapşırıqlar çox yüksək məsuliyyətlə icra olunur. Azərbaycan Prezidentinin bir il qabaq bu rayona etdiyi növbəti səfəri daha yaxşı işləmək üçün, sanki, yeni bir stimul olmuşdur. Xatırlayırsınızsa, səfər çərçivəsində ölkə başçısı əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Mərkəzində, rayon mədəniyyət mərkəzində yaradılan şəraitlə tanış olmuş, “Modern” mebel fabrikinin, Ağstafa Şəhər Musiqi Mərkəzinin, “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışlarında, “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməlqoyma mərasimində iştirak etmişdir. Məhz bu səfər qarşıdan gələn illərdə, o cümlədən 2017-ci ildə Ağstafa rayonunun bütün istiqamətləri üzrə inkişaf perspektivinin, sözün həqiqi mənasında, təməlini qoydu. Yəni dövlət başçısının müvafiq tövsiyə və tapşırıqlarına uyğun olaraq, 2016-cı il Ağstafanın sənayeləşməsi ili kimi təsdiq edilmişdisə, 2017-ci il rayonun yol-nəqliyyat infrastrukturunun əsaslı şəkildə yenidən qurulması ili kimi yaddaşlara həkk olundu. 2017-ci ili Ağstafa rayonu üçün abadlıq-quruculuq, sosial infrastruktur layihələrinin icrası, sahibkarların yerlərdə biznes layihələrinin həyata keçirməsi və yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun artırılması, sosial rifahının yüksəldilməsi kimi xarakterizə etmək olar. Ötən il Ağstafanın yol-nəqliyyat təsərrüfatı sistemi əsaslı şəkildə yenidən quruldu. Belə ki, ümumi uzunluğu 15,5 kilometr olan Ağstafa – Köçəsgər və Eynallı–Qırılı, 24 kilometr uzunluğu olan Vurğun–Köhnəqışlaq, 9,8 kilometr uzunluğunda Ağstafa–Aşağı Kəsəmən–Zəlimxan avtomobil yolları yenidən qurularaq, ağstafalıların istifadəsinə verildi. Eyni zamanda, rayonun yol-nəqliyyat sisiteminin yenidən qurulması işləri çərçivəsində 34 metr uzunluğunda Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 2-ci kilometrində, Ağstafaçay üzərində 81 metr uzunluğunda, Acıdərəçay üzərində 64 metr, Kür çayı üzərində 184 metr uzunluğunda yeni körpülərin inşası işləri tamamilə yekunlaşdırıldı və istifadəyə verildi. Vurğun–Köhnəqışlaq avtomobil yolu üzərində də yeni bir körpü inşa olundu, digəri əsaslı təmir edildi. Rayonda yaşayış məntəqələrinin mavi qazla təmin olunması artıq 100 faizə çatmaq üzrədir. Bu il Muğanlı, Sadıqlı və rayon mərkəzindən 53 kilometr uzaqda yerləşən Ağgöl kəndlərinə ilk dəfə təbii qazın verilməsi ilə 39 yaşayış məntəqəsindən 38-i artıq qazlaşdırılıb. Yaxın zamanda Böyük Kəsik kəndinə də təbii qazın verilməsi ilə Ağstafa təbii qazla tam təmin edilmiş rayon olacaqdır. 2017-ci il Ağstafa təhsili üçün də əlamətdar hadisələrlə yadda qaldı. Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2016-cı il tarixli “Ağstafa şəhərində 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” sərəncamına uyğun olaraq, həmin məktəb binası yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilib. Həmçinin rayonun cəbhə bölgəsində yerləşən Köhnəqışlaq kənd tam orta məktəbi üçün də inşa olunmuş müasir tipli 108 şagird yerlik məktəb binası tam hazırdır və yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulmuşdur. 2017-ci ildə rayonun məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində aparılan tədbirlər də uğurla icra olunmuşdur. 35 uşaq yerlik Aşağı Kəsmən kənd körpələr evi-uşaq bağçası üçün yeni bina inşa olunmuş, 35 uşaq yerlik Göycəli kənd körpələr evi-uşaq bağçası əsaslı şəkildə yenidən qurulmuşdur. Hazırda 75 uşaq yerlik Ağstafa şəhər 2 saylı körpələr evi-uşaq bağçasında aparılan əsaslı təmir işləri başa çatmaq üzrədir. Yeri gəlmişkən, qeyd edək ki, son illərdə Ağstafada ən müasir tələblərə cavab verən 5 uşaq bağçası inşa olunmuş, 5-i isə əsaslı şəkildə təmir olunaraq istifadəyə verilmişdir. Ağstafalılar dövlətimizin bu rayonun səhiyyəsinə göstərdiyi yüksək diqqət və qayğısını ötən il də hiss ediblər. Belə ki, rayon mərkəzi xəstəxanasının doğum şöbəsinin inzibati binası əsaslı şəkildə yenidən qurularaq, sakinlərin istifadəsinə verilib. Şöbə ən müasir tibb avadanlıqları ilə təchiz olunmşdur. Hər il olduğu kimi bu il də Azərbaycan Respublikası Prezidentinin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə əlaqədar rayon əhalisi tibbi müayinədən keçirilmişdir. Yaponiyanın Azərbaycandakı səfirinin iştirakı ilə yeni inşa edilmiş Saloğlu qəsəbə tibb məntəqəsi istifadəyə verilmişdir. Dövlət proqramına uyğun olaraq, şəhər küçələrinin və çoxmənzilli yaşayış binalarının təmiri çərçivəsində tədbirlər uğurla icra olunmuşdur. Şəhərin Cəfər Cabbarlı küçəsi və burada yerləşən 5 çoxmənzilli kommunal yaşayış binaları təmir olunmuş, eyni zamanda Nizami və İsa Hüseynov küçələri yenidən qurularaq istifadəyə verilmişdir. Küçələrə yeni asfalt örtüyünün salınması ilə yanaşı, sakinlərin rahat və təhlükəsiz hərəkət etmələri üçün səkilərə dekorativ daşlar düzülmüş, uşaq arabalarının və velosipedlərin hərəkəti üçün yol ayrılmışdır. Burada, həmçinin müasir tipli işıqlandırma sistemi quraşdırılmış, telekommunikasiya xətləri qaydaya salınmışdır. Bu il də Ağstafa şəhərinin bir neçə küçəsi öz görkəmini tamamilə dəyişdirəcəkdir. Ümumiyyətlə, indiyədək şəhərin bir sıra binalarında aparılan əsaslı təmir işləri sakinlərin hədsiz razılığına səbəb olmuşdur. Ölkə Prezidentinin tapşırığına uyğun olaraq, Ağstafada ənənəvi istehsal və emal sahələrinin bərpası istiqamətində ardıcıl işlər görülür. Rayonda xalçaçılığın qədim tarixə malik olmasını nəzərə alaraq, yeni xalça istehsalı müəssisəsinin tikintisi qərara alınmışdır. Artıq rayonda “Azərxalça” ASC-nin Ağstafa xalça toxuculuğu müəssisəsinin tikintisi tam yekunlaşdırılmışdır. Müəssisədə 150 nəfər daimi işlə təmin olunacaqdır. Ağstafa rayonu üçün ənənəvi təsərrüfat sahələrindən biri də baramaçılıqdır. Dövlət başçısının bu sahənin də inkişafına dair verdiyi tapşırıq və göstərişləri ciddi nəzarətdə saxlanılır. Belə ki, ipək qurdlarının yetişdirilməsi üçün zəruri aqrotexniki şərtlərlə təchiz olunmuş məntəqələr ayrılmışdır. Bütövlükdə, Ağstafanın aqrar sahəsi inkişaf etməkdədir. Rayonda 500 hektar sahədə şəkər cuğunduru becərilmişdir. Keçən il həm də bol taxıl məhsulu əldə olunmuşdur. Rayon ərazisində tut tinglərinin əkini işləri də diqqətdə saxlanılır. Ötən ilin dekabrında rayonun Eynallı kəndinin 4 hektar ərazisində 3 min ədəd tut tingi əkilmişdir. Hələ may ayının əvvəllərində 70 qutu, 1330 qram ipəkqurdu toxumu gətirilərək, iyirmiyə yaxın kümçüyə paylanılmışdır. Bu isə ötən illə müqayisədə Ağstafada barama istehsalının iki dəfə artırılması deməkdir. Növbəti illərdə barama istehsalı həcminin daha da artırılması nəzərdə tutulur. Kənd təsərrüfatının inkişaf etdirilməsi işləri çərçivəsində rayon ərazisində 500 hektar ərazidə şəkər çuğunduru becərilmişdir. 2017-ci ildə regionda və respublikanın digər şəhər və rayonlarında yaşayan sahibkarların iştirakı ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Ağstafa Rayon İcra hakimiyyətinin təşkilatçılığı, iqtisadiyyat və kənd təsərrüfatı nazirliklərinin dəstəyi ilə “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda biznes forum keçirilmişdir. Qeyd olunmuşdur ki, Ağstafa biznes layihələrinin tətbiqi üçün açıqdır. Maraqlıdır ki, məhz bu tədbirdən sonra Ağstafada bir neçə layihənin icrasına start verilmişdir. Qeyd edək ki, Ağstafa artıq iri sənaye rayonuna da çevrilməkdədir. Rayonda 12,5 hektar ərazisi olan “Karvan-L” EKO sənaye parkında “EKO Keramit” dam örtüklərinin istehsalı zavodunun tikintisində son tamamlama işləri aparılır. Müəssisənin istehsal gücü sutkada 500 kvadratmetrdir. Ağstafa taxıl və un məmulatları istehsalı kombinatının inşasına isə 2015-ci ilin martında başlanılıb və tikinti işlərinin başa çatdırılması 2018-ci ilin mart ayına nəzərdə tutulub. Kombinat 3 zavoddan ibarət olacaq. Bunlar “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı”zavodlarıdır. Layihə çərçivəsində saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl, 2 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, ikimərtəbəli “ayaqüstü yeməklər” iaşə obyekti, 140 yerlik yeraltı avtomobil dayanacağı, yem anbarı yaradılacaq. Ümumi sahəsi 2 min kvadratmetr olacaq “Fast food” iaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları təqdim ediləcək. “Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsi olan taxıl və un məmulatları kombinatı layihəsinin tərkibinə 6 min hektar torpaq sahəsini əhatə edən taxılçılıq təsərrüfatı da daxildir. Rayonda “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində “Modern” mebel fabriki yaradılmışdır. İki hektar ərazisi olan fabrik 7 istehsal sahəsindən ibarətdir. Fabrik Almaniya və İtaliyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz olunub. Burada 200 nəfər daimi işlə təmin edilib. Müəssisənin texniki imkanları yüksək səviyyəli məhsul istehsal etməyə imkan verir. Hazırda “Venzana” mebel fabrikinin tikintisi istiqamətində işlər davam etdirilir. Bu mebel fabriki 4 istehsal sahəsindən ibarət olacaq. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Almaniya, Belçika, Fransa, Hollandiya, İtaliya, İspaniya və İsveçə ixracı nəzərdə tutulub. Hazırda istehsal olunan məhsulların artıq xarici bazarlara çıxarılmasına başlanılıb. İşçilərin istirahəti, onların məişət şəraitinin yaxşılaşdırılması üçün burada körpələr evi-uşaq bağçasının, əyləncə və ticarət mərkəzlərinin inşası nəzərdə tutulub. Ərazidə mebel satış mərkəzi ilə yanaşı, “Yaşıl Bazar” satış kompleksi və mehmanxana fəaliyyət göstərəcək. Ağstafa şəhərində inşa olunmuş “Akkord Tekstil” fabrikində ayda 15 min köynək istehsal edən yeni istehsal sexi yaradılmışdır. Artıq “Akkord Tekstil” MMC- nin istehsal etdiyi köynəklər İtaliyanın “Elle Elle SRL” şirkəti vasitəsi ilə həmin ölkəyə, eləcə də Türkiyənin bir çox firmalarına “Made in Azerbaijan” brendi ilə ixrac edilir. İtaliya şirkəti ilə aylıq 5 min ədəd köynək ixracına dair müqavilə imzalanıb. Rayonda ötən il Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi həyata keçirilmişdir. Poylu qəsəbəsi ərazisində Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi üzrə tikinti dəhlizinin Kür çayı ilə kəsişməsində boru kəmərinin inşası üçün mikrotunelin tikintisinə başlanmışdır. Genişlənməyə Azərbaycan boyu yeni kəmərin çəkilməsi, Gürcüstanda iki yeni kompressor stansiyasının tikilməsi daxildir. Bu kəmər vasitəsilə ixrac olunan qazın həcmi üç dəfə artaraq, ildə 20 milyard kubmetrə çatacaqdır. Gürcüstan və Türkiyə sərhəddində kəmər başqa kəmərlə birləşərək, qazı Türkiyəyə və Avropaya çatdıracaq. Layihə Ağstafa rayonu üzrə 14 kəndi əhatə edəcək. Torpaqayırma prosesində 500-ə yaxın təsərrüfata kompensasiya ödənilmişdir. Ağstafa rayonunun ərazisində 2 (Saloğlu kəndində və Poylu qəsəbəsində) boru anbarı fəaliyyət göstərir. Azərbaycan rayonları arasında yalnız Ağstafanın ərazisində mikro-tunel əməliyyatı aparılacaq. Saloğlu və Poylu boru anbarlarında işləmək üçün kəndlərdən adamlar işə cəlb olunmuşdur. Kəmər çəkilişi işləri üçün həmçinin layihə təsiri altına düşən sakinlərdən işə götürmə prosesi davam edəcəkdir. Ağstafanın xarici ölkələrlə əlaqələri də tədricən genişlənir. Keçən ilin noyabrında Litva respublikasının Briştonas şəhərinin nümayəndə heyəti Ağstafa ilə tanışlıq proqramı çərçivəsində rayona səfər etmiş və qonaqlar bu səfərdən olduqca razı qaldıqlarını dönə-dönə dilə gətirmişlər. Təbii ki, bu cür səfərlər, ikitərəfli əməkdaşlıqlar Ağstafa və Briştonasın sosial-iqtisadi, mədəni həyatında mühüm rol oynayacaq. Ötən il rayon icra hakimiyyəti şəhər, qəsəbə və kəndlərdə 46 səyyar qəbul keçirmiş və əksər hallarda sakinlərin problemləri elə yerindəcə həll edilmişdir.

Yola salınan ili Ağstafa yüksək iqtisadi və sosial göstəricilərlə başa vursa da, görüləsi işlər hələ çoxdur. Əldə olunan nəticələr qarşıdakı illərdə rayonda daha böyük nailiyyətlərin əldə olunacağına inam yaradır. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev söhbət əsnasında dedi ki, Ağstafada keçən il və ondan əvvəlki dövrlərdə əldə olunan nailiyyətlər ölkə rəhbəri İlham Əliyevin birbaşa diqqət və qayğısının nəticəsidir. Məhərrəm Quliyev “Bu rayona dövlət başçımızın qayğısı və köməyi olmasaydı, belə yüksək nəticə əldə edə bilməzdik”– deyə fikrini konkret faktlar və rəqəmlərlə əsaslandırdı.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:28 Prezident İlham Əliyevin Ağstafa rayonuna səfəri Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə ətrafda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verdi.
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az