t s

» » Bilal ALARLI (Hüseynov): SÖZÜN HİCABI

Bilal ALARLI (Hüseynov): SÖZÜN HİCABI

3-01-2018, 22:29 Yazar:  Gülnar Baxılıb: 245 Çap et
Bilal ALARLI (Hüseynov): SÖZÜN HİCABI
Gənclərə qayğı göstərənləri sevirəm. Hələ əli təzə-təzə qələm tutanlardan sabah kim daha çox ədəbi mövqe qazanacaq, bilmirəm. Amma ədəbiyyata meyillidirsə, onun yanında olmağı xoşlayıram. Səbəbi aydındır. Yeniyetməlikdə və gənclikdə mənim yanımda tanınmışlardan kimsə olmayıb. Yazdığım ilk şeirimi oxuduğum şairlərdən biri isə üzümə dedi ki, get, özünə iş-sənət tap. Yəni məndən şair olmaz. Açığını deyim, heç o şair də bir yana çıxmadı, baxmayaraq ki, özünü ədəbiyyatın yaradıcılarından biri sayırdı...

İsti avqust günlərindən birində bir dəstə gənc şair Cəlilabada həmkarlarından birinin toy şənliyinə gəlmişdi. Onlardan biri, Gülnarə İsrafil zəng edib mənimlə görüşmək istədiklərini bildirdi. Cəlilabadın mənzərəli guşəsi olan Tut bağında atüstü bir ədəbi məclis qurduq. Gülnarə İsrafil, Günay Nəriman Həsənli, Vasif Zöhraboğlu, Yetim Qacar, Namiq Ağa, Səid Qərib, Həmid Babaşov Babazadə, Ədalət Salman və Firudin Rüstəmli ilə olan ədəbi söhbətlərimiz hamının ürəyincə oldu. Bu barədə Vasif Zöhraboğlu sosial şəbəkədə təəssüratını belə bölüşdü: “Cəllabada Ruslanın oğlunun toyuna getmişdik, bizi elə gözəl qarşıladılar, münasibət göstərdilər ki, heç qayıtmaq istəmirdik. Kaş bir az da vaxtımız olaydı, bir-iki gün də qalaydıq.

Ruslan Nadir, Anar Əlizadə, Bəhruz Xəlil, Seid Qerib, Namiq Ağa, Bilal Alarli, Elmir, Ruslan Talıb, Çingiz Xanın Nəvəsi və adlarını unutduqlarım... hər birinizə ayrı-ayrılıqda təşəkkürlər”. Yetim Qacar (Manaf) heyranlıqla bu sətirləri yazdı: “Cəlilabad əvvəllər mənim üçün sadəcə Seyran Ruslanı, Anar Aqili yetişdirən bir məkan idi, amma o gün anladım ki, mənim gördüklərim sadəcə Aysberqin görünən tərəfidir. Tanıdığım insanlardan bezdiyim bir anda tanımadığım insanların davranışı məni bir daha düşünməyə vadar etdi və əmin oldum: insanlıq hələ də ölməyib, yaşayır. Bu, Cəlilabadda daha qabarıq özünü bürüzə verir... Cəlilabad ədəbi mühiti verdiyi dəyərlə bizi göylərə qaldırdı. Kafedə oturduğum anlarda sanki mən ruhumu cərəyana qoşub enerji yığırdım. Yəni ruhum yeni döyüşlərə köklənirdi, anlayırdım, biz sadəcə, döyüşü uduzmuşuq, amma müharibə hələ qabaqdadır və tək Cəlilabadda gördüyüm ruh halımla deyə bilərəm ki, belə insanları olan millətə qalib gəlmək mümkünsüzdür. Təsəvvür edin, əvvəlcə dindarlarla söhbət, sonra gənclərlə kafedə dərdləşmə və ən nəhayəti Cəlilabadın ağsaqqalı, özü cavan olsa da, Bilal Alarlı ilə olan görüş... Bilal müəllimlə ilk görüşümdən anladım, Cəlilabadı ayaqda saxlayan Türk ruhunu (Türk millətini yox a!) burada ayaqda saxlayan məhz belə insanlardır!” Gülnarə İsrafil Cəlilabaddan getdikdən sonra öz Facebook səhifəsində yazdı: “Böyüklüklə insanlıq, dünyagörüşdən və müdriklikdən doğar. Qarşınızda baş əyirəm, Bilal müəllim. Sizinlə eyni əsrdə yaşamaq nemətdir... İçimdən gələn səmimi şükrümdən”.

Nə deyim? Ədəbiyyatımızı çiyinlərinə alan bir gənc nəsil özündən əvvəlki nəslə minnətdarlıq hissi ilə yanaşırsa, demək, nahaq yerə külüng çalmamışıq. Dəyər verdiyinizə görə təmsil etdiyim Cəlilabad yazarları adından öz növbəmdə sizin qarşınızda baş əyirəm. Nə yaxşı ki, sizin kimi gənc ədəbi nəslimiz var! Ədəbi uğurlarınız bol olsun!

Amma siz elə belə getmədiniz, burada, Cəlilabadda şeirsevərlərə verdiyiniz ilk kitablar sizinlə bağlı xatirələri sizdən sonra uzun müddət yaşadacaq. Habil Rza Nurun “Əfsanələr yalandır” və Gülnarə İsrafilin “Torpaq adamlar” şeir toplularını maraqla oxudum. Qərara gəldim ki, onlardan biri – Gülnarə İsrafil haqqında ayrıca söhbət açım.

Gülnarə İsrafil şeirə reallıqdan gəlir, amma təhkiyə təəssüratları mücərrəddir. O qədər mücərrəd ki, subyekti müəllif olan bu yazılarda konkret obyekti təxmin etmək belə mümkün deyil. Amma maraqlıdır: “Elminə və dünyagörüsünə heyran oldugum adam. Sən, dunyanın qaysaq üzünün nuru, yorgun dizinin taqəti, bəzənsə güllü yamacların şeh üzüsən. Bu qədər asilər icində bir var, bir tutunmaq yerisən. Bəzən səni görəndə dünyanın ölümsüz oldugunu düsünürəm. Ölmüşlər arasında dimdik. Yasıl saralanda yasıllığının izini buraxaraq saralır. Saralmaq günəş zərrələrinin isti üzüdü. İstilik və olumlu sevgin il-il, gun-gun yogurur-yapır ucalığını. Sənin adını çəksəm, adlar paxıllığını çəkər, adamlar mürgü vurmaz. Adın daima ürəyimin ən şirin yerindədir, biləsən. Səni durğunluq icində diri görürəm. Sənə aid hərflər düzülüb mirvarilənir. Çəkmirəm adını. Sən gecələrin sabahısan... Bəşər bu sifətləri özündə daşıyammazdı, mütləq və mütləq İlahinin sonsuz rəhməti var vücudunda... Ölməzlərin ruhu dunya durduqca durar...”

Şeirin Gülnarə İsrafili isə başqa cürdür. Bir şair kimi Gülnarə xanımı başa düşmək mümkündür. Şeir bir dəfə yazılır. Şeirin babatı olmur!. Amma həmişə yaxşı şeir alınırmı? Ədəbiyyata kütləvi axının baş verdiyi məqamda fərqlənmək də çətindir. Ömrünü şeirə həsr edib, özünü aldadanlar da var! Əvvəl-əvvəl özü üçün dərd uydurub, sonra bu dərdi yaza-yaza şair olanlar daha çoxdur.

Bəs onda neyləyək? Əgər şeirlər və onları yazan şairlər bir-birinə bənzəyirsə daha kimsə əlinə qələm almasınmı? Söz təkcə hissləri ifadə edirmi? Emosionallıqdan məhrum şeir şeir deyilmi? İntellektual şeir deyilən bir ifadə də var axı...

Mən yaxşı bir əsəri oxuyub şeir yazanları başa düşürəm: oxuduqları onun poetik dünyasını tərpədir!
Özünü, öz yaşantılarını, iç dünyasını qələmə alanları daha yaxşı başa düşürəm: yazdıqları fitrətdi çünki!

Gülnarə İsrafili də belə tanımışam yaşantılarının poetikasını yaradan şair kimi! Onun həyat tarixçəsi də maraqlıdır: Əmiraslanova Gülnarə İsrafil qızı Gədəbəyin Qarkənd kəndində dünyaya göz açıb. Rayonda peşə litseyində, sonra Gəncə şəhər pedaqoji kollecində oxuyub, ilahiyyatçı kimi “Hövzə” mədrəsəsini, sonra BSU-nin yaradıcılıq fakültəsini bitirib. İnternet saytlarından birində çalışıb. “Zərrələr” toplusunun rəhbəri və tərtibçisidir. DGTYB-nin, Gənc ədiblər məktəbinin, “Vahid” ədəbi məclisinin, “Məcməüş-şüəra” məclisinin üzvüdür. Şeirləri müxtəlif ədəbi toplu və antologiyalarda, ədəbi orqanlarda, həmçinin Türkiyədə işıq üzü görən ədəbi dərgilərdə çap olunub. 2016-cı ildə “Torpaq adamlar” adlı ilk poetik toplusu nəşr olunub.

Gülnarə İsrafil Respublika mətbuatında çap olunmuş çoxlu sayda esselər, hekayələr, şeirlər və publisistik yazıların müəllifidir. “Hər gün daşa dönür adamlarımız” deyən şairin körpə balası olan ömür böyüyüb ölüm adlı qonağa dönür:
Elə istəyirəm qığılcım axsın,
Parlasın gözümün yaşı yerinə.


Saçında xınalanan yolu əyninə geyib yol gedən şair ölümün gözünə girib sabaha qədər gülür. Amma başqa bir qayğı da var ki, Gülnarə İsrafil onu çəkmək zorundadır:

Nə əvvəldi, nə də sondu,
Ölüm gözlərimdə dondu.
Nəfəsimə hava dolmur,
Bütün yerə, bütün göyə
hava çatır,
Ürəyimə hava çatmır.


Sıxılan, boğulan şair hər gün bir az ölür, hər gün bir az doğulur, özündən çıxıb gedir. Bu qədər emosional, bu qədər ekspressiv sətirlər oxucusunun ruhunu ovlayır, öz ovsununa salır. Mən ona görə bu obrazlı nümunələrə müraciət etdim ki, oxucu Gülnarə İsrafil dünyasının nəyə kökləndiyini yaxşı görə bilsin:

Yox ol, gözlərimdə öl
Ürəyimə dəfn edim.
Hər gün, hər an düşünüb,
Bir az səni əfv edim.
Məzarının tozunu
Yusun axan göz yaşım.
Mərmər sığmaz köksünə,
Özüm olum baş daşın.


Möhtəşəm misralardır! Gülnarə İsrafilin çox-çox şeirləri təqvim xarakterli olsa da, yüksək obrazlığı ilə seçilir. “Şəhidlər xiyabanı”, “Öldürdülər şairi”, “Ey şəhidim!”, “Suriya savaşına”, “Xocalı, yaralı canım”, “Müharibə”, “Ağdam” və digər bu tipli şeirlərlə yanaşı, “Boynumda bitən ağac”, “Yağış”, “Sus, ürəyim”, “Nöqtələr”, “Eh, qoca şəhər” kimi məcazlarla, frazeologiyalarla zəngin poetik nümunələri qələmə alan Gülnarə İsrafil bir qadın şair kimi sözün hicabına bürünür, açıq-saçıq misralardan qaçır. İsmətini özünə hicab edən şair “qısaətək” geyinən yaltaqlardan ucada dayandığını yaxşı bilir:

Yaltaqlana bilmirəm,
Yediyim halal tikədi.


Yaltaqlanıb zər-ziba içində yaşamaqdansa, beş arşın ağ daşıyıb, kəfənində ömür sürməyə üstünlük verir.
Bu yazdıqlarım Gülnarə İsrafilin ilk kitabı olan “Torpaq adamlar” poetik toplusundan aldığım təəssüratlardır. Lakin kitabda “bişməmiş”, “çiy” şeirlər də var. Bəzi şeirlərdə qafiyə tarazlığı pozulmuş, sözlər yerinə düz oturdulmamışdır. Əlbəttə, belə kiçik çatışmazlıqları şeirdən şeirə kamilləşən Gülnarə İsrafil özü də yaxşı görür və ümid edirəm ki, gələcəkdə belə nöqsanlardan yaxa qurtara biləcək, daha tutarlı ifadələrə üz tutacaq. Onun “Sübh mavi gəlinlikdə” adlı bir şeiri var, şeirdə romantik həyat lövhəsi insan arzuları ilə eyniləşdirilir:


Göy qurşağı deyirlər
Arzular doğan yerə.


Gülnarə İsrafilə göy qurşağı kimi bütün əlvan çalarları olan şeirləri ilə oxucularının görüşünə gəlməyi arzulayıram.


Bilal ALARLI (Hüseynov).
Filologiya üzrə fəlsəfə doktoru.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az