t s

» » Natəvan Dəmirçioğlu: "Açar" (romandan parça)

Natəvan Dəmirçioğlu: "Açar" (romandan parça)

2-01-2018, 10:34 Yazar:  Gülnar Baxılıb: 154 Çap et
Natəvan Dəmirçioğlu: "Açar" (romandan parça)

Ata ömrünün sonunu yaşayırdı. Amma niysə həyatının əvvəlini hey yadına salmağa çalışırdı. Ta əzələ qayıdır, olmuşları xatırlayır, elə bil uşaqlıq illərini qocalığa peyvənd edirdi. Gəncliyi isə ortada uzaq xatirəyə dönmüşdü, bəzi məqamlar yaddaşında hərdən təzələnirdi. O dünyadakı ömrünün isə ancaq başlanğıcını bilirdi. Qarşılanma hissəsini. Dünən gecə Qızına dedi: “Getdim..., Şiş təpənin bəri yanına qədər getdim. Qəbirsanlıqda nə qədər adam var, hamısı yolun qırağına çıxmışdı. Bəri, alçaq təpənin üstünə cərgəylə düzülmüşdülər. Məni görüb əl elədilər”. Ondan bir gün qabaq- srağagün isə demişdi “Əlləzoğlu Fərman,Əlləzoğlu Bəxtiyar, bir də Usta Göyüş gəliblər, bizim doqqazın qabağında çadır qurub oturublar, məni gözləyirlər”. Qızı da Kəndin Mollasına pul göndərib demişdi ki, bu üç ölüyə “Yasin” oxusun. O dünyada belə qarşılanacağını guman edirdi. Daha nələr olacaqdı, nələr keçəcəkdi, bunu sonralar biləcəkdi, bunu bilməyə bəs qədərincə vaxt varıydı. İndi isə vaxt yox idi. İndi ömrün hər anı bir ilə bərabər olan məqam idi. Bir dəqiqə əvvəl baş verənlər Qızına elə gəlirdi ki, dünən oub. Hərdən çaşıb sırağagün də deyirdi, bir dəqiqə əvvələ. Ömrün kələfi çözülürdü, sürət ondan idi. Bu kələf bir dəfə yumaqlanmışdı, dolaşa-dolaşa, düyün düşə-düşə, düyünü açıla-açıla, çətinliklə… İndi isə hazır yumaq geriyə yığılırdı, heç nəyə ilişmədən,dolaşmadan açılıb, dolanırdı...

Ümidi tükənmişdi.Ümid bitdi, ömür bitdi deməkdir. Btün istəkləri, ümidləri gözündə bir damla yaşa çevrilib, kipriklərinin arasından süzüldü, yanağıuzunu axıb döşəməyə düşdü, döşəmədə ləkə qaldı. Bu yaş həm də son nöqtə kimi ömrünün sonuna düşdü elə bil. ”Qismətin olmayacaq bir şey uğrunda ömür sərf etmək ən böyk yanlış və xətadır.” - bunu son anda dərk etmişdi və yalnız bunu canından çox sevdiyi, yanında olan tək övladına demək, onu agah etmək istəyirdi. Amma deyə bilmirdi. Dili ağzının içində dönmürdü. Dönsə də loğalaqlanıb dolaşırdı elə bil, dedikləri dodaqları arasından anlaşılmaz, rabitəsiz söz yığını kimi çıxırdı. Qızı onu anlaya bilmirdi.Qızının anlamadığı çox şey var idi həyatda…

Həkimin gəlişi, vurduğu iynə bir az öncə gördüklərini yuxuya çevirmişdi, ya yuxusunu yuxu kimi dərk etməsi üçün beyni aydılaşıb, durulmuşdu. Amma ürəyincə idi gördükləri. Öz cənazəsini görürdü. Onu tər-təmiz yuyub kəfənləmişdilər. Elat xalçasının üstünə uzatmışdılar. Kəfən yumşaq, rahat idi, təzə parça qoxusu verirdi. Xalçanın gözəlliyini isə son dəfə gormək, əllərilə naxışlara toxunmaq istəyirdi. Amma bu artıq mümkün deyildi. Bu gözəlliyi hiss etmək, birdə xatırlamaq olardı. Qoz və palıd ağacından düzəldilmiş taxtın üstündə özünü şah taxtında hiss edir, güllərdən düzəldilmiş damətin üstündə yatmış sayırdı. Gül ətri xalçadan gəlirdi deyəsən.
Nəvaxtsa gördüyü, unutmadığı bir mənzərə indi başverirmiş kimi gözləri qarşısında canlanırdı: Yazın oğlan çağında, çiçək açmış ağacın budağında quşlar sinə -sinəyə dayanmışdı. Üz-üzə oxuyurdular. Gözləri bir-birinə baxır, haça burunları bi-birinə keçirdi. Sonra qız quş başını oğlan uşun boğazının altında qıvrılmış, sual işarəsi şəklində rahatlayıb, burnunu onun tükləri arasında gizlətdi.Oğlan quş isə dimdiyi ilə onun boyun –boğazını arayır, aramsız olaraq bəzəkli tüklərini bir-bir sağdan sola, soldan sağa sığallayırdı. Hərdən balaca, uzun dimdiyini onun beli uzunu sürüşdürüb, quyruğunun üstünə qədər oxşayırdı. Belədə qız quş onun sinəsinə daha da çox sığınır və vücudu titrəyirdi. Quşlar köz kimi isti idilər və bu istilik getdikcə artırdı. Əhvalları civiltilərindən bəlli olurdu. Birdən cəld hərəkətlə oğlan quş qız quşun boğazının altından qaldıraraq, onun başını yuxarı çevirdi və ağzını ağzının içinə aldı. Zərif quşcuğazın bədəni bir anlıq sakitləşdi və onun ağzından axan bir damla bal kimi mayeni oğlan quş uddu. Elə o anda havalanmış kimi oxudu, qanad çırpıb uçdu, özünü budaqdan budağa çırpdı, qışqırıq saldı. Zərif quş onun səsinə daha həzinləşmiş civilti ilə cavab verdi. Oğlan quş oxuyaraq budaqların arasında iki dövrə vurub, yenidən ildırım sürətilə zərif quşun üzərinə şığıdı...
Ata bu lövhəni bir də gözlərilə görürmüş kimi həyacanla baxır və susurdu. Bu an öz Sevdiyi Qadınını xatırlayırdı. Bir də nə zamansa oxuduğu fikir beynində “dirilirdi”: “Bütün insanlığın xoşbəxtliyi eşqin içindədir. Kişilər və qadınlar yaşlandıqca eşqdən uzaqlaşmamalıdırlar. Çünki, insan eşqsiz qaldıqca yaşlanır”. Bunu nə zamansa dünya yazarlarından hansındasa oxumuşdu.

Bir dadlı öpüş ömür qədər, dünyanın özü qədər qiymətlidi – bu gəldiyi son qənaət, inandığı son həqiqət oldu. Özü dedi, ya bəlkə ruhu söylədi. Dili demədi, qulağı eşitdi sadəcə. Bu necə oldu, onu da bilmədi... Artıq hər şeyin sonu olduğunu amansız bir məntiqlə dərk edirdi. Qadınının isti və nəm dodaqlarını arzu etdi, elə həmin anda da qədərinə güldü. Arxası ona və qapıya, üzü pəncərəyə tərəf oturmuş, başını aşağı salıb iynəni saplamaq istəyən, amma səhərdən əlləşsə də buna nail ola bilməyən Qızı sol çiyni üstündən ona tərəf baxıb, narazı soruşdu:

-Ay dədə, mənəmi gülürsən?
-Yox, a bala, sənə niyə gülürəm ki?!-dedi.
“A bala” dediyi Qızının yaşı əllini keçmişdi. Qızı onun bu səhər bərk həyacanla danışdığı yuxunu öz-özlüyündə yozmağa çalışırdı. Atası bu yuxunu danışanda rənginin ağappaq ağardığı Qızının beynindən çıxmırdı.
- Ay dədə, rəngin nə yaman vağanıdı?- deyə soruşmuşdu.
O da, adəti üzrə əllərinin üyüşüyünü açırmış kimi barmaqlarını ovuşdura -ovuşdura:
- Nə bilim,a bala, yaman eyməndim- demişdi.
- Nə gördün ki?- Qızı soruşdu.
- Gördüm Qəhrəmanı doğradılar. Balta ilə yekə, dəyirmi kötüyün üstündə ayağından tikə-tikə doğramağa başladılar. Ayağının tikələri belə-belə idi- iki barmağını bitişik tutub baş barmağını əyib, onların yarısını göstərdi - böyük tikəsini qulağı boyda elədilər Qəhrəmanın. Qanı da çıxmadı.
Qızı indi əlindəki iynəni saplamaq istəyir, həm də beynində bu yuxunun mənasını tapmağa çalışır. Heç birini də edə bilmir. Çünki Atasının halından narahatdı, fikri dağınıqdı.
Ata isə yuxunu undub, tələbəlik dostu Məhərrəmi xatırladı.Onu görməyi arzuladı. Məhərrəm Bakıda yaşayır, Universitetdə dərs deyir. “Allah, görən mən Məhərrəmi bir də görə bilərəmmi?” deyə ürəyində yanğıyla fikirləşdi. “Görən çağırtdırsam gələrmi?” bunu da yalnız bir anlıq düşündü.
Məhərrəm il yarım idi ölmüşdü. Amma bunu övladları Kişiyə deməmişdi. Neynirdi o Məhərrəmi? Bilmirdi. Məhərrəmi “dağlar qar istəyən kimi, bağlar bar istəyən kimi, xəstə nar istəyən kimi, könül yar istəyən kimi” istədi. Ürəyi gizildədi. Gözlərini yumub dərindən, çox dərindən ah çəkdi...
Elə bil neçə illər bundan əvvəl idi. Məhərrəm də, o da tələbə idi...
Məhərrəm duman kimi, bulud kimi görünən tül pərdəni əlilə kənara çəkib, açıq qapıdan içəri girdi.
- A Məhərrəm, nə yaxşı gəldin. Bizim evi həncəri tapdın, təkmi gəlibsən?- deyə sevincək onu qarşılamaq istədi, əlini irəli uzatdı.
Qızı əlindəki sapı min bir əzabla təzəcə iynənin gözündən keçirmişdi, onu döşəkcəyə sancıb, Atasına tərəf qaçdı:
- Ay dədə, nə istədin?- deyə təlaşla soruşdu.
Qızının iri acılmış, qorxu dolu gözlərini görüb, dözə bilmədi, gözlərini yumub başını sağa-sola döndərdi, yəni ki, “heç nə”. Bir müddət göz qapaqlarını açmadı. Qızı onu yuxuya getmiş zənn etdi, bir qədər hərəkətsiz durub onun yuxusunun dərinləşməsini gözlədi, sonra pəncələri üstündə sakitcə geri döndü, gəlib əvvəlki yerində oturdu, oturarkən bir də qanrılıb geri çevrildi, boynunu uzadaraq diqqətlə atasına tərəf baxdı, onun sinəsinin aramla qalxıb-endiyini görüb rahatlaşdı. İynəni götürüb, təzə döşəkcənin ağzını tikmək istıyirdi ki, bayırdan səs gəldi. Qapını sakit açdı, bacardıqca səsiz örtdü, bayıra çıxdı. Qonşunun gəlini idi, tərəzi istəyirdi yun çəkməyə. Özlüyündə fikirləşdi ki, indi kimdi qonşudan nəsə istəyən, dünya doludu hər şeylə. İstədi desin ki, mağazalarda tərəzinin indi onlarla növü satılır, üzündən gəlmədi. Qonşunun gəlini:
- İpli tərəzi istəyirəm, daş tərəzisini. Qaynanam özü çəkəcək, indiki tərəzilərə inanmır- deyib gülümsündü- özümdə elə pisəm ki –deyə əlavə etdi.
Kişinin Qizi “niyə” deyə sual verməyə macal tapmadı. Qonşunun gəlini səsini alçaltmış:
-Dədən nətəridi?- soruşdu, cavab almamış əlavə etdi –bayaq Qəhrəmanın gəlininin yanına getmişdim. Boy, Qəhrəman hələ də ölə bilmir. Quruca nəfəsi üstündədi, bütün bədəni ölüb. Ayaqlarının əti tikə-tikə tökülür. Arvadı tökülən ətləri bir-bir yığıb salafan kloka qoyur, soyuducuda gizlədir.
- Elə niyə- üşürgələnmiş soruşdu.
-Bə neyləsin!? Sən Allah söz məndən çıxmasın, deyirlər öləndə ətlərini də yanına basdıracaqlar. Özü də tökülən ətlərin yerindən nə qan çıxır, nə su.
Qiz Atasının yuxusunu xatırladı. “Gördüm Qəhrəmanı doğradılar... ayağından tikə-tikə doğramağa başladılar... böyük tikəsini qulağı boyda elədilər Qəhrəmanın. Qanı da çıxmadı.” “Allah Dədəm bunu nətəri bilib, yataqda yatdığı yerdə, ya özü demiş, gedib o dünyada görüb Qəhrəmanı!?”
- Ürəyim bulandı, təziqim düşdü deyəsən –Kişinin Qızı dedi.
Qonşunun gəlini əlüstü cavab verdi:
-Təziqin-zadın düşməsin, niyə düşür?! Gəlini eşidib, Qəhrəmanın Qarısı tikələri yığanda yavaşca-yavaşca deyirmiş “ günahlarındı, ay Qəhrəman, sonun belə oldu.” Qəhrəmanın günahlarını kənd bildiyini bilir, bilmədiyini arvadı bilir, o da bilmədiyini Allah bilir. Sənin niyə rəngin avazıyır?!
Kişinin Qızı “Allah, ağlıma muğayət ol” dedi dodağının altında, “Sirlərinə qurban olum, ay Allah” dedi hündürdən.
Qonşunun gəlinini tələm-tələsik küçə qapısından ötürüb evə tərəf addımladı. Bədəninin taqətsizliyini hiss etdi. Belə olanda isti, şirin çay içib, divana uzanar, yumşaq ədyalı üstünə çəkərdi. İndi ona da halı yox idi.
Atası isə kiminləsə, lap elə Qəhramanla dərdləşmək, zarafatlaşmaq, baməzəlik etmək istəyirdi. Əlini əlinə vurub doyunca, gözündən yaş gəlincə güldüyü günlər çox uzaqdaydı, lap çox... Ata nəfəsi tövşüyə- tövşüyə o günlərin dalınca gedirdi...
Tövşüyən səslə:
-Qapının açarını üstündən götür - dedi Qızına.
Qız da:
- Ay Dədə, açarı neynirsən? - soruşdu.
- Qapını aç, açarı üstündən götür, cibinə qoy, götürərlər, bilməzsən –dedi Kişi.
Qız sevincək: -Aaaaaaaaa, dilin açıldı, ay...!- qışqırdı, tez də əllərilə ağzını yumdu və...




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az