t s

» » İşğalçının Gürcüstanı Azərbaycandan ayırmaq planı

İşğalçının Gürcüstanı Azərbaycandan ayırmaq planı

26-12-2017, 19:03 Yazar:  Məmməd Məmmədov Baxılıb: 314 Çap et
İşğalçının Gürcüstanı Azərbaycandan ayırmaq planı
Ermənistan prezidentinin dekabrın 25-dən Gürcüstana başlayan iki günlük səfəri Azərbaycanda da həssaslıqla izlənilir. Söhbət ondan gedir ki, işğalçı ölkənin rəhbəri Azərbaycanın yaxın müttəfiqlərindən biri olan Gürcüstana ölkəsini xilas etmək məqsədilə gedir. İki dövlət arasında əlaqələrin normalda üçüncü dövlətə hər hansı bir aidiyyəti olmamalıdır. Ancaq indiki halda Ermənistan-Gürcüstan əlaqələri bizi təbii olaraq qayğılandırır.

Əgər rəsmi İrəvan normal mövqe sərgiləsə, qonşu ölkələrlə normal münasibətlər şəraitində yaşamağa qərar versə, ərazi iddialarından əl çəksəydi və Qarabağın işğalına son qoysaydı, sözsüz ki, onun Tiflislə əlaqələri kimsəni ilgiləndirməzdi. Hətta o halda bölgədə “Qafqaz evi” prinsipi ilə yaşamaq şansı da yaranardı və əmin-amanlıq şəraitində regionun çiçəklənməsi, əhalinin rifahı naminə birgə layihələr həyata keçirilərdi. Lakin böyük güclərin əlində “maşa”ya çevrilmiş Ermənistan rəhbərliyi öz xalqının bədbəxtliyi naminə regionu fəlakətlərlə üz-üzə qoyub və inadından əl çəkmək istəmir. Elə bunun nəticəsidir ki, Bakı-Tiflis-Ceyhan neft kəmərinin ardınca Ermənistan Bakı-Tiflis-Qars dəmir yolu layihəsindən də kənarda qaldı. Düzdür, İrəvan ümid edir ki, Tiflisin dəstəyi sayəsində gələcəkdə bu dəmir yolu xəttinə qoşula biləcək, ancaq Azərbaycan və Türkiyəyə qarşı ərazi və “soyqırım” iddiaları ilə çıxış edən təcavüzkar ölkə çətin ki, bu niyyətinə nail olsun. Amma istənilən halda, S.Sərkisyanın Tiflisdəki danışıqlarında bu məsələ müzakirə olunacaq.

Erməni mediası da bu səfərə ciddi diqqət yetirir. Ancaq görünən budur ki, Ermənistanda Sərkisyanın geriyə şad xəbərlə qayıdacağına ümid çox azdır. Xüsusilə də Gürcüstanın baş naziri Qriqori Kvirikaşvilinin İrəvana 1 dekabr səfərinin son anda təxirə salınması erməniləri narahat edib. Düzdür, gürcü tərəf bu qərarı parlament iclası və yeni hökumətin formalaşdırılması ilə izah etdi, lakin erməni tərəf bu cavaba şübhə ilə yanaşır. Irəvandaki səksəkənin və Gürcüstanı itirə, nəticədə daha fəlakətli durumla üz-üzə qala biləcəyindən dolayı narahatlıqların nəticəsidir ki, S.Sərkisyan gürcü baş nazirin səfərinin reallaşmasını gözləmədən özü Tiflisə getməyə qərar verdi, özü də iki günlük!

QAT sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Gürcüstanın işğalçı Ermənistanla normal münasibətlər saxlaması Azərbaycanda haqlı qıcıq doğurur: “Əlbəttə, Gürcüstanın Türkiyə və Azərbaycanla münasibətləri daha istidir. Amma Ermənistanla münasibətlərində Azərbaycan faktorunu yaddan çıxarmamalıdır. Təəssüf ki, hələlik bunu hiss etmirik. Sanki Azərbaycanla Ermənistan arasında bir balans siyasəti yürütməyə, heç bir tərəfi incitməməyə çalışır. Gürcüstanın Cavaxetiya ilə bağlı vəziyyətini başa düşür, amma qəbul etmirik. Ən azından gürcü dostlarımız anlamalıdırlar ki, onların həyati maraqları Azərbaycanla bağlıdır”. A.Nağı illərdir Gürcüstana girişinin yasaqlanmasını da xatırlatdı: “Mənimlə bağlı hadisə anlaşılan deyil. 4 ildir ki, mənim Gürcüstana girişimə qadağa qoyulub. Bu günə qədər heç səbəbini də deməyiblər. Dost ölkələrin arasında bu cür hərəkətlər yolverilməzdir”. Eyni zamanda QAT sədri dedi ki, Ermənistanın terrorçu prezidentinin Gürcüstana səfərini normal qarşılamaq olmaz: “Ermənilər Gürcüstan vasitəsilə yolların açılmasına, təcrid vəziyyətinə son qoyulmasına, nəfəsliyin əldə olunmasına çalışırlar. Gürcüstan buna yol verməməlidir, əgər imkan verərsə, Azərbaycana arxadan zərbə vurmuş olacaq. Ermənistan öz günahına, Azərbaycanın torpaqlarını işğal etdiyinə görə təcrid vəziyyətinə düşüb. Azərbaycan prezidenti dəfələrlə bildirib ki, Ermənistan zəbt etdiyi torpaqlardan çıxmayınca, təcrid vəziyyətində qalacaq. Düşünürəm ki, Gürcüstan rəhbərliyi dost hesab etdikləri Azərbaycan rəhbərinin mövqeyini heç bir halda nəzərdən kənarda saxlaya bilməz”.

Erməni tərəfini daha çox maraqlandıran işğal altındakı Abxaziya və Cənubi Osetiya ərazilərindən keçən dəmir yolu və marşrut yolunun açılmasıdır. Lakin hələ ki Gürcüstan Rusiya ilə Ermənistanı birləşdirən bu yolları açmaq niyyətində deyil. Ermənistan mediasının yaydığı xəbərə görə, görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunacaq. Serj Sərkisyan Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir Georgi Kverkaşvili, parlamentin sədri İrakli Kobaxidze, eləcə də Gürcüstan patriarxı II İlya ilə görüşəcək. Sərkisyanın səfəri öncəsi Gürcüstanın baş naziri Georgi Kvirikaşvili erməni mallarının fors-major hallarında Abxaziya və Cənubi Osetiya vasitəsilə Gürcüstan ərazisindəki nəqliyyat dəhlizlərindən keçməsinin mümkünlüyünü bəyan edib. Bu isə Gürcüstan müxalifətində güclü reaksiya doğurub və qalmaqala səbəb olub. Ermənistana yük axınının mütləq əksəriyyəti-80%-ə yaxını Moskvadan gəlir. Yuxarı Lars keçidi isə vaxtaşırı bağlandığı üçün İrəvan daha əlverişli yollar arayır. Hesab olunur ki, Ermənistan üçün ən sərfəli yol Şimali Osetiya-Qori marşrutudur. Lakin bu yolun işğal altındakı Cənubi Osetiyadan keçməsi Tiflisi tərəddüddə qoyur. Ancaq Ermənistana gediş-gəlişin asanlaşması, işğalçı ölkənin ayağa qalxmasına səbəb olmaqla yanaşı, Qarabağ savaşının alovlanması halında bu ölkəyə hərbi yüklərin daşınmasını da asanlaşdıracaq. Tiflisin belə bir razılaşmaya getməsi isə Azərbaycana qarşı ən böyük pislik olardı.

“Ermənistan prezidentinin Gürcüstana səfərini diqqət mərkəzində saxlayan əsas amil Abxaziya ərazisindən Ermənistana gedən dəmir yolu xəttinin bərpası ilə bağlıdır”.

Bu fikirləri isə politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”ın əməkdaşına bildirdi. Ekspert qeyd etdi ki, bu dəmir yolu xəttinin bərpası üçün 250 milyon dollarlıq sərmayəyə ehtiyac var: “Bunun üçün Ermənistanın pulu yoxdur, Rusiya isə hələlik dəmir yolu xəttinin bərpası üçün maliyyə ayırmaq barədə niyyətini bəyan etməyib. Qərb ölkələri Abxaziyanın işğalı faktını tanıdıqlarına görə onların bu de-fakto ilhaq edilmiş ərazidən keçən dəmir yolu xəttinin bərpasına birbaşa maliyyə vəsaiti ayıracağı inandırıcı deyil. Digər tərəfdən, hətta rus və erməni ekspertləri belə dəmiryolu xəttinin bərpasına çəkiləcək xərclərin ən azı 10 ildən sonra özünü doğruldacağını deyirlər. Çox güman ki, erməni və rus ekspertləri bu rəqəmi ən azı 2 dəfə azaldıblar. Dəmir yolu xəttinin Gürcüstandan keçən hissəsi bir o qədər də ziyan çəkməyib. Hazırda Gürcüstanın nəzarətində olan İnquridən Zuqdudiyə qədər olan məsafədə təmir işlərinə ehtiyac var. Abxaziya ərazisində isə 190 km. dəmir yolu xətti faktiki olaraq yenidən çəkilməlidir”. E.Mirzəbəyli bildirdi ki, Gürcüstan bu məsələdə həm öz vətəndaşlarına, həm də Azərbaycana qarşı riyakar mövqe sərgiləməyə çalışır: “Gürcülər Abxaziya məsələsini qabartmamağa çalışırlar. Yəni məsələni belə şərh edirlər ki, işğal altında olan Abxaziya ərazisindən keçən yüklərin Ermənistana və geriyə daşınması üçüncü bir ölkə ilə bağlı olduğu üçün bu, rəsmi Tiflisin işğal faktı ilə barışması anlamına gəlmir. Gürcüstandakı bəzi qüvvələr heç bir tutarlı arqument gətirmədən dəmir yolu xəttinin bərpasının Rusiya ilə münasibətlərə, həmçinin Rusiyadan Gürcüstana birbaşa yük və sərnişin daşınmasına müsbət təsir edəcəyini də deyirlər. Bildiyiniz kimi, hazırda Gürcüstanın Rusiya ilə birbaşa dəmir yolu əlaqəsi yoxdur. Daşınmalar Azərbaycan ərazisindən həyata keçirilir. Əslində Rusiyadan Gürcüstana, yaxud əksinə yük daşınmalarının Azərbaycan ərazisindən həyata keçirilməsi ciddi tarif fərqinə səbəb olmur. Bildiyim qədər Azərbaycan bütün digər məsələlərdə olduğu kimi, bu məsələdə də Gürcüstanı nəzərə alır. Digər tərəfdən, Rusiyadan daşınan yüklərin Azərbaycan ərazisindən keçərək, Gürcüstana daşınması da son nəticədə Bakı-Tiflis-Qars dəmir yolu xəttinin hesabına yazılacaq ki, bu son nəticədə rəsmi Tiflisin də maraqlarına xidmət edir. Regiondakı bütün reallıqlar Bakı-Tiflis-Qars dəmir yolu xəttinin üzərində dayanmağı zəruri edir”. Ekspert bir məqama da diqqət çəkdi: “Nəzərə almaq lazımdır ki, Astara-Rəşt dəmir yolu çəkildikdən sonra Gürcüstan üçün də tranzit ölkə kimi daha geniş imkanlar yaranacaq. Moskva-Suxumi-Tiflis-İrəvan dəmir yolu xətti isə son nəticədə dalanda bitir və heç bir perspektivi yoxdur. Qeyd edim ki, Abxaziya ərazisindən keçən dəmiryolu xəttinin bərpasında əksər Qərb dövlətləri, o cümlədən ABŞ maraqlı deyil. Çünki bu xəttin bərpası əsasən Rusiyanın regiondakı mövqelərinin güclənməsinə xidmət edir. Digər tərəfdən, heç kim zəmanət verə bilməz ki, Moskva bu dəmir yolu xəttindən hərbi dəmir yolu xətti kimi istifadə etməyəcək...” Politoloq öz tərəfindən xəbərdarlıq da etdi: “Gürcüstanın işğal altında olan ərazisindən keçən dəmir yolu xəttinin bərpasına və buradan gələn yüklərin Tiflisdən keçərək Ermənistana daşınmasına razılıq verməsi çox ciddi problemlərə yol aça bilər. Təbii ki, ilk növbədə Gürcüstanın özü üçün... Qənaətimə görə, rəsmi Tiflis bu mövzunu yenidən gündəmə gətirməklə Azərbaycandan və Abxaziyadan keçən dəmir yolunun bərpasında maraqlı olan digər ölkələrdən nə isə umur. Çox güman ki, məsələ ətrafında KİV-də körüklənən kampaniyanın arxasında da bu amil dayanır. Gürcüstanın belə manevrləri bizə yaxşı tanışdır. Bu baxımdan, rəsmi Tiflisin addımlarını diqqətlə izləmək, manevrlərinə qarşı alternativ addımlar sərgiləmək lazımdır”.

Görünən budur ki, işğalçı Ermənistanın Gürcüstanı Azərbaycandan ayırmaq planı var. İrəvan təfriqə törətməkdə ustadır. Sözsüz ki, Gürcüstan Qarabağı işğalda saxlayan ölkəyə “yaşıl işıq” yandırsa, Bakını məyus edəcək. Tiflis unutmamalıdır ki, Qarabağ separatçıları ilə Abxaziya və Cənubi Osetiya separatçıları vaxtaşırı bir araya gəlir, bu prosesi isə onların İrəvan və Moskvadakı “patron”ları koordinasiya edir. Hər halda, S.Sərkisyanın səfərini izləyək, görək Azərbaycanın hesabına əhalisini donmaqdan xilas edən Gürcüstan necə davranacaq?..




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:43 Gürcüstan hökumətindən Azərbaycana qarşı xəyanət kimi qərar Ermənistana Rusiyadan yük daşınması üçün yeni dəhliz verilir Natiq Miri: “Heç kim təminat verə bilməz ki, həmin dəhlizdən silah daşınmayacaq” Ermənistan prezidenti Serj Sərkisyan bu gün Gürcüstana iki günlük işgüzar səfər edəcək. Ermənistan mediasının yaydığı xəbərə görə, görüş zamanı ikitərəfli
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az