t s

» » Bir at kişnərtisi qopar şəhərdən... - Gülnarə İsrafil - ŞEİRLƏR

Bir at kişnərtisi qopar şəhərdən... - Gülnarə İsrafil - ŞEİRLƏR

6-12-2017, 20:08 Yazar:  Gülnar Baxılıb: 71 Çap et
Bir at kişnərtisi qopar şəhərdən... - Gülnarə İsrafil - ŞEİRLƏR
O bircə...



Çirkli küçələrin bir öpüm qumu,

Bir addım, bir tapdaq təpəliyi var.

Ayağın düşdüyü son ayaq izi,

İzin düz yeri var, çəpəliyi var.



İsladar tozluğu səhərin mehi,

Şəfəqlər qurudar, gün günortadı.

Fırlanıb baş üstə özünü gəzsən

Görərsən kölgəndi, hər gün ordadı.



Küləkdən beyinin damı dəlinər,

Çıxar adamlıqdan, adama uymaz.

Bəlkə də bəşər yox bu gen dünyada,

Mən isə adamam, adamam az-maz.



Bir at kişnərtisi qopar şəhərdən,

Xəcalət, əmanət hayına düşər.

Mənim adamlığım gedər bəşərdən,

Yalqızlıq, yalnızlıq boyuna düşər.



Tənhalıq heçliyi sığallamaz ki...

Yaşayar varlığı özünə imdad.

Nəyim var, nəyim yox o bircə, bircə,

Tək vücud, tək doğuş sözünə bir ad.



Yerin çilələri

Qara qarğaların qarıltısına

Dan yeri gərnəşir, səhər oyanır.

Üfüq, duaların həzinliyinə

Bir əl mürgüləyir, şəhər oyanır.



Sinirlər canlanır, xoruzun banı,

Ömür cavanlaşır saata qədər.

Deyəsən hardasa varıydım axı,

İndi yaşadığım həyata qədər.



Gecənin bir tutum halı da yoxmuş,

Gündüzlər inada qərinələnir.

Göyün ucqarında ulduz qıyımı

Yerin mərkəzinə işiq dilənir.



Günəş göy üzündə sarı yarpağa

Bürünüb, payızın ətirin verir.

Qənim kəsilərək insan insana,

Biryolluq min qışın tətilin verir.



Yerin çilələri bitmir ki, bitmir,

Yazın yorğanından yastıq döşənir.

Gecənin canına ulduzlar ləkə,

Dunyanın dişində gündüz gövşənir.



Ümid sığalı pöhrə

Ayağı sinənə qoya bilmərəm,

O yer mənim olsa, başımın yeri.

Sevgi pıçıldayar döyüntülərdə,

Olmasa, o sinə daşımın yeri.



Gözünü gözümdə çəkib aparram,

Yığış bu yollardan, yığış toparran.

Gözündən gözümə gülüş qoparram,

İnciməz, sızlamaz yaşının yeri.



Əlimdə bir ümid sığalı pöhrə,

Bir ümman, bir dəniz saralıb çöhrə.

Gözündən parlayır gözümə zöhrə,

Bahardı, güllükdü qışının yeri.



Namaz qılım

Namaz saatıdır,

içimə gömmüşəm namazı.

Dualarım bomboş.

Bir qərib keçir ruhumun ölkəsindən-

Ölkənin bölgəsi,

bölgənin ölkəsi cahillikdən xəstələnib,

savadsızlıqdan məhdudlanıb.

Elm şərbətinin dadı

zəhər dadır vərəqlərdə,

adı saxtalaşıb,

saxtakarlıq ağuşuna alıb insanları.

Duzsuz, dadsızdı dünya.

Qardaşlıq siğəsinin ülviliyinə,

baxışlar didərginləşib,

köntöyləşib.

Ölüb vurğunluğum

insanların ikiüzlülüyündə.

Mənə bircə üzlü insan göstərin!

O Allah adamının ətəyində

namaz qılım...



Yat, gözüm

Yat, gözüm,

görmə daha çirkinliyi,

didəni zibilləmə.

Ağın qalsın buludda,

yer üzündə kirləmə.

Kirpiyimə şimşəkdən,

od ələnsin.

Kirpiyimlə çirkinliklər,

güllələnsin.

Yat, gözüm!

Ölüm-dirim savaşları dayanınca,

susan vicdan, yatan insan oyanınca.

Körpələrin üzündəki cizgilərdə,

ölüm, qorxu...

Apar məni, dərin yuxu.

Göyərçinin qanadında,

uçum, gedim səssizliyə.

Yat, gözüm!

Ruhum getsin sənsizliyə.

Ömrüm

Son mənzildə dayanınca,

yer üzündə

insanlıq oyanınca,

yat, gözüm.



Su və torpaq

Torpaq anamın atamın rəngində.

Yox, anam atam torpağın rəngində.

Bəlkə də heç biri,

biri-birinin rəngində deyil,

hərə öz rəngində,

hərə öz xarakterində.

Bəlkələr sonsuz.

Hər şey adlı, hər şey adsız.

Adlar kəlmələrlə, kəlmələrsiz.

Əvvəl son, son əvvəl,

ikisinin arasında bir zaman kəsimi.

Əvvəlin özü sona qayıdır…

Sonun özü əvvələ…

Dövr edir dairələr, həlqə-həlqə,

biri-birinə bitişik,

biri-birindən ayrı.

Su və torpaq -

Qarışır biri o birinə,

yoğrulur xəmir kimi,

həlqələnir.

Dadı başqalaşır, adı başqalaşır-

Duzlu, duzsuz, şirin, acı.

Su və torpaq-

Əvvəlki torpaqdan, sudan fərqli,

hamısı eyni yerdə nizamlanmış,

torpaqdan və sudan

ən yüksəkdə...

İçində hər şey var,

çölündə hər şey var.

Bəlkələrsiz.

Hər şey sonlu, hər şey sonsuz əbədi.




Bir sən bil, bir mən

Şimşəyin çaxma səbəbini

səsin ahəngində pıçılda!

Yağışın dənələrini

gözdə yerləşdirdiyini də...

Gecənin hüzününü,

gündüzün hüzurunu,

günlərin zühurunu

yığ ovcuma...

Bir sən bil, bir mən!

Sənə gəlim,

şimşək çaxanda...

Sənə gəlim,

günəşin istisində

dünyanı yaxanda.

Sənə gəlim

yıxılanda.

Tut əlimdən,

dolanım ətəyinə,

bir sən bil, bir mən...




Dostum

həyat təkrarlardı,

doğuldunsa təkrarsan.

Əvvəl də doğulanlar var,

sonra da

mahiyyət eynidi.

Hər şey doğulduğu gündən başlayır,

hər şey doğulduğu gündə bitir.

insanı, ağa bükür tib bacısı,

kəfənə bükür molla.

Doğulanda ağ kağız kimi tər-təmiz...

sonradan qarışmaq

qayda-qanunların mürəkkəbinə,

bir nöqtədən şaxələnmək var

həyatın rənglərinə.

Boz rəng, həyatın bir düz xəttini,

mənasızlıqlarda böyüdür,

qara rəng "tale yazısı"

hər günün iç üzü.

qırmızıda düz xətt qırılır

uçurumlu çalalar çıxır önə qarma-qarışıq;

qırışıq.

Sosial həyata başlayarkən fərdiliyi çürüdür qanunlar,

hər nöqtədən yeni xətt,

xətlərdə kimlik axtarışı,

beləcə keçir saniyyələr,

sonra dəqiqə olur, daha sonra dəqiqələr

saata çevrilir-

saat, saatlara...

gün, doğulduğu yerdən başlayır,

elə saatlar, dəqiqələr, saniyələr də.

Xətlər gülün ləçəklərində,

ağacın yarpağında damarlanır

gövdənin rəngində saralır,

bəlkə hər şey sarıdır düşüncəsi haqlayır adamı

hamı, hər şey sarıda bitir.

Hər şey ağdır bəlkə də,

hamı, hər şey ağda doğulur,

bəlkə də hər şey qara,

qarada mizan,

kainatın bu sirləri olmaya.

Rənglər sonsuza qədər qırılmadan şaxələnə

sonsuzluğa doğulasan rənglərdə.

Bir sözlə, həyat təkrardı

təkrarlarsa həyatdı, dostum.




Gedir karvanım...

Könlümün bir ətək daş qoxusu var,

Ömür çınqılını əzir ayağım.

Hər daş bir yazıdır,

üstümü yazır

getmir mürəkkəbi yağım, ha yağım.

Yağışam,

buludam,

buxaram,

Arada özümdən qorxaram.

Yığıram bir boğça sevinc yükünü-

gedir karvanım!




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
22:48 Gülnarə İsrafil: "Şeirlər" Çilik ağac Qorxu sarılıb düşüncələrin xam yerinə. bir az vəzifə korlaşdırıb əqidənin dilini biz az köynək, qalstuk. cazibəlidir sarayın üst qapağı, çəkib aparır səs dalğasını. Həmişəki kimisən kilsə keşikçisi, məscid üləması, minbər həzrəti. O günlə bu günün dəyişməyib qum padişahı. Troya
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az