t s

» » İlahiyyatçıdan maraqlı təklif: Bakıda “Quran evi” açılsın

İlahiyyatçıdan maraqlı təklif: Bakıda “Quran evi” açılsın

9-05-2017, 10:01 Yazar:  Məmməd Məmmədov Baxılıb: 437 Çap et
İlahiyyatçıdan maraqlı təklif: Bakıda “Quran evi” açılsın
İslamın həqiqi dəyərləri ölkəmizdə düzgün təbliğ olunmalıdır ki, dinə ac olanlar, etiqad ehtiyacında olanlar radikal və sapqın təriqətlərin məqsədyönlü təsirinə düşməsinlər. Elmi-fəlsəfi cəhətdən təbliğ olunmalıdır dinimiz. Çünki müasir insan kompüter əsrində yaşayır.

Dini icmalar düzgün və savadlı şəkildə təlimatlandırılmadığından pərakəndə və xarici təhsilli təbliğatçıların əlində alətə çevrilirlər. Ölkədə sivil, əsl elmi İslamın təbliğatı üçün "Quran evi" və ya "Quran Mərkəzi" yaradılmasına lüzum var. Burada həm qədim məxəzlər nümayiş etdirilsin, əski “Quran” mətnləri turistlərin baxışı üçün sərgilənsin, həm də Mərkəzin nəzdində “Quran” əlifbasının öyrədilməsi, “Quran” qarilərinin yetişdirilməsi, “Quran”ın düzgün və doğru təbliğatı nöqteyi-nəzərindən bir tədris şöbəsi də təşkil olunsun.

Ölkədə idman kompleksləri, gənclər mərkəzləri tikilir. Bununla yanaşı bir “Quran Mərkəzi”nə də ehtiyac var. Ən azı mədəniyyətimizin təbliğatına, turist cəlbinə xidmət edə bilər.

İnsanlar nəyə acdırlarsa onun üstə gedirlər, onu tələb edirlər. Öz mənəvi aclıqlarını, ehtiyaclarını ödəməyə can atırlar. Din də belədir. Hər kəsin saf və ya batil də olsa, bir etiqad inancına ehtiyacı vardır. Bu, fitri bir hisdir.

Bu ehtiyac da yararlı mənəvi qida ilə təmin olunmayanda, insan əlinə keçən, qarşısına çıxan təbliğatın qurbanı olur. Bax, ölkədəki radikal, qeyri-ənənəvi təriqət üzvlərinin əksəriyyəti bu boşluğun və əskikliyin mənəvi qurbanlarıdır.

Ölkədə demək olar ki, xalqımızın ruhuna uyğun vahid İslam modeli formalaşdırılmayıb. Kim necə istəsə, harda necə təhsil alıbsa, kimdən necə eşidibsə, o cür də təbliğ edir və nəticədə bir- birinə zidd cərəyanlar meydana gəlir.

Ən azı doğru-dürüst bir dini təqvimin nəşr edlməsi təmin olunmadığından, hər il Ramazan və digər əlamətdar günlərdə ziddiyyət yaranır.

Ölkədəki ruhanilərin demək olar ki, hamısı xaricdə təhsil almış və əcnəbi müctəhidlərin müqəllidləridir...

Hesab edirik ki, ölkədə gələcək dini qarşıdurmaları, dini radikallığı, xurafatı önləmək üçün mükəmməl bir “Quran Evi”nin yaradılmasına gərək var.

Bu Mərkəzə AMEA-nın Şərşünaslıq institutundan, BDU-nin İlahiyyat fakultəsindən, Bakı İslam Universitetindən, habelə yazıçı və şairlərimizdən ibarət bir araşdırmaçı-tədqiqatçı qrup dəvət etmək lazımdır. Qədim dini irsimizin, Hürufiliyin, Xəlvətiliyin, Səfəviliyin öyrənilməsi dini-elmi qrup tərəfindən araşdırılaraq vahid İslam modeli formalaşdırmaq lazımdır ki, xalqımız öz müctəhidini, mürşidini tanısın, gedib farsın-ərəbin cənginə keçməsin...

Belə bir Mərkəzin yaradılması bir çox yöndən faydalı ola bilər. Din eyni zamanda mədəniyyətdir, elmdir və daha doğrusu din, elm və mədəniyyətlə vəhdətdədir. Ona görə də din, elə elm və mədəniyyətlə vəhdətdə də araşdırılmalıdır.

Bu Mərkəz ölkədə “Quran” tərcümələrini təşkil edə bilər. Təfsir və izahların nəşrini təşkil edə bilər.

“Quran” muğamlar üstə, xüsusi bir və ya bir neçə avaz qaydası ilə oxunduğundan bu oxunuşun təbliği məsələsini təşkil etmək olar. Çünki ölkədə dindarların, hətta, ruhanilərin əksəriyyəti ərəb əlifbasını öyrənib “Quran”ı adi kitab kimi oxuyurlar. Əhalinin əksəriyyəti, hətta ruhani və dindarların böyük çoxluğu özləri də elə bu sayaq oxuduqlarından düzgün qiraətin yayılmasına ehtiyac var.

“Quran”ın 7 qiraət növü, ləhnləri, avazları var. Bu, ayrıca bir elmdir. Misirdə bu elmdən daha geniş istifadə edilir və orada dünyaca məşhur qarilər yetişib.
Keçmişdə bizim xanəndələrimiz, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdı oğlu və başqaları xanəndəliklə bahəm, bu qiraətləri də mükəmməl biliblər və hətta, yeri gələndə mərsiyyəxanlıq da ediblər.

Bizdə gözəl muğam oxuyanlar, dünyada tanınan sənətkarlarımız olduğu halda, nədən “Quran” qiraəti üzrə də qarilərimiz İslam dünyasında qalib olmasınlar?

“Quran” sirli bir kitabdır. Onu nazil olduğu avazla, muğamıyla (təbii ki, özünə məxsus qaydada) oxumasan, o dinləyiciyə təsir edib onu feyziyab etməyəcək. Necə ki, yas yerlərimizdə və s. adəti yerlərdə “Quran” yanlış melodiya ilə oxunur.

“Quran”ı yas və ağı üstündə oxuyurlar ki, bu da Sovet ideologiyasının təsiri idi -qoy hamı bu kitabı şər, bədbinlik, yas kitabı kimi qəbul etsin və səsi gələndə dərhal ölü-yas göz önünə gəlsin.
Bu psixoloji qandaldan azad olmaq lazımdır. Onun üçün gözəl muğam ustlarımız həmin Mərkəzdə “Quran” qariləri ilə bahəm bu mədəni sərvəti də öyrənə, yaşada bilərlər.
Azərbaycan necə ki, muğamda Qədir Rüstəmov, Alim Qasımovlar yetişdirib, “Quran” qiarətində də dünyaca məşhur Adbulbasitlər, Mustafa Ğəlvəşlər yetişdirə bilər.
Bu gün İslam dünyasında “Quran”ın 7 qiraəti üzrə birincilik Misirdədir. İran illərdir can atsa da, liderliyi ələ ala bilmir. Ancaq mən əminəm ki, bizdə bu iş təsis və tədris olunsa, qısa müddətə bizim qarilərimiz Misiri də geridə qoyar və dünyaya səs salar.

Bu, həm sivil İslamın təbliği, həm ölkəmizin tanınması, həm də bu sənətin yaşadılmasıdır.

Təklif etdiyimiz "Quran Evi" və ya "Quran Mərkəzi" həm d, arxivlərdə, muzeylərdə toz basan qədim “Quran” mətnlərinin nümayişi baxımından təqdirəlayiq olar və turist cəlbinə səbəb ola bilər. Çünki Azərbaycan İslam aləmində öz üləması, elmi məxəzləri ilə qədim mədəniyyət, mənəvi dəyərləri baxımından heç də geri qalmır. Eyni zamanda bu Mərkəzdə "Dinlər kitabxanası" şöbəsi də təsis etmək olar ki, burada da, ölkəmizdə mövcud olan azsaylı və digər xalqların qədim və indiki inanclarına aid nümunələr ola bilər. Dini, mədəni mərkəzdə tolerantlığın dünyada misli olmayan bir nümunəsini təşkil etmək olar. Elə bir Mərkəz ki, onun kitabxanasında xristian da, yəhudi də, bəhai də, müsəlman da gəlib mənbələrlə tanış olaraq, əyləşib kitab oxuya bilsin.

Artıq İslamı biz mədəniyyət kimi qəbul edib bu dini elmi konfranslarda, mədəniyyət və icəsənət nümunələri ilə bağlı müzakirələrə çıxarırıqsa, onda bu dini gəlin məsciddən və yas çadırından çıxarıb belə bir Mərkəzə daşıyaq.

"Elmsiz din kor, dinsiz elm topaldır." Eynşteyn belə düşünürdü.
Sovetlər dağılandan sonra elmimiz dinləşdi, ancaq təəssüf ki, dinimiz elmləşmədi. Elə xurafat, mövhumat, cəfəngiyyat şəklində qaldı.

İndi isə artıq dünyanın inkişaf və tərəqqi dövrüdür. “Quran”ın rəvayətlərlə təfsiri və izahi yox, elmi-fəlsəfi, mədəni təfsirinə ehtiyac var.

“Quran” dərin bir dünyəvi idarəçilik kitabıdır. “Quran” nağıl kitabı deyil. O, insan beyninin məhsulu deyil. Abbasilər, Əməvilər, Osmanlılar yüz illərlə bu kitab əsasında ayaqda qalmadılarmı?..

Ona görə də bu kitabı heç də əhəmiyyətsiz hesab edib beş-on ruhaninin öhdəsinə buraxmaq olmaz. Çünki “Quran” çox yozulan bir kitabdır. Əgər o, doğru-dürüst yozulub təbliğ olunmasa, başqaları onu öz məqsədlərinə uyğun yozacaqlar.

Biz oradan rəhmət, əfv, bağışlanma, humanizm ayələrini təbliğ etməsək, radikallar və məqsədyönlülər əl kəsmə, daş qalaq etmə, ayrıseçkilik təfsirləri verməyə fürsət və zəmin tapacaqlar bu müqəddəs kitaba...

Ona görə də məncə yuxarıda qeyd edilən Mərkəzin yaradılmasına böyük ehtiyac var. Hesab edirəm ki, belə bir nümunə dünyada böyük rəğbətə səbəb ola bilər və bəşərin radikalizm tufanından xilasına bir vəsilə ola bilər.

Tural İrfan
İlahiyyatçı-yazar, AXCP sədrinin Dini İşlər üzrə Müşaviri




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:10 İlahiyyatçı Tural İrfandan maraqlı təklif: Ölkədə " Quran Mərkəz"ləri açılsın İslamın həqiqi dəyərləri ölkəmizdə düzgün təbliğ olunmalıdır ki, dinə ac olanlar, etiqad ehtiyacında olanlar radikal və sapqın təriqətlərin məqsədyönlü təsirinə düşməsinlər. Elmi-fəlsəfi cəhətdən təbliğ olunmalıdır dinimiz. Çünki müasir insan kompüter əsrində yaşayır. Dini icmalar düzgün və
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az