t s

» » Nazirin «taxılı yeyən» subsidiyaları - İTTİHAM VAR

Nazirin «taxılı yeyən» subsidiyaları - İTTİHAM VAR

25-04-2017, 09:47 Yazar:  Məmməd Məmmədov Baxılıb: 236 Çap et
Nazirin «taxılı yeyən» subsidiyaları - İTTİHAM VAR
Yaxud, kənd təsərrüfatı naziri Heydər Əsədovun rəsmi rəqəmlərinə inansaq, belə çıxır ki, Azərbaycanda adambaşına il ərzində yarım ton taxıl düşür…

(2-ci yazı)

…Ötən araşdırma yazımızda kənd təsərrüfatı nazirinin I müavini Bəhram Əliyevin «Hazırda Azərbaycanda taxıla olan illik tələbat 3 milyon tondur…» deyilən rəsmi açıqlamasına toxunmuşduq… Bəli, Prezident İlham Əliyevin fərmanı ilə 2015-ci il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilmişdi. Təbii ki, bu səviyyədə elan olunmuş «Kənd təsərrüfatı ili»nin adına uyğun da taxılı istehsal edilməli idi. Və sağ olsunlar ki, nazir Heydər Əsədovun dediyi kimi, «…Azərbaycanda 2015-ci ildə 2999,0 min tona taxıl istehsal olunmuşdur…». Ötən il də istehsal bu səviyyədə olub…
Bax burda, necə deyərlər, Qəribi ağlamaq tutur: budur, rəsmi statistikadan məlum olur ki, 2015-ci ildə respublikaya 296 milyon 831,8 min ABŞ dolları dəyərində, yəni 1,3 milyon ton buğda idxal olunmuşdur. Deməli, ölkəmiz ötən illərdə üst-üstə 4 milyon 300 min ton taxıla malik olmuşdur. Bura onu da əlavə edək ki, Azərbaycan əhalisinin ərzaq buğdasına olan tələbatı isə 1,7 milyon tondur. Bəs niyə təlabatımız yenə də ödənilmir və neftimizi su qiymətinə satıb məcburən xaricdən vurhavur taxıl alıb gətiririk? Bəs hardadır nazirin və nazirliyin aqrar islahatlarının bəhrəsi?
Yeri gəlmişkən: ötən yazımızdakı bu və ya digər suallara cavaab olaraq oxucularımızdan biri həmin yazıya belə bir şərh yazmışdı ki, «Nazirin islahatlara baş qoşmağa vaxtı hardan olsun, onun başı necə vaxtdır, Bakıda «Milyonçular məhəlləsi» kimi tanınan Teymur Əliyev küçəsində, «Falçı Məlahət»in qonşuluğunda tikdirdiyi əzəmətli mülkə qarışıb, hətta həmin küçəyə şlaqbaum da qoyaraq vətəndaşların sərbəst hərəkət hüququnu da pozur…
***
Yuxarıdakı suallara dair apardığımız adi bir hesablama və araşdırma maraqlı suallara meydan açdı. Azərbaycanda əhalinin sayı təxminən 10 milyon nəfərdir. Bu rəqəmdən 2 milyon 800 min uşağı, 2 milyona yaxın əmək və digər qrupdan olan pensiyaçıları (bu təbəqələr az yeyənlər qrupuna aiddir), həmçinin az yeyən 1-5 yaşa qədər körpələri, məhbusları, ölkədən kənara miqrasiya edənlərimizi və s. çıxsaq, ölkə əhalisinin daha çox çörək və ya çörək məmulatları yeyən təbəqəsinin sayının təxminən 4-5 milyon olduğu bəlli olar. Belə çıxır ki, Azərbaycanda ötən son illərdə adambaşına təxminən 800-900 kq taxıl düşüb. Yaxşı, bu qədər taxıl kimə lazımdır və ya ümumiyyətlə, lazımdırmı???
Başqa bir şübhəli sual da bizi məşğul edir: bəlkə ortada «pripiska» var?! Təkrar edirik: illik tələbatımız 1,7 milyon tondursa və özümüz 3 milyon ton taxıl (arpa, qarğıdalı, soya və ya düyü) istehsal ediriksə, bəs bu qədər taxıl niyə təlabatımızı ödəyə bilmir?

Prezident İlham Əliyev subsidiyaların korrupsiya mənbəyi olmasını məcbur olub dilə gətirdi, amma…


2016-cı ildə Nazirlər Kabinetinin illik hesabatındakı çıxışında İlham Əliyev Heydər Əsədova (2013-cü ildə kənd təsərrüfatı naziri təyin edilib) kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsinin səbəbinin yalnız quraqlıqla bağlı olmadığını vurğulayaraq olduqca incə bir məsələyə toxundu: "İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır”.
Yaxşı, Prezident bundan artıq nə deməlidir???
Söhbət etdiyimiz sahə mütəxəssisləri də etiraf edirlər ki, əgər subsidiyaların məsələsi ölkə Prezidentinə qədər gedib çıxıbsa, deməli, məsələ olduqca düşündürücüdür. Bu isə ona əsas verir ki, Kənd Təsərrüfatı Nazirliyi və şəxsən nazir Heydər Əsədov bu sahəyə ciddi nəzarət edə bilmir. Çünki, Prezident İlham Əliyevin söylədiyi kimi, subsidiyalar ayrı-ayrı məmurlar üçün yaxşıca korrupsiya mənbəyidir. Bunu Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmiş və subsidiyaların paylanmasına dair rəsmi məlumat-rəqəmlər də ehtiva edir. Məlum olur ki, dövlət aqrar sahəni, xüsusən də əkinçiliyi stimullaşdırmaq üçün əkin sahələrinin və çoxillik əkmələrin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına hər hektara 50 manat, habelə buğda və çəltik əkininə görə əlavə 40 manat məbləğində yardım verir, həmçinin gübrələr 70 faiz güzəştlə paylanır. Məsələn, nazirliyin rəsmi saytının «2016-cı ildə istehsal edilib satılmış toxum və tinglərə görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilmiş toxum və ting istehsalçılarının siyahısı, onların satdıqları toxum və tinglərin miqdarı və aldıqları subsidiyanın məbləği haqqında» məlumat bölümündən məlum olur ki, bu məqsədlə 2016-cı ildə dövlət büdcəsindən təkcə bu istiqamətə 4,74 milyon manat, 2015-ci ildə isə 5,32 milyon manat subsidiya ayrılmışdır. Yəqinki 2017-ci ildə də oxşar rəqəmli subsidiyalar ayrılıb. Ölkə rəhbərliyi isə taxılçılığın inkişafını hər dəfə ərzaq təhlükəsizliyimizin qarantı kimi xarakterizə edir, bu sahədə ciddi problemlərin olduğunu dilə gətirir. Həm də təkliflər verir: məsələn, Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasın gündəliyinə baxırıq. Prezident yekun çıxışında deyir: «…Qeyd etdiyim kimi, biz hələ ki özümüzü taxılla tam təmin edə bilmirik. Ancaq mən hesab edirəm ki, gələcəkdə biz məhsuldarlığın artırılması hesabına taxılçılığı inkişaf etdirməliyik. Biz iri fermer təsərrüfatlarının timsalında görürük ki, məhsuldarlığı iki dəfə artırmaq olar. Əgər Azərbaycanda taxılçılıqda orta məhsuldarlıq hektardan 50 sentner olarsa, onda bizə yeni torpaq sahələri də lazım deyil. Biz meliorativ tədbirləri digər məhsulların yetişdirilməsinə yönəldə bilərik və beləliklə, ixrac üçün yeni imkanlar yaranacaq…».
Nazir Heydər Əsədovun həmin iclasdakı çıxışından isə əslində, heç nə anlamaq olmur. O, dünyanın ərzaq təhlükəsizliyindən danışıb rəqəmlər sadalayır, amma Azərbaycanın niyə bu qədər dövlət qayğısı ilə əhatə olunmuş taxılçılığında məhsuldarlığın minimum həddə olmasının səbəbinə aydınlıq gətirmir… Lakin onun əvəzinə Prezident İlham Əliyev olduqca maraqlı təklif verərək çıxış yolunu göstərir: deməli, on min hektarlarla sahədə əlavə taxıl əkib sahəni subsidiyalaşdırımaqdansa, olan sahənin məhsuldarlığını azacıq artırsaq, tələb olunan məhsulu əldə edə bilərik, ixrac asılılığından canımız qurtarar. Bəs bunu niyə edə bilmirik?

Əkin sahələrimizdə «pripiska» varmı?

Müşahidələr və ayrı-ayrı sahə mütəxəssislərinin şərhləri bir daha təsdiqləyir ki, nazir Heydər Əsədov deyə bilməsə də (Prezidentdən ixtibasdır) subsidiyalar və gübrələrə, persidisitlərə güzəştlər bu sahədə saxta rəqəmlərə gətirib çıxarır. Mətbuatda da çox yazılıb ki, yerlərdə İcra hakimiyyətlərinin yerli nümayəndələri bəzi fırıldaqçılarla əlbirləşib subsidiyaları mənimsəmək üçün əlavə əkin sahəsini uçota alırlar. Məhz belə süni rəqəmlərin aqibətinə baxın: məsələn, 2016-cı ildə 962 min, bu il isə 967 min hektar sahədə taxıl əkilib. Ötən il təxminən 3 milyon ton taxıl istehsal edilib. Adi bir hesablama aparsaq, məlum olar ki, 2016-cı ildə məhsuldarlıq 1 ha sahəyə görə, 31,1 sentner olub. Buğda istehsalında isə bu rəqəm 30 sentner təşkil edib.
Bəs ötən illərdə taxıl istehsalında maya dəyər nə qədər olub? Biz Kənd Təsərrüfatı Nazirliyinin və ya digər dövlət qurumlarının rəsmi saytlarında belə bir göstəriciyə rast gələ bilmədik. Lakin apardğımız araşdırma təsdiqlədi ki, məsələn, 2015-cı ildə Azərbaycan xaricdən 296,83 milyon ABŞ dolları dəyərində 1,3 milyon ton buğda alıb. İdxal olunan həmin taxılın 1 tonu 228,3 dollar, yaxud manatın hazırkı orta kursu ilə götürsək, təxminən 400 manat təşkil edib. Başqa bir maraqlı rəqəm də əldə etdik. FHN-nin Dövlət Material Ehtiyatları Agentliyinin Dövlət Taxıl Fondu üzrə İdarəsinin rəisi Zülfüqar Məmmədov bir müddət əvvəl APA-ya açıqlamasında (2013-cü il üzrə) deyir ki, «Biz yerli fermerlərə sonuncu dəfə taxılın 1 tonu üçün 300 manat təklif etmişik. 220 manatdan başlamışdıq, sonra qiyməti 250 manata, daha sonra 300 manata qaldırdıq. Xarici ölkələrdə taxıl birjalarında taxılın qiyməti müxtəlifdir. Fonda ərzaqlıq buğda tədarükü cari ildə elevatorda qəbul etmək şərti ilə 1 tonunu 260-320 dollara (ortalama 290 dollara) həyata keçirilir…».
Yuxarıda qeyd etdik, Azərbaycan əhalisinin taxıla illik tələbatı 1,7 milyon tondursa və 3 milyon ton taxıl özümüzdə istehsal edilirsə, xaricdən də əlavə 1,3 milyon ton alırıqsa (cəmi: 4,3 milyon ton), yaxşı, bu qədər taxıl nəyimizə lazımdır? İstər-istəməz şübhələnməli oluruq ki, ortada subsidiyaların sayəsində şişirdilmiş rəqəmlər-əkin sahələri, bir də bu sahələrdən «biçilmiş» taxıl dayanır! Yazının əvvəlində də qeyd etmişdik ki, ölkə əhalisinin hamısını nəzərə alsaq, adambaşına illik 800-900 kq taxıl düşür. Əhalinin körpə və ya ahıl (yəni az yeyən hissəsini) çıxsaq, bu vaxt təxminən adambaşına 1 ton taxıl düşür ki, bu qədər taxılı una çevirib, 350-400 qramlıq çörək kimi hesablasaq, ilə adambaşına 2300-2500 çörək düşür. Onu da günə bölsək, bu təxminən adambaşına günə 6-7 çörək deməkdir. Belə çıxır ki, biz gündə bu qədər çörək yeyirik?
Yox, sadəcə, süfrəmizə saxta əllər uzadılıb, bax bunu tapmaq lazımdır…

Prezident əkin saxtakarlığına qarşı…

Bəli, yuxarıda da dedik, Prezident İlham Əliyev NK-nın 2016-cı il üzrə hesabat yığıncağında açıq şəkildə, özü də nazir Heydər Əsədova xitabən dedi: «…Kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi, əvvəllər qiymətlər şişirdilirdi… Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilirlər və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır».
Görünür elə bütün bunları nəzərə alan Prezident 27 mart 2017-ci il tarixdə subsidiyalara başı qarışmış məmurların saxta əkin «pripiska»sının qarşısının alınması üçün «Azərbaycanda 2017-ci ilin məhsulu üçün taxıl əkini sahələrində monitorinqin həyata keçirilməsi haqqında» 2768 saylı sərəcam imzaladı. Sərəcama əsasən taxılçılığın intensiv inkişafının təmin edilməsi, əkin sahələrindən optimal istifadə olunması, bitkiçiliyə dövlət dəstəyinin səmərəli təşkili, taxılın məhsuldarlığının və keyfiyyətinin müəyyən edilməsi, taxılçılıq sahəsində statistik uçotun təkmilləşdirilməsi və etibarlı məlumat-informasiya bazasının yaradılması məqsədi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Azərbaycan Respublikasının rayonları üzrə taxıl (buğda və arpa) əkini sahələrinin GPS (Qlobal Məsafədən Mövqe Təyinetmə Sistemi) avadanlıqları və yer səthinin müşahidə peyki vasitəsi ilə monitorinqinin aparılmasını təmin etməlidir. Bundan əlavə, Sərəncamdan irəli gələn digər məsələləri həll etmək isə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə, İqtisadiyyat, Maliyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə və s. tapşırılır.

Ən optimal yol məhsuldarlığın artırılmasından keçir…

Prezident İlham Əliyev xüsusilə vurğalıyır ki, bu qədər əkin sahələrinə subsidiya və digər istiqamətli yardımlar ayırınca və sonradan bəlli məmurların subsidiyaları basıb yeməsinə şahidlik edincə, mövcud əkin sahələrinin məhsuldarlığını 40-50 sentnerə çatdırmaq yetərlidir. Həm dövlət büdcəsi əlavə yükdən (yardımlardan) azad olar, həm də tələbata görə taxıl əldə edilər, xaricdən hər il əlavə 280-300 milyon dollar vəsait xərcləyərək taxıl almağa ehtiyac qalmaz. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin açıqlamasına inansaq, “Bu il 962 min hektara yaxın ərazidə taxıl əkilib…». Əgər bu qədər sahənin məhsuldarlığı ötən illərdəki kimi hər hektara görə 30 sentnerdən götürülərsə, deməli, bu il 2 milyon 886 min ton taxıl yığılacaq. Əgər bu qədər sahənin məhsuldarlığı 40 sentner olarsa, onda sahələrdən 3 milyon 848 min ton taxıl əldə edilər. Təkrar edirik, əgər yuxarıda qeyd olunan əkin sahəsi gerçəkdən mövcuddursa… Və təsəvvür edirsinizmi, məhsuldarlığın 10 sentner artırılması ilə (halbuki KTN-nin rəsmiləri on ildir deyirlər ki, «Məhsuldarlıq bu il daha 3 faiz artıb. O hesabla, indi gərək taxıl sahələrimizin məhsuldarlığı 60-70 faiz ola) biz həm də xaricdən alınan taxıldan imtina edər, bu asılılıqdan qurtularıq. Bəs nədir mane olan???


Ortada nəsə qaranlıq qalan problem var və heç kəs bunu etiraf etmək istəmir…

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev «Azərbaycan» qəzetində maraqlı rəqəmlər göstərməklə yazır ki, «…2004-2015-ci illərdə kənd təsərrüfatı istehsalçılarına 934,9 milyon manat subsidiya verilmiş, kənd təsərrüfatına verilmiş güzəştli kreditin həcmi 1,35 milyard manat təşkil etmişdir».
Təkrar edirik, dövlətin bu qədər qayğısının bəhrəsini niyə zəmilərimizdə, sonra isə süfrələrimizdə görmürük?

Niyə yardım alanın sayı azalır, amma məbləğ artır?

Bax indi gəlirik mətləbə: apardığımız araşdırmalardan məlum olur ki, 2007-ci ildə 525 min 700 nəfərə 62 milyon 400 min manat. 2008-ci ildə 612 min 600 nəfərə 83 milyon 400 min manat, 2009-cu ildə 594 min 700 nəfərə 82 milyon 800 min manat, 2010-cu ildə 399 min 600 nəfərə 55 milyon 500 min manat, 2011-ci ildə 381 min 495 nəfərə 51 milyon 640 min manat, nəhayət\, ötən il 149 min 849 nəfər 20 milyon 153 min 483 manat məbləğində yardımın ayrılıb. Ən maraqlı statistika isə rayonlarda baş verib: təkcə Füzuli rayonunda 2006-cı ildə 7 min 400 hektar, 2009-cu ildə 41 min 500 hektar, 2012-ci ildə 26 min 500 hektar, 2013-2014-cü illərdə isə 18 min 100 hektar sahədə buğda əkilib. Şəki rayonunda 2006-cı ildə 36 min 900 hektar, 2009-cu ildə 67 min 900 hektar, 2012-ci ildə 53 min 300 hektar, 2013-2014-cü illərdə isə 31 min hektar sahədə buğda əkilib. Tərtər rayonunda 2006-cı ildə 8 min 500 hektar, 2009-cu ildə 19 min 200 hektar, 2012-ci ildə 14 min 700 hektar, 2013-2014-cü illərdə isə 6 min hektar sahədə buğda əkilib. Bu necə ola bilər ki, illər üzrə əkin sahələri azalır, amma subsidiya artır, ortaya isə məhsul çıxmır… Ən gülməli məsələ odur ki, aqrar sahəyə subsidiya verilməyən illərdə Azərbaycan xaricdən ildə 150-300 milyon dollarlıq taxıl alıbsa, subsidiya alınan illərdə bundan daha çox xərc çəkilərək ölkəyə taxıl gətirilib. Təkcə ötən il kənardan 400 milyon dollarlıq taxıl idxal edilib.
Daha bir rəsmi rəqəm düşünməyə vadar edir ki, dövlət büdcəsi hesabına aqrar sahədə çalışanlara 2015-ci ilin əvvəlində 793,645 milyon manat subsidiya verilib. Daha bu qədər pulu niyə havaya sovururuq, elə həmin vəsaitə xaricdən tonu 230-250 dollara taxıl almaq daha sərfəli deyilmi?
Məsələn, bəlli olur ki, 2007-2014-cü illərdə təkcə yanacaq və motor yağlarına görə fermerlərin adına büdcədən 430,087 milyon manat subsidiya vəsaiti silinib. Buğda və çəltik səpininə görə 183,516 milyon manat, mineral gübrəyə görə isə 127,748 milyon manat, toxuma görə isə 45,768 milyon manat subsidiya verilib.
Bəs ünvanına necə, çatıbmı bu vəsaitlər??? Rəsmi rəqəmlər həm də onu təsdiqləyir ki, ən çox subsidiya vəsaiti 2012-ci ildə verilib-115,035 milyon manat! Bu rəqəm 2010-cu ildə 110,33 milyon, 2013-cü ildə 108,642 milyon, 2014-cü ildə 107,29 milyon manat olub. 2015 və 2016-cı illərdə isə ümumi subsidiya xərcləri (aqrar sahəyə ayrılan birbaşa yardımların həcmi) 1 milyard manata çatıb.

Taxıl yığımı artıb, amma taxıl yoxdur…

Rəsmi statistik rəqəmləri araşdıranda məlum olur ki, hər ilin 1-ci rübündə bütün rayonlarda bundan əvvəlki ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncaqları keçirilir. Ortalama ilə götürsək, təxminən 30-a yaxın rayon İH-lərin son 5 il ərzində olan bu cür hesabat yığıncağının mətnini götürüb təhlil etmişik. Bütün RİH başçıları hesabat verirlər ki, «Bu il ötən ildəkindən…» filan faiz artımlı taxıl əkilmiş, bu qədər məhsul götürülmüşdür. İlbəil yüksələn artım faizlərini nəzərə alsaq, onda gərək son 5 ildə rayonlarımızda taxıl yığımının həcmi olduqca yüksək olsun. Amma reallıqda isə bu rəsmi elan olunan faizlərlə faktiki məhsul yığımı ziddiyyət təşkil edir. Məsələn, Kürdəmir rayon Statistika İdarəsindən aldığımız məlumata görə, 2015-ci ildə rayonda taxıl sahəsi 38 min 788 hektar olub ki, bu 2014-cü ilin müvafiq dövrünə nisbətən 2 951 hektar və ya 8.2 faiz artmışdır. Rayonda buğda istehsalı 2014-cü ilin müvafiq göstəricisindən 59.8 faiz çox olmaqla 38 290 ton, buğdanın məhsuldarlığı isə, hektara 11.4 sentner və ya 70.7 faiz artmaqla 28.5 sentnerə çatıb. Arpa istehsalı isə, 2014-cü ilin müvafiq göstəricisindən 37 171 ton və ya 2.1 dəfə çox olmaqla 70 877 tona çatıb. Arpanın məhsuldarlığında hektara 12.2 sentner və ya 77.7 faiz artmaqla 27.9 sentnerə çatıb.
Misalları artırmağa yəqinki ehtiyac yoxdur. Amma bir vacib məqamın diqqətə çatdırılmasına ehtiyac var: nə qədər ki, çörəyi çörəkçiyə yox, fırıldaqçılara verəcəyik, bu sahədə xeyir-bərəkət olmayacaq. Necə ki, dövlət subsidiyaları ilbəil artırır, güzəştlərə meydan verir, yenə də ortaya gözlənilən nəticə gəlib çıxmır…

Niyə???

Bəs nazir Heydər Əsədov bu suala necə cavab verə bilər?

Dərc etməyə hazırıq…

Mövzuya qayıdacağıq…

\\tezadlar.az\\




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az