“VARDANYANI TUTDULAR, ARUTYUNYAN İSƏ...” – Erməni mətbuatı Qarabağda “ilişib qalan” separatçılardan nə yazır?
Bu gün Ermənistan mətbuatının ən aktual gündəm mövzusu Qarabağda “ilişib qalmış” keçmiş separatçı qurumun qondarma başçılarının taleyidir. Mediaxeberleri.Az xəbər verir ki, bir çox erməni qəzetləri və saytları artıq Qarabağı tərk etmiş və tərk etmək üçün yollar axtaran separatçı “liderlər” və “generallar” barədə ziddiyyətli məlumatlar yayırlar. Ermənistanda artıq daxili siyasi çəkişmə və təzyiq vasitəsinə çevrilən bu mövzu ətrafında müxtəlif spekulyasiyalar aparılır. Məsələn, Nikol Paşinyana müxalif rusiyapərəst siyasi qüvvələr və onların nəzarətindəki mətbuat orqanları iddia edirlər ki, guya Azərbaycan tərəfi Paşinyanla əlaqəsi olan, onun sifarişlərini yerinə yetirən separatçıları sərhəddən buraxdığı halda, ona müxalif mövqedə olanları saxlayır. Bu zaman xüsusilə Kremlin emissarı Ruben Vardanyanın həbsi misal göstərilir. Məsələn, ”Qolos Armenii” yazır ki, hazırda Qarabağda keçmiş “prezidentlər” Bako Saakyan və Arkadi Qukasyan qalıb. Araik Arutyunyanın harada olması isə məlum deyil və ola bilsin ki, o, artıq Ermənistana keçə bilib. Qəzet həmçinin bildirir ki, Azərbaycanın Araiklə birgə beynəlxalq axtarışa verdiyi qondarma qurumun silahlı birləşmələrinin sabiq başçısı Calal Arutyunyan çoxdan Ermənistandadır. “Qolos Armenii” iddia edir ki, “Qarabağın təhvil verilməsində” Arutyunyanın da “xidmətləri” olub və ona görə onun Ermənistana buraxılması ehtimalı yüksəkdir: “İndi üç “prezidentin” - Qukasyan, Saakyan və Şahramanyanın, eləcə də Vitali Balasanyan, David İşxanyan və digər “artsax liderlərinin” taleyi qeyri-müəyyəndir”. Azərbaycanın artıq Ermənistanın daxili siyasətinə də təsir etmək imkanlarının artdığı bildirilən yazıda erməni cəmiyyəti tənqid olunur. Bildirilir ki, Paşinyan hakimiyyəti ilə bərabər “satılmış” erməni cəmiyyəti də Qarabağda qalan və Azərbaycanın həbs etdiyi “liderlərə” sahib çıxmır. C.Məmmədov “AzPolitika.info”