t s

» » Azərbaycanda boşanmaların ŞOK SƏBƏBİ: QHT sədrindən ilginc açıqlama

Azərbaycanda boşanmaların ŞOK SƏBƏBİ: QHT sədrindən ilginc açıqlama

28-03-2017, 16:00 Yazar:  Yeganə Oqtayqızı Baxılıb: 154 Çap et
Azərbaycanda boşanmaların ŞOK SƏBƏBİ: QHT sədrindən ilginc açıqlama
Mehriban Zeynalova: “Artıq bəzi ailələrdə üçüncü partnyorun tapılması faktı mövcuddur”

2017-ci il fevralın 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9816,1 min nəfərə çataraq ilin əvvəlindən 6 100 nəfər və ya 0,1 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə bir kvadratkilometrə düşən əhalinin sıxlığı 113 nəfər olub. Əhalinin ümumi sayının 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 nəfər qadın düşür.

Cari ilin yanvar ayı ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 12,2 min doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 202-si əkiz, 3-ü isə üçəm doğulanlardır. Bildirilib ki, 2017-ci ilin yanvar ayında ölkədə 6,1 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə 7,4 təşkil edib. Cari ilin ilk ayı ərzində qeydiyyat şöbələri tərəfindən 4,3 min nikah və 1,1 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,2, boşanmaların sayı isə 1,4 olub.

Ədliyyə Nazirliyindən son dörd ildəki boşanmalara dair rəsmi statistikasından bu qənaətə gəlmək olur ki, Azərbaycanda boşanmaların sayı sürətlə artmaqdadır. Nazirliyin qeydiyyat şöbələri tərəfindən nikahın pozulmalarına dair rəsmiləşdirilmiş rəqəmlər ciddi narahatlığa əsas verir. 2016-cı ildə Azərbaycan Respublikasında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 13100 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,4 olub. Başqa sözlə, ötən il hər ay təxminən 1091 ailə boşanıb. 2015-ci ildə boşanan ailələr 12764 olub. 2014-cü ildə 12088, 2013-cü ildə 11730 ailə dağılıb. Göründüyü kimi, boşanmalarda ildən-ilə ciddi artım baş verir. Doğrudur, Dövlət Statistika Komitəsi boşanmanın daha çox hansı yaş həddi arasında baş verməsi barədə açıqlama verməyib. Amma müşahidələr göstərir ki, son illər Azərbaycanda boşanma halları artıb. Mütəxəssislər boşanmanın artmasının əsas səbəblərini bir çox məsələlərlə əlaqələndirir. Əsas səbəblər sırasında erkən və məcburi nikahlar, valideynlərin məsuliyyətsizliyi durur. Bundan əlavə daha çox rayonlarda, xüsusilə, kəndlərdə rast gəlinən erkən və məcburi nikahlar da boşanmaya yelkən açan səbəblərdir. O da məlumdur ki, Azərbaycanda qeydiyyata alınmayan nikahların sayı da çoxdur. Ailələrin dağılmasına digər səbəblərdən biri də narkomaniyadır. Eyni zamanda, qumar oyunları da bu qəbildən olan problemlərdəndir. Cəmiyyətimizdə qumar oyununda qızını, həyat yoldaşını uduzan “atalar”, cinsi zorakılıqlar və bu yolla yoluxan xəstəliklər və sair kimi səbəblər bu sıradadır.



“10-15 il birgə yaşayan insanlar belə boşanmağa qərar verirlər”

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova “Cümhuriyət” qəzetinə bildirib ki, əvvəllər boşanmada yaş həddi cavan göstərirdisə, indi boşanmalar müxtəlif yaş həddindədir: “Uzun müddət birgə yaşayan ailələrdə boşanma halları baş verir. Müddət ənənəvi deyil. Müxtəlif çətinliklərə, davranış və xarakter uyğunsuzluğuna baxmayaraq, insanlar övladlarına görə birgə yaşayırlar. Günümüzdə bu bir qədər ənənədən kənara çıxıb. Baxırıq ki, 10-15 il birgə yaşayan insanlar belə boşanmağa qərar verirlər. O cümlədən, yeni evlənənlərin birgəyaşayışı dövründə qısa müddətdən sonra boşanmalar müşahidə edilir. Nikahın uzunömürlülüyündən və ya davamlılığından danışırıqsa, görürük ki, burda dəyişikliklər baş verir. Bu dəyişikliklərin təhlilinə ehtiyac var. Boşanmalar üçün müxtəlif amillər təsir göstərə bilər ki, bu da sosial rolların dəyişməsilə bağlıdır.

Məsələn, qadının daha çox aktivliyi kişinin passivliyi və ya qadının ailənin indarəçiliyində dominantlığı, yaxud kişinin zorakılığa meylliliyi, içki və yaxud narkotikdən asılılığı ailənin dağılmasına səbəb olur. Həmçinin, uşağın olmaması da bəzi hallarda boşanmaya səbəb olur. Eyni zamanda, ailənin dağılmasına səbəb olan digər bir nüans xəyanətdir”.

Hüquq müdafiəçisinin qənaətincə, ailədə kişi üzvünün uzunmüddətli miqrasiya etməsi, başqa ölkələrdə işləməsi də ailənin dağılmasına təsir edir: “Burda əsas psixoloji amillərdən biri qarşılıqlı hörmət və nüfuzun aşağı düşməsidir. Bu zaman tərəflərin bir-birinə qarşı inamı, etibarı və nüfuzu qoruyub saxlamasında cəhdlərin olmamasıdır. Kişilər miqrasiya prosesində iştirak etsələr də, qadınlar səbrlə gözləyirlər və ailəni idarə etməyi öz üzərlərinə götürürlər. Miqrasiya prosesində iştirak edən tərəflərdən birinin məsuliyyətini yerinə yetirməməsi və ailə ilə maraqlanmaması ailənin dağılmasına təsir göstərir.

Əvvəllər ailə üzvlərindən biri haqqında kənar müdaxilələrə imkan verilmirdisə, indi cəmiyyətdə və ya öz ətrafları arasında müzakirəyə çıxarılması, həmin şəxsin nüfuzdan düşməsinə səbəb olur. Günümüzdə ailələrə həm yaxın qohumlar, həm də problem aşkara çıxarıldığı üçün kənar şəxslər tərəfindən müdaxilələr var”.

“Azərbaycanda hələ patriarxal ailə modeli hökm sürür”

QHT sədri onu da vurğulayıb ki, erkən yaşda və məcburi nikahlara qarşı kifayət qədər mübarizə aparılsa da, effekt verməyib: “Nikahdankənar doğulan uşaqların sayına baxanda görürük ki, bunların bir qismi erkən və məcburi nikahların payına düşür. Bu da onu göstərir ki, Azərbaycanda bir çox yerlərdə hələ patriarxal ailə modeli hökm sürür. Daha çox ailənin kişi üzvünün məcburiyyəti nəticəsində qızların erkən və məcburi ərə verilməsi həyata keçirilir. Burada valideynlər daha çox əxlaqi, mənəvi dəyərləri qorumaq, mühafizə etmək, namus və tərbiyəvi əhəmiyyətlərə söykənir. Onların düşüncəsinə görə qızın “gözü açılmasın” və yaxud başqa adamların əlinə düşməsin deyə qızı tez ərə vermək lazımdır. Sözsüz ki, bu da əks nəticə verir”.

Mehriban Zeynalova ailənin dağılmasına səbəb olan digər bir nüansı da vurğulayıb. O qeyd edib ki, əvvəllər qadınlar seksual istəklərini büruzə verməsələr də, sonradan münasibətlərdə açıq-aşkar seksual tamamlığı istəyirlər: “Bəzən də əksinə olur, kişilər seksual münasibətə həvəsli olurlar, ancaq qadınlardan bunu görmürlər. Bu da birgə yaşayışa əngəllər yaradır. Əvvəllər bu məsələ ümumiyyətlə, müzakirə predmeti olmazdı, susardılar, amma indi bunu açıq şəkildə müzakirə edirlər. Bəzən şahidi olursan ki, qadınlar televiziyada gördüklərini tələb edirlər. Hansı ki, həmin hallar nikahda qəbul edilməyən hallardır.

Bəziləri bunu tamamilə qəbuledilməz hesab edir, bu da nəticədə ailənin dağılmasına səbəb olur. Son illər ailə formalarında dəyişkənlik baş verib. Əgər bu gün biz bu barədə susuruqsa, bu o demək deyil ki, cəmiyyətdə baş verən məsələlərdən xəbərsizik. Görürük ki, üçlükdə münasibət qurmağa üstünlük verən adamlar da var. Onlar kənar adamları ailəyə gətirməyə üstünlük verirlər. Artıq neçə illərdir ki, bu cür ailə modeli bizim cəmiyyətə daxil olmağa başlayıb. Artıq bəzi ailələrdə üçüncü partnyorun tapılması faktı mövcuddur. Guya bununla ailəni qoruyub saxlamaq istəyirlər. Amma bu, sonradan xoşagəlməz nəticələr verir”.

Yeganə Oqtayqızı




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az