t s

» » Lenin necə mumyalanıb: İyrənc siyasi oyunlar

Lenin necə mumyalanıb: İyrənc siyasi oyunlar

28-03-2017, 12:43 Yazar:  Günel Baxılıb: 278 Çap et
Lenin necə mumyalanıb: İyrənc siyasi oyunlar1924-cü ilin 21 yanvar tarixində Vladimir İliç Lenin vəfat etdi. Lenin 1917-ci ildə hakimiyyəti ələ keçirən və amansız Vətəndaş müharibəsi illərində onu əlində saxlayan bolşeviklər partiyasının lideridir.

Mediaxeberleri.az
Ölkə.az-a istinadla Leninin ölümündən sonra baş verənlər barədə məlumatları oxuculara çatdırır.

İliç ömrünün son illərini ağır xəstə olub. 1923-cü ilin yaz aylarından demək olar ki, artıq işləyə bilmirdi. Onun vəziyyəti o qədər pis idi ki, faktiki olaraq tamamilə iş bacarığını itirmişdi.

Ölümdən sonra dünya proletariatının liderini tamamilə qeyri-adi tale gözləyirdi. Lenini dəfn etmədilər. Meyitini xüsusi mavzoleydə nümayişə qoydular. Lenin heç vaxt mumyalanmasını istəməyib. Onun dul arvadı da rəhbərin ölümündən sonra bu məsələnin əleyhinə çıxır. Bir çox yüksək rütbəli bolşevik də mumyalanma söhbətini qəbul etmir.

Ölümü

1923-cü ilin payızında Leninin vəziyyəti çox pisləşir. Siyasi Büronun iclasında İliçin ölümdən sonrakı taleyi müzakirə edilir. Stalin təklif edir ki, Lenini dəfn etməsinlər. Əyalətdəki yoldaşların xahişini nəzərə alaraq onun meyitini gələcək nəsillərə nümayiş etdirmək üçün saxlamaq lazımdır.

Bu təklif Siyasi Büronun bir çox üzvü arasında ciddi müzakirələrə səbəb oldu. Birincisi, bu vəhşilik idi. Çünki bolşeviklər marksist idilər və heç bir dinə inanmırdılar. Niyə yeni bir kult yaratmalı idilər ki? İkincisi, Leninin heç vaxt belə bir istəyi olmamışdı və yəqin ki, belə bir ideyaya kəskin yanaşardı. Üçüncüsü, Lenin bütün dinləri inkar edirdi, bu təklif isə İliçdən kult düzəltmək demək idi. Siyasi büronun böyük əksəriyyəti: Kamenev, Trotski, Zinovyev və Buxarin bu təklifin əleyhinə çıxış etdilər. Onlar bu ideyanı sərsəm fikir adlandırdılar.

Stalinin təklifini dəstəkləyənlər az idi və Leninin ölümünə qədər bu mövzuya toxunmadılar. 1924-cü ilin 21 yanvar tarixində Lenin vəfat etdi. Dzerjinskinin rəhbərlik etdiyi Dövlət dəfn komissiyası yaradıldı. Ölkənin bütün vilayətlərindən nümayəndə heyətləri Leninlə vidalaşmağa yollandı. Hətta xarici ölkələrin kommunist partiya və hərəkatları öz təmsilçilərini Moskvaya ezam etdilər.

Aviasiya xidməti həmin dövrdə o qədər də yüksək inkişaf etməmişdi. Bu səbəbdən bir çox nümayəndənin dəfnə yetişməyəcəyi məlum oldu. Bu zaman Leninin meyitini saxlamaq barədə qərar qəbul edilir. Təbii ki, Leninin meyitini müvəqqəti saxlamaq planlaşdırılırdı.

Proletariat rəhbərinin meyiti onu müalicə edən həkimlərdən biri, professor Abrikosov tərəfindən mumyalanır. Mumyalanma prosesi elə də yüksək səviyyədə aparılmır. Çünki Leninin meyitini bir neçə həftə saxlamaq planlaşdırılmışdı. Bu müddət ərzində dəfnə gələn nümayəndə heyətləri rəhbərlə vidalaşmalı idilər.

Dəfn

Leninin ölümündən sonra arxitektor Şusev təcili surətdə Kremlə çağırıldı. Arxitektor bir neçə gün ərzində Qızıl Meydanda müvəqqəti taxta mavzoley qurmalı idi və bu mavzoleydə Leninin meyiti nümayiş etdiriləcəkdi.

27 yanvar tarixində mavzoleyin tikintisi başa çatdı. Eyni gündə Leninin rəsmi dəfn mərasimi keçirildi. Bu tədbirdə Lev Trotskidən başqa partiya ierarxiyasının bütün liderləri iştirak etdi. Bu dövrdə Lev Qafqazda müalicədə idi və hiyləgər Stalin Trotskiyə dəfnin vaxtını səhv deyir. Stalin Levi müalicəni davam etdirməyə inandırır və bildirir ki, onsuz da dəfnə yetişə bilməyəcək. Siyasi Büronun üzvləri Leninin tabutunu çiyinlərində mavzoleyə daşıdılar və vida nitqi söylədilər. Stalin xüsusilə canfəşanlıq edir və tabutun başında Lenin andı içir.

Meyitin saxlanılma məsələsi

Abrikosovun həyata keçirdiyi mumyalama və soyuq Moskva qışı Leninlə vidalaşma mərasimini bir neçə aylıq, yəni yaza qədər uzatmağa imkan verdi. Havalar isindikcə meyit çürüməyə başladı və onu artıq saxlamaq olmazdı. Bolşeviklər İliçin cəsədinin “ömrünü uzadan” vasitələr axtarmağa başladılar.

Bu günə qədər də, bu ideyanın təşəbbüskarlarının kim olduğunu heç kəs bilmir. Çox güman ki, təşəbbüsü İosif Stalin və Leonid Krasin irəli sürmüşdü. Yəqin Stalin meyiti saxlamaqla onu Lenin kultunun vacib elementinə çevirmək istəyirdi. Krasin isə elmin inkişafına çox inanırdı və ümid edirdi ki, nə vaxtsa ölüləri diriltmək mümkün olacaq. Bundan başqa, onun yaxın tanışı Boqdanov ömrü uzatmaq üçün müxtəlif eksperimentlər həyata keçirirdi. Boqdanov əsasən cavanlaşmaq üçün özünə gənc komsomolların qanını köçürürdü. Belə eksperimentlərin birində Boqdanov dünyasını dəyişdi.

Rəsmi olaraq elan edildi ki, zəhmətkeşlərin çoxsaylı xahişlərindən sonra rəhbərin meyitini saxlamaq barədə qərar qəbul edilib. Təbii ki, zəhmətkeşlərin belə bir xahişi yox idi və ola bilməzdi. Sadə zəhmətkeşin ağlına belə bir fikir gələ bilməzdi.

1924-cü ildə Sovet Rusiyasında hələ də xristian dini hakim idi. Hətta adi kremasiya barədə təsəvvür də yox idi. Ona görə də mumyalanmaq fikri qəbuledilməz və anlaşılmaz idi. İnqilaba qədər Rusiyada mumyalama ilə bağlı presedent var idi. Məşhur cərrah Nikolay Piroqov tələbəsinə vəsiyyət etmişdi ki, ölümündən sonra onu elə özünün icad etdiyi üsulla mumyalasın.

Bu səbəbdən də Leninin meyitinin saxlanması ideyası partiyanın yuxarı eşalonundan gəlirdi. Bununla belə, meyitin daimi saxlanması yox, uzun müddət saxlanması məsələsi gündəmə gəlmişdi. Bu səbəbdən də meyitin saxlanması üçün keçirilən təkrar müzakirələrdə ideyanın əleyhinə çıxış edənlər artıq yox idi. Çünki hakimiyyət uğrunda gedən mübarizədə istifadə edən qarşı tərəf bu sualları ortaya atırdı: “Niyə bu yoldaş bizim sevimli rəhbərin meyitinin saxlanmasının əleyhinə çıxış edir?”, “Niyə əziz Leninin meyitini məhv etmək istəyir?”, “Bəlkə o heç marksist-leninçi deyil?”

Leninin dul qalmış arvadı Nadejda Krupskaya və qohumları ideyanın əleyhinə idilər. Dul Nadejda Siyasi Büroya məktub yazır: “Sizdən çox xahiş edirəm ki, İliçin şəxsiyyətini qoruyun. Onun adına heykəllər, saraylar ucaltmayın, dəbdəbəli tədbirlər keçirməyin. O, sağ olduğu dövrdə belə şeylərlə qətiyyən maraqlanmazdı”.

Amma Leninin meyiti hakimiyyət uğrunda mübarizənin vacib elementinə çevrilmişdi və dul qadına heç kəs əhəmiyyət vermədi. Beləcə, Siyasi Büro Nikolay Buxarini Nadejda ilə söhbət edib sakitləşdirməyə təhkim edir. Nadejda inanmalı idi ki, söhbət çoxsaylı insanın dahi liderlə vidalaşması üçün şərait yaratmaqdan gedir.

Leninin meyiti uğrunda mübarizə

Amma meyiti necə saxlamaq barədə təsəvvür yox idi. Əvvəlcə onu dondurmaq qərarına gəlirlər. Bu ideyanın müəllifi Leonid Krasin idi. O, iddia edirdi ki, meyiti dərhal dondurmaq lazımdır. O, inanırdı ki, gələcəkdə elm elə bir səviyyəyə çatacaq ki, dondurulmuş meyitləri diriltmək mümkün olacaq. Bundan başqa, meyiti uzun müddətə saxlamağın yeganə etibarlı yolu aşağı temperatur sayılırdı. Dondurulma arqumenti lehinə səs çox idi. Siyasi Büro Almaniyadan kifayət qədər bahalı avadanlıq almaq qərarına gəlir. Siyasi Büronun qərarı ilə rəhbərin meyiti ilə bağlı bütün məsul qərarların alınmasını öz öhdəsinə götürən xüsusi “üçlük” qurulur. Bu “üçlüyə” Krasin, Molotov və Bonç Bruyeviç daxil idi. Meyitin dondurulması və ona nəzarət təcrübələrinə start verilir. Deşin və Abrikosovun rəhbərliyi altında Leninin meyitini formalin və qliserinə batırdılar.

Bundan başqa, Abrikosov taxta mavzoleyə yerləşdirilmiş meyitə nəzarət etməli idi. Soyuq hava meyitin saxlanmasına şərait yaradırdı. Leninin dəfni zamanı küçədə temperatur mənfi 35 idi. Sonra isə hava isinməyə başladı və meyit yavaş-yavaş “əriməyə” üz tutdu. Bu zaman meyitdə bəzi xoşagəlməz dəyişikliklər üzə çıxdı və Abrikosov yuxarıları bu barədə xəbərdar etdi. Lazımi avadanlığın gəlməsinə bir neçə gün qalmış mübarizəyə bio kimyaçı Zbarski qoşulur. O, Leninin meyitinin saxlanması üçün təcrübə aparıldığını eşidir. Bu, onun üçün böyük şans idi. Əgər Zbarski həqiqətən meyiti saxlaya bilsə, bu yolla Leninin meyitinin mühafizəçisinə çevrilə bilərdi. Bu isə onun laboratoriya və institutunun yüksək səviyyədə təminat əldə etməsi və vəsait alması mənasına gələ bilərdi. O, Kremlin qapılarını ayaqla açacaqdı, istənilən represiya və təhlükə ondan yan keçəcəkdi. Zbarski inqilaba qədər Xarkovlu anotom Vladimir Vorobyovla tanış idi. Vorobyov meyiti mumyalamaq işində usta idi və Zbarski onu işə cəlb etmək qərarına gəlir.

Krasin və Zbarski arasında Leninin meyiti uğrunda mübarizə başlayır. Krasin yenə də meyiti dondurmağı tələb edir, Zbarski isə komissiyanı inandırmağa çalışırdı ki, dondurulmuş meyit onsuz da çürüməyə məhkumdur. Bundan başqa buz əridikdən sonra meyitin rəngi dəyişəcək və onu ictimaiyyətə təqdim edəndə problemlər ortaya çıxacaq.

Mart ayı çatdı, küçədə hava isindi və bu isti Leninin meyitinə mənfi təsir göstərməyə başladı. Rəhbərin meyiti ləkələrlə örtüldü və bu komissiyanı qorxutdu. Ən qısa müddətə məsələni həll etmək barədə qərar qəbul edildi. Vorobyovu Moskvaya çağırdılar və Zbarski Leninin meyitini ona göstərir. Vorobyov isə vəziyyətin kifayət qədər pis olduğunu, işə girişməyəcəyini, riskin çox böyük və nəticənin mümkünsüz olduğunu bildirir.

Bununla belə, Zbarski Vorobyovu komissiya qarşısında çıxış etmək üçün razı salır. Vorobyov bildirir ki, nəzəri cəhətdən meyiti saxlamaq olar. Amma uğursuzluq riski çox böyükdür. İstənilən halda meyitdə dəyişiklik olacaq. Amma bu dəyişiklik ancaq yaxın adamlar tərəfindən nəzərə çarpacaq. Amma başqa bir problem də var idi. Vorobyov heç bir vəchlə işə girişmək istəmirdi. O, komissiya qarşısında çıxış etdikdən sonra Xarkova geri qayıdır. Məsələ burasındadır ki, Vorobyov bolşevikləri bəyənmirdi və Vətəndaş müharibəsi dövründə ağqvardiyaçıları dəstəkləyirdi. İndi isə həkim qorxurdu ki, əgər onun işi alınmasa və bunun da ehtimalı böyük idi, bolşeviklər onu ağqvardiyaçı ziyankar və ya əks-inqilabçı adlandıracaqlar. Bu isə ya güllələnmə, ya da ömürlük həbs demək idi.

Amma məlum deyil ki, Zbarski Vorobyovu necə dilə tutur və razı salır. Nəticə olaraq komissiya dondurulma yox, mumyalanma üsulunu seçir.

Mumyalanma

1924-cü ilin mart ayının sonlarında Vorobyov və Zbarski işə başlayırlar. Bu vaxt artıq Leninin meyitinin vəziyyəti kifayət qədər pisləşmişdi. Bu səbəbdən Vorobyov komissiyaya bildirir ki, ən yaxşı halda meyiti indi olduğu kimi saxlamaq mümkündür. Onu yaxşılaşdırmaq barədə düşünmək belə olmaz. Amma söyləmək lazımdır ki, sonrakı dövrdə Zbarski və Vorobyov meyiti kifayət qədər normal vəziyyətə qaytara bilirlər.

Meyit üçün xüsusi rezin vanna hazırlandı və içinə farmolin dolduruldu. Meyiti məhlulun içinə qoydular. Leninin bədənində yaranan ləkələri isə sirkə turşusu ineyksiyası vasitəsilə aradan qaldırdılar. Rəhbərin meyitini 20 yerdən kəsdilər ki, maye dərinin altı və əzələlərə hopsun. Mayenin kəlləninin içinə keçməsi üçün kəllə sümüyündə bir neçə deşik açdılar. Gözləri çıxararaq yerinə şüşə şar qoydular. Ağzını isə tikdilər. Bu prosedur bir həftə davam etdi. Sonradan vannadakı formalini spirtlə əvəz etdilər.

Bir həftə sonra spirtə qliserin əlavə etdilər. İki həftə sonra spirti su və qliserinlə əvəz etdilər. Sonradan kalium asetat əlavə etdilər. Sonra isə başqa maddələr əlavə edildi. Prosedur 3 ay ərzində davam etdi. 3 ay sonra bolşeviklər Lenini ictimaiyyətə göstərməyi xahiş etdilər. Artıq Leninin meyiti mumyalanmışdı və hazır idi.

Leninin pal-paltarı lazım olduğu üçün Krupskayanın evinə nümayəndə heyəti göndərildi. Çünki dahi rəhbəri çılpaq nümayiş etdirmək ədəbsizlik sayıla bilərdi. Krupskaya qonaqları etirazla qarşılayır və bildirir ki, Lenini dəfn etmək yerinə ondan müqəvva düzəldiblər. Dul qadının etiraz və əsəblərinə baxmayaraq, rəhbərin bir dəst paltarını götürmək və onu dilə tutmaq mümkün oldu.

İyun ayında Leninin meyitini nümayəndə heyətinə və qohumlarına nümayiş etdirdilər. Krupskaya susur və ağlayırdı. Leninin qardaşı isə mumyanın yaxşı alındığını bildirdi.

Bu müddətə qədər artıq ikinci mavzoleyin tikintisi başa çatmışdı. Bu mavzoley də taxtadan hazırlanmışdı. Mumyalanma prosesi başa çatmışdı. Leninin meyitini gündə bir neçə saat vannadan çıxarırdılar ki, havaya alışsın.

16 iyun tarixində alimlərin işi təntənəli surətdə qəbul edilməli idi. Bu tədbirə ən yüksək səviyyəli bolşeviklər və komissiyanın üzvləri dəvət edilməli idi. Tədbirdə sovet elminin nəaliyyətləri barədə çıxış nəzərdə tutulmuşdu. Axırda isə sovet vətəndaşlarına Leninin onları tərk etmədiyini, daim onlarla olacağı bildirilməli idi.

Tədbirdən bir gün əvvəl Vorobyov isterikaya düşür. O, Zbarskini söyərək təhqir edir və avantüraya imza atdığı üçün onu lənətləyir. Amma işin təhvili uğurlu başa çatır və komissiya üzvləri alimlərə pul mükafatı təyin edir.

1 həftə sonra, 1924-cü ilin 1 avqust tarixində Mavzoley vətəndaşların istifadəsinə verilir. Vorobyov Xarkova gedir və anatomiya sahəsində fəaliyyətinə davam edir. Zbarski isə meyiti qorumaq üçün qalır. Sovet dövründə Leninin meyitini qorumaq üçün böyük bir elmi-tədqiqat institutu işləyib. SSRİ dağıldıqdan sonra bu institutu ləğv etdilər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az