t s

» » TANAP-ın reallaşması yeni ideyalar ortaya çıxaracaq - RƏY

TANAP-ın reallaşması yeni ideyalar ortaya çıxaracaq - RƏY

17-03-2015, 21:40 Yazar:  Pərviz Heydərov Baxılıb: 347 Çap et
TANAP-ın reallaşması yeni ideyalar ortaya çıxaracaq - RƏY“Bu, texniki baxımdan çox çətindir”.

Trans Anadolu Qaz Boru Kəməri (TANAP) Azərbaycanın Xəzər dənizi hissəsindəki “Şahdəniz” yatağından ikinci mərhələ üzrə çıxarılacaq qazın Avropaya çatdırılması üçün Türkiyənin Şərq hissəsindən - Gürcüstanla birləşən ərazisindən Qərb hissəsinə - Yunanıstanla sərhədlərinə qədər tranziti həyata keçirəcək.

Loru dildə desək, “Şahdəniz” qazını Avropa bazarına çıxaracaq müvafiq boru kəmərlərinin gövdəsi sayılacaq. Belə ki, Azərbaycan qazını Avropaya ötürəcək ümumi boru kəmərlərini ağaca bənzətsək Cənub Qaz Dəhlizi onun kökünü, TANAP gövdəsini, Trans Adriatik Qaz Boru Kəməri (TAP) isə əsas budağını təşkil edəcək.

Cənub Qaz Dəhlizinin təməli məlum olduğu kimi keçən il - “Əsrin müqaviləsi”nin imzalanmasının düz 20 il tamam olması günündə - 2014-cü il sentyabrın 20-sində qoyuldu. Hazırda bu sahədə iş gedir.

Lakin “Şahdəniz-2” qazının 2018-ci ilin ikinci yarısından Türkiyəyə çatdırılacağı nəzərdə tutulduğundan TANAP-ın da tikintisinə start verilməli idi. Avropaya isə qaz 2020-ci ilin əvvəlində - TAP da tikilib istifadəyə verildikdən sonra çatacaq.

Sözümüz bunda deyil.

Bu gün bütün hadisələr bir daha qəti şəkildə deməyə əsas verir ki, hər cür mənfi və qeyri-nikbin söyləntilərə rəğmən, azərbaycan qazı dünyaya çıxacaq. Və bunun qarşısını heç bir qüvvə və amil ala bilməyəcək. İndiyədək Bakının təşəbbüsü ilə reallaşmış bütün layihələr sübut edib ki, bunların hamısı absurd sayılsa da gerçəkləşdikdən sonra nəyinki regional, hətta dünya bazarları üçün də əhəmiyyətli bir vasitəyə çevrilib.

Cənub Qaz Dəhlizinin təməlinin atılması TANAP üçün “qapını açdı”. Sonuncunun gerçəkləşməsi isə istər-istəməz TAP-ı qaçılmaz edəcək. Beləliklə də “Şahdəniz-2” qazı nəzərdə tutulduğu vaxtda Avropa bazarına çıxacaq ki, yox, əgər, TANAP yalnız söhbət mövzusu olaraq qalardısa, bütün bunlar baş tutmayacaqdı.

Bəlkə də elə bu səbəbdən idi ki, “Şahdəniz-2” yatağından çıxarılacaq qazın Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq Cənub Qaz Dəhlizi, TANAP, TAP layihələri sırasında ən çox mübahisə doğuranı ortancıl idi. Və Azərbaycan qazını Avropa bazarında görmək istəməyənlər məhz onu şübhə altına almışdılar.

Belə ki, TANAP gah rentabelsiz, gah da bahalı layihə kimi dəyəndirilirdi ki, Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çijov da bu günlərdə deyib ki, sözügedən kəmərlər Azərbaycandan başlayaraq Gürcüstandan, daha sonra isə Türkiyədən keçməli və Avropayadək çəkilməli olduğundan Bosfor boğazının dibi ilə boru kəməri inşa edilməlidir. “Bu, texniki baxımdan çox çətindir. Maliyyə baxımından isə çox bahadır” – deyə, V.Çijov vurğulayıb.

Ancaq, əvvəl də buna oxşar fikirlər söylənilmişdi. Ümumiyyətlə, Rusiya mütəxəssislərinin Azərbaycan qazının Avropa üçün yalnız “kabab bişirməyə” kifayət edəcəyi haqda söylədikləri xatırlansa kifayətdir. Düzdür, Azərbaycanın Avropanın tələbatını ödəyə biləcək qədər qazı nəinki yoxdur (ilkin olaraq 2020-ci ildə cəmi 10 milyard kubmetr qaz idxal edəcəyik), hətta həmin tələbatla (500 milyard kubmetrdən çoxdur) müqayisədə olduqca gülünc ehtiyatlara malikdir.

Bununla belə, Cənubi Qaz dəhlizi, TANAP və TAP Avropanın Cənub-Şərq hissəsini yetərincə qızdıra biləcək. Ölkəmizin strateji məqsədi də heç də bütün Avropanı isitmək deyil. Sadəcə, bazarda potensial enerji daşıyıcıları sırasında mövqe qazansaq kifayətdir.

Digər tərəfdən, Türkiyə TANAP layihəsində Azərbaycandan daha maraqlıdır. Və bu, Bakının təşəbbüsü ilə ortaya atılsa da Ankara üçün çox gərəklidir. Odur ki, adı çəkilən ölkənin Enerji və Təbii Qaynaqlar naziri Taner Yıldızın sözügedən layihəni Türkiyənin enerji təhlükəsizliyi üçün əhəmiyyətli fürsət olduğunu deməsi təsadüfi deyil.

Çünki Türkiyənin təkcə tranzit deyil, həm də istehlakçı ölkədir və onun özünün də qaz idxalı sahəsində diversifikasiya üçün çalışdığı nəzərdən qaçırılmalı deyil. Bu arada Rusiya prezidenti Vladimir Putinin keçən ilin sonunda Türkiyəyə səfəri zamanı "Cənub axını" layihəsindən imtina etməsini xatırlamaq yerinə düşür. Həmin layihənin gündəlikdən çıxması Azərbaycan üçün sevindirici oldu. O baxımdan ki, bu layihə ölkəmizin Avropanın qaz bazarına iddiaları qarşısında ən böyük “baryer” sayılırdı. "Cənub axını" layihəsi tikilib istifadəyə verilərdisə rus qazı həcm və qiymət baxımından bizimkindən üstün olduğundan Azərbaycan üçün ciddi alternativ olacaqdı.

Ancaq “Cənub axını” boru xəttinin tikintisinin əvəzində Türkiyəyə yeni xətt “Türk Axını” çəkiləcəyi açıqlandı ki, bu yenə də Azərbaycan qazına alternativ deməkdir. Özü də bu dəfə bəlkə daha əyani və ciddi...

Odur ki, Moskvanın TANAP-a ilk gündən "barmaqarası" baxması və Azərbaycanın onsuz da bu boru kəməri vasitəsilə 15 milyard kubmetrdən artıq qaz ixrac edə bilməyəcəyini israr etməsi Avropaya qaz ixracı ilə bağlı proseslər sırf Rusiyanın istəyinə uyğun inkişaf edərdisə, Azərbaycan qazının Türkiyə bazarına belə çıxarılmaqda keçilməz "tıxacla" üzləşəcəyini sübut edirdi.

Ancaq məhz Türkiyənin öz iqtisadi maraqları nöqteyi-nəzərdən tutduğu mövqe nəticəsində TANAP gerçəkləşməli oldu. Çünki təkrar edirik ki, Türkiyə də daxil olmaqla Avropanın qaza durmadan artmaqda olan tələbatını ödəmək baxımından vəziyyət olduqca mürəkkəb və çətindir. Və potensial ixracçıların sayı az olduğundan əslində onların uğrunda idxalçı tərəflər arasında da ciddi mübarizə gedir. Real olaraq isə elə rəqabət şəraiti yaranıb ki, alıcılar diversifikasiya imkanları barədə qazın həcmindən daha çox düşünürlər.

Yəni, həcm məsələsi Avropa üçün hazırda ikinci dərəcəli məsələyə çevrilmişdir.

Bütün bu deyilənlər baxımından, ümumi uzunluğu 1850 kilometr, dəyəri 12 milyard ABŞ dolları, illik buraxılış gücü ilkin olaraq 16, üç sonra 24 və 2025-2026-cı illərdən isə 31 milyard kubmetrə çatdırılacaq - səhmdarları 58 faiz payla “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC), 30 faizlə Türkiyənin BOTAŞ, 12 faiz ilə isə Bp şirkəti təşkil edən TANAP-ın təməlinin atılması və tezliklə tikilib istifadəyə verilməsi hələ çox ideyalar və yeni planlar ortaya atacaq.

Yeri gəlmişkən, TANAP-la bağlı Azərbaycan ilə Türkiyə hökumətləri arasında saziş 2012-ci ilin iyununda Prezident İlham Əliyevlə Türkiyənin o vaxtki Baş naziri, indiki Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanmışdı. “Bu layihənin təşəbbüskarı Azərbaycan olmuşdur. Ən böyük maliyyə yükünü də biz öz üzərimizə götürmüşük“ – deyə, İlham Əliyev demişdir.

TANAP Bakı-Tbilisi-Ceyhandan sonra regionda prinsipcə ən böyük layihə sayılır. Onun Şərq ucunda zəngin qaz resursları olan böyük bir regiondan böyük daşıyıcı imkana malik mənbə dayanırsa, Qərb ucunda tələb nöqteyi-nəzərdən hər gün bir az da inkişaf edən bazarlar şəbəkəsi durur.

Pərviz Heydərov




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:39 TANAP-ın təməli qoyuldu (VİDEO) Türkiyənin Qars şəhərində Trans-Anadolu boru kəmərinin (TANAP) təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan prezidenti Georgi Marqvelaşvili, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçovic, Türkiyənin enerji
01:52 Böyük qaza doğru (VİDEO) TANAP bütün sınaqlardan uğurla çıxaraq təməlqoyma mərhələsinə çatdı Üç il əvvəl Türkiyədə iki qardaş ölkə liderinin iştirakı ilə TANAP-ın ilkin sənədləri imzalananda çoxları bu ideyanın gerçəkləşməsinə şübhə edirdi. Ötən üç il ərzində həm Azərbaycan-Türkiyə əlaqələri, həm də bu kəmərin reallaşması
14:11 TANAP-ın Türkiyədən keçən hissəsinin tikintisinə martın 17-də başlanılacaq Martın 17-də Trans-Anadolu qaz boru kəmərinin (TANAP) Türkiyənin ərazisindən keçən hissəsinin tikintisinə başlanılacaq. Mediaxeberleri.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Taner Yıldız məlumat verib. Nazir bildirib
16:27 TANAP-ın təməl vaxtı açıqlandı Türkiyənin energetika və təbii sərvətlər naziri bu barədə məlumat verib Trans Anadolu Qaz Boru Kəmərinin (TANAP) təməlinin qoyulacağı vaxtı açıqlanıb. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız yerli boru istehsalçıları ilə görüşündə
20:34 “Nabucco” dirçələ bilərmi? “Cənub Qaz Dəhlizi”nin əhəmiyyəti birə beş artacaq. Avropa İttifaqı (Aİ) Rusiyadan qaz asılılığını azaltmaq və ümumiyyətlə, mavi yanacaq idxalı sahəsində dərin şaxələnməyə nail olmaq üçün hətta əvvəl aktual sayılan, sonra isə tarixin arxivinə atılmış “ölü” layihələri də belə, dirçəlltməyə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az