t s

» » 11 yaşlı qızın QAN DONDURAN DRAMI: “Hər gecə dəhşət filmləri göstərirdilər”

11 yaşlı qızın QAN DONDURAN DRAMI: “Hər gecə dəhşət filmləri göstərirdilər”

11-03-2015, 13:03 Yazar:  Anar Baxılıb: 2057 Çap et
11 yaşlı qızın QAN DONDURAN DRAMI: “Hər gecə dəhşət filmləri göstərirdilər”Sizə insanların uğur hekayələrini təqdim edəcəyik. Bilirəm, uğur hekayəsi adı altında çox tanınmış insanların övladları və ya nəvələri ilə tanış olmusunuz. Biz o layihələri davam eləməyi düşünmürük. Bizim qəhrəmanlar həyata uğursuzluqla başlayanlar, valideynlərinin adı rastlaşdıqları qapıları üzlərinə taybatay açan yox, gəldikləri yerin adı duyulunca bütün qapıların sifətlərinə çırpıldığı insanlar olacaq. Bir ananın qucağından, bir atanın sığalından məhrum olub yerin dibinə düşən, ordan böyüyüb öz ayaqları üstünə qalxan insanlar... Körpə yaşdan dünyanın bütün vəfasızlığını görmüş, içlərində ünvansız nəhəng sevgi saxlayan insanlar – internat məzunları.

Onların məktəbdən sonrakı həyatı həmişə mənə maraqlı idi və gün gəldi ki, bu marağımın dalınca düşdüm. Əgər bu, sizə də maraqlıdırsa, F-11 düyməsinə klikləyin.



***

Gülayət Hacıyeva Amerika Birləşmiş Ştatları, Stetson Universiteti Huquq Kolleci – Beynəlxalq Cinayət Hüququ bölumunün magistrıdır. Eyni zamanda burada dosent köməkçisidir. Lent.az-ın “İnternat dramı” layihəsinə həyat hekayəsini danışmağı özü istədi


- Uşaq evindən kənara çıxırdınız?

- Özbaşına yox. Amma uşaq evinin bir az kənarında alma bağı var idi. Kimin olduğunu bilmirəm, hərdən bizi, yəni böyük uşaqları seçib, ora alma yığmağa aparırdılar. Böyük bağ idi, təxminən yüzdən çox ağac var idi. Ağaca çıxıb tək-tək yığırdıq. Budaqları silkələməyə qoymurdular ki, alma yerə dəyməməlidir. Alma mövsümündə ancaq bu işi görürdük.

- İşləyəndə yemək verirdilər?

- İşləməyin ən pis tərəfi o idi ki, insan lap tez acır. Acanda “alma yeyin” deyirdilər. Ac uşaqlar da almanı yedikcə daha da acırdılar. Yadıma gəlir, ona görə də başım tez-tez fırlanırdı...

- Uşaq evindən ancaq alma yığmağa gedəndə çıxırdınız?

- Bir də diş həkiminə gedərdik... Orda bir diş həkimi var idi, çox fərqli insan idi. Bütün uşaqların dişini pulsuz düzəldərdi. Təxminən 35 yaşı olardı. Uşaqlara heç yerdə görmədikləri sevgini göstərirdi. Normalda uşaq diş həkimindən qorxur, bizsə o qayğımıza qalsın, bizə sevgi ilə baxsın deyə, hərdən dişimiz ağrıyır bəhanələri uydururduq...

Bir tərbiyəçi bizimlə gedirdi. 15-20 dəqiqəlik yol idi... Uşaq evinin kənarları hasarsız idi. Böyük borular var idi və biz bilirdik ki, bu boruları keçməməliyik. Arxa tərəfdə çoxlu şam ağacları var idi... Yolu keçəndən sonra isə dəlixana idi.

- Hasarsız uşaq evi və yanında dəlixana?

- Hətta çox yaxın idi. Ordan keçəndə biz yaxınlaşıb içəri də baxırdıq. Onların pəncərəsinin şüşəsi olmazdı, dəmir barmaqlıqlardan bizə baxardılar. İçəri görünürdü, döşəmə betondan idi, indi də düşünürəm ki, görəsən onlar üşümürdülər?

Dəlixananı keçəndən sonra diş həkiminin otağı idi. Təbii ki, o dəlixananın qarşısında keçmək uşağın həyatında mənfi izlər buraxır. Uşaq evinə çox yaxın idi, biz həyətə düşəndə orda bərkdən ağlayanın, qışqıranın, gülənin də səsini eşidirdik... O dəlilər hələ də yadımdadır...

- Necə xatırlayırsınız?

- Çox arıq idilər... Onlar bizdən də arıq olurdu... Hərdən qışqırırdılar. Kimi ağlayır, kimi gülür, kimi də əlini barmaqlıqlardan çıxardıb yerə atılmış siqaret kötüklərini göstərərək, “onu mənə ver” deyirdilər. Qorxa-qorxa götürüb içəri atırdıq...

Ordan keçəndə tərbiyəçilər bizə deyirdilər yaxın getməyin, sizi vurarlar. Amma uşaq idik də, bir gözümüz orda olurdu. Qorxurduq, amma yazığımız da gəlirdi. Bir növ də onları özümüzə bənzədirdik. Onlar da bizim kimi orda yaşamağa məcburdurlar. Fərq o idi ki, bizdə dəmir barmaqlıqlar yox idi. Bizdə bir uşaq var idi, onun atası orda idi... O uşaq “dişim ağrıyır” dediyi günü yeməyini yeməyib “kuloka” yığır, dəlixananın qabağından keçəndə pəncərədən içəri, atasına atırdı... Bəzən biz də süfrədən artıq qalan yeməyi “kuloka” doldurub, pəncərədən içəri atıb qaçırdıq. Tərbiyəçinin gözündən yayınıb edirdik...

- Necə yayınırdınız?

- Nəzarətçi qabaqda gedir, sən isə arxasınca. Geri dönəsi deyil ki, hardasan.

- Sizin otaqlar necə, soyuq olurdu?

- Odun verəndə isti olurdu. Sobanı özümüz qalayardıq. Bir az odun atar, üstünə neftə batırılmış bir parça atar, kibrit atıb sobanın qapağını örtərdik.

- Kifayət qədər odun verirdilər?

- Odunu alır, maşınla gətirib həyətə tökürdülər, biz də zirzəmiyə daşıyırdıq. Sonra da hər axşam yeməkdən sonra 2-3 nəfər gedir, 4-5 odun gətirirdilər. Norma bu idi, artıq olmazdı. Onlar da tez yanıb qurtarırdı... Qış gecəsi uzun olur axı...

Qardaşım soyuqdan revmatizm olmuşdu. Hətta əlləri, ayaqları yara tökdü... Üşüyən uşaqlarımız var idi. Bir onu bilirəm ki, uşaqlar tez-tez qızdırmalı olardılar. Qızdırmamız olanda da dərman verirdilər. Əlavə qayğı, şorba, “sən aşağı yeməyə düşmə” yox idi. Hərarətin neçə olsa da, sən aşağı düşməli, yeməsən də, o stolda oturmalısan. Pərvanə adlı bir tibb bacısı var idi, uşaqlarla çox amansız davranırdı. Əgər xəstə uşaq heç cür özündə güc tapıb aşağı düşə bilməsə, o acından ölsə də qoymazdı kimsə onun yeməyini otağına gətirsin... Bir dəfə bacım yuxarıya yemək qaldırmağa çalışdı, necə hirsləndilər... Dedilər ki, sən qaydaları pozursan... Uşaqlar “svinka” xəstəliyinə tutulurdular, indi başa düşürəm bunu... Boğazları necə şişirdi, su da içə bilmirdilər, onlarsa baxıb deyirdilər ki, boğaz vəzin şişib, heç nə olmaz, dur düş aşağı, yemək ye... Heç bir uşağa özəl yanaşma yox idi, hamısı ağlaya-ağlaya, özbaşına sağalırdı...

Biz təkcə soyuqdan yox, həm də natəmizlikdən xəstələnirdik. Paltarları yuyub asanda üstündəki bitləri gözümüzlə görürdük. Arada uşaqlara qotur düşdü. Yadımdadır, qotura qarşı çox pis iyi olan dərman çəkirdilər bədənimizə. Elə göynəyirdi ki, hamımız otaqda dayanmadan o yan-bu yana qaçardıq...

Bakıdan iki bacı gəlmişdi. Birinin 8, o birinin isə 4 yaşı var idi. Təzə gələndə saçları çiyinlərində idi. Bir ay sonra onların başına elə bir yara düşdü ki... Uşaq idilər, təmiz yuya bilmirdilər, tərbiyəçilər isə saçımızı daramırdı...

- Necə oldu o uşaqların halı?

- Saçlarını qırxdılar. Necə ağlayırdılar... Ora dəllək dəvət edilən gün dəhşətli günlərdən biri olurdu... Dəllək maşınka ilə gəlir, qoyun qırxan kimi kobudcasına uşaqları irəli çəkib saçını qırxırdı. Oğlanlar sakit qarşılayırdı, amma qızlar... Mən də daxil, ağlayıb, “saçımızı kəsdirmək istəmirik” deyirdik... Amma kim idi bizi dinləyən... Qolumuzdan möhkəm dartıb, işlərini görürdülər...


- Dərslər necə keçirilirdi, təhsilin səviyyəsi necə idi?

- Çox aşağı səviyyədə. Yaxşı müəllimlər az idi. Təsəvvür edin ki, fizika dərsini bizə ədəbiyyat müəllimi keçirdi. Mən fizikadan bu yaşa qədər nə bilirəmsə, hamısını özüm oxumuşam. Kimya soruşsanız sadəcə H 2O-nun suyun formulu olduğunu bilirəm. Riyaziyyatı isə 4-cü sinfə qədər keçdik. Sonra özüm oxumağa başladım. Qubada bir riyaziyyat müəllimi var idi, həftədə bir dəfə gəlib bizə dərs deyirdi. Pulsuz, könüllü gəlirdi. O bir dəfə mənə dedi ki, üzərində dayansaq, sən çox yaxşı riyaziyyat müəlliməsi ola bilərsən. Bizə çox stimul verirdi.

- Yaşlı adam idi?

- Gənc idi, ola bilsin yeni məzun olmuşdu. Bizə tək riyaziyyat keçmirdi, həm də bayırda olanlardan danışırdı, nəsihət verirdi. Elə bil ki, böyük qardaşımız idi. Axşamlar dərs dediyi məktəbdən çıxıb yorğun gəlirdi bizim yanımıza. Axşam 8-ə qədər bizimlə qalırdı. Düz iki saat.

- Başqa kimlər var idi?

- Biologiya və kimya dərsi deyən Rəfiqə müəllimə, bacımın ədəbiyyat müəlliməsi, Novruz müəllim... Amma onlar orda çox az işlədi. Ümumiyyətlə, yaxşı ürəyi olan, uşaqlarla qayğıkeş davranan insanlar orda çox işləyə bilmirdi... Səbəbini bilmirəm... Özləri işdən çıxırdı, ya onları çıxardırdılar... Bilmirdik...

Gültəkin adlı baş tərbiyəçi var idi. Qısa boylu, kilolu, xırda gözlü xanım idi. Onu heç xatırlamaq istəmirəm. Yanımızda ağzına gələn sözü danışardı. Çox zalım, qəddar qadın idi. O qızları necə döyürdü... Uşaqlar var idi ki, onların anaları haqda çox alçaldıcı sözlər deyirdi. Ümumiyyətlə, uşaq evində müdir də, tərbiyəçilər də uşaqları əsasən analarına görə təhqir edir, alçaldırdılar. Bəzi uşaqların gündə neçə dəfə üzünə vurardılar ki, ananız fahişəlik edir, biz də oturub sizə baxırıq. Sizi doğub çölə atıblar, murdar yetimlər... Həmin uşaqlar ki, anaları barədə bəzi sözlər gəzirdi, o sözlər gəlib uşaq evinə çıxırdı... O uşaqlarla daha amansız davranırdılar. Amma o körpələr analarının əxlaqına görə cavabdeh deyildilər axı...

Yadımdan çıxmamış onu da deyim, Qubada 80 yaşlı Xasay dayı var idi, gözətçi idi. Boyu çox uzun idi, beli bir az bükülmüşdü. Özü də, həyat yoldaşı da uşaq evində böyümüşdü. Bir qızları var idi. Yadımda ən yaxşı insan kimi qalıb. Gedib yanında otururduq, siqaretini çəkə-çəkə danışırdı...

İza müəllimə var idi. Rus və ingilis dillərini keçirdi. Onu bu günə qədər də zəng edib soruşuram. Həyatımda yaxşı iz buraxan hər kəsi axtarıram. Bizə yaxşı nağıllar oxuyurdu. Kitabxanamız çox kiçik idi. Seçim imlanı olmadığından “Səfillər”i bir neçə dəfə oxumuşdum... Axşamlar yeməkdən sonra bir saat televizora baxmaq icazəmiz var idi.

- Televizorda nələrə baxırdınız?

- Həftə sonları daha çox dəhşət filmləri...

- Uşaq evində dəhşət filmlərini hardan alırdınız?

- Həftə sonu uşaq evində cəmi iki tərbiyəçi olurdu. Biri qızlara, o biri isə oğlanlara nəzarət edirdi. Bir elə uşağı sakitləşdirməyinsə bir yolu var idi – qorxutmaq. Onlar uşaqları kontrolda saxlamaq üçün, dəhşət filmləri gətirirdilər...

- Uşaqların bu filmlərə baxması filmdən də dəhşətlidir...

- Təsəvvür edin ki, orda baxdığım filmlərin təsirindən bu gün də çıxmamışam.

- Bütün uşaqlar baxırdı?

- Böyük oğlanlar daha çox həvəs göstərirdi. Amma kiçiklər qorxurdu. Qorxandan sonra da özlərinə qapılır, sakitcə yataqlarına girib yatırdılar. Səsləri çıxmırdı. Axşam tez yatsınlar deyə nəzarətçilərə bu sərf edirdi...

- Özləri də baxırdı?

- Yox. Onlar bizi otağa salıb, qapını örtüb gedirdilər. Hamımız yerdən oturub baxırdıq. İçəridə çox sakitlik olurdu. Hamımız qorxudan səsimizi udub susurduq.

- Uşaqların yanına gələn olurdu?

- Ən çox boşanan ailələrin uşaqları əziyyət çəkirdi. Bəzən olurdu ki, uşaqları məhkəməyə belə aparırdılar. Qayıdandan sonra uşaq daha da pis olur, aylarla ağlayırdı...

Əxlaqsız kimi tanınan qadınlar övladları ilə görüşməyə gələndə müdir görüşməyə icazə vermirdi. Bir dəfə bir qızın anası gəlmişdi, qız elə sevinirdi ki... Amma müdir görüşməyə icazə vermədi. Sən əxlaqsızsan, uşağını atmısan, indi onu görə bilməzsən dedilər... Qız necə ağlayırdı... Sonra o qıza daima belə basqı edirdilər... Anan əxlaqsızdır deyirdilər...

Uşaq evində olanda gündəliyim var idi. Hər gün başıma gələnləri, orda baş verənləri yazırdım. Bu gün tərbiyəçi necə davrandı, qardaşım nələr elədi... Sonra Amerikaya köçəndə onu itirdim. 6-cı sinifdə oxuyandan tutmuşdum.

- Orda gündəlik tutan uşaqlar çox idi?

- Mən bilən heç kimdə yox idi. Hər gün başıma gələni yazırdım. Allahdan müəllimlərin əlinə keçməyib. Uşaq ağlımla onların hərəkətlərini yazırdım.

- Müəllimlər haqda yazdığınız nə isə yadınızda qalıb?

- Uşaq evi elə yerdir ki, heç kimi oranın müdiri olmağa məcbur etmirlər. Bu seçimi özləri edir. Bu seçimi edirlərsə, gərək uşaqları sevsinlər. Fərqində olmaq lazımdır ki, burda nə qədər uşaq atadan, anadan, qayğıdan, sevgidən məhrumdur... Amma o tərbiyəçilər... Orda bir xadimə qadın var idi, onun ürəyində olan mərhəmət hissi heç bir müəllimdə yox idi. Həmişə cibində alma gətirər, qardaşıma, ya da o biri balaca uşaqlara verərdi... Qalanları isə elə bir şeyi bilirdi. “Bizə ana deyin!”

- Bu tələbi qadınlar edirdi. Kişilər necə?

- Onlar da “Ata deyin!” deyə məcbur edirdilər. Məktəbin müdiri özünə zorla “dədə müəllim” dedirdirdi.

- Deməsəz necə olacaqdı?

- “Ana”, “ata”, həm “dədə müəllim” deməyən uşaqları cəzalandırırdılar...

- Cəza nədən ibarət olurdu?

- Fiziki cəzalar da olurdu, vurmaq, küncə qoymaq. Amma uşaq üçün sözlə təhqir ən ağır cəzadır. Bir uşaq onlara qarşı çıxıb “sənə ana demək istəmirəm, axı anam deyilsən”, yaxud yeməkdən imtina edib “mən hər gün eyni yeməyi yemək istəmirəm”, “dərsdən sonra təmiz havada gəzmək istəyirəm, üç saat sinif otağında oturmaq istəmirəm” deyirdisə, bu uşaqlara artıq üsyankar kimi baxırdılar. Sənədlərini hazırlayıb, “bu uşaq tərbiyəsizdir, başqalarına da pis örnək olur, tərbiyəçilərə pis davranır və s.” yazırlar. Bir də gördün polis gəlib o uşağı apardı.

- Hara?

- Bakıdakı belə uşaqlar üçün olan xüsusi şöbəyə...

- Ora apardıqlarını hardan bilirdiniz?

- 7-ci sinifdə Emin və Saşa adlı iki oğlan oxuyurdu. Bir dəfə doymayıb, yenə yemək istəmişdilər. Yeməyi axı çox az verirdilər. Bizə çox yemək verilir, siz oğurlayırsınız, demişdilər... Polis gecə ilə gəlib onları apardı... Dedilər tərbiyəsizdilər və o biri uşaqların da tərbiyəsini pozurlar... Sonra da bizə hədə-qorxu gəlirdilər ki, özlərini pis apardıqları üçün onları xüsusi məktəbə göndərdik, sizi də göndərərik...

İkinci böyük cəza isə bacını qardaşdan ayırmaq idi. Qardaşın pis rəftar edir, onu başqa uşaq evinə göndəririk deyirdilər. Uşaq da “qardaşıma dəymə, mən sənə ana deyərəm” deyir...

Amma biz bilirdik ki, ana elə olmur. Kitablar oxuyurduq, əsərlərdən bilirdik ki, əslində ana necə olur... Bilirdik ki, ana övladı ac ola-ola qızıllar taxıb gəzməz, onu soyuqda yatırmaz... Bir gecə bizimlə o şəraitdə qalsaydılar, onda inanardıq ki, anadırlar...

Ora kifayət qədər yemək və odun gəldiyini görürdük... Amma biz ac və soyuqda yaşayırdıq...

- Yardım gətirən, qonaq gələn çox olurdu?

- Hamıya deyirdilər ki, gəlməzdən əvvəl zəng vurun, biz uşaqları hazırlayaq. “Uşaqları hazırlamaq” deyəndə həmin günü menyunu dəyişməyi nəzərdə tuturdular.

- Məsələn...

- Süfrəyə meyvə qoyurdular. Biz üzümü ancaq qonaq gələndə görürdük. Yanımıza gələnlər hərəmizə bir alma verəndə necə sevinirdik... Qonaqların yanında bizə heç vaxt yarma verməzdilər. Meyvə suyuna qədər verərdilər.

- Bəs gündəlik nə verirdilər?

- Yarma, makaron, şorba. O şorba da çox qəribə idi. Mən sonra o şorbadan heç yerdə görmədim. Hərdən bir dolma bişirirdilər, ona da o qədər düyü qatırdılar ki... Yeməklər gözümüzün qabağında oğurlanırdı. İşçilərin 80 faizi müdirin qohumları idi. Biz, böyük qızlar mətbəxin təmizliyinə və qabların yuyulmasına baxırdıq. Məsələn, 4 qız oturub kartof soyurduq. Görürdük ki, o tərəfdə də dovğa bişir. Hazır olan kimi balonlara, qazanlara tökülürdü, aparırdılar... Sonra da başlayırdılar üstünə su tökməyə...

Orda ən çox yediyimiz qarabaşaq idi, onun da içində qara bit kimi şeylər olurdu. Həm də yağsız, duzsuz...

Ən çox istədiyimiz çay idi. Bacım çay sevən idi. Özünə söz vermişdi ki, uşaq evindən çıxandan sonra bir qutu peçenye, ya da “Bakuş” alıb, çoxlu çayla içəcək... İndi həmişə elə edir...

Uşaq evində bacıma bir stəkan çay verir, əvəzində bütün mətbəxi təmizlədir, ya böyük qablarla kartof soydurur, ya da bütün qabları yudurdurdular. Bütün bu işləri görəndən sonra çay verirdilər. Bacım narazı deyildi, çünki çay sevirdi...

Mən də “Bakuş” sevirdim. Mən də söz vermişdim ki, uşaq evindən çıxandan sonra çoxlu “Bakuş” və çörək alacam...

- Uşaq evinə heç yoxlama gəlmirdi? Görmürdü sizin vəziyyətinizi?

- 3-4 aydan bir gəlirdi. Həmin günü əynimizi təmiz geydirər, ətli yeməklər bişirər, bizi döyməz, söyməz, təhqir etməzdilər.

- Nümayəndələri sizinlə söhbət etmirdi?

- Birbaşa müdirin otağına çıxırdılar. Nə birimizdən burda necə yaşayırsınız soruşar, nə yatdığımız otaqlara baxardılar. Ən azından yatdığımız otaqda ora-bura qaçışan siçovulları görə bilərdilər... Gecələr qorxa-qorxa ayağımızı yorğanın altında itələyir, siçanları yerə atırdıq...

- Yoxlama elə ancaq müdirin otağına girərdi?

- Bəli. Sonra ora xüsusi hazırlanmış yeməklər gedərdi... Bizə verilməyən yeməklər – toyuq qızartması, su qatılmamış dovğa.

- Axı bu uşaqlarla tək-tək söhbət etmək lazımdı...

- Amma heç kollektiv halda da maraqlanan olmurdu. Bir oğlan var idi, Valeh. Elə döymüşdülər ki, gözünün altı qap-qara qaralmışdı. “Tumurcuq” qəzetindən bir jurnalist gəlmişdi. Ona dedilər ki, gecə işıqlar sönmüşdü, uşaq tualetə gedəndə yıxılıb.

Müdirin oğlu Məhəmməd qızlarla çox ədəbsiz zarafatlar edirdi, etiraz edib, qarşı çıxanı isə atasına şikayət edirdi. Atası həmin uşağı cəzalandırırdı... Bir dəfə Məhəmmədə demişdim ki, sən çox əxlaqsızsan, atası məni otağa çağırıb təhqir elədi, sonra isə üzümə tüpürdü. Dedi ki, sən çox murdar insansan...

- Dəlixanadan danışanda “Onlar bizdən də arıq idilər” dediz. İçinizdə hamı arıq idi?

- Yeni gələnlər adətən toppuş olurdu. Bir də dörd qardaş var idi, onların ikisi toppuş idi. Bu genetik idi, bizsə başa düşmürdük o vaxt. Deyirdik ki, sən nə yeyirsən, bizdən gizli yeyirsən?

- Ora övladlığa uşaq götürmək istəyənlər gəlirdilər?

- Gəlirdilər. Onlar gələndə kiçik qardaşımı gizlədir, yanlarına aparmırdım. Çox şirin uşaq idi, qorxurdum ki, onu seçərlər. Əlimizdən alıb, bizdən ayırıb apararlar. Bilirsiz, biz ən çox küçəyə düşməkdən qorxurduq. İndi düşünürəm ki, niyə qorxurdum? Küçədə qalsam başıma iki şey gələ bilərdi - təcavüz və narkotik maddələr, içki və s. Bu ikisindən başqa uşaq evində hər şey var idi. Yəni küçə uşağının başına gələ biləcək hər şey var idi, bu ikisindən başqa...

- Ordakı bu mühitdə yetişkənlik dövrünü necə yaşayırdınız?

- Bizə heç kim heç nəyi izah etmirdi. Özümüzsə heç nəyi başa düşmürdük. Qorxub gizlədirdik...

- Yəni gizlində də olsa heç kimə heç nə demək mümkün deyildi?

- Uşaqlar gecələr yatağını isladanda çox pis cəzalandırırdılar. Dodaqlarını elə dartırdılar ki, göm-göy olurdu. Başlarını divara vurur, təpikləyirdilər. Yetkinlik yaşına çatan qızlar da o cəzaları almaqdan qorxurdu. Orda çox şeyi gizlədirsən, çünki qarşı tərəf həddindən artıq qəddar olur...

Bir dəfə qızlardan biri elə qorxmuşdu ki, alt paltarını çıxardıb hamama atıb qaçmışdı. Tibb bacısı Pərvanə bütün qızları sıraya düzüb danladı. Dedi ki, kimdir bu əxlaqsız, çıxsın ortaya... Halbuki, elə orda bizə bunun nə olduğunu izah edə bilərdilər...

Xarici dil öyrənməyə çox meylli idim, hər gün bir neçə söz əzbərləyirdim. Çox yaxşı olmasa da, qısa cümlələr quraraq danışırdım. Bir dəfə yanımıza bir xanım gəlmişdi. Xarici vətəndaş idi. Bizimlə o qədər mehriban davrandı ki, ona etibar etdim. Amma xahiş etdim ki, burada heç kimə deməyin. O qadın mənə hər şeyi başa saldı. Artıq bildim ki, bu əxlaqsızlıq deyil, mən heç bir günah etməmişəm...

Oğlanlarla münasibətimiz isə bacı-qardaş münasibəti idi. Başqa heç nə ağlımıza da gəlməzdi. Hətta yadımdadır, biz boruların üstündə oturur, oğlanlar isə futbol oynayırdı. Yoldan keçən yad oğlanlar bizə söz atanda onlar oyunu saxlayıb gedib dalaşırdılar.

Olurdu ki, meyvə yığmağa ancaq onları aparalar, biz o vaxt məktəbdə işləyək, onda əllərinə keçən meyvələri ciblərinə doldurub bizə gətirərdilər.

Bir dəfə ürəyim xurma istədi. Oğlanın adı Emin idi, gedib qonşunun bağından oğurlayıb gətirmişdi. Oğurlamaq da deyildi, çünki qonşular uşaq evindən olduğumuzu bilir, biz ağacdan meyvə dərib yeyəndə göz yumurdular.

Yolu keçən kimi bir ailə var idi, həmişə onların gilas ağacına çıxıb gilas yeyərdik. Bir dəfə müdirin oğlu Məhəmməd gəldi ki, mənə də gilas verin. Dedik sənin atan məktəbi söküb yeyir, imkan ver biz də gilas yeyək.

- O özü ağaca çıxmırdı?

- Yox, çox yekəxana oğlan idi, adı Məhəmməd idi, Məmiş deyirdik. Bizimlə yaşıd idi. Aşağıdan dayanıb əmr edirdi ki, mənə də verin. Sən evdə qalan uşaqsan, qoy biz qarnımızı doyuraq, çıx get burdan, dedik. Çox dirəndi, sənə atan gilas ala bilər, get ona de, dedik. Bir də baxdıq səsə qonşunun oğlu gəlir. Hardasa 25 yaşı olardı. Ac uşaqlar idik, bizim üçün gilas da böyük şey idi, hər şeyi gözə alırdıq.

Oğlan yaxınlaşanda hamı gilas ağzında susub dayandı ki, yəqin indi bizə “selbə” atacaq. Ya da müdirə şikayət edəcək. Elə qəzəbli idi ki...

(Davamı olacaq)

III hissədə:

- Uşaq evində çalışan insanın heç birinin uğurlu həyatını görmədim. Çox haqsızlıq eləmişdilər axı... Qubadakı müdir uşaqları çox möhkəm təpikləyirdi, ölməzdən əvvəl ayaqları tutuldu. Arabada gəzdirirdilər.

- Hər gün atılmış, kimsəsiz olduğumuzu, getməyə heç bir yerimizin olmadığını deyirdilər...

- Qaşığı qızdırıb uşağa dağ basardılar. Bu, uşaqların ən çox qorxduğu cəza idi... [b][/b]




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:40 Putinin keçmiş arvadından məhrəm - Etiraflar Rusiya Prezidenti Vladimir Putinin keçmiş arvadı Lyudmilanın Oleq Bloskoqonun "Vladimir Putin və hakimiyyətə yol" adlı kitabında maraqlı etiraflar yer alıb. Mediaxeberleri.az axar.az-a istinadən Lyudmilanın Putin və ailəsi barədə etiraflarının bir qismini təqdim edir: "Vladimir Vladimiroviçin
01:38 İki bacının dəhşətli qətlinin sirri 14 ildən sonra açıldı – ŞOK TƏFƏRRÜAT “Qızları öldürüb onların atası ilə evləndi” İstanbulun Pendikt bölgəsində 14 il əvvəl itkin düşən 7 və 2 yaşlı iki bacının qatilinin kimliyi məlum olub. Onlar atalarının sevgilisi tərəfindən öldürülərək zibilliyə atılıb. 23 dekabr 2001-ci ildə itən 7 və 2 yaşlı Dərya və Dəniz adlı bacıların
03:30 Təcavüzə uğradı, evləndirildi, fahişəliyə cəlb edildi - ŞOK OLAY Türkiyənin Dənizli şəhərində 9 yaşında ikən anasının sevgilisi tərəfindən təcavüzə uğrayan, 11 və 13 yaşlarında “başlıq” üçün anası tərəfindən iki dəfə evləndirilən gənc xanım üç uşaq sahibi olandan sonra həyat yoldaşının işgəncələrinə dözə bilməyib evdən qaçıb və fahişəlik bataqlığına düşüb.
15:38 "34 ildir Fuad Ələsgərov bunu hamıya danışır" - Müsahibə Xalq yazıçısı Çingiz Abdullayev uşaqlıq illərdən, məşhur sinif və tələbə yoldaşları ilə xatirələrindən danışdı 14 Fevral 2015 [19:15] Xalq yazıçısı Çingiz Abdullayev uşaqlıq illərdən, məşhur sinif və tələbə yoldaşları ilə bağlı maraqlı xatirələrindən danışıb. Mia.az iki yüzə yaxın kitabın
14:10 Ağsuda evdə uşaq dünyaya gətirən qadın öldü Qadının dünyaya gətirdiyi oğlan uşağı sağdır. Ağsu rayonunda faciəvi hadisə baş verib. Mediaxeberleri.az-ın Lent.az-a istinadən məlumatına görə, rayonun Cəlayır kəndində yaşayan 32 yaşlı Nurlana Əzizova doğuşdan sonra vəfat edib. Belə ki, hamiləliyinin 7-ci ayını yenicə tamam etmiş qadının

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az