t s

» » İslama görə kişi arvadını öldürə bilərmi

İslama görə kişi arvadını öldürə bilərmi

8-11-2016, 21:12 Yazar:  tural Baxılıb: 177 Çap et
İslama görə kişi arvadını öldürə bilərmi


“Qadınını qətlə yetirmək islama görə ən alçaq və xoşagəlməz cinayətdir” Son zamanlar qadınlara qarşı şiddətin şahidi oluruq. Bu şiddət dünyada daha çox vüsət alıb. Ölkəmizdə də çox vaxt qadınların həyat yoldaşları tərəfindən qətlə yetirilməsinin şahidi oluruq. Bunun səbəblərini bir çox yöndən izah etmək və əsaslandırmaq olar. İslam dini qadınlarla kişilərin hüquqlarını müəyyənləşdirərək hərəsinin öz yerini göstərmişdir.

Bu gün isə Qərbin təlqin etdiyi insan hüquqları ilə milli adətlərimizin və dinimizin baxışları arasında natarazlıq nəzərə çarpır. Qərbdə bir qadının dörd kişiyə ərə getməsinə, qadının və kişinin həmcinsləri ilə evlənməsinə, hətta fahişəliyə pis baxılmır, əksinə, bu haqda qanun layihələri müzakirə olunur. Ancaq müsəlman ölkəsində bir kişinin bir neçə arvad almasına, müvəqqəti nikah (siğə), erkən evlənmə kimi məsələlərə etiraz edilir və bunun qarşısı alınması barədə tələblər qoyulur. Bu birmənalı şəkildə müsəlman dünyasının artımının qarşısını almağa xidmət edir. Qadınlarımızı bir az sıxan sosial problemlərdirsə, digər tərəfdən də sıxan ailə başçılarının, həyat yoldaşlarının içkiyə, narkomaniyaya qurşanması və zərərli vərdişlərə yiyələnməsidir. Sosial problemlər rayonlarda ailələri dağıdaraq, əri ya narkoman etmiş, oğurluğa cəlb edərək həbsxanalarda məskun etmiş, qadını da Bakıdakı kafelərdə "ofisiantlıq"a məcbur edərək və kirayələrdə fahişəliyin bir addımlığında qadın şəxsiyyətini məhv etmişdir. Demək olar ki, əksər kafelərdə çalışan ofisiant qadınlar "yalnız qadın işçi tələb olunur"un qurbanına çevriliblər. İstəyən gedib bu qadınların taleyi ilə maraqlana bilər. Ər də gəlir, qadını şəhərdə tapır və qətlə yetirir. İslam dini baxımından qadın zərif məxluq olduğundan ailənin sosial problemlərini kişi həll etməlidir. Əsasən kişi qazanmalıdır.Ancaq bu müvazinət pozulanda ailə dağılır və şiddət yaranır. Sosial şəbəkələrin, teleserialların da ailələrin dağılmasında və ailədaxili şiddətin yaranmasında rolu böyükdür. Qısqanclıq səbəbindən də mənfi hallar ortaya çıxdığının şahidi oluruq. İslamda qadının dəyəri İslam dini qadına müstəsna hüquq verir. Quranda bir çox peyğəmbərlərin adı çəkilib haqlarında danışılmadığı halda, İsa peyğəmbərin anası Məryəmin adına bir böyük surə vardır və o qadının fəzilətlərindən bəhs olunur. Peyğəmbərimiz Məhəmməd əl Mustafa əleyhissəlam buyurub ki, cənnət anaların ayağı altındadır. Bir şəxs Rəsuli Əkrəmin yanına gələrək kimə yaxşılıq etməsini xəbər aldı. Peyğəmbər üç kərə ona: "Anana yaxşılıq et!" dedi, fəqət dördüncü sualda "atana yaxşılıq et" deyərək buyurdu. İslam dini qadınlara hörmət və ehtiram tələb edərək dörd böyük xanımı cənnət analarının sərvəri hesab edir. O qadınlar bunlardır: Asiyə (firon II Ramzesin arvadı olub), Məryəm (İsa peyğmbərin anası), Xədicə (Muhəmməd peyğəmbərin arvadı) və Fatimə (İmam Əlinin həyat yoldaşı). Qadınlar İslamdan qabaq dünyanın hər yerində işgəncələrə və şiddətə məruz qalırdı. Çox ölkələrdə qadınları bazarlarda satırdılar. Əsasən Ərəbistanda qadınlarla daha çirkin rəftar edilirdi. İlk qız uşağını ərəblər uğursuzluq əlaməti kimi qəbul edib diri-diri torpağa basdırırdılar. Bu basdıranlar arasında sonralar Məhəmmməd peyğəmbərin əshabələri, hətta sonralar islam xəlifəsi olacaq şəxslər də var idi. İslam dini qadına qarşı bu qəddarlığı və hörmətsizliyi aradan qaldırdı. Bir kişi İslamdan əvvəl istədiyi qədər arvad ala bilərdi. Ancaq İslam dini bu işi bir arvadla məhdudlaşdırdı. Yalnız ədalətə riayət ediləcəksə, dörd arvada qədər icazə verdi. Hicab necə meydana çıxdı? Qadınlar o dövrdə açıq-saçıq geyinər və yad kişilər tərəfindən təcavüzə və şiddətə məruz qalırdılar. İslam hicabı və örtüyü əslində qadının hüququnu məhdudlaşdırmaq kimi yox, əksinə, qadının azadlığı və sərbəstliyi üçün toxunulmazlıq simvolu və vasitəsi olaraq vacib bilmişdir. İslam dini qadınlara qarşı xüsusi həssaslıq tələb edir. Qadın ailədə tabe olmalı olduğu ərinə qarşı səbəbsiz yerə kobud və cansıxıcı davranmamalıdır. Kişi də öz növbəsində gücünü və rəhbərlik kimi genetik kişi xüsusiyyətini qadının üzərində təcrübə etməməlidir. Vəhabi şeyxlərinin əcaib fətvaları İslam qadının özbaşınalığını qınamaqla yanaşı, kişiyə də qadını əzmək hüququ vermir. İslam hökmləri arasında qadınına xəsarət yetirmiş kişi barəsində cəza qanunları nəzərədə tutulur. Vurulmuş zərər və ziyanın dərəcəsinə görə "diyət" deyilən vergi-cərimə növü şəriətdə mövcuddur. Qadınların ərlərinin sözündən çıxması, özbaşınalıq etməsi və kişilərin qadınlarını incitməsi, işgəncə verməsi İslam dinində böyük günahlardan sayılır. Bu gün bəzi ərəb ölkə şeyxləri "qadının heyvan kimi məməlilər sinfindən olması", "ər aclıqdan ölməsin deyə arvadının ətindən kəsib yeyə bilər", "öldükdən 6 saat keçənə qədər arvadının meyiti ilə cinsi əlaqədə ola bilər" kimi çirkin fətvalar verməklə İslamdan əvvəliki vəhşi ərəb ənənəsini sadəcə İslam adı altında meydana gətirirlər. Həmçinin bu vəhhabi təriqətinə mənsub olan şəxslər "İslamı çirkin göstərərək hörmətdən salma" kampaniyasına xidmət edirlər. Bəzi radikal fikirli adamlar da belə "Şeyxlərin" qeyri-insani fətvalarının təsiri altına düşərək qadınlarına alçaq gözlə baxa bilər ki, bu da vəhşiliyin bir ayrı növüdür. İslama görə bir insan öldürmək bütün bəşəriyyəti öldürmək qədər böyük günahdır, nəinki qadını öldürmək. Ərin öz qadınını qətlə yetirməsi islama görə ən alçaq və xoşagəlməz cinayətdir. Bəziləri belə qətlləri namus üstündə etdiklərini qeyd etməklə özlərinə haqq qazandırmağa can atırlar. Lakin qadın kişinin namusuna xəyanət edərsə, yaşadığımız ölkənin cəza qanunları ilə cəzalana bilər. Onu qətlə yetirməklə ikinci bir cinayətə mürtəkib olmaq və övladlar qarşısında ana qatili kimi özünə bəraət axtarmaq cılızlıqdır. Həmin şəxsin qadını qətlə yetirməsi heç cür doğru deyil. Çünki qadının zina etdiyi təqdirdə cəzası öldürülmək deyildir. Bu Quranda da vardır. Bir neçə şallaq cəzası nəzərdə tutulub. Bəzi vəhşi adamlar müsəlman ölkələrində qadını bir araya alıb böyük daş parçaları ilə daş-qalaq edirlər. İslamı təhqir edərək, əslində çirkin göstərib nifrət qazanırlar. Qadının zina etməsini, həmin səhnəni açıqlığı ilə dörd şəxs görərsə, qadın da evli olarsa, ərinin heç bir fiziki və digər problemi olmazsa, bu məsələyə baxılmalıdır ki, səbəb nə olub. Ancaq qadının daş-qalaq edilməsi Quranda yoxdur. Buna baxmayaraq zinakar adı ilə dünya müsəlman ölkələrində saysız qadınlar daşqalaq olunur. Daş-qalaq etmək əslində xırda daş qırıntıları ataraq həmin qadını tənbeh etmək, ifşa etmək məqsədi ilə olmuşdur. Peyğəmbərin, İmamların hər hansı bir qadını daş-qalaq edib öldürdüyü yoxdur. Necə olur ki, bu gün Şeytanın yolu ilə pul qazanıb həccə gedənlər orada Şeytana xırda daşlar atırlar, amma qadını zinakar adı ilə böyük daşlarla qanına qəltan edirlər? Hər halda bu daşqalaq məsələsi başqa mövzudur, inşallah ona da növbəti yazılarda toxunacağıq. Biz müsəlman ölkəsi olaraq qadına hörmətdə digər ölkələrə nümunə olmalıyıq. Lakin təəssüflər olsun ki, hələ də qadına qarşı bəziləri düzgün düşünmürlər. Həvva suç işlətdi, ancaq Adəm ona cəza vermədi İslam dininin meydana gəlmə səbəblərindən biri də elə məhz qadın hüquqlarının bərpası olmuşdur. Xüsusən indiki dövrdə insanın insana əl qaldırması yalnız vəhşilik əlaməti ola bilər. Qanunlar, məsləklər, adətlər, ənənələr, dinlər, əqidələr olduğu halda meşə qanunlarına ehtiyac yoxdur. İslamdan da əvvəl biz insanıq. İnsan həm qadın, həm kişi olaraq iki cinsdə xəlq olunub. Adəm və Həvva olaraq. Hətta Həvva nənəmiz günah edib, Allahın sözündən çıxıb. Adəm babamızı Cənnətdə alma yeməyə təhrik etdiyinə görə də Adəm sonralar onu "döymədi" incitmədi, günahlandırmadı. Çünki onun həssas, nəcib və incə düşüncəli olduğunu bildi və dərk etdi. Allah İsa peyğəmbəri atasız yaratmaqda bir növ göstərmək istəmişdir ki, ananın lüzumu övlad üçün atadan çoxdur. Allah yartadığı hər bir şeyin hesabını, həmin yaradılmışa bu dünyada sahiblik edən şəxsdən soracaqdır. Parkdan bir gül ağacı çıxardıb aparanın hesabı sorulub, cəriməsi edilirsə, Allah bu dünyanı qana çalxayanları haqq- hesaba çəkməzmi?! Əlbəttə, bu olacaqdır.Qadınlar da kişilərə əmanət olduqları üçün, kişilər qadınlara sahib olduqları üçün Qiyamət günü onların haqları kişilərdən sorulacaqdır. Hətta insan öz orqanına, bədən əzasına xəsarət yetirərsə, Qiyamət günü ondan hesab sorulacaqdır. Hətta heyvanlar belə bəzi özlərinə məxsus qanunlar əsasında yaşayırlar.İnsan, xüsusən müsəlman olaraq qadınlara qarşı hər kəs həddi gözləməlidir.Qadın müəyyən cəhətdən güclü varlıq sayılsa da, eyni zamanda həm də aciz varlıqdır.Bu, onun incəliyi, nəcibliyi və həssaslığından irəli gəlir. İmam Əli öz oğlu İmam Həsənə vəsiyyətinin ilk cümlələrində buyurur: "Oğlum, Allahdan başqa köməkçisi olmayana zülm etməkdən çəkin!" Habelə qadına zülm etmək, işgəncə vermək İmamlarımızın buyruqlarında da qınanılıb. Qadının müsbət xüsusiyyətləri haqda “Quran”da və hədislərdə çoxsaylı buyruqlar, tapşırıqlar mövcuddur. Tural İrfan. İlahiyyatçı




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az