t s

» » Şahidin cinayət təqibi orqanı tərəfindən ölkədən getmək hüququnun məhdudlaşdırılması hüquqidirmi?!

Şahidin cinayət təqibi orqanı tərəfindən ölkədən getmək hüququnun məhdudlaşdırılması hüquqidirmi?!

7-11-2016, 20:52 Yazar:  Əsmər Baxılıb: 230 Çap et
Şahidin cinayət təqibi orqanı tərəfindən ölkədən getmək hüququnun məhdudlaşdırılması hüquqidirmi?!
Oxucularımızın diqqətinə "Azərbaycan vəkili" jurnalında işıq üzü görmüş vəkil Sadiq Əfəndiyevin hazırladığı maraqlı yazını təqdim edirik. Yazıda cinayət prosesində ölkədən getmək hüququnun məhdudlaşdırılmasının şahidə münasibətdə tətbiq edilməsinin hüquqi olub-olmaması və buradan doğan nəticələr, habelə problemdən çıxış yolları əks olunmuşdur.

Məlumdur ki, müasir beynəlxalq və milli hüquq sistemlərinin qarşısında duran mühüm və aktual məsələlərdən biri insan hüquq və azadlıqlarının qorunmasıdır. Bu bəşəri missiyanın həlli ilk növbədə insan hüquq və azadlıqlarının qanunvericilik səviyyəsində aydın surətdə təsbitindən və məhkəmə müdafiəsi mexanizminin dəqiq müəyyən edilməsindən keçir. Bu “aydınlıq” və “dəqiqliyi” hər şeydən əvvəl müasir beynəlxalq hüququn mütərəqqi kəşflərindən sayılan və hüquqi sabitliyin təmin edilməsinə yönəlmiş hüquqi müəyyənlik prinsipi tələb edir. Çünki dəqiq ifadə edilməmiş və real müdafiə mexanizminə malik olmayan hüquq son anda realizəsiz qalaraq xəyali bir hüquqa çevrilir. Ona görə də əsas qanun hesab edilən konstitusiyanın müddəaları da daxil olmaqla hər bir qanunun müddəası birmənalı və aydın şəkildə ifadə olunmaqla hər kəs üçün hüquq və azadlıqlarının müdafiəsinə zəruri hüquqi şərait yaradılmalıdır.

İnsan hüquq və azadlıqları mütləq və məhdudiyyətsiz deyildir və zəruri hallarda qanunla müəyyən olunmuş məhdudiyyətlərə məruz qala bilir. Məhz bu məhdudiyyətlər onların hüquqi müdafiəsini zəruri edir.
İnsan hüquq və azadlıqlarına bu cür yanaşma Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 29-cu maddəsinin ikinci hissəsində belə xülasə edilmişdir: “Hər bir insan öz hüquq və azadlıqlarını həyata keçirərkən yalnız o məhdudiyyətlərə məruz qala bilər ki, onlar müstəsna olaraq başqalarının hüquq və azadlıqlarının lazımi qaydada tanınması və onlara hörmət edilməsinin təmin edilməsi və demokratik cəmiyyətdə əxlaq qaydalarının, ictimai asayişin və ümumi rifahın ədalətli tələblərinin ödənilməsi naminə qanunla müəyyən edilmiş olsun”.
Bu müddəa İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyasının 18-ci maddəsində bir daha konkretləşdirilmişdir: “Qeyd olunan hüquq və azadlıqlarla bağlı bu Konvensiyada yol verilən məhdudiyyətlər, nəzərdə tutulduğundan başqa, hər hansı digər məqsəd üçün tətbiq olunmamalıdır”.
Öz növbəsində Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.
Hazırda hüquqi müstəvidə geniş spektirdə məhdudiyyətlərə məruz qalan əsas insan hüquq və azadlıqlarından biri də insanın sərbəst hərəkət azadlığıdır. İnsanın sərbəst hərəkət azadlığı ilkin və başlıca insan hüquqlarından biri hesab olunur. Antik dövrün filosofu Epiktet sərbəst hərəkət azadlığını qısaca olaraq belə təsvir edirdi: “hara istəyirəm gedirəm, haradan istəyirəm qayıdıram”. Lakin insanın sərbəst hərəkət azadlığı da digər hüquq və azadlıqlar kimi mütləq deyildir və bu azadlığın reallaşdırılması digər hüquq və azadlıqların gözlənilməsi şərti ilə mümkündür.
Insanın sərbəst hərəkət azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində ümumi azadlıq hüququnun tərkib hissəsi kimi nəzərdə tutulmuşdur. Maddənin 3–cü hissəsində qeyd edilir: “Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər”.
Azərbaycan Respublikasının Konstitusiyası sərbəst hərəkət azadlığı çərçivəsində hər kəsə sərbəst surətdə aşağıdakı davranış imkanlarını vermişdir:
1) Ölkə daxilində sərbəst hərəkət edə bilmək imkanı;
2) Özünə yaşayış yeri seçə bilmək imkanı;
3) Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilmək imkanı.
Eyni zamanda Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və Əsas azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyasının 2 saylı Protokolunun “Hərəkət etmək azadlığı” adlanan 2-ci maddəsinə görə qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanın qorunması, cinayətlərin qarşısının alınması, sağlamlığın və mənəviyyatın qorunması və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz.
Yeri gəlmişkən qeyd edək ki, sərbəst hərəkət etmək azadlığı adı çəkilən Konvensiyada Azərbaycan Respublikasının Konstitusiyasından fərqli olaraq ümumi mənada azadlıq hüququndan bəhs edən maddədə deyil, ayrıca bir maddədə nəzərdə tutulmuşdur.
Fikrimizcə, Konvensiyanın mövqeyi sırf normativ-texniki xarakter daşıyır və sərbəst hərəkət azadlığının ayrıca təsbiti onun ümumi azadlıq hüququnun tərkib elementi kimi mahiyyətinə xələl gətirmir.
İstər milli, istərsə də beynəlxalq qanunvericiliyin tələblərinə görə insan və vətəndaşın sərbəst hərəkət etmək azadlığı yalnız Konstitusiya və qanunlarda nəzərdə tutulmuş əsaslarla məhdudlaşdırıla bilər, yəni hər hansı bir şəxsin qeyd olunan azadlığı yalnız qanunamüvafiq tətbiq edilən və demokratik cəmiyyətdə ictimai maraqlarla əsaslandırılmış məhdudiyyətlərə məruz qala bilər. Başqa hər hansı bir hal bu cür məhdudlaşdırma üçün əsas ola bilməz.
Ölkəmizdə həyata keçirilən cinayət prosesi zamanı cinayət prosessual tədbir qismində sərbəst hərəkət azadlığının məhdudlaşdırılması ölkə ərazisində olan şəxslərin ölkədən getmək hüquqlarına məhdudiyyətin qoyulması formasında həyata keçirilir.
Bu məhdudiyyətin qanuni əsasları bir sıra qanunvericilik aktlarında nəzərdə tutulmuşdur. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” 14 iyun 1994-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi cinayət prosesində vətəndaş cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındıqda, məhkum edildikdə və ya barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə müvafiq olaraq barəsində cinayət təqibi üzrə icraat başa çatanadək, cəzasını çəkib qurtaranadək və ya cəzadan azad edilənədək, yaxud tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını mümkün hesab etmişdir.
Hüquq islahatları çərçivəsində qəbul edilmiş Azərbaycan Respublikasının yeni Miqrasiya Məcəlləsində bu məsələ əvvəlki qanundan fərli olaraq daha aydın və müfəssəl şəkildə öz əksini tapmışdır. Bu Məcəllənin qəbulu ilə əlaqədar “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” 14 iyun 1994-cü il tarixli Azərbaycan Respublikası Qanununun sözü gedən məhdudiyyətlə bağlı qaydaları artıq öz əhəmiyyətini itirmişdir. Məcəllənin 2-ci bölməsinin 3-cü fəsili bütövlükdə vətəndaşların ölkədən getməsi və ölkəyə gəlməsi məsələlərinə həsr edilmişdir. Həmin fəsildə yer almış 9-cu maddədə vətəndaşların ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilinməzliyi kimi prinsip xarakterli müddəa bir daha vurğulanmaqla, cinayət prosesinin həyata keçirilməsi ilə əlaqədar konkret olaraq dörd halda vətəndaşın ölkədən getmək hüququnun məhdudlaşdırılmasının hüquqi şərtləri və müddətləri göstərilmişdir. Bunlara aiddir:
1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək (9.3.1);
2. məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək (9.3.2);
3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək (9.3.3);
4. üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək (9.3.4);
Normanın tətbiqi zamanı maddənin mətnində işlədilən “vətəndaş” anlayışı geniş formada şərh edilməli, vətəndaşlarla yanaşı əcnəbi və vətəndaşlığı olmayan şəxslərin də barəsində qeyd olunan məhdudiyyətin tətbiq oluna bilməsi nəzərə alınmalıdır.
Göründüyü kimi, miqrasiya qanunvericiliyi cinayət prosesi zamanı şəxsin hərəkət azadlığının məhdudlaşdırılmasını həm prosessual məcburiyyət tədbirləri olan tutulmaya və qətimkan tədbirlərinə əlavə prosessual məcburiyyət tədbiri kimi, həm də cinayət hüquqi xarakterli məsələlərin həlli ilə bağlı məhkəmənin hökm və və ya qərarının icrasını təmin etmək vasitəsi kimi nəzərdə tutmaqla, cinayət prosesində müəyyən müddət ərzində hərəkət azadlığı məhdudlaşdırıla bilən şəxslərin dairəsini konkret olaraq müəyyən etmiş və həmin şəxslərə yalnız şübhəli və ya təqsirləndirilən şəxsləri, məhkumları və barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsləri aid etmişdir.
Bununla belə təcrübədə bəzən ibtidai istintaq zamanı istintaq orqanları tərəfindən “şahid” statuslu şəxslərin də ölkədən getmək hüquqlarının məhdudlaşdırılması hallarına təsadüf edilir. Bu zaman ibtidai istintaq orqanları öz mövqelərini onunla əsaslandırılar ki, həmin sahidlərin gələcəkdə istitanqın gedişi zamanı şübhəli və ya təqsirləndirilən şəxs qismində cinayət prosesinə cəlb edilməsi gözlənilir. Təbii ki, bu mövqenin hər hansı bir hüquqi əsası yoxdur. Hər şeydən əvvəl bu məsələ qanunvericilik səviyyəsində dəqiq tənzimlənmişdir və qanunvericiliyin ifadə etdiyi mənaya görə qanunda göstərilən şəxslərdən başqa digər şəxslərin ölkədən getmək hüququnun məhdudlaşdırılması yolverilməzdir. Şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması subyektiv mülahizə və ehtimalların əsasında deyil, yalnız tətbiq ediləcək məhdudiyyətin maddi və prosessual hüquqi əsaslarının mövcudluğu ilə şərtləndirildiyi halda həyata keçirilə bilər.
Hazırda cinayət prosesini həyata keçirən orqanlar tərəfindən şəxsin ölkədən getməsinə məhdudiyyətin tətbiq edilməsi prosedurası elektron hökümət portalından istifadə edilməklə, Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2008-ci il tarixli, 744 №li Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnaməyə uyğun həyata keçirilir. Hüququ məhdudlaşdırılan şəxslər barədə məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilir və məhdudlaşdırmanın əsasları aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilir.
Əsasnamədə sistemin sturukturunda nəzərdə tutulmuş altsistemlərdən biri də “Sərhədkeçməyə məhdudiyyət” altsistemidir. Əsasnamə ilə sistem çərçivəsində hüquqmühafizə orqanlarının axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən, Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılan şəxslər haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi vəzifələri müəyyən edilmişdir.
Fikrimizcə, məhdudiyyətin tətbiq edildiyi şəxslər haqqında məlumatlarla yanaşı məhdudiyyətin tətbiqinin hüquqi əsasları barədə zəruri məlumatların (tutulma haqqında qərarın qəbul edilməsi, barəsində qətimkan tədbirinin seçilməsi və s.) sistemə daxil edilməsinə diqqət artırılmalı və bu məsələ normativ qaydada tənzimlənməlidir.
Əsasnaməyə görə altsistem vasitəsilə aidiyyəti dövlət orqanları tərəfindən sistemin “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilmiş məlumatlar sərhədkeçmə zamanı şəxsin saxlanılaraq aidiyyəti dövlət orqanlarına təhvil verilməsi, şəxsin sərhədkeçməsinə icazə verilməməsi və geri qaytarılması və ya şəxsin sərhədkeçməsinə aidiyyəti dövlət orqanı tərəfindən nəzarətin təmin edilməsi məqsədilə istifadə olunur.
Şəxsin saxlanılaraq aidiyyəti dövlət orqanlarına təhvil verilməsi zamanı onun daha çox fiziki məhdudiyyətlərə məruz qaldığını nəzərə alaraq hesab edirik ki, bu tədbirin yalnız barəsində axtarış elan olunmuş, tutulma və ya məcburi gətirilmə haqqında qərar qəbul olunmuş təqsirləndirilən və ya şübhəli şəxslərə tətbiq edilə bilməsi barədə qanunvericilik qaydasında göstəriş təsbit edilməlidir.
Demək olar ki, cinayət təqibi üzrə ölkədən getməsinə məhdudiyyət tətbiq edilmiş şəxsə cinayət təqibi orqanı tərəfindən praktiki olaraq şifahi və yazılı formada hər hansı bir məlumat verilmir. Bu cür məlumatsızlığın məhdudiyyətə məruz qalmış şəxs üçün maddi, mənəvi və s. cəhətlərdən yaratdığı mənfi nəticələri təsəvvür etmək çətin deyildir. Məhdudiyyətə məruz qalan şəxsin tətbiq edilən məhdudiyyət barədə məlumatlandırılmamasının da əsas səbəblərindən biri təbii ki, ilk növbədə bu məsələnin normativ tənzimləmədən kənarda qalmasıdır.
Şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının hüquqi əsaslarının bir sıra qanunvericilik aktlarında nəzərdə tutulmasına baxmayaraq, hesab edirik ki, bu sahədə olan hüquqi tənzimləmə qənaətbəxş səviyyədə deyildir. Hüquqi tənzimləmənin kifayətsizliyi təcrübədə müəyyən ziddiyyətlər və çətinliklər yaratmışdır ki, bu da özünü daha çox cinayət prosessual fəaliyyətdə göstərmişdir.
Cinayət prosesində şəxsin ölkədən getmək hüququna məhdudiyyətin qoyulması praktiki olaraq geniş surətdə tətbiq olunsa da, bu məhdudiyyətdən hüquqi müdafiə üçün CPM-də konkret normativ vasitə nəzərdə tutulmamışdır. İlk baxışdan cinayət prosessual fəaliyyətlə əlaqədar olan bu təbirin qanunsuz tətbiq edilməsi ilə bağlı məhkəmə nəzarəti qaydasında şikayət vermək haqqında düşünmək olar. Lakin məhkəmə nəzarətini tənzim edən normalara nəzər salsaq, qeyd edilən məhdudiyyətlə bağlı prosessual-hüquqi müdafiənin tənzimlənməsində olan boşluğun şahidi ola bilərik. Azərbaycan Respublikası CPM-nin 442.2.2-ci maddəsinə görə məhkəmə nəzarəti qaydasında cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxılır. Həmin Məcəllənin 7.0.37-ci maddəsinə görə prosessual hərəkətlər – cinayət prosesi iştirakçılarının bu Məcəllədə nəzərdə tutulmuş və onun müddəalarına uyğun həyata keçirdikləri hərəkətlərdir. Məcəllənin 7.0.43-cü maddəsinə görə cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hakimin və ya hakimlərin (hökmlər istisna edilməklə), habelə təhqiqatçının, müstəntiqin, yaxud prokurorun bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada qəbul etdiyi prosessual aktdır.
Bununla yanaşı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması həmin Məcəllənin 449-cu maddəsində şikayət verilə bilən hərəkətlər və qərarlar siyahısında göstərilməmişdir.
CPM-nin sadalanan normaları belə təsəvvür yaradır ki, sərbəst hərəkət azadlığının məhdudlaşdırılması və ya şəxsin ölkədən getməsinə məhdudiyyətin qoyulması adlı tədbir CPM-də nəzərdə tutulmadığı üçün cinayət prosessual qərar və ya hərəkət deyil və bu hərəkətdən məhkəmə nəzarəti qaydasında şikayət verilə bilməz.
Ölkədən getmək hüququnun məhdudlaşdırılması formasında özünün sərbəst hərəkət azadlığının cinayət prosesini həyata keçirən orqan tərəfindən pozulduğunu güman edən şəxs CPM-nin qeyd olunan mövqeyini nəzərə alaraq cinayət prosesini həyata keçirən orqanın qanunsuz hesab etdiyi hərəkətini inzibati hərəkət kimi inzibati məhkəmə icraatında mübahisələndirmək istədikdə, bu növ iddialar praktiki olaraq inzibati məhkəmələr tərəfindən predmet baxımından mümkünsüz hesab edilir və həmin iddialara baxılmır. İnzibati məhkəmələr bu mövqelərini “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində qeyd edilmiş “Bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur” müddəası ilə əsaslandırırlar.
Bununla belə təcrübədə məhkəmələr bu kateqoriya şikayətləri bir qayda olaraq məhkəmə nəzarəti qaydasında icraatlarına götürərək işə baxırlar. Bu cür məhkəmə təcrübəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verən konstitusion müddəalara uyğun olsa da, hesab edirik ki, insanın təməl hüquqlarından hesab olunan azadlıq hüququnun müdafiəsi sahəsində qeyri-müəyyənliyin aradan qaldırılmasına və sahəvi qanunvericiliklə dəqiq tənzimlənməsinə ehtiyac vardır.
Hətta bəzən təcrübədə məhkəmələr şəxsin ölkədən getmək hüququnun 449-cu maddəsində şikayət verilə bilən hərəkətlər və qərarlar siyahısında göstərilmədiyini əsas gətirərək bu kateqoriya şikayətləri məhkəmə nəzarəti qaydasında icraatlarına götürməkdən imtina edirlər.
Lakin nəzərə alınması vacibdir ki, sərbəst hərəkət azadlığının məhdudlaşdırılmasının qanunsuzluğundan şikayət edən şəxsə eyni zamanda inzibati və cinayət mühakimə icraatı qaydasında rədd cavabının verilməsi vətəndaşların hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verən milli və beynəlxalq hüququn tələbləri ilə uzlaşmır.
Artıq qeyd etdiyimiz kimi, Əsas Qanunda bəyan edilmiş insan hüquq və azadlıqlarının gerçəkləşdirilməsinin zəruri elementlərindən biri də həmin hüquq və azadlıqların hüquqi müdafiə mexanizminin qanunvericiliklə dəqiq müəyyən edilməsidir. Bu baxımdan insanın sərbəst hərəkət azadlığı hüququnun konstitusion səviyyədə təsbiti ilə yanaşı, qeyd edilən insan azadlığının zəruri hallarda məhdudlaşdırılmasının və müdafiə edilməsinin dəqiq qanunvericilik tənziminə ehtiyac vardır. Bu məqsədə nail olmaq üçün hər şeydən əvvəl mühafizə altına alınmış hüququn qanunvericilik sistemində normativ yeri və pozulma ehtimallarına uyğun hüquqi müdafiə mexanizmi müəyyən edilməlidir.
Fikrimizcə, cinayət prosesində şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının əsasları və qaydalarının Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulması əhatəli tənzimetmə və qanunvericiliyin sistemləşdirilməsi nöqteyi-nəzərdən daha məqsədəmüvafiqdir. Bu məqsədəmüvafiqliyi şərtləndirilən hallardan biri cinayət prosesində şəxsin ölkədən getmək hüququnu məhdudlaşdıran tədbirin (şəxsin haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməklə onun ölkədən getməsinə məhdudiyyətin qoyulması) öz hüquqi mahiyyətinə, təyinatına və məqsədlərinə görə əslində cinayət prosesində tətbiq edilən prosessual məcburiyyət tədbiri olmasıdır.
Digər tərəfdən Azərbaycan Respublikası CPM-nin 12.4-cü maddəsində təsbit edilmiş prinsip mahiyyətli imperativ müddəanın tələblərinə görə prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə əlaqədar şəxsin Konstitusiya ilə təsbit olunmuş hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərar yalnız zərurət olduqda bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada qəbul edilə bilər.
Deməli, cinayət prosesində tətbiq edilən hər hansı prosessual məcburiyyət tədbiri, o cümlədən də Konstitusiyada təsbit edilmiş şəxsin sərbəst surətdə ölkədən getmək hüququnun məhdudlaşdırılması yalnız CPM-də nəzərdə tutulmuş hallarda və qaydada tətbiq edilə və həyata keçirilə bilər. CPM-dən kənar bu kimi halların və qaydaların müəyyən edilməsinə yol verilmir.
Eyni zamanda nəzərə alınmalıdır ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdıran tədbir şəxsin bilavasitə ümumi mənada azadlıq hüququ ilə bağlı olduğundan ciddi prosessual məcburiyyət tədbiri hesab olunmaqla həmin tədbirin tətbiq edilməsinin yalnız məhkəmə qərarı əsasında mümkünlüyü prosessual qanunvericilikdə öz əksini tapmalıdır.
Təsadüfi deyildir ki, sərbəst hərəkət azadlığının önəmliyini nəzərə alan qanunverici Miqrasiya Məcəlləsinin yuxarıda istinad etdiyimiz 9-cu maddəsinin digər yarımbəndində (9.3.6) məhkəmə qərarlarının icrası üzrə icraatda məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzürsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarının vacibliyi barədə göstəriş ifadə etmişdir.
Nəhayət, mövcud təcrübəyə əsaslanaraq apardığımız normativ-hüquqi təhlil onu deməyə əsas verir ki, Konstitusiyada əsas insan hüquq və azadlıqlarından biri kimi nəzərdə tutulmuş sərbəst hərəkət azadlığının məzmununa daxil olan şəxsin ölkədən getmək hüququnun cinayət prosesində qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsinə hüquqi təminat verən əhatəli və sistemli normativ tənzimələməyə ehtiyac vardır. Bu ehtiyacın təmin olunması üçün ilk növbədə cinayət prosesində sərbəst hərəkət azadlığının (ölkədən getmək hüququnun) məhdudlaşdırılması ilə bağlı həyata keçirilən tədbir Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində ayrıca prosessual məcburiyyət tədbiri kimi nəzərdə tutulmalı, onun tətbiqinin prosessual hüquqi əsasları və qaydaları, eləcə də bu cür məhdudiyyətlərə məruz qalan şəxslərin məhkəmə nəzarəti qaydasında hüquqi müdafiə imkanları konkretləşdirilməlidir.

(c) "Azərbaycan vəkili" jurnalı: 8-ci say




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az