t s

» » "Quran"da yeni möcüzə: İmam Əli haqqında sirli faktlar

"Quran"da yeni möcüzə: İmam Əli haqqında sirli faktlar

29-10-2016, 20:50 Yazar:  Tural Baxılıb: 4355 Çap et
"Quran"da yeni möcüzə: İmam Əli haqqında sirli faktlar
İlahi kitabımız olan "Qurani-Kərim" möcüzələr kitabıdır. Bu kitabda saysız elmi-qeybi məlumatlar mövcuddur. Zaman-zaman bu əlamətlər bəzi üləmanın, hətta Qərb elm adamlarının vasitəsi ilə ortaya çıxarılmışdır. Hətta bir çoxunun islamı qəbul etməsinə vəsilə olmuşdur. Riyazi dəqiqlıklər, fizikaya, kimyaya, astronomiyaya aid kəşflərin təməli sayılacaq bu məlumatlar Quranın ecazı qarşısında bəşəri mat qoymuşdur. Bu möcüzələr hələ də açılmaqda davam edir. Həftədə 7 gün olması və "Quran"da "həftə" sözünün də məhz 7 dəfə işlənməsi, ildə 12 ay olması və Quranda da "ay" sözünün cəmi 12 dəfə işlənməsi, ildə 365 gün olması və Kitabda bu sözün də məhz 365 dəfə işlənməsi kimi faktlar "Quran"ın təhrifdən kənar qaldığını təkrar-təkrar isbat edir.

Çünki "Quran" birdən yox, tədriclə nazil olduğuna görə bu sayları məqsədyönlü şəkildə tənzimləmək mümkünsüz idi. İlk Surə sayılan əl Fatihə surəsində "Quran"ın ilk "gün" sözü işlənir (Din günü- Qiyamət günü) və ən son ayəsi sayılan, yəni Rəsulun vəfatına çox az qalmış nazil olan Maidə surəsindəki "Bu gün dininizi kamil etdim..." ayəsidir. Bu və bu kimi saysız möcüzələr təsadüf də ola bilməz. Ümumiyyətlə "Quran"daki qeybi xəbərlər və bu elmlə İmam Cəfər Sadiq əleyhissəlam geniş məşğul olub və ondan miras bizə Cifr (Şifrə) elmi miras qalıbdir ki, bu elmin də təməlləri Süleyman peyğəmbərin vəziri Asəf bin Bərxiyaya gedib çıxır. "Quran"ın sirrli elmlərini açan,gələcək və keçmiş haqda məlumat verən, möcüzəli qeyri adiliklər yaradan elmlər vardır ki, indi əksəriyyət bu elmlərdən xəbərsizdirlər. Daniyal peyğəmbərdən qalan Rəml elmi bu günki kompütür sisteminin əsasları ilə üzlaşma təşkil edir. Vaxtilə sivilizasiyaların indikindən qat-qat inkişaf etmiş olduğunu çoxları təsdiq edir. Misir ehramlarından tapılan cərrahiyyə alətlərinin indikilərlə eyniliyi və aeroportun beton örtüyü alimlərə məlumdur. Qədim ərəblərdə və yəhudilərdə, Babilistanda və Misirdə bu elmlər istifadə edilirdi. Yalnız mühafizəkar ruhanilərin cəhalət dalğası bu elmləri islam ümmətinə də çox gördü və əksər kitablar yandırıldı, Həllac Mənsur kimi o elmin bilginləri də dara çəkildi. İbn Sina kimiləri də tibbi məşğuliyyətlə özünü sığortalamağa məcbur oldular. Lakin bu elmlər bəşərə çox şey verə bilər. "Quran"dakı möcüzələrin açılması bu yolla mümkündür və bütün açılmayan məsələlər haqda məlumat almaq bu elmin inkişafı nəticəsində asan ola bilər. Məsələn, Əbcəd, Cüməl hesabları bu riyazi sirrlərin açılmasında açardır. Ədcəd və Cüməl isə hərflərin rəqəm qarşılığı ilə hesab aparmaq və nəticə hasil etməklə olur. Ərəb hərflərinin təklik rəqəmlərlə qarşılığı Əbcədi-səğir(Kiçik əbcəd), onluq və daha yuxarı rəqəm qarşlığı ilə aparılan hesab Əbcədi-kəbir(Böyük əbcəd) daha yüksəyə isə Cüməl hesabı deyirlər. Cifr isə indiki dillə desək şifrədir. Mənası "yazılı yaılmış dəri" deməkdir. İmam Sadiqə məxsus İmam Əlidən qalma, ona da peyğəmbərdən miras olan məxfi elmlərin toplandığı və yazıldığı dəri. Bu elm də əbcədə oxşardır, gələcək haqda bəzi məlumatları cifri heabla əldə etmək bu elmin ariflərinə çətin deyildir. Hər hansı məlumatı bilmək üçün həmin günün adını, həmin aidiyyatı şəxsin adını, hadisənin təxmin olunan adını, digər başqa müəyyən şeyləri və "Quran"da bu məsələyə aid olan ayənin Əbcədlə rəqəm qarşılığı alınıb toplanır və həmin hasil olan külli rəqəm yenidən Cifr qaydaları ilə hərflərə çevrilir. Nəticədə bilinmək istənilən bilinir... İbn Abbas Peyğəmbərin əmisi oğludur. Əhməd əl Buni öz əsərində ondan nəql edir ki, cifri hesablamalara görə dünyanın yaşı 7 min il olacaqdır.

"Quran"ın elə sirləri var ki...

Daha yaxşı olar ki, bu elmləri bilənlər onu yalnız "Quran" möcüzə və kəşflərinin ortaya çıxarılmasında istifadə etsinlər.Təəssüf ki, bəziləri bunu fala baxmaq, talehləri araşdırmaq kimi işlərə alət edib başqa səmtə istifadə edirlər. Ancaq Misir alimi Muhəmməd Rəşad Xəlifə kimiləri bunu "Quran" möcüzələrinin riyazi faktlarla ortaya qoyulmasında istifadə ediblər. "Quran"ın açılmasında indiki elmlərdən çox, öz dövrünün elmlərinin rolu daha böyükdür. "Quran"ın hələ 80 faizi açılmayıb. "Quran"da elə şifrələr var ki, onun heç 1 faizi də açılmayıb və açılmayacaq. Bu möcüzələr qismindən deyə bilərəm ki, alimlər bu məsələyə diqqət etsələr qaranlıq qalan və bu səbəblə də ixtilafa və ikifikirliliyə səbəb olan məsələləri bu elmi nailiyyətlə açmaq və əsl həqiqətin nədən ibarət olduğunu öyrənmək olar. Çünki Allah, məhz hər şeyin "Quran"da olduğunu buyurur, lakin zahiri mənada bu kitaba baxsaq hər şey haqda orada bir şey görmürük. Bəziləri bu sözü əsas götürüb hətta, guya "Quran"ın dəyişdirildiyini, təhrif olunduğunu, azaldıldığını iddia ediblər. Halbuki bu belə deyil. Allah eyni zamanda "Quran"da ayələrin bir qisminin "mütəşabih" yəni hamının anlamadığı, çox-yozumlu olduğunu vurğulayır. Habelə bəzi şeylər "Quran"da kodlaşdırılıb, onu məhz elm sayəsində açıb ortaya qoymaq mümkündür. Əslində elmlə hər bir ixtilafın həlli mümkündür. Sadəcə kimlərəsə məzhəb ixtilafi və qaranlıq fikirlər sərf etdiyindən bu barədə danışılmır. İslamda ilk ixtilafa səbəb olan məsələ İmam Əlinin xilafət məsələsidir.

1.Maidə surəsinin 67- ci ayəsi Qədir-Xum adlanan çöldə Peyğəmbərə nazil olaraq, İmam Əlinin özündən sonra ümmətə rəhbər olmasını bəyan edir. Ayə 94 hərfdən ibarətdir. Surə sayı, yəni "Quran"dakı sıra nömrəsi 5 dir. Ayə hicri tarixlə 11- ci ildə nazil olub. Bu rəqəmləri ilkin mərhələdə sadəcə toplayırıq: 94+5+11=110 alınır ki, Əbcədi-Kəbir hesabı ilə 110 rəqəmini hərflərə çevirəndə "Əli" sözü alınır. Yəni, bu ayədə sözü gedən aidiyyatı şəxs.

2.Maidə sözü Əbcədi-kəbirlə hesablananda rəqəm qarşılığı 51 dir. Surə sayı 5 dir. Sözü gedən ayənin nazil olması hicri 11 - ci ildir. Bu aşkar dəlillərin nəticəsinə baxmayaraq İmam 4 - cü xəlifədir. Toplayırıq:51+5+11-4=63. Nəticədə İmam Əlinin, məhz 63 il yaşadığı, 4 il də xəlifəlik etdiyi məlum olur ki, tarixdə də bu belədir.

3.Maidə surəsi isə ümumilikdə hicri 4 cü ildə nazil olub. İmam Əli yuxarıdakı hesablamadan bəlli oldu ki 63 il yaşayıb. İmam Əliyə bilavasitə aidiyyatı olan bu surənin 67- ci ayəsindən bu hicri 4 - cü ili çıxsaq yenidən 63 alınır ki, İmamın ömür müddətini göstərir. Həmçinin qeyd etdik ki, surə sayı 5-dir. 63-dən bu 5-i çıxsaq, 58 alınır ki, İmam Əlinin xəlifəliyə keçdiyi yaşıdır. Yuxarıda qeyd etdik ki, Maidə sözünün əbcədi-səğirlə rəqəm qarşılığı 15-dir. 58-dən 15 çıxanda 43 alınır, ikinci xəlifədən sonra xilafətə gəlmə şansını göstərir ki, tarix də bu şansın yüksək olduğunu qeyd edir. Ayənin nazil olduğu 11- ci hicri ili buradan çıxsaq=32 alınacaq ki, bu da İmam Əlinin əsl görəvinə təyin olunduğu ən ilk zamanda, yəni Qədir- Xumda olan yaşıdır. Yəni tarixi faktlara əsasən də o zaman Əlinin yaşı 32 idi.

4. Kəlimeyi-şəhadətdə dediyimiz "Əliyyən vəliyullah" (Əli Allahın vəlisidir. ) sözü- kəliməsi əbcədi-səğirlə 67 rəqəmdir. Yəni hərfləri rəqəmə çevirəndə 67 alınır ki, bir növü, Əlinin vilayəti barədə Maidə surəsinin 67 - ci ayəsindən öyrənməyi istinad və işarə verir.

5. "Quran"da 114 surə vardır. İmam Əlinin ad qarşılığı da yuxarıda qeyd etdik ki, 110 dur. Xilafət sırası isə 4 - cüdür. Toplananda 114 alınır ki, bir növü, burada da bu məsələylə bağlı "Quran"a baxmaq tövsiyyə olunur. İmam Əlinin ilahlığını, bəşər olmadığını iddia edən ifratçı Əliallahilər, Nüseyri-Ələvilərə bir mesajdır ki, Quranın 114-cü surəsinə baxsınlar. Bu surə ixlasdır. Burada Allahın ehtiyacsızlığından, şəriksizliyindən, özünə övlad və köməkçi götürmədiyindən, belə şelərə onun ehtiyacı olmadığından qəti söz edilir.

Peyğəmbər: “Ya Əli, İsa kimisən”

İmam Əlinin adının məhz Allahın adı ilə eyni olması, onun Kəbədə doğulması, ilk müsəlman olması kimi müsbət xüsusiyyətləri bəzilərində ona uluhiyyət nisbəti verməyə rəğbət yaradırdı. Həm də çox ədalətli idi. Bəzilərində isə əksinə, həsəd və qibtə, gözügötürməzlik hissləri yaradırdı. Bax elə bu iki zümrənin səbəbindən də, Peyğəmbərdən sonra bir qrup onu aşağı gözdə görüb incitdilər.Başqa bir qrup da sevgilərinin qurbanına çevrilib onu ilahiləşdirib küfrə yuvarlandılar. Bu haqda peyğəmbər sağlığında ona xəbər verərək demişdi: "Ya Əli, sən İsa kimisən. Sənin üzündən iki qrup zəlalətə düşəcək. Biri səni alçaldar, aşağılayar, necə ki, yəhudilər İsanı aşağılayıb çarmıxa çəkmək istədilər. Başqa bir qrup da səni ilahiləşdirər, necə ki, xaçpərəstlər İsanı ilahiləşdirib yollarını azdılar. "Məhz bu məsələlərə görə "Quran"da Əli haqda sirrli və gizlin deyilmişdir. Onun adı və haqqında Quranda çox və aşkar deyilsəydi onu daha da ilahiləşdirərdilər. Kin bəsləyənlər isə daha da qıcıqlanardılar.

Ən doğrusunu Allah bilir. Xətadan və iddiadan Allaha pənah aparıram

İmam Əlinin (ə) də məhz bu elmləri bildiyi və bu elmlərin sayəsində gələcək işləri anladığı məlumdur. Bu bir növü Allahın qəti və dəyişməz, məcburedici alınyazısı yox, sadəcə insan və ruzigarın əməlləri nəticəsində baş verəcək hadisələrin xronoloji sıralaması idi ki, İmam özü bunu hamıdan yaxşı bilirdi.

Bəziləri burada Allahın, məhz "Quran"ı təbliğ etməkdən danışdığını deyirlər. Ancaq Peyğəmbərin ömrünə sayılı günlər qaldığı halda, 23 ildir təbliğ etdiyi "Quran"ı Allah yenidən 5-10 günə təkrarmı təbliğ edilməsini tapşırırdı? Hətta deyir ki, etməsən risalətin naqisdir. Digər tarixi faktlar və "Quran" təfsirləri sübut edir ki, burada xüsusi bir tapşırıq olmuşdur ki, bu da İmam Əlinin vilayətidir. Çünki Peyğəmbər bu ayə enəndən sonra dəvə yəhərlərindən olan minbərə çıxaraq dəhşətli istidə 120 min adamı da ləngidərək Əlini özündən sonra yerinə təyin etdi. Bəziləri isə Rəsulun Əlini özünə dost elan etdiyini iddia edirlər ki, burada başqa təyinat filan olmayıbdır. Xəstə və yorğun Peyğəmbərin istidə, səharada hamını saxlayıb sadəcə "Əli mənim dostumdur" deməsi ağlabatan deyildir. Allah deyirdi ki, Kitab şəklində olanı çatdırdın, indi də canlı olanı -Əlini çatdir və tapşır. Sonra Rəsuli-Əkrəm minbərə çağırıb. Əlinin əlini yuxarı qaldırıb dedi: "Mən kuntu mövlahu, fə həzə Əliyyun mövlah" (Mən kimin mövlası, sevimlisi, rəhbəri, başçısı,yolgöstərəni, canından artıq sevdiyiyəmsə Əli də onun mövlası və rəhbəri, böyüyüdür.)

Xüsusən də uzaqgörən bir peyğəmbərin özündən sonrakı ixtilafları düşünməyərək yerinə birini təyin etmədən və ya bunu sonra ikitirəlik yaradacaq başqalarının ümidinə qoyaraq dünyanı tərk etməsi onun da şəninə yaraşmır, ağıla da batmır. Məlum olur ki, Əlinin təyinatı faktdır. Ancaq bununla hamı razı deyildi. Necə ki, ölüm ayağında olan Peyğəmbər Üsamənin rəhbərliyi ilə Suriyaya qoşun göndərirdi, buna əmr verirdi, lakin onlar əmrə itaət etməyərək Peyğəmbərin ölümünü və ölümündən sonra kimin onun yerinə idarəçiliyi ələ alacağını maraqla gözləyiridlər. Nəticədə də Peyğəmbər şiddətlə əsəbiləşirdi. Hətta bir dəfə yanındakıları, onun sözünü yerə saldıqlarına və onu təhqir etdiklərinə görə qovmuşdu. Nəticədə Peyğəmbər dünyasını və üzünə ağ olan əshabını dəyişdi. Sonra isə tarix tamam başqa istiqamətdə cərəyan etdi və hadisələr fərqli məcraya yönəldi... (Əksər müsəlmanlara məlum olan həssas məsələ olduğu üçün burada dayanıram bu mövzu barədə.)İmam Əli həmişə ümmətin yol göstərəni və din rəhbəri oldu. Siyasi rəhbərliyə isə 25 il fasilədən sonra buraxıldı.

Qədir Xum günü bu gün də bayram olaraq keçirilir və əhəmiyyətli tarix kimi dinimizdə yaşadılır. Məhz bu hadisələr barədə tarixdə məlumat yer alıbdır. Ancaq bu faktların və tarixlərin başqa bir yönümdən ortaya çıxarılması da İslamın ecazını və dəqiqliyini, ehtişamını göstərir... Dində heç bir ixtilafa və parçalanmaya yer yoxdur. Keçmişdəki müqəddəslər və əshab arasında baş vermiş hər hansısa bir tarixi ixtilafı bu gün yaşatmağın yeri yoxdur. Çünki İmam Əli də onu yaşatmamış, baş vermiş mənfi hadisələrin və ona qarşı baş vermiş haqsızlıqların aqibətini Allaha həvalə etmişdir. İslam ümməti biridir və onun bir adı vardır, müsəlman!

Bu və digər məsələlər barədə araşdırmalarım davam edir və zaman- zaman oxuculara çatdırılacaqdır. Bütün hidayətə tabe olanlara, sülhə səs verənlərə, elmə- irfana üstünlük verənlərə salam olsun...

Tural İrfan




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az