t s

» » Bir gözümdən yaş, o birindən qan axırdı... – igid kəşfiyyatçının döyüş və həyat hekayəti

Bir gözümdən yaş, o birindən qan axırdı... – igid kəşfiyyatçının döyüş və həyat hekayəti

17-10-2016, 19:26 Yazar:  Jalə Mütəllimova Baxılıb: 542 Çap et
 Bir gözümdən yaş, o birindən qan axırdı... – igid kəşfiyyatçının döyüş və həyat hekayəti
Bir neçə başqa işinə görə həm də mənimlə görüşmək üçün Bakıya gəlirdi öz maşını ilə. Həm də sükan arxasında özü oturduğunu söylədi. Üzünə deməsəm də o durumda maşın sürə bilməsi mənə qəribə gəldi baş leytenantın. Düşündüm ki, neçə ola bilər, ayaq o vəziyyətdə, əl elə.... və adam Qazaxdan Bakıya maşın sürməyi rahatca bacarır. Kimdən danışıram? Kamildən. Azərbaycanın ərazi bütövlüyü uğrunda, biz yaşayaq, rahat olaq deyə mübarizə aparan minlərlə oğullarımızdan birindən. Baş leytenant Kamil Musəvidən.

Kamil 1990-cı ildə Qazaxda doğulub ailənin bir övladıdır. Yaşının az olmasına baxmayaraq həyatda xeyli sınaqları olub. Bütün bu sınaqlar onu kimə çevirib mən dinləyə-dinləyə anladım. Sİz də bir az səbr eləyib dinləyin bizə görə ayağını, bir qolunu və gözünü itirən bu yaraşıqlı azərbaycanlı balasını, zabitini.

Kamil Azərbaycan ordusunun Tərtər istiqamətində keçirdiyi əməliyyat zamanı kəşfiyyat bölümünə rəhbərlik edib. Döyüş yoldaşılarına yardımçı olmağa çalışanda isə minaya düşüb. Ağır bədən xəsarətləri alıb. Onun döyüş xatirəsini dinləməksə, qorxulu olduğu qədər də qürurvericidir. Bu qədər ürəkli, mərd əsgəri, zabiti var ölkənin. Özü də bir nəfər deyil, onlarla, yüzlərlə, minlərlə Kamil var. İndi gəlin o kamillərdən birinin döyüş xatirəsini dinləyək...

Uşaqlıqda oynadığımı yaşadım....

“Hərbiyə marağım uşaq yaşlardan idi. Yəni hamı kimi dava-dava oynamağı mən də sevirdim. Baxmayaraq ki, evin bir oğlu idim ağlım kəsəndən dəlicəsinə hərbiçi olmağı arzulayırdım. Məhlədə uşaqlarla dava-dava oynayanda həmişə komandirlik eləyirdim. Bu bir az alınırdı məndə. Özü də sizə bir söz deyim, yəqin adamın alın yazısı, yaşayacağı, sonradan başımıza gələcəklər əvvəl oyun kimi oynadıqlarımızdır. Məsələn, mən kəşfiyyatçı kimi düşmən güdmək, həbs eləmək, öldürmək, girov tutub gətirməyi seçirdim nədənsə. Hərdən də guya ki, yaralanırdım (gülür-red). Onda uşaq oyunu idi. Böyüdük. Mən adına oyun dediklərimin hamısını bir-bir yaşadım.

Kəşfiyyat - uşaqlığın oyunu...

Naxçıvanski adına hərbi məktəbə qəbul olmaq üçün sənədlərimi hazırlasam da ora gecikdim. O üzdən gözləyəsi oldum ki, orta məktəbi bitirim. Bu dəfə sənədlərimi Ali Hərbi Məktəbə verdim. Əmim oğlu ilə getmişdim qəbula, bir az problem yaşadım, amma şükür ki, qəbul elədilər. Təlim kurslarını keçdim, oxudum, deyim ki, çox əziyyətlidir hərbi təhsil almaq. Sonra bizdə ixtisas seçimləri başladı. Məni xidmət sahələri arasında uşaqlığımın oyunu çəkdi özünə, kəşfiyyatı seçdim. İstəyirdim uşaqlıq oyunumu canlı-canlı yaşayım, oynayım, görüm necədir, maraqlıdırmı, uşaqlarla oynayanda elədiklərimi bacara biləcəmmi real həyatda? Beləcə xidmət başladı.

Tək oğulun "kəşfiyyat-kəşfiyyat" oyunu...

Bayaq da söylədim, evin tək oğlu idim. O üzdən bilirdim ki, kəşfiyyata getməyimi bir az səs-küylə qarşılayacaqlar. Düşündüyüm kimi də oldu. Çox narahat idi ata-anam. Amma seçim artıq olmuşdu, geriyə yolum yox idi. O üzdən getdim xidmətimin ardınca, “kəşfiyyat-kəşfiyyat” oynamağa. Sən demə, bu oyun realda maraqlı olduğu qədər də çətin və təhlükəli imiş. Düşmənlə mübarizədə üz-üzə idin və realda adam öldürürdün. Kefin istəyəndə, “ta oynamıram” deyib qaçıb getmək ixtiyarın da yox idi.

Axırıncı tapşırıq...

Tapşırıqlara əməl eləməyə çalışırdım həmişə. Uğursuz döndüyüm əməliyyat ağlıma gəlmir. Mümkün deyil, olmaz, alınmaz kimi sözləri işlətmək lazım olanda da onlardan imtina eləmişəm. Bu bir az yekəxanalıq kimi görünər bəlkə sizə. Amma belə deyil, sadəcə peşəni son dərəcə sevəndə bu cür davranır adam. İstəyirsən ki, sənə filan işi bacarmadı, qorxdu, çəkindi deyib lağ eləyə bilməsin kimsə. Mən bu cür olmağa çalışmışam. Nə qədər alınıb, onu başqaları deyə bilər, mən yox. Amma deyəsən, axırıncı tapşırıqda işimi yarıtmadım (əli ilə ayağına, gözünə işarə eləyir və yenə də gülür, elə bil mənə pis təsir eləməsin deyə “əşi hərəsindən bir dənə durur və yaşayırıq, bu əsas və vacib olandır” deyir. Bu dəfə ikimiz də gülümsədik-red). Əslində başqa cür də ola bilərdi. Sadəcə tabeçiliyimdə olan əsgərlərdən biri ilk dəfə idi tapşırığa çıxırdı. Özü də yolu minalardan hərəkət üçün təmizləyən adam idi. Onun gördüyü iş hamımızınkindən təhlükəli idi. Çünki düşmən tərəfdən atəş açılası olsaydı ilk öldürülən adam o olacaqdı. Görünür, bunu düşünüb həyəcanlanmışdı əməlli-başlı. Mən gördüm ki, o sakitləşməsə bundan hamımıza ziyan gələcək. Ona tərəf süründüm ki, deyim, sakitləş, hər şey əladır. İstəıdim bir az gözləsin. Çünki yola təzə çıxmışdıq, indidən belə gərginlik başlasa tapşırığı yerinə yetirə bilmərik. Ona deməyinə deidim, amma elə partılayış da o anda oldu.

QEYD: Əslində jurnalist olaraq professional maraq adamı boğur. Deyirsən, görəsən, necə baş verdi? Niyə o ərazidə əvvəlcədən hərəkət trayektoriyası müəyyən edilməyib ki, minaya düşmək təhlikəsi daha az olsun? Bir də o müdhiş anı düşünür adam? Deyirsən, görəsən, bu oğlanın, bu gənc zabitin bütün həyatını dəyişən o ana aid nəsə soruşsam pis çıxmaz ki?.. Kəşfiyyat bölümündə xidmət eləyənlərin ağlı, məntiqi, bir də soyuqqanlılığı haqda çox eşidirsən, amma bunu canlı-canlı görəndə anlayırsan ki, bu iş yaşla, başla, savadla yox, həm də xarakter və cəsarətlə bağlıdır. Yoxsa bir an içində, o başqa məsələdən danışdığı yerdə niyə dönüb sənə desin ki, hadisəni danışımmı sizə? Elə bilirsiniz soruşsanız pis olaram həə?... Sən susmağa davam eləyirsən, o isə gözləmədiyin soyuqqanlılıqla söhbətinə davam eləyir:

Bir gözümdən yaş,o birindən qan axırdı...

Sizə deyim kim söyləyirsə ki, yaralandım, təhlükəyə düşdürm, ölümlə üz üzə gəldim və qorxmadım, inanmayın, belə deyil. Hərbi xidmətdə olanlar da insandır. Təbii ki, qorxu instinkti var. Sadəcə, biz qorxuya vərdiş eləyirik. Qorxu vərdiş olanda elə bilirsən ki daha heç nədən qorxmursan. Xüsusən kəşfiyyatda xidmət eləyənlər qorxuya vərdiş edəndən sonra heç dünya-aləm adamın vecinə də olmur. Hətta hadisə baş verəndə də hamıdan soyuqqanlı olmağı bacarır kəşfiyyatçılar bu keyfiyyətlərinə görə. Bizə ağır tapşırıq verilmişdi. Gəlin detallarına varmayaq, hərbi işdir, sadəcə deyim ki, çox uzun məsafəni sürünərək getməli idik. Bayaq əvvəldə də qısaca dedim ki, əsgərlərimdən biri ilk dəfə kəşfiyyata getdiyinə görə həyəcanlandı. Mən ona tərəf süründüm, sakitləşdirdim. Öz sırama dönəndə partlayış oldu. Əslində minaya özümün düşdüyünü anlamadım o anda. Ilk ağlıma gələn bu oldu ki, indicə ermənilər atmağa başlayacaq, uşaqlar hamısı əldən getdi... Bilirsiniz necədir? Minalanmış ərazidə partlayış baş verdimi anında düşmən tərəfi həmin istiqaməti güclü atəşə tutur. Əslində bilmirlər orda insan, ya da heyvan olduğunu. İki şey gəlir həmin məqamda ağıla. Düşünürlər ki, ya heyvandır, ya da kəşfiyyat əməliyyatı keçirəndə minaya düşüb qrup. O üzdən uşaqlardan başqa nəsə düşünə bilmədim. Bir az yana sürünüb vəziyyəti anlamağa çalışmaq istədim. Gördüm ayağımı idarə eləyə bilmirəm, üzümə nəsə axır, qolum hərəkət etdirmək istədim, gördüm, yox, qol da tərpənmədi. Nə baş verdiyini anlamaq istədim. Əlimə isti qan bir də açıqda qalan sümük ilişdi. Anladım ki, ayağım yoxdur. Sonra işlək əlimi o biri ayağıma apardım. Onun da altı demək olar ki, yox idi. Amma üzümdə nə baş verdiyini anlaya bilmirdim. Gözlərimi yumub açmaq istədim. Bİr gözdə kirpik hərəkətini hiss elədim, o birində yox. Əlimi gözümə aparanda anladım ki, gözüm də yoxdur. Sağlam əlimi sağlam gözümə apardım bu dəfə də. Sağ qalan gözümdən də yaş axırdı. Yəni mənzərə tam olaraq bu idi. Dörd ağır yara almışdım: Ayağımın biri topuqdan yox idi, gözümü itirmişdim, bir qolumda təxminən bir qarışlıq açıq yara əmələ gəlmişdi. Salamat qalan tək gözümlə düşdüyüm duruma ağlayırdım. Bir gözümdən yaş, o birindən qan axırdı...

İki qadın vardı ağlımda...

Bəlkə də kimsə inanmayacaq. Amma baş verənlərə görə ağlamırdım. Başıma çox ağır iş gəlmişdi. Şokda olduğumdan ağrını da hiss eləmirdim düz-əməlli. Amma dəqiqi ağlımdadır ki, gözümün önündə iki qadın durmuşdu. Biri anam idi, o biri yoldaşım. İki ay qalmışdı ata olmağıma. Ona təəssüflənirdim ki, həm övladımı görə bilməyəcəm deyəsən, həm də mənə bir şey olsa anam da, yoldaşım da dözə bilməyəcək. Ən çox da yoldaşı üçün düşünürdüm ki, o bədbəxt olacaq. Bəlkə də elə o iki qadına görə sağ qaldım, bilmirəm. Özümü toxdadıb öz səngərimizə qədər gəlməli idim. Ətrafda kimsə qalmamışdı. İstəmirdim lap ölmüş olsam belə düşmən əlinə keçim.

“Komandir, əlini ver”...

Bir də bir söz deyim. Adam başına gələn faciənin ona aid olmasını qəbul edə bilmir əvvəl. Bu bir az da insan psixologiyasına aid olan işdir. Sağ salamat biri olduğun halda bircə anın işində bütün həyatını dəyişdirən hadisə baş verir. Sən anında inanmaq istəyirsən ki, yuxudur, belə dəhşətli reallıq ola bilməz. Məndə də belə oldu. Əvvəl elə bildim, yatmışam, dəhşətli yuxu görürəm. Gözümü yumdum, açanda ayağımdan qanın neçə sürətlə axdığını başa düşəndə özümə dedim ki, yox, Kamil, bu elə sənin başına gəlib, dur sürün, get... Ayağımı dizdən qatladım, o cür olanda qan bir az səngiyirdi. Avtomatı boynumda kürəyimə tulladım, sağ olan qoluma söykəndim bir az da yaralı qolumun hərəkəti ilə öz səngərimizə tərəf sürünməyə başladım. Bİr xeyli yol idi. Üstümdə də xeyli sürsat. Haradasa iyirmi kiloya yaxın yük idi. Bir də qarşıda səs eşitdim. Gördüm, mənə sarı bir əl uzanıb və davamlı qışqırır ki, komandir, əlimi tut, komandir, əlimi buraxma, komandir, qorxma, əlimi tut, əlimiii.... Səsi tanıya bilmədim, əlini uzadanda əlindəki yarımçıq əlcəkdən anladım ki, öz əskərimdir, Məcidov. Məni səngərə qədər gətirdi. Cüssəli oğlandır. İlk yardımı elə səngərdə kapitan Quliyev göstərdi mənə. Qanaxmanı səngitmək üçün iynə vurdular.

“Komandir, səni yerə qoymaram”...

Qanaxma bir azca səngiyəndən sonra gördüm, yenə kimsə məni çiyninə aldı. Bu da başqa bir əsgərimiz idi, Nağızadə. Səngərdə çiyninə adam alıb qaçaraq hərəkət eləmək çox çətindir. Bu üzdən ona dedim, əsgər, sən apara bilmirsənsə, qoy yerə məni, vaxt itirmə. Qayıtdı ki,” komandir, qorxma, çatdıracam, səni yerə qoymaram, mütləq çatdıracam”. Sanitar bölməyə gətirdi məni. Üstü-başı qan işində idi hamısının. Bir az da orda yardım aldım. Sonra yenə ciyninə alıb maşına qədər gətirdi məni. Bizim gizir Elçin Əliyev vardı. Məni onun sürdüyü maşına qoyub mərkəzə, Ağdamdakı hospitala gətirdilər. Əslində qəribə olanı o idi ki, məni gətirən maşını bütün yoil boyu postlarda saxlayan olmadı. Onlara maşında ağır yaralı olması barədə öncədən məlumat verilibmiş. Gətirildiyim yol isə hədsiz ağır idi. Özü də daşlı-kəsəkli. Bizim uşaqlar maşını elə sürmüşdülər ki, həmişə ən yaxşı halda qırx dəqiqəyə gəldiyimiz yolu on dəqiqəyə gəlib çatmışıq.

Yol boyu üç dəfə kəlmeyi-şəhadətimi dedim

Hədsiz qan itkim vardı. Bunu kimsə yaşasın istəmirəm, ağırdır. Amma qanın necə sürətlə axdığını hiss eləyirdim. Yaraya kimsə toxuna bilmirdi. Huşum özümdə idi hələ ki, o üzdən dizimi bərk sıxıb ayağımı möhkəm dirədim maşının qapısına. Sonra uşaqlar mənə dedilər ki, o qədər qan itirmişdin ki, biz səni aparırdıq amma inanmırdıq ki, yaşayacaqsan. Hətta yolda biri dedi ki, Kamil, qanın səsini eşidirsən? Ağlımdadır ki, o biri dümsüklədi onu, yəni irad bildirdi ki, qorxutmasın məni. Əslində mən o səsi eşidirdim. Düzünü deyim, adamın əti ürpəşir. Bu vəziyyətimin ağır olduğundan əmin elədi məni. Yol boyu üç dəfə kəlmeyi-şəhadət gətirdim. Düşündüm ki, çata bilməyəcəm. Amma bir də gördüm ki, maşın dayandı və artıq qoluma sistem qoşulur. Biz öz hərbi hissəmizdən çıxanda məni xilas eləmək üçün Ağdam hospitalından da təcili yardım maşının yolda bizi qarşılamaq üçün çıxıbmış. Elə yolda yaraları təmizləməyə başladılar. Sistem altında gördüm ki, gözüm artıq adamları da detallı görməyə başladı. Anladım ki, ölməyəcəm. Qanaxmanı tam saxladılar hospitala çatana qədər. Son olaraq gördüyüm kadr bu oldu. Hospitalın baş həkimi yüksək səslə dedi ki, açın üstünü görüm yarasını. Baxdı və dedi ki, gecikdirməyin, təcili salın əməliyyata. Əlini də, ayağını da itirə bilər adam. Əsas olan odur ki, adamlığını, vicdanını və şəxsiyyətini itirməyəsən. Bir də səni alçaltmayalar. Şükür, mən hələ bu mənada tam sağlam və ayaqdayam. Bir də səhhətimdə bu qədər ciddi problemin yaşanması bir az da mükafat kimi gəldi mənə. Sadə bir hərbçi olsam da həddən artıq dost, yoldaş, insan qazandırdı mənə bu hadisə. O üzdən başıma gələnə artıq faciə demirəm. Bu həyatda payıma düşən yaşantı idi, yaşadım. Böyük dostların güləş üzrə milli yığmanın baş məşqçisi Firdovsi müəllimin, millət vəkili Adil müəllimin dəstəyi ilə həyata yenidən sarılmışam. Bu dəfə sözün həqiqi mənasında iki əlii.

Əməliyyatdan sonra...

Ayağımın birini xilas eləyə bilmədilər əməliyyatda. Amma o birini şükür ki, xilas eləmək mümkün oldu. Burda alınmasaydı müdafiə naziri məni təcili reyslə Türkiyəyə göndərməyi də planlamışdı. Bilmirəm nədən və necə, amma sizə deyim ki, həmin partlayış elə bil həm də mənim həyatımda sözün həqiq mənasında böyük bir dəyişikliyin partlayışı idi. Heç kimin tanımadığı mənə görə, mənim yaşamağıma görə ən yüksək səviyyədə iş aparılırdı. Bu həyatın mükafatı idi yəqin. Amma Türkiyəyə getmək lazım gəlmədi. Burda öz həkimlərimiz öhdəsindən gələ bildilər, ayağın birini xilas elədilər . Əməliyyata girməmişdən bir də bunu xahiş eləmişdim həkimlərdən və dostlardan mən çıxana qədər evimizdən kimsə nəsə bilməsin. Yoldaşım hamilə idi. Bilirəm ki, bu srtesi atlada bilməzdi. Əməliyyatdan çıxıb ayılan kimi telefon istədim özüm yoldaşıma zəng vurdum. Dedim, bax, səsini qaldırma, əgər ağlayacaqsansa, narahat olacaqsansa, bura da gəlməyə qoymayacam səni, ciddi nəsə olmayıb, sadəcə yaralanmışam hospitaldayam. Ağlamayacaqsa gəlməsini istədim yoldaşımdan. Ondan sonra evdə də bildilər. Biz ailədə bir bacı, bir qardaşıq. Bacım məni bu vəziyyətdə ilk dəfə görəndə ağladı. Dedim, evin yıxılmasın nədir, noolub? Hamınızdan yaxşı deyirəm, gülürəm, danışıram, ağlayıb qan qaraltmaq nəyə lazımdır. Əslində anlayırdım onu. Amma istəmədim daha belə narahat olsun. Anamgilə dedim ki, daha gəlməsin, sağlıq olsun özüm çıxıb gələcəm.

QEYD: Söhbət boyu-bir neçə dəfə xanımından bəhs elədi Kamil. Maraqlı gəldi Arzunu harda tapıb bəs?..

İlk sevgi...

Həmişə düşünmüşəm ki, ən böyük və təmiz sevgi elə ilk sevgidir. Mən yoldaşımla bir sinifdə oxumuşam. Ona münasibətimi bilirdi. Sonradan yollarımız ayrıldı. Daha doğrusu, mən hərbidə, o Qazaxda. Nə qədər axtarırdım tapa bilmirdim onu. Bir gün öyrəndim ki, banklardan birinin Qazaxdakı filialında çalışır. Məzuniyyətə gələndə getdim banka. Pul göndərmək bəhanəsi ilə gəldim özü də. Arzunu tapdım. Dedim, səni tanıyıram, mümkünsə telefon nömrəni ver, həmişə pulu sənin köməyinlə yollayım evə. Qayıtdı ki, bankın şəhər telefonunu verərəm. Məcbur oldum dedim ki, səninlə başqa söhbətim də var. Yenə vermədi, mənim nömrəmi götürdü ki, guya özü zəng eləyər. Günlərcə gözlədim zəng gəlmədi. Amma günlərin birində gördüm zəng gəldi. Salam və bircə sual verdi: Mənə nə sözünüz vardı ki?... Hər şey təzədən başladı. Danışdıq ona başa saldım ki, heç nə dəyişməyib, sadəcə mən işlə bağlı uzaqlaşmağa məcbur idim, vəssalam. O möhkəm qızdı, iradəlidi. Danışdığım hər şeyi başa düşdü. Evləndik, indi on aylıq bir övladımız da var.

Bircə vətənpərvər olaq...

İndi təhlükələrin hamısından yaxın dostların hesabına demək olar ki, keçmişəm. Amma demək istədiyim bir söz var. O həm də məni narahat eləyən məsələdir. Mən mülki həyata dönəndən sonra anladım ki, bizdə vətənpərvərlik ruhunu yüksəltmək üçün xeyli iş görmək olar. Məsələn, hərbi xidmətə gələn gənclərdə belə bir durum olur. Elə bil insanlar düşünürlər ki, məndən ötüb, lap qonşuma nəsə dəyibsə, şükür ki, mən sağam. Bu olmaz. Hasar qonşumuzda baş verən hadisəni özümüzün evimizdə olmuş kimi yaşamağı öyrənməliyik. Bəhanə eləyirlər ki, filankəslərin balası dura-dura biz niyə ölməliyik ki?! Anlamalı olduğumuz bircə şey var. Onlar min, on min, lap yüz min olsalar da, çoxluq deyillər. Vətən yerdə qalan milyonlarca adamındır. Ona görə arzum budur ki, hər şeyi düzəltmək üçün bircə vətənpərvər olaq, bu mütləq bizə yetəcək.

Tabeçiliyimdə elə əsgər vardı ki...

Tabeçiliyimdə general ailəsinin də üzvü olub, vəzifəli məmurun da, baş prokurorun yaxın qohumu da. Mən ən ciddi, çətin tapşırıqları onlara verirdim. İncitmək üçün yox, istəyirdim reaksiyalarını öyrənim, bilim. Özü də deyirdim ki, istəyirsiniz, gedin şikayət də eləyin, qohumlarınıza adımı deyin. Amma tam səmimiyyətimlə deyirəm o uşaqlar bütün çətinlikləri hamı kimi keçib, heç kimliklərini bəlli eləmirdilər də. Yəni birmənalı pis adam, o cümlədən əsgər yoxdur. Bizdə hərbidə deyirlər ki, pis komandir var, pis əsgər yoxdur. Yəni əsgər pisdirsə, deməli, komandir ondan dəfələrlə artıq bərbad gündədir.

QEYD: Onun həyat hekayəsini, yaşadıqlarını bu qədər soyuqqanlılıqla anlatması həm də nə qədər güclü xarekterili zabit olduğundan xəbər verir. Buna az yaşda böyük uğur da demək olar, istedad da, peşəyə sevgi də. Bu qəbil insanları yetişdirmək çox ağır və gərgin iş tələb eləyir həm də. Bir saata, bir günə başa gəlmir bunlar. O üzdən bütün ləyaqətli və gerçək hərbçilər yaxşı hər şeyə layiqdirlər.

O üzdən onlardan hansısa şəhid olanda ailəsinə veriləcək ölüm kağızını idarələrdə yubatmayaq. Üç ay komada olan zabitə xəstəxanada öldüyünə görə, şəhid adı verməkdən imtina eləməyək. Sığorta haqlarını ödəyək, bundan imtina eləməyək. Ağır yara alıb fiziki qüsurlu olanı istədiyimiz rüşvətə etiraz edəndə dönüb ondan utanmaz-utanmaz soruşmayaq ki, “sən doğrudan yaralanmısan, ya hoqqa çıxarırsan ki, pul verməyəsən?”. Bu ayıb da deyil, ondan o yana işdir çünki. İnsanlığa və vətəndaşılğa sığmayan məsələdir. Şəhidinə, əsgər, zabitinə sayğısı olmayan millətin bir gün heç olmamaq ehtimalı daha böyükdür çünki. Bunu anlasaq yetər, çünki məsələn, Kamil kimi zabitlərin bizə anlatmaq istədikləri həm də budur.

Bir az, bircə damcı vətənpərvər olaq. Canımız yansın vətənə də, özümüzə də.

SON: Kamilin dediklərini yazıya gecə yarısı köçürürdüm. Rahat, isti ev şəraiti, işıqlı otaq, yanında da çayın. Hüzurlu, sakit uyuyan övladların. Bu hüzurumuzu biz bu oğlanlara borcluyuq. Əlini, ayağını, gözünü bizə qurban edənlərə. Onlar bunu təkcə yaxşı insanlara xətir eləmirlər. Onlar gördükləri işdə bizlərə fərq qoymurlar. Bu məmləkətin əhlikefi, cahili, nankoru var deyib aparıb kimisə düşmənə təhvil vermirlər. Pisli-yaxşılı lazım bilirlər qanadlarını hər birimizin üstünə sərməyi. O üzdən gəlin hamılıqla deyək ki, özündən də, bizdən də muğayat ol, Allah amanında, AZƏRBAYCAN əsgəri...

 Bir gözümdən yaş, o birindən qan axırdı... – igid kəşfiyyatçının döyüş və həyat hekayəti
 Bir gözümdən yaş, o birindən qan axırdı... – igid kəşfiyyatçının döyüş və həyat hekayəti
 Bir gözümdən yaş, o birindən qan axırdı... – igid kəşfiyyatçının döyüş və həyat hekayəti
 Bir gözümdən yaş, o birindən qan axırdı... – igid kəşfiyyatçının döyüş və həyat hekayəti
 Bir gözümdən yaş, o birindən qan axırdı... – igid kəşfiyyatçının döyüş və həyat hekayəti
 Bir gözümdən yaş, o birindən qan axırdı... – igid kəşfiyyatçının döyüş və həyat hekayəti
 Bir gözümdən yaş, o birindən qan axırdı... – igid kəşfiyyatçının döyüş və həyat hekayəti
 Bir gözümdən yaş, o birindən qan axırdı... – igid kəşfiyyatçının döyüş və həyat hekayəti
 Bir gözümdən yaş, o birindən qan axırdı... – igid kəşfiyyatçının döyüş və həyat hekayəti
 Bir gözümdən yaş, o birindən qan axırdı... – igid kəşfiyyatçının döyüş və həyat hekayəti




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az