Çayın problemləri və sakinləri saldığı VƏLVƏLƏ: Qubadan ŞİKAYƏT
Çayların kənarında yaşamaq müəyyən qədər əlverişli olsa da, bu, bir o qədər də təhlükəlidir. Quba rayonu Qonaqkənd qəsəbəsində Vəlvələ çayı daşıb, sel suları vətəndaşların həyətyanı sahələrinə dolub. Dağıdıcı çay daşqınlarının qarşısını almaq məqsədilə Vəlvələ çayının sahilində bənd tikilib. Lakin bəndin tikintisi əsasən çayın sağ sahilində baş tutub. Çayın sol sahilində isə 15 ailə yaşayır. Çayın sol sahilində yaşayanların qəsəbənin mərkəzinə düşməsi üçün birinci bu çayı keçməlidirlər. Çayda azca da olsa suyun artmasın sol sahilin kənd ilə əlaqəsini tamamilə kəsir. Çünki nə körpü var, nə də ki yol. Nəzərə almaq lazımdır ki, sol sahildə məktəbli, yaşlı, körpə və xəstə vətəndaşlar yaşayır. Ən gursulu çayların məhz burada yerləşdiyini də nəzərə alsaq, aprel və may aylarında güclü yağışlar və qarın əriməsi nəticəsində çay yataqları yaranmış artıq su kütləsini qəbul edə bilmir və məcrasından çıxaraq ətraf əraziləri basır. Son bir həftədə çayda suyun artması nəticəsində sakinlər nəinki çayın sahilinə, heç həyətlərinə belə çıxa bilmirlər. Yay boyu əziyyətlə əkdikləri meyvə-tərəvəz bağlarını çay yuyub, aparıb. Vəlvələ çayında olan sel nəticəsində əhalinin təsərrüfatına ziyan dəyib. Kənd sakinləri dəfələrlə müraciət etsə də, hələ ki onların şikayətinə baxılmayıb. Qonaqkənd sakini Publika.az-a açıqlamasında bildirib ki, çayda suyun artmasının ən çox ziyanı burada yaşayan 15 ailə görür: “Çayda olan daşqın evləri, tövlələri, ağacları, əkin sahələrini, ekektrik və rabitə dirəklərini sıradan çıxarır. Əhali qazsız və işıqsız qalır. Sel səbəbindən yolları qalın lil qatı örtür, nəqliyyatın hərəkəti mümkün olmur. Günəşli havada çayın sol sahilinə keçmək onsuz çətin olur, qaldı ki, sel və ya daşqın olanda. Neçə dəfə müraciət etmişik. Bəzən selin gətirdiyi daşlar həyətin içinə dolur. Tövləyə, mal-qaraya nə qədər ziyan dəyir. İstiyərik ki, sağ sahil kimi, sol sahilə də bənd qurulsun. Bizim də əkin-biçinizim var”. Quba Rayon İcra Hakimiyyətindan sorğumuza cavab olaraq bildirlib ki, məsələ ilə bağlı bizə kütləvi müraciət olunub: “Rəsmi olaraq, əhalinin müraciəti qəbul olunub. Həmin ərizəni Quba Rayon Suvarma Sistemləri İdarəsinə təqdim etmişik. Orada çayın bir hissəsinə bənd çəkilib, digər hissəsi üçün də vəsait ayrılmalıdır ki, bəndləşmə işləri yekunlaşsın. İdarədən təqdim etdiyimiz ərizəyə müsbət rəy veriblər”. Quba Rayon Suvarma Sistemləri İdarəsindən saytımıza verilən açıqlamaya görə, 3885 metr uzunluğunda beton bəndin tikintisi nəzərdə tutulub: “Əhalinin xahişi və istəyi nəzərə alınaraq bəndin uzunluğu 85 metr daha da uzadılıb. Hazırda ərazidə bəndləşmə işləri davam edir. Sağ sahildə 2920 metr, sol sahildə isə 965 metr bənd qurma işləri həyata keçirilib. Layihə üzrə göstərilən ərazilərdə bəndləşmə işləri davam edir”. Mütəxəssislər, bəndlərin salınmasından əlavə çay yataqlarının təmizlənməsinin də sel təhlükəsinin qarşısının alınması baxımından önəmli olduğunu deyir. Çaylarda bənd salınan zaman bəndlərin keyfiyyəti ilə yanaşı, hündürlüyü də nəzərə alınmalıdır. Aysel Şahmar