t s

» » Tural İRFAN Fazil Mustafanın Səfəvi kinindən yazır..

Tural İRFAN Fazil Mustafanın Səfəvi kinindən yazır..

29-09-2016, 09:53 Yazar:  Məmməd Məmmədov Baxılıb: 254 Çap et
Tural İRFAN Fazil Mustafanın Səfəvi kinindən yazır..
Azərbaycan Yazıçılar Birliyinin ,Jurnalistlər və Aşıqlar birliklərinin , Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət şurasının üzvü, Axcp sədri Razi Nurullayevin Dini Məsələlər Üzrə Müşaviri, ilahiyyatçı - yazar Tural İRFAN son zamanlar gündəmdə olan " Fazil Mustafa -- Şah Xətai " məsələsinə nəsihətamiz şəkildə aydınlıq gətirib.

Mediaxeberleri.az
yazını olduğu kimi sizə təqdim edir:

Ziyalı Millət vəkillərimizdən olan Fazil bəy Mustafanın Şah İsmayıl Xətai barəsində tənqidi fikirlər söyləməsi bəzi insanları qıcıqlandırmış, polemikaya yol açmış, bir az da yüksək fona keçərək az qala təhqir müstəvisinə qədəm qoymuşdur. Xüsusilə bu söhbətə qoşulanlardan tarixçi alim , keçmiş müəllim həmkarım Dilavər bəy Əzimlinin və hüquqşunas , şair Xaliq bəy Səfəvinin imzasını qabarıq gördüm. Bu polemikanın xalqın zövqünə uyğun olmayan tərzdə inkişafını aralıdan bir oxucu gözü ilə izləyəndən sonra məndə bu məsələyə bir dinşunas olaraq münasibət bildirmək hissi baş qaldırdı. Çünki məsələnin tam nədən ibarət olduğunu anlamaq üçün ya hamı tarixçi olmalıdır, ya da hansısa canlı efirdə bir həftə debatlar təşkil edərək bütün xalqın gözünün qarşısında həqiqəti isbat etmək lazımdır. Bu da imkansızdır. Əks halda eşidənlər və oxuyanlar çaş-baş qalır, bu cür iddiaların məhz millət vəkili və ziyalı təbəqənin dilindən eşidilməsi insanlarda anlaşılmazlığa səbəb olur.
Əvvəla onu qeyd edim ki, Fazil Mustafa hüquqşunas olmaqla yanaşı kifayət qədər dini və siyasi agahlığa malik olan ziyalıdır. Bir neçə il əvvəl mən "Dost " elmi jurnalında məsləhətçi kimi çalışanda ,öz tələbəm olan baş redaktora ilk olaraq savadlı deputat kimi məhz Fazil bəydən müsahibə almasını məsləhət etdim və görüşərkən mənə də xəbər verməsini istədim. Biz görüşdük, çox dəyərli söhbətimiz oldu, müsahibə də baş tutdu. O zaman da mən Fazil bəyin həqiqətən hərtərəfli araşdırmalar aparan , sabitqədəmliyə meylli bir insan olduğunu gördüm. Dilavər Əzimli ilə də mən beş ilə yaxın Bakı İslam Universitetində müəllim yoldaşı olmuşuq və ziyalı kimi, ağsaqqal kimi ona həmişə ehtiramım olub. Xaliq Səfəvini də yazıçı Namiq Hacıheydərlinin vasitəsi ilə tanımışam, ilk öncə din barədə kəskin fikirlərinə görə onu qınasam da , sonradan onun humanist, vətənpərvər və həm də poeziya adamı olması , habelə bir çox fitri üstünlükləri məndə , belə bir adamı itirməmək hissi yaratdı...Mövzuyla bağlı onu deyə bilərəm ki, onun da Xətai barədə mənim qəbul etmədiyim, bəlkə də çoxunun qəbul etməyəcəyi fikirləri var. Yəni bu şəxslərin adlarını bir-bir çəkməkdə məqsədim odur ki, bu insanlar heç də bir-birindən uzaq qütblərdə dayanan insanlar deyillər. Keçək mətləbə...
Mən ortaq nöqtəyə gəlmək amalı ilə yola çıxaraq ixtilafa gətirəcək söhbətləri, tarixi faktları, siyasi və digər yönümlü analizləri ortaya çıxarıb işi böyütmək istəmirəm. Sadəcə hərənin bir yanaşması vardır. Baxır , Fazil bəy Xətaiyə hüquqşunas gözüyləmi, tarixçi gözüyləmi, ilahiyyatçı gözüyləmi və ya başqa gözləmi baxır...Yarıya qədər suyla dolu stəkana biri , yarıya qədər boşdur, digəri isə, yarıya qədər doludur, deyəcəkdir. Ancaq nəticə etibarı ilə ikisi də düz deyir. Bu mübahisədə hesab edirəm ki, anlaşılmayan incəlik vardır. Mən bu səsləşmədə görürəm ki, Fazil bəy tarixçi-siyasətçi timsalında çıxış edərək məsələyə təəssübkeş Osmanlıpərəst ilahiyyatçısı qismində qiymət verir. Sovet təbliğatının yetmiş illik abu - havası necə bizim çoxumuzun hələ də canından çıxmayıb, Osmanlının altı yüz illik Əməvi və Abbasiliklə sintez olunmuş anti -Əhli beyt təbliğatının nəticələri də hələ türk qardaşlarımızın çoxunun canından çıxmayıb. Ən çox Türkiyənin Osmanlıçılıq və ona rəğbətlə yanaşan mənbələrinə əsaslanan Fazil bəyin təəssübkeşlıyi aşkar hiss olunur. Bir məsələyə qərəzsiz və obyektiv yanaşanda həqiqət ortaya çıxa bilər. Bu günə gəlib çıxmış təhrifolunmuş islami nəticələrə və real cəfəng tələbə görə, əgər sən islamın əhli sünnə qoluna riayət edirsənsə xoşagəlməz reallıq odur ki, sən Xətaiyə düşmən olmalısan. Yox əgər imami şiəliyinə etiqad edirsənsə Osmanlıya düşmən olmalısan. Daha doğrusu istər-istəməz səni düşmən edirlər ! Bu ürəkağrıdan həqiqətdir. Baxmayaraq ki, Osmanlı-Səfəvi problemini siyasi məsələ kimi qeyd edirlər. Ancaq bu reallıqda dini problem olub ki, mənfi nəticələri bu günə də ən az ziyanlı halda Fazil bəylə Dilavər bəyin mübahisəsi kimi büruzə verir və müəyyən mənada arada xalqa da xoş təsir bağışlamır. Dilavər bəy tarixçıdır və tarixi prosesləri də azad və tərəfsiz , obyektiv araşdırıb şərh etməyi bacarır. Xətai elə bir mürəkkəb şəxs deyildir ki, onunla bağlı qaranlıq məqamlar çox olsun və onun şəxsiyyətini sual altına qoyaq. Xətai elə Fazil bəyin özü kimi hərtərəfli istedada və yaradıcılıq qabiliyyətinə sahib olan bir sima olmuşdur. Onun şair kimi fəaliyyəti və ədəbiyyatımıza daxil olması hamıya məlumdur. Aşıq sənətinə verdiyi töhfələr , Azərbaycan dilinə verdiyi çox böyük üstünlük , bütün mühüm işlərdə türkmən tayfalarına rəğbəti , humanistliyi və sair müsbət xüsusiyyətləri yaddaşlardadır. Dəhnaməsi və sazda Şirxətai havası ozan babalarımızın sinəsində səslənib. Bu gün ölkəmizdə onun adına təltiflər, metro stansiyası , bir rayon ,heykəl , büstlər ,küçələr və sair əbədiləşdirmə işləri görülüb. İndi sizin dediyiniz mənfi fikirləri beynində daşıyan bir gənc o heykəlin yanında dayananda nə düşünəcək ? Orta məktəb kitabında Xətainin şəklini görən şagird nə deyəcək ?
Mən yenə deyirəm, tarixi - siyasi keçmişə qayıtmaq istəmirəm. Tarixdə səhvsiz sərkərdə, günahsız dövlət başçısı vardırmı ? Əgər Xətainin günahı çoxdursa , onda Səlimin halı necədir ? Əgər Xətai dinsiz idisə, Səlim imansız idi. Osmanlının türk yox, sırf əhli sünnə təməlli ümmətçiliyə əsaslanan bir xilafət olduğunu unutmayaq. Türkün halına yanırıqsa , onda məsələyə Osmanlı- Səfəvi yönündən yox, əslən türk dövlətləri olan Məmlüklər ,Şeybanilər -- Səfəvilər və ya Osmanlılar deyə müzakirə edək. Özbək Şeybanilərin İsmailin üstünə getməsində dini təəssübü və marağı olan Səlim , son nəticədə Xətaiyə məğlub olmuş Məhəmməd Şeybaninin kəsik başına tamaşa etməli oldu. Misir Məmlük türk dövləti ilə İsmailin əlaqələrinə Osmanlı ən azından onu təhdid etməklə mane olurdu. Əks halda dünyada misli görünməmiş bir türk dövləti qurulardı. Məhz Əməvi , Abbasi töküntüsü Osmanlının onların ideoloji xəttini və düşmənçiliyini özündə yaşatması səbəb oldu ki, həmin dövrdəki türk dövlətlərinin hər üçü süqut etdi.Yoxsa Osmanlı islam ümmətini əbədi səadətə aparan peyğəmbər imperiyası filan deyildi ki... Bu savaşlarda konkret olaraq dini məzhəb təəssübkeşliyi rol oynayıb. Bu tarixi real faktdır ki, Müaviyyəni sevən Osmanlı, Əlini sevən Səfəvilərin tərəqqisinə səbr edə bilməzdi. Necə ki, İmam Əlinin xilafətinə Müaviyyə səbr etməmişdi. Bu dinin yanlış anlaşılması nəticəsində yaranan nadanlıq və təəssübkeşlikdən yaranıbdır. Hərçənd ki, Çaldıran savaşı Qərbin araqatan, Səlimə top verən məkrli şeytanları tərəfindən sonralar şişirdilərək sünni-şiə kininin dərinləşməsinə və bir savaşın böyük bir müharibə kimi analiz edilərək gələcəyə çatdırıldı ki, bu da daha da zərərimizə oldu. Həmçinin Sovetlərin bu işdə maraqları daha böyük idi. Türkiyə ilə Azərbaycan arasında uçurum yaratmaq üçün bu məsələni tarixin gündəmində saxlayırdılar. Osmanlı və Səfəvi arasında daha böyük savaşlar olub. Hətta sonralar əksəriyyətində Səfəvilər qalib gəlib, lakin bunu tarixin səhifələrinə rəngarəng yazmaqda heç kəs maralı olmayıb. Çünki artıq ideoloji parçalanma Çaldıranda işini görmüşdü. Daha doğrusu bu savaş şişirdilib mahiyyətin üzrə addım atılmışdı. Səlimin bu savaşa səbəb olduğunu hal -hazırda Türkiyəli alimlər də etiraf etməyə başlayıblar. Onun söyüş və təhqir dolu məktubları da qalır.
O ki, qaldı Xətainin Azərbaycana ziyan vurmasına...
Xətainin ziyan vurmasını ən azı Xətai qədər iş görmüş biri deməyə haqlıdır məncə. Xətainin siyasi simasına toxunmasaq belə, onun ədəbiyyatımızdakı xidməti qədər xeyir verə bilmişikmi ? Öz dilində şeirlər yazan bir hökmdar , Xətai təxəllüslü, türkmən tayfalarını türkçülükdən sonra ikinci bir möhkəm bağla - təriqətlə vəhdətə gətirmiş suf şeyxi, mürşidi, sarayında milli musiqimizin daşıyıcıları olan aşıqlara yer verən ictimai xadim , sərhədlərimizi məndən yaxşı bildiyiniz yerlərə qədər aparıb çıxaran bir Azərbaycan oğlu daha nələr etməliydi ki, bünövrəsini özü qoyduğu dövlətin ən Ali Məclisinin üzvü onun fəaliyyətini bu gün qənaətbəxş hesab etsin ?!.

O dövrün hadisələrinə görə bu günün tərəzisi ilə heç kəsi çəkmək olmaz. Bu günü görsəydilər Xətai də, Səlim də başqa cür mövqe tutardılar. Fazil bəy də o dövrü görsəydi, Xətaini ittiham etməzdi.
Xətaiyə qərəzli yanaşma yalnız Osmanlı yanlıları tərəfindəndir. Bu da aydın qərəzdir. Hətta məğlub olan Səfəvilər olduğu təqdirdə belə Səfəvilər lənətlənir. Deməli bu məzhəbkeşlik kininin dərəcəsi o dövrdə deməli daha yüksək olub. Anadolu müridlərinin Şaha meyli daxili hürkünü çoxaltdığı kimi, Xətainin sıralanan qələbələri Qərbin də təlaşına qarışaraq Osmanlıya indiki dövrün atom bombasını - topunu verməyədi bəs neyləyəydi ?..Xətainin də bəlkə bir az özündən razılığı , bəlkə də bəzilərinin dediyi kimi döyüşü yubatmaq , bəlkə qardaş qırğınına bir çarə bulmaq amacı ilə hətta ova çıxması, ilk öncə savaşa ciddi yanaşmaması siyasi səhv sayıla bilər...
Ancaq bunları ona görə xatırladıram ki, tarix dediyimiz heç bir mənbə Quran qədər doğru, heç bir müəllif də Peyğəmbər qədər obyektiv deyildir. Ona görə də tarixi şəxsiyyətlər və məsələlər üzərində bu gün olmuş olay kimi mübahisə aparmaq xəyalpərəstlik olardı. O dövrün siyasi addımlarının səbələrini bu gün ancaq 5 faiz ehtimalla şərh etmək, yozmaq olar.
Xətai heç bir məzhəbi məcbur yaydırmayıb. Bu tarix yox real nəticələrdir ki, bu günə gəlib çıxıb.Bu məzhəbyaymaya savaşlardan imkan da olmazdı. Ən əsası isə onun sahib olduğu torpaqlarda bu gün də paralel məzhəbin mənsubları elə həmin dövrdən yaşayırlar.
İran onu öz tarixi siması , şahı kimi qəbul etmir. Bəziləri isə onu farslaşdıraraq özlərinə qatmağa cəhd edir, lakin bunun kobud və nəzərəçarpan saxtalıq olaraq ifşa olunacaqlarından ehtiyyat edirlər. Məhz onun Azərbaycan-Türk köklərinə dayanan dövlət qurduğuna görə isə reallıqda farslar onu sevmir. Bu gün də siz Ərdəbilə getsəniz hətta Xətainin türbəsinə olan diqqətsizlik və bəzən hörmətsizlik nəticəsində bunu görəcəksiniz. Xətai din dövləti də qurmayıb ki, siz onu İmam Xomeyni ilə müqayisə edirsiniz. İndi neyləyək ki, o dövrdə də, indiki partiyalar kimi təriqətçilik dəbdə idi və o da nüfuzlu bir təriqətin rəhbəri idi. Bu təriqət də məzlumun , əzilənin, kasıbın yanında olmağı təlqin edirdi. Muaviyyənin yox Əlinin , Yezidin yox , Hüseynin yolunu özünə nümunə bilirdi. Ona görə də tezliklə bütün bu qəbildən olan haqqı aradan gedən insanlar Xətainin ətrafında fədakarlıqla birləşdilər. Xətainin şiəliyi də fars şiəliyindən fərqli idi. Qılınc-zəncirlə baş yarmaq yox idi. Əvvəlki xəlifələrə təhqir demək yox idi. İmamları ilahiləşdirmək yox idi. Necə ki, bu gün ölkəmizdə, farsların təhrif olunmuş, ifrata varılmış şiəliyindən fərqli olaraq , ondan bizə miras qalmış mötədil imamiliyin davamçıları əksəriyyət olaraq yaşayır. Xətai , şeirlərində də olduğu kimi , özünü İmam Əlinin qulu Qənbərın qulu adlandırır.
Yavuz Səlimin bu gün Türkiyədə adına körpü salınırsa , onun da qəbahətlərini onlar dərk etdiyi halda bunu müzakirə , sorğulama obyektinə çevirmirlər. Bizdə bilmirəm hardandırsa, keçmişdəkiləri imtahana çəkmək hissi böyükdür. Sərdar bəy də Səməd Vurğunu dirildib təzəzdən öldürürdü...Hərçənd ki, o məsələdə mən də onunla həmrəyəm, ancaq bunu gündəmə gətirmək, real - lazımi hadisələri , məsələləri boş buraxıb , bu günki cəmiyyət üçün elə də böyük əhəmiyyət kəsb etməyən məsələləri gündəmə gətirmək bəlkə də mövzu qıtlığındandır...
Ermənilər özününkilər bir yana , az qala bizim dahilərimizi , başqa millətlərin dahilərini də öz adlarına çıxırlar. Biz isə özümüzünkiləri atırıq. Bizə kiminsə dahisi lazım deyil, əgər özümüzünkilərə doğru qiymət versək. Farslar bir zaman deyirdilər ki, Nizami farsca yazıb, farsdır. Nəsimi seyyiddirsə demək ərəbdir. Füzuli İraqda ölüb. Səməd Vurğun satqın olub. Süleyman Rüstəm yaltaq olub. Vahid içirdi... Və sair, və ilaxir... ( Bu barədə B.Vahabzadənin də gözəl bir tənqidi şeiri vardır.) Yəni günahsiz insan vardırmı ? Biz Allahıqmı , kimisə mühakimə edib qərar veririk ? Onda hamını ataq , bəs yerdə kim qalsın? Məsələn siz deyirsiz Xətaini yığışdıraq, Sərdar Cəlaloğlu deyir Səməd Vurğunu yığışdıraq, dindarlar deyir, Axundovu ilim-ilim itirək, mollalar deyir, Sabiri tulla getsin, bir başqası da deyir, filan dahi filan olub...Belə- belə biz hara gedirik ? Xüsusən Xətai kimi dövlətçiliklə bağlı adı hallanan şəxsiyyəti sual altına qoymaq şəxsi hisslərə, məzhəbi təssübdən yaranan qərəzə əsaslana bilər ancaq.
Mən Fazil bəyin təəssübünə də, hətta Xətaiyə nifrətinə də dözümlü yanaşıram. O özünün şəxsi qənaətidir. Ancaq belə fikirlərin ictimaiyyətə çıxarılması və daha da müdafiə olunaraq , cəmiyyətdə bir çaşqınlıq , sual yaratması və nəticədə də ixtilaf və xoşagəlməz nəticənin ortaya çıxması heç kimə xoş olmaz. Çünki Xətaini də ən azı Fazil bəy tənqid etdiyi hisslər qədər dolğun hisslərlə sevən və təssübünü çəkən insanlar, vətəndaşlarımız vardır.
Xülasə olaraq onu qeyd etmək istəyirəm ki, öz şəxsiyyətlərimizi tənqid etməkdənsə onlara sahib çıxaq. Mən , 2001 ci ildə Suriyada ,Hələb şəhərində , yol ayrıcında Nəsiminin qəbrini ziyarət edəndə kövrəldim. Qərib idi çox. Yetim idi . Bu gün heç onunla maraqlanan da yoxdur. Həmçinin 2011 ci ildə Ərdəbildə Xətaini ziyarət edəndə sərbazlar yarımçıq bizi ziyarətdən uzaqlaşdırdılar və Xətainin toz basmış, qıfıllanıb , ancaq həftədə bir dəfə açılan sərdabəsinə baxaraq qəhərləndim... Kürdlər iddia edir ki , Səlahəddin Əyuubi kürd olub və onunla fəxr edirlər. Ancaq bu dəqiq deyil. Biz isə Xətaini atırıq ? Belə etsək gələcək bizi əfv etməz. Nəvələr bizi bağışlamaz. Unutmayaq ki, biz Babəklə, Nəsimiylə, Koroğluyla, Xətaiylə , Səməd Vurğunla Azərbaycanıq. Onlardır bizi dünyaya tanıdan.Özü də yaxşı adla tanıdan. Xətai bizi dünyaya millət kimi tanıdıb. Bzi Xətaini dünyaya kim kimi tanıdırıq Fazil bəy ?!.
Hesab edirəm ki, deyiləcək müsbətlər mənfilərdən çoxdur, hətta araşdırılıb üzə çıxarılmalı, tanıdılmalı o qədər dahilərimiz, tarixi şəxsiyyətlərimiz vardır ki... Xətaiçilik siz tənqidi nəzərlə yanaşsanız belə, artıq xalqımızın qanında- canındadır. Necə ki, Yavuz( Qəddar- qaba mənasındadır) olsa da Səlim Türkiyə türklərinin təssüb dairəsindədir. Bu məsələdə lazım olan şey varsa , o da budur ki, Türkiyə insanının qəlbindən Xətai nifrətini ,Xətaiyə kafir baxışını , onu təhqir etməyi çıxarmaq və bu məsələni tarixi keçmişin tələblərinə cavab verən siyasi nifrətyaratma,nağıluydurma , rəvayətdüzəltmə kimi süniliklərlə dövrümüzə qeyri-dəqiq aşlandığını çatdırmaq lazımdır. Bu kin indi kiməsə sevgi gətirməyəcək... Dini müstəviyə gəldikdə isə, 12 imam şiəliyi heç də iddia edənlərin iddia etdiyi kimi Xətai tərəfindən uydurulan siyasi cərəyan yox, sadəcə Xətainin və xalqının mənsub olduğu məzhəb idi. Hətta onun o dövrdə Səfəviyyə deyilən sufi təriqət qolu vardı. İmamilik heç də farsın deyildir. Əslində İmamilik sırf türk- türkmən təriqətidir. Farslar bu gün bu məzhəbi zahirən mənimsəyib hörmətdən salırsa , onda nə Xətainin nə də başqasının təqsiri yoxdur. Və şiəlyi də onun adıyla siyasi cərəyanlaşdırmağa ehtiyac yoxdur. Hər- halda mövzu bu deyildir. Əslində Xətai islamın təməl prinsiplərinə riayət edən dövlət başçısı olubdur. Baxmayaraq ki, Osmanlılar islam adına çıxış etdikləri halda həşiş çəkir və şərab içirdilər. Bunu öz mənbələri təsdiq edir. Yəni Xətai bu gün bizə, qəhrəmanlıq, igidlik, dönməzlik, kişilik , ərlik timsalı kimi örnək olmalıdır, olur da. Yoxsa hər kəs kimi onun da labüd olan çatışmazlıqlarını gündəmə gətirməyin bir müstəsna xeyri olacağını düşünmürəm. ( Ardı ola bilər...)Sayğılarımla...




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:55 Çaldıran döyüşü haqqında 11 mif Mediaxeberleri.az APA TV-yə istinadla tarix elmləri üzrə fəlsəfə doktoru Kərəm Məmmədlinin Çaldıran döyüşü ilə bağlı 11 mif barədə məlumatını təqdim edir: 1-ci mif. Çaldıran döyüşü son dərəcə əhəmiyyətli döyüş olub. Çaldıran döyüşünün tarixi əhəmiyyətinin şişirdilməsinin müxtəlif səbəbləri
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az