t s

» » XALIQ BAHADIR: "BIR YOL YÜKSƏLƏN BAYRAQ ÖRNƏYI"

XALIQ BAHADIR: "BIR YOL YÜKSƏLƏN BAYRAQ ÖRNƏYI"

7-03-2015, 21:08 Yazar:  Xaliq Bahadır Baxılıb: 1039 Çap et
XALIQ BAHADIR:  "BIR YOL YÜKSƏLƏN BAYRAQ ÖRNƏYI"Məhəmməd Əmin Rəsulzadə (31 yanvar 1884 – 6 mart 1955) bu ölkəyə Günəş kimi doğdu. Günəş kimi var oldu. Böyük, dolğun, işıqlı, parlaq, çağlarca çağdaş yaradıcılığı ilə bu gün də Azərbaycan üçün, Türk dünyası üçün Günəş olaraq qalır. Gün işığına çıxıb-çıxmamaq sənlikdir. Günəşə üz tutub-tutmamaq sənlikdir. Sən Gün işığına çıxsan da, çıxmasan da, sən Günəşə üz tutsan da, tutmasan da o var, var olacaq! Bir də var günləşmək. Günaydın, Məhəmmədəmin bəy! Günaydın, Ulu öndər – hər gün günaydın!

M.Ə.Rəsulzadənin 130 illik yubileyinin bayram edilməsi ilə bağlı 2013-cü il noyabrın 22-də prezident göstəriş verdi. Gerçəkdən bayram keçiriləcəyi inandırıcı deyildi; indiki rejim qurulandan Rəsulzadə bayrağı altında Rəsulzadəyə, ən başlıcası, Rəsulzadə ideyalarına yağılıq yolu tutmuşdu. Buna görə yavaş-yavaş, xalqı aldada-aldada ölkəni özlərinin siyasi-ideoloji baxışlarına, ideya-mənəvi dəyərlərinə uyğun olaraq demokratiyadan diktaturaya gətirib çıxardılar. Onlar M.Ə.Rəsulzadə yolunu gedə bilmədilər, gedə bilməzdilər. O yolu getmək üçün Azərbaycanı, Azərbaycan xalqını M.Ə.Rəsulzadə kimi sonsuzca sevmək gərəkdi – onlarda yerli-dibli belə bir sevgi yox idi! O yolu getmək üçün M.Ə.Rəsulzadə kimi Türk qanlı, Türk inanclı, Türk amaclı olmaq gərəkdi – onlarda bunların biri də yox idi! O yolu getmək üçün M.Ə.Rəsulzadə kimi ölüm ayağında belə könüldən-candan vurğunluqla: “Azərbaycan! Azərbaycan!! Azərbaycan!!!” – deyə bilmək böyüklüyünə yiyələnmək gərəkdi – onlarda bu da yox idi, yoxdur!

M.Ə.Rəsulzadənin çox sevdiyi, sevə-sevə söylədiyi sözlər: “Sən bizimsən, bizimsən durduqca bədəndə can; Yaşa-yaşa çox yaşa, ey şanlı Azərbaycan!” Bu bir çağırışdır – Azərbaycanı sevmək, yaşatmaq, Azərbaycan üçün yaşamaq çağırışı! O özü yalnız belə çağırışda bulunmadı, bu çağırışı özünün bioqrafiyasına, özü üçün (yalnız özü üçünmü?!) bioqrafiya örnəyinə çevirdi. Ta yaşamının sonunadək…

Hakimiyyət bəllidir – iç-dış yağı güclərə söykənərək doğal resurslarla dolu ölkəni özləri üçün boşaltmağa gəlmişdilər: aldada-aldada, əzə-əzə boşaltdılar. Yersiz gəlmişdilər, böyük Yer yiyəsinə çevrildilər. Bəs müxalifət? Müxalifət də 130 illiklə bağlı görə biləcəyi işləri görmədi, görə bilmədi. Deyə bilərlər: pulumuz, televiziyamız, nəyimiz yoxdur. Bilirik, anlayırıq, ancaq onlarsız da bir sıra işlər görmək olardı. Demək, bacarmadılar. Uzun illərdən bəri müxalifət birliklərini dağıtmaqla rejimi qoruyub saxlama görəvlisinə çevrilən bir partiya daha bir birliyi – Milli Şuranı dağıtmaq üçün oradan da getdi. Bununla onlar “tarixi missiya”larından birini də gerçəkləşdirmiş oldular. Hələ yaddan çıxmayıb: onlar birliyi dağıtmaq üçün çeşidli suçlama-yalanlara baş vurdular. Onların gedişinin qarşısını almağa yönəlik bütün çalışmalar boşa çıxdı. Axı, göstəriş gəlmişdi! Onlar Rəsulzadədən, Rəsulzadə yolçuluğundan, YÜZ neçə illik Rəsulzadə partiyasından danışa-danışa Rəsulzadənin başlıca dəyişməz YOLUNA – Ulusal birlik idealına bir daha dönüklük etdilər!

Müxalifətin çoxsaylı birliklərini dağıtma aktivlərindən olan birisi – partiya yetkilisi – o çağlar Milli Şuradan ayrılma faktına incik-acıqlı yanaşmaları yumşaltmaq üçün belə deyirdi: “Hazırda ciddi olaraq Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi ilə əlaqədar yubiley tədbirlərinin keçirilməsinə hazırlaşırıq”. İndi, 130 illik yubiley dönəmi keçib gedəndən sonra, Rəsulzadənin öz adını, partiya adını uzun illərdən bəri alver-biznes obyektinə çevirən bu siyasi biznesmenlərdən soruşmaq gərəkir: “ciddi hazırlıq”, “əlaqədar tədbirlər” nə oldu? Ölkədəki siyasi prosesləri yaxından izləyən analitik olaraq mən o adamların yalan danışdıqlarını, xalqı aldatmağa çalışdıqlarını yaxşı bilir, bildiklərimi yazırdım. Nə etməli: bizdə doğru-düzgün kimsələrdən qat-qat artıq yalançılara, dolamaçılara, dələduzlara-moşenniklərə inanmaq istəyi var! İnanıb aldanırlar, aldanıb yenə inanırlar – beləcə illər keçib gedir…

Bizdə siyasətçi olmaq olduqca qazanclı işə çevrilib: yalan danışa-danışa, aldada-aldada gedirsən, kimsə də bir gün qarşına çıxıb, qabağını kəsib doğru-düzgünlük dirənişində bulunmur!

Milli Elmlər Akademiyasının əməkdaşı, fəlsəfə üzrə elmlər doktoru Yadigar Türkel 130 illiklə bağlı bir partiyanın görmədiyi, görə bilmədiyi işi görüb – M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” kitabını çağdaş dilimizə uyğunlaşdıraraq çap etdirib. Bəlli olduğu kimi, M.Ə.Rəsulzadənin dili 100 il öncənin dil stilistikasına uyğun olaraq ərəb-fars sözlərilə doludur. Bu baxımdan da bugünkü oxucunun onu anlaması çox çətindir. Yadigar Türkel bu çətinliyi aradan qaldırmaq, Rəsulzadəni indiki oxucuya anlaşıqlı etmək üçün çoxdan çalışmalarda bulunmaqdadır. “Azərbaycan Cümhuriyyəti” də belə çalışmalardandır. Bu işlərdə mənim də bir az əməyim olduğundan bunların necə çətinliklə başa gəldiyini yaxşı bilirəm. Bütün düşüncəli yaşamı boyunca Azərbaycan üçün çalışmış, Azərbaycan yolunda çox nəsnələrdən keçmiş M.Ə.Rəsulzadəyə biz çox borcluyuq. Bir borcumuz da onun əsərlərini çağdaş dilimizə uyğunlaşdırıb yayınlamaqdır. Burasını isə ayrıca vurğulamaq gərəkir: Rəsulzadə əsərləri bu gün də, demək olar, bütünlüklə aktuallığını qoruyub saxlamaqdadır. Bunun bir nədəni Rəsulzadənin ölməz düşüncə – baxış yiyəsi olmasıdırsa, başqa bir nədəni bizim indilikdə Rəsulzadə yolundan sapıb-yayınmağımızda, demokratiya ideallarından, demokratik dəyərlərdən uzaq düşməyimizdədir.

XALIQ BAHADIR:  "BIR YOL YÜKSƏLƏN BAYRAQ ÖRNƏYI"

Kitab Yadigar bəyin ön sözü ilə açılır. Y. Türkel Əli bəy Turanın (Hüseynzadə) əsərlə bağlı balaca bir yazısını kitaba salıb. Əli bəyin yazdığından göründüyünə görə, Rəsulzadə əsərlə bağlı onun baxışını öyrənmək istəyirmiş. Çoxdan Türkiyədə yaşayan Əli bəy nəyə görəsə əsərlə bağlı elə bir önəmli söz demir. Əli bəy kimi böyük, parlaq düşüncə adamının bu əsərlə bağlı sözü, dəyərləndirməsi çox önəmli olardı. Onun Rəsulzadəni dəyərləndirməsi belədir: “Siz Azərbaycanın ən böhranlı çağlarında aktiv bir çarpışmaçı olaraq çalışdınız, bir çox önəmli olaylarla üzləşdiniz, çeşidli axımların içində bulundunuz, çaxnaşmalarla dolu yaşam yaşadınız… Ancaq siz Azərbaycanda bir yana, bir partiyaya, bir partiya siyasətinə bağlısınız. İstəyinizə baxmayaraq haradək yansız (neytral) qala bilirsiniz, bunu indilikdə bəlirləyə bilmirəm… (yazının dili yeniləşdirilib). Əli bəyin əsərə nə üçün belə yanaşdığı bəlli deyil. Bəlkə, bu onun o çağkı psixoloji durumu ilə bağlı olub? Bəlkə, ortada onu gərəyincə dəyərləndirmədən çəkindirən nələrsə olub – bilmirik. Hər necə olsa o, Azərbaycandan çox uzaqlarda deyil, qardaş Türkiyədə yaşayırdı, bu baxımdan onun əsəri dəyərləndirmədən yayınaraq özünü Azərbaycanda baş verənlərdən uzaq tutması anlaşılmazdır.

Mənə elə gəlir, o çağlar Türkiyədə yaşayan Rəsulzadə əsərə yazdığı girişdəcə yalnız Əli bəy Turanla bağlı deyil, öz dönəmində, indinin özündə belə çoxlarını yanlış düşüncələrə yönəldən bir sıra sorulara aydın qarşılıq verir: “Azərbaycanın bağımsız ikən get-gedə bütün hüququnun Rusiyaya nədən verildiyini, azərbaycanlıların buna nədən boyun əydiklərini soranlarla qarşılaşdıq. Bolşevikləri Azərbaycana ulusun çağırdığına inananlar var. Bolşeviklərə qarşı çıxarılan ayaqlanmalar necə anlaşılmış, necə yozulmuş?!. Bu da çox acı bir öygü. Bolşevik əlində bulunan Azərbaycanı uğurlu görənlər də yox deyil. Kəsəsi, bilgisizlikdən doğan bir çox yanlış anlamalar, yanlış düşüncələr, bundan doğan könül qırıqlığı iki qardaş ulus arasında istənməyən utanc, darğınlıq yaradır”. Buradan da göründüyü kimi, Rəsulzadə ilə yoldaşları Türkiyədə bir çox qınaqlar, suçlamalarla üzləşməli olublar. Bunlar indiyədək sürüb gələn “Onu niyə verdilər, bunu saxlamağı nədən bacarmadılar?” kimi qınaqlar, suçlamalardır. Məhəmmədəmin bəy bütün bu qınaqlara, suçlamalara özümlü böyüklüyü, diplomat ustalığı ilə qısaca qarşılıq verir: “Keçirdiyimiz bu dəyişiklik günlərində Osmanlı İmperatorluğunun özül ulusu olan Anadolu türklüyü yeni bir ulusal dövlət qurur. Düşüncəmizcə, bu dövlətin dış politikası Doğudakı görəvini yaxşı görmək istərsə, Azərbaycan Cümhuriyyətinin gələcəyinə önəm verməlidir. Bu baxımdan Azərbaycan sorunu Türkiyə üçün dərindən düşünüləcək bir sorundur”. Baxın: Ulu öndər, Ulusal lider ortadakı itkilərə görə onu, onun çarpışma yoldaşlarını qınayıb-suçlayanlara necə tutarlı qarşılıq verir! Bu, istər yaxın keçmişə, istərsə də yaxın-uzaq gələcəyə yönəlik bir qarşılıqdır. Bugünlər belə aktuallığını itirməyən yüksək düşüncə-diplomatiya qarşılığı!

Bu yerdə ən azı dəngəni qorumaq üçün yenidən Əli bəyin yuxarıda sözügedən yazısına qayıtmaq gərəyi yaranır. O yazıda Əli bəyin belə bir dəyərləndirməsi var: “Quşqu yoxdur, əsəriniz bir boşluğu doldurur. Türkiyə yayınının ən böyük çatışmazlıqlarından biri qonşu ölkələr, başlıcası da yaxın Türk ölkələri ilə bağlı könülləri güldürəcək yetərli bilgi verməmələridir. Bu baxımdan əsəriniz olayları bir kimsənin baxışlarına uyğun göstərsə belə, basınımıza çox dəyərli pay olacaqdır; ekonomik-politik durumu ilə dünya önəmi daşıyan Bakının, Azərbaycanın, eləcə də dolayısıyla bütün türklüyün qutsal bağımsızlığı, böyük gələcəyi ilə uğraşdığı üçün”. Burası olduqca ilginc dəyərləndirmədir – Rəsulzadənin yuxarıdakı baxışları ilə üst-üstə düşən dəyərləndirmə! Hər ikisində açıq, ağrılı gerçəklə bağlı üstüörtülü inciklik var: bir az sərt dillə desək, qardaş yarıtmazlığından, ola bilsin, daha çox qardaş yanqısızlığından ortaya çıxan inciklik! Onlar bunu yaşamışdılar, nə yazıqlar, nə yazıqlar! – yüz il sonra biz də o yanğıları, o ağrı-acıları, demək olar, olduğu kimi, o çağkı gerçəkliyə uyğun bir gerçəklik içində yaşamalı oluruq!

O çağlar olanlar yenidən oldu. O çağlar olduğu kimi biz yenidən təklənmiş durumla üzləşdik. O çağlar olduğu kimi indilərdə də qondarma “Ermənistana” yaxın-uzaq dövlətlərdən çoxlu arxa duranlar oldu, Azərbaycansa yenidən, o çağlardakı sayaq, təklənmiş duruma salındı. Üstəlik, bir sıra iç-dış yağıların əlilə edilən çevriliş yoluyla Azərbaycan tutduğu yoldan – Demokratiya platformasından sapdırıldı. Ən yamanı, 20-ci yüzilin başlarında olduğu kimi, 20-ci yüzilin sonlarında bir daha Türkiyə Azərbaycan üçün sarsıdıcı dəyişiklik kompaniyasında yer aldı. Bir yandan Rəsulzadə, o biri yandan Atatürk öz çağlarında uyarıda bulunaraq belə yanlışa yol verməməyə çağırmışdılar. Göründüyü kimi, hər iki çağırış eşidilməz oldu! Bu eşidilməzlikdən isə yalnız Azərbaycan deyil, Türkiyə də uduzdu. İstər Azərbaycan, istər Türkiyə – biz illərdir qarşılıqlı olaraq uduzma ağrı-acısı yaşayırıq; bu ağrı-acını hələ haçağadək yaşayacağımızı, bu yaşantıların haradək sürəcəyini kimsə bilməz!

(ardı var)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:00 Məhəmməd Əmin Rəsulzadənin vəfatından 60 il ötür Bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. M.Ə.Rəsulzadə 1884-cü il, yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə «Hümmət» təşkilatının yaranmasında
19:00 Fəvvarələr meydanında rəzalət - müxalifət hardadır? Cəmi bir neçə ay əvvəl dünya bazarında neftin qiyməti kəskin şəkildə aşağı düşdü. Bəllidir ki, neft bazarında biz də varıq, ancaq o bazarda biz söz sahibi deyilik. Orada öz iradəsini diktə edən ölkələr var. O da bəllidir ki, neft sadəcə strateji əhəmiyyətli məhsul deyil, o həm də iqtisadi müstəvidə
14:04 Ana dilini yaşatmaq hünəri İşıqlı Atalı Mütləqə İnam Ocağının Yükümlüsü Dil – ruhaniliyin (insaniliyin) ifadəsidir, bu səbəbdən də o, zamandan, gerçəklikdən, quruluşdan üstündür. Əgər dil ictimai hadisə olsaydı, çoxsaylı quruluşlarla birgə dilimiz də ölüb gedərdi. Hər bir xalq öz adıyla bağlı olan dilin yaradıcısı,
14:20 XALIQ BAHADIR: "FAKTIKI PREZIDENTLIK GƏRƏYI" Prezident! İki cür prezidentlik var: formal, faktiki. Formal prezidentlik elə-belə prezidentlikdir. Faktiki prezidentlik Konstitusiya normalarına, içdiyi anda uyğun olaraq QANUNÇULUĞU qoruma, ona qarantiya olma görsənişidir. Azərbaycan Toplumu, Azərbaycan Ölkəsi, Azərbaycan Dövləti faktiki
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az