t s

» » Moskvanın bufer dövlətlər taktikası

Moskvanın bufer dövlətlər taktikası

4-05-2016, 09:24 Yazar:  Gülnar Baxılıb: 416 Çap et
Moskvanın bufer dövlətlər taktikasıİmperiya siyasəti, yoxsa özünüqoruma instinkti?

Rusiya NATO və ABŞ-ın sərhədləri yaxınlığında möhkəmlənmək planlarına qarşı hərəkətə keçib. Məqsəd qonşu dövlətlər, xüsusilə də Azərbaycan da daxil olmaqla keçmiş SSRİ respublikalarının NATO-ya yaxınlaşmalarının qarşısını almaqdır.

Stalinin “Dəmir pərdəsi”

İkinci Dünya Müharibəsində nasist Almaniyasını məğlub etdikdən sonra Stalin Avropa və ABŞ-a qarşı imperiya sərhədlərini “Dəmir pərdə” ilə bağlamaq qərarını vermişdi. Lakin Stalinin “Dəmir pərdə” strategiyası iflasa uğradı. Moskva yaratdığı Almaniya Demokratik Respublikası, Yuqoslaviya, Macarıstan və Çexoslovakiyanı qoruya bilmədi. SSRİ-yə tabe olan və ABŞ – NATO blokunun marağında olan bu dövlətləri qorumaq böyük güc, xərc tələb edirdi.

Moskvanın “Dəmir pərdə” siyasətinin ağırlığı Sovetin nəhəng iqtisadiyyatını da çökdürdü. Həqiqətən SSRİ çökdü, lakin Moskva öz işğalçılıq siyasətindən geri çəkilmədi. Dağılmış imperiyanın xarabalıqları içində MDB formatında SSRİ-ni qorumağa cəhd etsə də, keçmiş ittifaq respublikalarının ABŞ və Avropaya yönələn meylləri Rusiyanı alternativ variantlara əl atmağa məcbur etdi. İlkin addım Boris Yeltsin dönəmində Azərbaycana məxsus Dağlıq Qarabağ və Moldovanın Dnestryanı bölgələrinin işğal edilməsi oldu. Vladimir Putin də hakimiyyətə gələr-gəlməz “Yeltsin doktrinası”nı davam etdirdi. Bunun məntiqi nəticəsi kimi Ukrayna və Gürcüstana məxsus ərazilər də işğal olundu.

“Qızılgül”ün “Maydan”a yayılan qoxusu

2004-cü ildə Gürcüstanda baş verən siyasi çevrilişdə ABŞ dəstəkli Mixail Saakaşvili Sovet şinelindən çıxmış Edvard Şevardnadze rejimini devirdi. Rusiya bu inqilabın (“Qızılgül”) ABŞ tərəfindən həyata keçirildiyini bildirdi. Lakin Saakaşvili Batumidəki rus bazalarını ölkədən çıxardı. Kremlin Gürcüstanın Qərbyönlü hakimiyyətinə cavabı isə ağır oldu. Abxaziya və Cənubi Osetiya işğal olundu. Rusiya – Gürcüstan savaşına çevrilən bu hadisələrdə sonra Abxaziya və Cənubi Osetiyanın Moskva tərəfindən “müstəqillik”lərinin tanınmasıyla nəticələndi. Beynəlxalq təzyiqlərə baxmayaraq Rusiya dayanmadı və Qərbdən gələn təhdidlərə qarşı bufer zona kimi qəbul etdiyi Ukraynada da eyni ssenarini təkrarladı.

Rusiyanın Ukraynada varlığını təmin edən Viktor Yanukoviç rejiminin devrilməsi (“Maydan”) Kremli narahat etdi. Çünki Rusiya “Maydan”ın spekulyatorlarının da Qərbdən olduğuna inanırdı. Nəticədə Putin beynəlxalq hüquq normaları və Ukrayna Konstitusiyasına zidd “referendum”la Krımı Rusiyaya birləşdirdi. ABŞ, Avropa İttifaqı və NATO-nun sərt xəbərdarlıqlarına baxmayaraq, Rusiya geri çəkilmədi. Dəfələrlə ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında gərgin müzakirələr keçirildi. Lakin nəticə olmadı.

Səmərəsiz danışıqlar NATO – Rusiya əlaqələrini qırdı, ABŞ və Aİ ağırlaşdırılmış sanksiyalar tətbiq etdi. Lakin Qərbin təzyiqlərinə baxmayaraq və Kiyevi Krımın işğalıyla Aİ-nin təsir dairəsindən çıxara bilmədiyini görərək, Donbası da Ukraynadan ayırdı.

Aralıq sularına atılan qarmaq

Putin Sovet coğrafiyası ilə kifayətlənmədi. NATO və ABŞ-ın üstün mövqeyə sahib olduğu Aralıq dənizi hövzəsinə də qarmaq atdı. Bu məqsədlə 1970-ci illərdən strateji və müttəfiq əlaqələrinə sahib olduğu Suriyada güclənmək, buradakı hərbi qüvvələrinin sayını artırmaq barədə qərar qəbul etdi. Bu, 2011-ci ildə Suriyada ABŞ-ın da daxil olduğu sonu görünməyən savaşı başlatdı. Moskva – Dəməşq əlaqələrinin qurulmasının Əsəd ailəsinin (Hafiz Əsəd və Bəşər Əsəd) hakimiyyətə gəlməsindən sonraya təsadüf etməsini nəzərə alsaq, Kremlin Bəşər Əsədi niyə qorudğu məlumdur. Əsəd rejimi hakimiyyətinin mütləqliyini Moskvaya, Moskva da Suriyadakı hərbi varlığını Əsəd rejiminə borcludur. Rusiyanın strateji və milli maraqlarını əks etdirən bu qarşılıqlı borcluluğa görə, Əsəd Suriya Azadlıq Ordusu və İŞİD qarşısında özünü müdafiə edə biləcək səviyyədə gücləndirilib.

Kremlin Finlandiya və İsveç planı

Rusiyanın Donbas, Krım və Qara dənizdə hərbi qüvvələrinin sayını artırması NATO və ABŞ-ı hərəkətə keçirib. Baltikyanı dövlətlər və Polşanın müraciətlərindən sonra NATO və Pentaqon Şərqi Avropa və Baltik hövzəsinə gələn il yeni ordu birlikləri göndərəcək. Səbəb Rusiyanın Baltikyanı dövlətlər, İsveç və Finlandiya sərhədləri yaxınlığında hərbi manevrlərinin sayını çoxaltması və yeni hərbi bazalar yaratmasıdır. Baş verənlər İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsini yenidən gündəmə gətirib.

Finlandiya və İsveç Aİ üzvü olsa da, NATO-ya üzv deyillər. Hər iki dövlətin alyansdan imtina etmələrinin səbəbi hələ İkinci Dünya Müharibəsindən davam edən Rusiya təhdidləridir. Finlandiya bu təhdidlərdən yaxa qurtarmaq üçün NATO-ya üzv olmaqdan imtina etdi. “Finlandiyalaşma” anlayışı gündəmə gətirildi. Sonrakı illərdə bundan imtina edərək Aİ-yə üzv olsa da, NATO-ya yaxın durmadı.

Lakin Rusiyanın Ukrayna işğalları Finlandiyadan çox İsveçi düşdünürməyə başlayıb. Çünki Finlandiya ilə yanaşı İsveç də Avropada Polşa və Baltikyanı dövlətləriylə birlikdə Rusiya fobiyasının olduğu 5 dövlətdən biridir. Rusiya prezidentinin keçmiş müşaviri Sergey Markov Finlandiya və İsveçin NATO-ya üzv olmaq istəklərini də bununla izah edir. Hər iki tərəf Kremlin məsələyə bu şərhini təhdid kimi qəbul edirlər.

Renfelditin ikibaşlı açıqlamasının sirri

Rusiya Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi Nikolay Markarov Finlandiya və İsveçin NATO-ya üzv olmalarının ölkəsi üçün ciddi təhdid olduğunu deyib. Lavrov isə Finlandiyaya sonuncu səfərində bu ölkənin NATO-dan uzaq dayanmasının lazım olduğunu bildirib. Lakin Şərqi Avropa və Skandinaviyada artan rus təhlükəsinə qarşı Finlandiyanın müdafiə naziri Karl Haqland NATO-ya üzvlük üçün referendumun keçiriləcəyini bəyan edib. Lakin finlərin 56%-i Rusiya təhlükəsini nəzərə almaqla bunun lazım olmadığına səs verib. Analitiklər Kremlin Finlandiyaya etdiyi bu xəbərdarlığın İsveçə də mesaj olduğu qənaətindədirlər.

İsveç əhalisinin də böyük əksəriyyəti NATO-ya qarşı çıxır. Lakin ölkənin NATO-ya üzv olması məsələsi İsveç Silahlı Qüvvələrinin komandanı Sverker Göranson tərəfindən yenidən gündəmə gətirilib. Göranson bunun Rusiya təhlükəsindən sığortalanmaq üçün lazım olduğunu bildirib. Ölkənin Baş naziri Fredrix Renfeldt isə bunun daha təhlükəli olacağını nəzərə alaraq təklifi rədd etdi və NATO-ya üzvlük məsələsinin gündəm məsələsi olmadığını bildirib. Renfeldt bunu İsveç əhalisinin NATO-ya qarşı olması ilə əlaqələndirsə də, əsas məqam Finlandiyada gizlənir.

Qotland və Qərbi Kareliya hədəfdə

İsveçlə müqayisədə NATO-ya üzv olacağı halda Rusiyanın Finlandiyaya hərbi müdaxilə imkanları daha çoxdur. Hələ İkinci Dünya müharibəsindən sonra Rusiya Finlandiyaya məxsus Kareliyanı işğal edərək bu ölkəni öz təsir dairəsinə saldı. Bu gündə Finlandiyanın Şərq bölgələri (Qərbi Kareliya) Rusiyanın potensial işğal əraziləri kimi qəbul olunur. İsveç də anlayır ki, Rusiya NATO üzvü olmayan Finlandiyaya təcavüz edib ərazi ələ keçirəcəyi halda hədəfə gələcək və təhlükə pik həddinə çatacaq. Çünki Baltik dənizində İsveçə məxsus Qotland adası Rusiyanın hərbi bazası olan Kalininqraddan cəmi 250 km məsafədə yerləşir. Təsadüf deyil ki, 2014-cü ildə Krım işğal olunanda İsveç Qotlandda hərbi qüvvələrinin sayını artırdı və bölgəyə əlavə texnikalar göndərdi.

Digər tərəfdən 2013-cü ildən başlayaraq Rusiya ada ətrafında hərbi manevrlərinin sayını da artırıb. İsveç hökumətinin xəbərdarlıqlarına baxmayaraq rus təyyarələri ölkənin hava məkanlarını da pozurlar.

Yaşamaq uğrunda mübarizə

Rusiya dövrün tələblərinə cavab verməsə də, özünü qorumaq üçün işğal etməyə məcbur kimi görünür. Çünki bu gün Suriya, Ermənistan istisna olmaqla Rusiyanın heç bir dövlətdə hərbi qüvvəsi yoxdur. Azərbaycanla yanaşı hədəfdə olan dövlətlərin hamısı da Qərbə meyillidirlər. Bu, Rusiyanın maraqlarına ziddir. Nəticədə bu dövlətlərə təzyiq rıçaqlarını əlində saxlamaq üçün müxtəlif manevrlər edir. Bunun son nümunələrindən biri Krımın ilhaqıdır. Krımla yanaşı potensial işğal ərazilərində, Dağlıq Qarabağ, Abxaziya, Osetiya, Transdnestr, Donbas, Qotland və Qərbi Kareliyada bufer zona yaratmaq Rusiyanın NATO və ABŞ-ın təsir dairəsi sərhədlərində varlığını təmin edir.

Bu, Kremlin İngiltərə və ABŞ-ın 300 illik Rusiyanı parçalamaq planına qarşı özünümüdafiə instinktidir. Əslində qeyd olunan bölgələr nə strateji, nə də ərazisini genişləndirmək baxımından Rusiya üçün əhəmiyyətli deyil. Bu heç Rusiyanın imperiya siyasəti də deyil. Bu, qlobal siyasət meydanında əzəli rəqibi ABŞ-a uduzmuş Rusiyanın ayaqda qalmaq üçün son çabalarıdır. Bu həm də Rusiya üçün bu bölgələr vasitəsilə aid olduqları dövlətləri NATO – ABŞ blokundan qoparmaq, Qərbə doğru yolunu bağlamaqdır. Yəni, Rusiya sadəcə sahib olduğu ərazilərini qoruyur, genişlənmir. Başqa sözlə bu, əsrlərdən bu yana dəyişməyən, sabah da dəyişməyəcək zor gücünə başqa xalqların torpaqlarında dövlət olmuş rusların yaşamaq uğrunda verdikləri mübarizədir.

“Azərbaycanın təhlükəsizliyi NATO üçün prioritetdir”

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov “Cümhuriyət”ə bildirib ki, Avropanın təhlükəsizliyi ABŞ üçün prioritetdir. F.Məmmədov NATO-nun da bu məqsədlə yaradılmasına diqqət çəkib:

“Burada 2 əsas məqsəd vardı. Birincisi, SSRİ-nin genişlənməsinin qarşısını almaq, ikincisi də Avropanı kommunizm bəlasından qurtarmaq idi. ABŞ-ın uzun zamandır üzərində düşündüyü NATO proyekti öz bəhrəsini verdi. SSRİ-yə qarşı böyük bir siyasi koalisiya, daha sonra hərbi-siyasi koalisiya quruldu. Səbəbi Avropanın təhlükəsizliyinin qlobal təhlükəsizliyin tərkib hissəsi olmasıyla bağlıdır. Zamanla ABŞ-ın strategiyası özünü doğrultdu. NATO genişlənmə xəttiylə Rusiyanın aqressiyasına qarşı özünün müdafiə sistemini qura bildi. Amma koalisiyaya üzv olan 28 ölkə bu gün Rusiya təhlükəsindən narahatdır. Həmin dövlətlərin 25-i Avropada yerləşir. Həmin dövlətlər öz narahatlıqlarında haqlıdırlar. Çünki Rusiyanın aqressiyası 2008-ci ildən sonra artan xətt üzrə yüksəlir”.

Fərrux Məmmədov qeyd edib ki, Rusiya beynəlxalq hüquq normalarını tapdalayaraq, öz maraqları üzrə hərbi-siyasi xəttə üstünlük verir:

“Dünyada yeganə dövlətmiş kimi hərəkət edir, çalışır ki, istəkləri həmişə qabaqda olsun. Bu, yeni dünyanın şərtlərinə uyğun deyil. Buna görə də, ABŞ və müttəfiqləri Avropada yeni müdafiə sisteminin qurulmasında maraqlıdırlar. Bu, qlobal təhlükəsizlik üçün prioritet məsələdir. Bu gün də Rusiyanın çəkindiyi yeganə güc NATO, dolayısıyla Amerikadır. Buna görə də açıq formada Avropaya hücum etməyəcək.

Rusiya bu gün Suriya və Ukraynada nüfuz savaşı aparır. Bu, Putinin aqressiyasının nə qədər güclü olmasından xəbər verir. Bunun dağıdıcı tərəfləri də var. NATO regionda baş verən prosesləri izləyir. Azərbaycanın üzləşdiyi problemlərdə də Rusiya faktorunun rol oynadığını bilir. Siyasətini də buna görə qurur. NATO-nun yaxın gələcək üçün nəzərdə tutduğu addımlarda Azərbaycanın milli təhlükəsizliyini də prioritet kimi nəzərə alıb”.

Mənsur Rəğbətoğlu




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az