t s

» » Novruz: Kosa və Keçəl haqda maraqlı həqiqətlər

Novruz: Kosa və Keçəl haqda maraqlı həqiqətlər

15-03-2016, 08:47 Yazar:  Gülnar Baxılıb: 594 Çap et
Novruz: Kosa və Keçəl haqda maraqlı həqiqətlərMediaxeberleri.az filologiya üzrə elmlər doktoru, professor Kamil Hüseynoğlunun “Novruz ənənələri və onların mənaları” yazısını təqdim edir.

Novruz dünyanın ən qədim bayramlarından biridir və onun kökləri zərdüştilik dini ilə bağlıdır. Novruz xristian erasından əvvəl VI əsrdən etibarən zərdüştilik təqvimində yeni ilin ilk günü kimi qeyd edilməyə başlanmışdır. O zamandan ərəb işğalına qədər Novruz həm də zərdüştiliyin ən başlıca dini bayramı hesab edilirdi. İslamın qəbulundan sonra zərdüştilik dini ləğv edilsə də, onun təqvimi “hicriye-şəmsi” adı altında günəş təqvimi kimi bir sıra ölkələrdə, o cümlədən də Azərbaycanda yaşayırdı. Ancaq Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda rəsmi təqvim kimi xristian (Qriqorian) təqvimi qəbul edildi. Hal-hazırda biz Novruz bayramını artıq dini bayram kimi yox, folklor və bahar bayramı kimi qeyd edirik. Bununla belə Zərdüştilik dini ilə bağlı olan bir çox adət-ənənələr indi də Novruz ənənələri çərçivəsində yaşamaqdadır. Biz bu ənənələrin mahiyyətini və mənasını unutduğumuza görə indi onlar bizə çox sirli və müəmmalı görünür. Çox vaxt tədqiqatçılar da onları mənbələr əsasında deyil, öz yozumları əsasında izah etməyə çalışırlar ki, bu da Novruz haqqındakı təsəvvürləri daha da dolaşıq hala salır. Ona görə də Novruz mərasimlərinin mənasını başa düşmək üçün dünya və onun yaranışı ilə bağlı qısa şəkildə olsa da, zərdüştilik təlimi ilə tanış olmaq lazımdır.

Zərdüştilik dininin yaranış əsatirinə əsasən, əvvəlcə yalnız tanrı Ahura Məzda mövcud olmuşdur. Bu adın mənası “düşüncə hakimi” deməkdir və zərdüştilik dinində Ahura Məzda canlı və ya fiziki bir varlıq kimi yox, “fikir, “düşüncə”, “ideya” mənasında qavranılır. Həmçinin, Ahura Məzdanın ruh və ya mələk formasında olan iki əkiz oğlu – Spentə Məinyu (Müqəddəs Ruh) və Ənhrə Məinyu (Qəzəbli Ruh), yəni Əhrimən olmuşdur. Ahura Məzda Spentə Məinyunun köməyi ilə dünyanın yaradılmasına başlayır. Əvvəlcə, o, səmanı və səma cisimlərini, sonra suyu (okeanları), suyun ortasında üzən yeri (torpağı), yerin üzərində isə bir birki, bir buğa və “Kiyə Mərtən” (“Kəyumərs”) adlı bir insanı yaradır. Ən sonda isə Tanrı günəşi və yer üzərində onun timsalı olan odu (atəşi) düzəldir. Müqayisə üçün qeyd etmək olar ki, İbrahimi dinlərin (yəhudi, xristian və islam dinlərinin) yaranış barədəki əsatirinə görə, Allah dünyanı altı gündə və altı obyektdən – səma, səma cisimləri (ay, ulduzlar və günəş), yer, su, heyvanlar və insan varlıqlarından ibarət yaratmış, yeddinci gün isə yorulub, istirahət etmişdir. Ahura Məzdanın yaratdığı yeddi varlıqdan və ya ünsürdən ibarət olan dünya isə əvvəllər sabit halda dayanırdı və hərəkətsiz vəziyyətdə səmanın ortasında qərar tutan günəş aramsız olaraq yer üzərini işıqlandırırdı. Onun işığı qaranlıq zülmətdə yatmış Əhrimənin üzərinə düşəndə Əhrimənin gözləri qamaşır və o, oyanır. Yalnız qaranlıqda yaşamağa alışmış Əhrimən bu zaman qəzəblənib, Ahura Məzdanın yaratdığı obyektlər üzərinə hücuma keçdi. O, səmanı yardı, suyu bulandırdı, yerin hamar səthini kələ-kötür hala saldı, bitkini, buğanı və insanı susuz qoyub məhv etdi, odu tüstüyə yoluxdurdu və nəticədə işıqlı və isti dünyanı qaranlığa və soyuğa qərq edərək, öz xoşladığı vəziyyətə saldı. Bunu görən Ahura Məzda dünyanı hərəkətə gətirir: günəş dövr etməyə, gecə ilə gündüz əvəzlənməyə, buzlar əriməyə, sular axmağa başlayır. Bitki, buğa və insan da isti günəş hərarətinin təsirindən canlanırlar. Bitkinin toxumlarından bütün başqa bitkilər, buğanınkından bütün heyvanlar, ilk insandan isə insan nəsli törəyir. Bütün bu hadisələrin “baş verdiyi” gün isə insanlar tərəfindən “Ahura Məzda bayramı”adı altında qeyd edilməyə başlanır. Ancaq islamın qəbulundan sonra “Ahura Məzda” adı yasaq edildiyindən bayrama “Novruz” (“Yeni gün”) adı verilir.

Əhrimən isə öz mübarizəsini davam etdirir və şər əməllərdə ona kömək etmək məqsədilə divləri (yeddi şər ruhu; onların adlarının mənası belədir: yalan, düşgünlük, təkəbbür, ölüm, qərəz, qorxaqlıq) və cadugərləri yaradır. Buna cavab olaraq Ahura Məzda yaratdığı yeddi ünsürü qorumaq üçün Spentə Məinyudan əlavə, daha altı “Ölməz Müqəddəsi” (“Ameşa Spentə”ni) yaradır. Bunlar səmanın qoruyucu ruhu olan Şəhrivər (“həqiqət” mənasını verir), suyun qoruyucusu Xordad (bitginlik, kamillik), yerin müdafiəçisi Spentə Armanti (mərhəmət, şəfqət), bitkinin qoruyucusu Əmordad (əbədilik), mal-qaranın qoruyucusu Bəhmən (xoş niyyət), odun (atəşin) qoruyucusu Ordibehişt (güc, qüdrət) ruhlarından ibarət idilər. İnsanın himayəçisi isə Spentə Məinyu idi (bəzən o, Ahura Məzda ilə eyniləşdirilir). Zərdüştilikdə bunlar işıq, xeyir, yaxşılıq qüvvələri hesab edilir. Zərdüşt dünyada baş verən bütün hadisələri və təbiətdə mövcud olan qüvvələri “yaxşı” və “pis” kimi iki qrupa bölür. O, “yaxşı”ya və “pis”ə belə tərif verir: o şeylər ki, insanları xoşbəxtliyə və şadlığa doğru aparır, onlar yaxşıdır. O şeylər ki, insanların firavanlığa və şənliyə doğru irəliləməsini əngəlləyir, onlar pisdir. Ahura Məzda insanları xoşbəxtliyə və sevincə səsləyir, ona görə də insanlar daima yaxşı işlərlə məşğul olmalı, ətrafındakılara xeyirxahlıqla yanaşmalı və kömək etməli, onları əhatə edən təbiəti də abadlaşdırmağa çalışmalıdırlar. Ahura Məzdanın yaratdığı səma, su, yer, od, heyvan və bitkilər də xeyir qüvvələrə aiddir. İnsanlar könüllü surətdə seçim etməlidirlər: kim istəsə xeyir, kim istəsə şər qüvvələrin tərəfini tuta bilər. Həyata təhlükə törədən, qayda-qanunları pozan, xaos yaradan hər şey isə əbədi qaranlıqda yaşayan və Ahura Məzdanın əbədi düşməni olan Əhrimənə və onun köməkçilərinə mənsubdur.

Bir-birinə qarşı dayanan bu iki xeyir və şər qüvvəsi maddi formaya malik deyildir, ancaq onlar hər yerdə mövcuddur və daima mübarizə aparırlar. Zərdüştə görə, dünyada baş verən hər bir hadisə bu iki qüvvənin mübarizəsinin nəticəsi kimi ortaya çıxır. Bütün xoş və yaxşı şeylər – işıq, isti yay, ümumiyyətlə, həyat xeyir qüvvələr tərəfindən yaradılıb. Xəstəlik, ölüm, zəlzələ, soyuq qış, zərərverici həşəratlar və heyvanlar, bir sözlə, insana və təbiətə zərər vuran bütün şeylər isə şər qüvvələrin əməllərinin nəticəsidir.

Zərdüştilik dininin əsas qanunları olduqca humanist və sülhpərvər səciyyə daşıyır. Onlar insanları şər qüvvələrlə mübarizə aparmağa, öz zəhməti ilə yaşamağa, xeyirxahlığa və ədalətli olmağa çağırır. İnsanın niyyəti, əməli və sözləri üst-üstə düşməli və xeyirə xidmət etməlidir. Başqa dinlərə sitayiş edənləri təqib etmək də bu dində qadağan idi.

İlk peyğəmbərlik dinini yaradan Zərdüşt ilk dəfə olaraq insanın qurban verilməsini tənqid etmiş, qadınlarla kişilərin hüquqlarını bərabərləşdirmişdir. Halal zəhməti ilə yaşamaq, valideynlərinin və uşaqlarının qayğısına qalmaq, həmçinin Novruz və digər bayramları şən və təntənəli keçirmək zərdüştilik dinində insanların tanrı qarşısındakı ən müqəddəs vəzifələrindən biri sayılırdı. Belə hesab edilirdi ki, Novruzu insanlar nə qədər çox şən və fərəhli keçirərlərsə, o qədər də tez onlar şər qüvvələrin təmsilçisi olan qışa, şaxtaya qalib gəlib, istinin, yazın, bərəkətin gəlməsini asanlaşdırarlar. Zərdüştilik təlimində təbiətdə olan bütün qüvvələr və varlıqlar Ahura Məzda ilə Əhrimənin başçılıq etdikləri iki dəstəyə – xeyir və şər qruplarına bölündüyünə görə qış da şər qüvvələrə, yay isə xeyir qüvvələrə mənsub edilirdi. Bunu da qeyd etmək lazımdır ki, Zərdüştün zamanında il yalnız iki fəsilə – qış və yay fəsillərinə bölünürdü.

Beləliklə, Novruz bayramı, əsasən, iki mühüm funksiyanı yerinə yetirirdi: birinci, cari zamanda qışın, soyuq və şaxtanın təmsil etdikləri şər qüvvələri məğlub edərək, onların qovulmasını təmin edir, ikincisi isə Ahura Məzdanın dünyanı hərəkətə gətirməklə Əhrimən üzərindəki ilkin qələbəsini yenidən yaşadaraq, dünyanın yaranışını, ölmüş təbiətin yenidən canlanmasını simvolizə edirdi. Belə hesab edilirdi ki, xeyir qüvvələrinin şər qüvvələr üzərində qələbə çalmasını təmin etmək və bu işdə yerdəki insanlara yardım göstərmək məqsədilə səmadakı xeyir ruhları, yəni yeddi “ölməz, müqəddəs ruh”, həmçinin vəfat etmiş mömin insanların ruhları Novruzdan bir neçə gün əvvəl yerə enirlər. Səmadan gələcək qonaqları yaxşı qəbul etmək üçün Novruzdan 10-15 gün qabaqdan başlayaraq ev-eşik, həyət-baca təmizlənib sahmana salınmalı, yeni və təmiz geyim paltarları hazırlanmalı və digər tədbirlər görülməli idi.

Novruzdan əvvəl keçirilən çərşənbə mərasimləri də məhz yeddi spentə ilə (yeddi müqəddəs ruhla) bağlıdır. İlin ayrı-ayrı aylarında (yazda və payızda baş verən gecə-gündüz bərabərliyi, yayda və qışda baş verən gündönümü hadisələri, ən uzun gün və ən uzun gecə zamanı) onların şərəfinə böyük bayramlar keçirilirdi. İlin sonunda isə onlar çərşənbə günləri vasitəsi ilə yad edilirdilər. Çünki zərdüştilik təliminə əsasən, Ahura Məzdanın yaratdığı işıqlı dünya 12 sütun üzərində dayanır. Əhrimənin yaratdığı şər qüvvələr bu sütunları yıxmaq və işıqlı dünyanı məhv etmək üçün daima mübarizə aparırlar. Qışda onların fəallığı daha da artır və az qalır ki, onlar sütunları laxladıb yıxsınlar. Məhz bu zaman insanlar hər çərşənbə günü (zərdüştilikdə çərşənbə günləri ruhlarla ünsiyyət günü hesab edilir) bir “müqəddəs ruh”a müraciət etməklə, onlardan kömək istəyirlər. Axır çərşənbə günü isə “müqəddəs ruhlar” dünyasını dəyişmiş mömin insanların ruhları ilə birlikdə yerə çatırlar. Beləliklə, bütün imkanlarını səfərbər edən xeyir qüvvələri ilin sonunda toparlanaraq, Novruz axşamı şər qüvvələr üzərində növbəti qələbə çalır və şər qüvvələri, qışı, qoyuğu və qaranlığı yer üzündən uzaqlaşdırırlar. İnsanlar isə bu mübarizədə xeyir qüvvələrinə öz xeyirxah əməlləri, xoş niyyətləri, gözəl sözləri, sevinc və nikbinlikləri ilə kömək edirlər.

“Səma elçiləri”nin qarşılanması mərasimi “axır çərşənbə” və ya “ilaxır bayramı” adlandırılan günün axşamı baş verirdi. Həmin axşam hamı, hətta kasıb adamlar belə, bütün imkanlarından istifadə edərək yaxşı bayram süfrəsi düzəltməli idi. Xəstə və imkansız ailələrə isə qohum-qonşuları “bayram payı” göndərirdi. Ruhların razı qalması üçün bütün tədbirlər görülürdü. Ruhların xoşuna gəlsin deyə, bayram axşamı hamı xoş sözlər danışmalı, küsülü adamlar barışmalı, borclular öz borclarını ödəməli idilər. İlaxır çərşənbəsi müqəddəs gün sayıldığına görə hesab edilirdi ki, həmin gün edilən niyyətlər də düz çıxacaqdır.

Axşam qaranlıq düşən zaman “səma qonaqları”nın qarşılanması mərasimi başlanırdı. Evlərin damlarında və digər hündür yerlərdə tonqallar qalanır, göyə yanan şarlar atılırdı. Bütün bunlar bir tərəfdən insanların şər qüvvələr – qış, soyuq və qaranlıqla mübarizəyə başlamasını göstərir, digər tərəfdən isə “qonaqlar”ın təntənəli qarşılanmasına xidmət edirdi. Əcdadların ruhlarının öz evlərini və qohumlarını tanıyıb, onlara tez yaxınlaşması üçün insanlar tonqallar üzərindən tullanırdılar. Ruhlar keçmiş evlərinə “çatandan” sonra isə qonaqlıq başlayırdı. Ruhların əvəzindən xüsusi təlim görmüş insanlar evlərin bacalarından və ya qapılardan torba ataraq, yemək istəyirdilər (indi həmin funksiyanı uşaqlar yerinə yetirir). Ev sahibləri isə ən yaxşı yeməklərdən seçib, torbaya qoyurdular.

Novruz bayramını qeyd edən bəzi xalqlarda, xüsusilə də farslarda “həft sin süfrəsi” deyilən bir anlayış da vardır. “Həft sin” farsca “yeddi se”, yəni 7 “se” hərfi deməkdir. Bu 7 “se” anlayışının həqiqi mənası çoxdan unudulduğundan “həft sin süfrəsi”nə qoyulan və adları “s” hərfi ilə başlanan yeddi məmulatın səciyyəsi də indi formalist xarakter almışdır. Hər bir tədqiqatçı da onlara özünəməxsus rəmzlər verir. Həm də müxtəlif xalqlar süfrəyə öz dillərində “se” hərfi ilə başlayan məmulatlar qoyduğundan bu məmulatların çeşidi də fərqlənir. Əfqanıstanda isə buna “həft meyvə” deyilir və süfrəyə ya yeddi müxtəlif meyvə və ya onların qurusu qoyulur, ya da onların qarışığından düzəldilən qaynadılmış meyvə suyu gətirilir. Farslarda isə süfrəyə “7 sin” nemətləri kimi, əsasən, aşağıdakı məmulatlar əlavə edilir: alma (sib), səbzə (buğda, arpa və ya mərcimək cücərtisindən əmələ gələn yaşıl ot), sirkə, yabanı zeytun (senced), sikkə pul, səmənu (buğda cücərtisi şirəsinin un və şəkərlə qarışığından hazırlanan yemək; özbəklər buna “sumalak” deyirlər) və sarımsaq (sir). Bunlara aşağıdakı rəmzi mənalar verilir: alma gözəlliyin, səbzə yenidən canlanmanın, sirkə uzunömürlüyün və dözümlüyün, yabanı zeytun məhəbbətin, sikkə var-dövlətin, səmənu həyat enerjisinin, sarımsaq sağlamlığın rəmzi hesab edilir. Göründüyü kimi, farslar cücərmiş buğdalardan alınan şirədən hazırlanan halvaya “səmənu” deyirlər. Bizim başa düşdüyümüz mənadakı səmənini isə onlar “səbzə” adlandırırlar. İranda və Əfqanıstanda həmçinin qonaqların qarşısına qoyulan xonçaya bir-birinə qarışdırılmış halda qovurulmuş qovun və ya balqabaq toxumları, noxud, badam, qarğıdalı, yerfındığı, püstə və kişmiş yığılır və buna “acil” deyilir.

Bu deyilənlərdən də aydın görünür ki, “həft sin” anlayışına verilən mənalar xeyli dərəcədə formalist səciyyə daşıyır. Bizə görə “həft sin” anlayışı da yuxarıda göstərilən “yeddi müqəddəs ruh” (həft spentə) anlayışı ilə bağlı ola bilər. Görünür, islamın qəbulundan əvvəl süfrəyə onların şərəfinə və qoruduqları yeddi obyektlə (ünsürlə) bağlı olan əşyalar qoyulurmuş. İslamın qəbulundan sonra isə digər dinə mənsub ruhların (mələklərin) yad edilməsi qadağan edildiyindən “yeddi spentə” anlayışı “yeddi sin” anlayışı ilə əvəz edilmişdir. Əsrlər keçdikcə həmin spentələrə təşəkkür əlaməti olaraq süfrəyə qoyulan əşyalar unudulduğundan, onları “s” hərfi ilə başlayan yeddi məmulat əvəz etmişdir.

Bəzi İran tədqiqatçıları belə hesab edirlər ki, islamın qəbuluna qədər süfrəyə “şin” hərfi (“şe” hərfi) ilə başlayan yeddi əşya qoyulurmuş: şəkər, şərbət, şirni, şam, şanə (daraq), şir (süd) və şərab. Onların fikrincə müsəlmanlara şərab içmək qadağan olunduğuna görə sonradan “şin” hərfi “sin” hərfi ilə əvəz edilmişdir. Ancaq bu iddia da “şərab” sözünü bu siyahıya daxil etmək naminə irəli sürülmüş əsassız bir mülahizədir. “Həft sin” süfrəsi də Novruzdan əvvəl keçirilən çərşənbə mərasimləri kimi, 7 spentədən kömək istəmək və onlara təşəkkür etmək məqsədilə düzəldilən mərasim olmuşdur.

Zərdüştilik dininə sadiqliyini saxlamış bəzi kiçik dini qruplar isə (İranda, Hindistanda) süfrə üzərinə “Avesta” kitabını, ayna, şam, yanarkən xoş iy, ətirli tüstü verən bitkilərin yandırılması üçün soba, müxtəlif rənglərlə bəzədilmiş yumurtalar, içərisində su və xırda balıq olan şüşə qab və s. əşyalar qoyurlar. Novruz gecəsi balığın (bəzən də balıq əvəzinə qoyulan yarpağın) tərpənib, suyu ləpələndirməsi köhnə ilin təhvil olması, yeni ilin başlanğıcı hesab edilir.

Yuxarıda biz gördük ki, Ahura Məzda dünyanı yeddi obyektdən ibarət yaratmışdır ki, bunların da sonuncusu günəş, yəni od olmuşdur. Məhz günəşin istisi, hərarəti nəticəsində digər obyektlər də cana gələrək, canlı dünyanı təşkil etmişlər. Ona görə də Novruz canlı dünyanın ilk günü olmaqla yanaşı, həm də odun (günəşin) şərəfinə keçirilən bayramdır. Ancaq artıq qeyd edildiyi kimi, Ahura Məzda oddan əvvəl daha altı obyekt də yaratmışdır ki, onlar da Novruzdan əvvəl gələn çərşənbə günlərində qeyd edilir. Təbiidir ki, burada çoxları, xüsusilə də gənc nəslin nümayəndələri təəccüblənə bilərlər ki, axı biz Novruzdan əvvəl dörd çərşənbə mərasimi qeyd edirik. Təəssüflə deməliyik ki, bu, bizdə 1980-ci illərdə baş vermiş xoşagəlməz bir səhvin nəticəsidir. Həmin səhv isə belə baş vermişdir.

Məlumdur ki, Sovet hakimiyyəti dövründə Azərbaycanda Novruz yalnız ailə bayramı səviyyəsində keçirilirdi. Ancaq 1980-ci ilin ortalarından, yəni “yenidənqurma” siyasəti başlayandan sonra ölkədə siyasi ab-hava dəyişdi və bu bayramın rəsmi səviyyədə keçirilməsinə şərait yarandı. O zamana qədər el arasında çərşənbə mərasimləri həm adlarına görə, həm də say baxımından bir-birindən fərqlənirdi. Belə ki, bəzi rayonlarda beş, bəzilərində isə altı çərşənbə günü qeyd edilirdi. Ən çox “yalançı çərşənbə”, “əzəl çərşənbə”, “müjdəçi çərşənbə”, “gül çərşənbə”, “kül çərşənbə” və “ilaxır çərşənbəsi” adlarından istifadə edilirdi. Bayramın rəsmi səviyyədə keçirilməsi üçün çərşənbələri sistemləşdirmək və dəqiqləşdirmək zərurəti ortaya çıxdı. O zaman Novruzla bağlı olan qədim mənbələrin Azərbaycanda öyrənilməməsi səbəbi üzündən bizim araşdırıcılar mexaniki surətdə farsların çərşənbə günlərini götürmüşlər. Farslarda qeyd edilən dörd çərşənbə günü və dörd ünsür isə (torpaq, yel, su, od) zərdüştiliyə yox, farslarda hələ Novruzdan əvvəl də mövcud olmuş qədim Mitra dininə mənsub olmuşdur. Çünki farslar düşmənləri saydıqları saklar arasında yaranmış zərdüştiliyi yalnız Sasanilər dövründə, daha dəqiq desək, VI əsrdə (İranda yayılmaqda olan xristian dini ilə mübarizə vasitəsi kimi) rəsmi din kimi qəbul etməyə məcbur olmuşlar (bu barədə ətraflı bax: K.Hüseynoğlu. Novruz, yoxsa Mitra bayramı? “Kredo” qəzeti, 9 oktyabr və 16 oktyabr 2015). Azərbaycanda isə bu bayram hələ Zərdüştün zamanından, yəni e.ə. VI əsrdən maqlar tərəfindən rəsmi olaraq qeyd edilirdi və Azərbaycan zərdüştiliyin mərkəzi sayılırdı. Sasanilər VI əsrdə zərdüştiliyi qəbul edərkən özlərinin qədim Mitra bayramını da Novruza qarışdırmış və o cümlədən yaranış barədə oradakı Mitra dininə mənsub dörd ünsürü də (su, yel, torpaq, od) Novruza daxil etmişlər. Halbuki yuxarıda biz gördük ki, zərdüştilik təlimində dünya yeddi ünsürdən ibarətdir və bizim əcdadlarımız da 2500 il ərzində öz bayramlarında məhz onları qeyd etmişlər. Onların xalq arasında qarışıq halda işlədilən adlarını isə 1980-ci illərdə belə dəqiqləşdirmək lazım idi: səma çərşənbəsi, su çərşənbəsi, torpaq çərşənbəsi, gül çərşənbəsi (bitki ünsürünü bildirir), kəl çərşənbəsi (heyvanları bildirir) və ilaxır çərşənbəsi (insanın yaranışını və ruhları ehtiva edir). “Od” ünsürü isə zərdüştilikdə Novruz günü qeyd edilir. Ümumiyyətlə, hal-hazırda Novruz bayramı otuzdan çox xalq tərəfindən qeyd edilsə də, onun ənənələri ən güclü və düzgün şəkildə məhz Azərbaycanda yaşamaqdadır. Buna nümunə kimi bizim Novruz mərasimlərinin başlıca atributlarından olan “Kosa-kosa” tamaşasını göstərmək olar. Bu tamaşa yalnız Azərbaycan Novruzuna mənsubdur. Onun indi göstərilən variantında Kosa ilə Keçəl sanki zarafatlaşırlar. Ancaq tamaşanın qədim formasında onlar bir-biri ilə mübarizə aparırdılar. Tamaşanın Cənubi Azərbaycanda mövcud olan variantlarından birində qara paltar geyinmiş Keçəl qışın, qaranlığın, şər qüvvələrin simvoludur. Keçi dərisindən kürk geyinmiş Kosa isə yayı, istini, bərəkəti və işıqlı qüvvələri təmsil edir. Əlində qara bayraq fırladan Keçəl müxtəlif qorxunc hərəkətlər edərək sanki uçur. Bununla da o, dünyada öz hökmranlığını göstərmək istəyir. Soyuqdan donan Kosa isə ətrafdakı odun parçalarını bir yerə toplayaraq, tonqal qalamaq istəyir. Keçəl hər vəchlə ona mane olmağa çalışır. Ancaq, nəhayət, Kosa tonqalı alovlandıra bilir. Şər qüvvələr işıqdan, oddan qorxduqlarına görə Keçəl qaçıb yaxınlıqdakı divarın arxasında gizlənir. Kosa gedib onu vurub “öldürür” və əlindəki qara bayrağı da alıb tonqalın üstünə ataraq yandırır. Ətrafdakı insanlar da tonqalın başına toplanaraq, isinməyə və şənlənməyə başlayırlar.

Bu tamaşa qədim zamanlar Novruz axşamı keçirilirdi. Novruzun səhəri günü isə möbidlər (kahinlər) artıq şər qüvvələrin qovulmasını və buna görə də ruhların qayıdıb getməsini elan edirdilər. Bundan sonra camaat daha sərbəst və rahat şəkildə bayram şənliklərini davam etdirir, bir-birlərinə hədiyyələr aparır, təbrik edirdilər. Müxtəlif idman yarışları (kəndirbazlıq, çovqan oyunu, at çapmaq, ox atmaq) və digər oyunlar (yumurta döyüşdürmək, təlxək oyunları, xoruz döyüşü və s.) keçirilirdi. Mahnı, musiqi və rəqs də Novruz mərasimlərində mühüm yer tuturdu.

Novruza xüsusi rövnəq verən amillərdən biri, bəlkə də başlıcası onun baharın gəlişi, gecə-gündüz bərabərliyi günündə qeyd edilməsidir. Bu baxımdan Novruz təkcə insanların deyil, bütün təbiətin, daha dəqiq desək, yerin şimal yarımkürəsindəki bütün canlıların bayramıdır: 20 və ya 21 martda günəş ekvator xəttini keçərək cənub yarımkürəsindən şimal yarımkürəsinə qədəm qoyur. Bu zaman şimal yarımkürəsində bahar, cənub yarımkürəsində isə payız fəsli başlanır. Novruz həm də elmdə qəbul edilmiş tropik ilin başlanğıcı ilə üst-üstə düşür. Tropik il təqribən 365, 2422 günəş sutkası, Qriqorian təqvimi isə 365, 2425 günəş sutkası təşkil etdiyindən gecə-gündüz bərabərliyi, yəni Novruzun dəqiq gəlişi sutkanın müxtəlif vaxtlarına düşür. Bu zaman yaranan fərq hər il toplanaraq, nəhayət, gün (sutka) fərqinə də gətirib çıxarır. Belə ki, XXI əsrdə Novruzun 21 mart tarixinə düşən sonuncu gəlişi 2007-ci ildə olmuşdur. Bundan sonra isə XXI əsrdə yaz gecə-gündüz bərabərliyi 20 mart və 19 mart tarixlərinə düşəcəkdir.

BMT və YUNESKO tərəfindən beynəlxalq bayram elan edilmiş Novruz hal-hazırda dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda, Əfqanıstanda, İranda, Albaniyada, Bosniya və Herseqovinada, Hindistanda, Qazaxıstanda, Özbəkistanda, Tacikistanda, Türkmənistanda, Çində (uyğurlar), Monqolustanda, Pakistanda, Tatarıstanda, Başqırdıstanda, Dağıstanda, Gürcüstanda (azərbaycanlılar), Türkiyədə, İraqda (kürdlər) və b. ölkələrdə 400 milyona yaxın insan tərəfindən bayram edilir. Ancaq bir çox orta əsr mənbələrində də deyildiyi kimi, Novruz ənənələri tarix boyu daha geniş və təmtəraqlı şəkildə məhz Azərbaycanda keçirilmişdir. Novruzun Azərbaycanda 2500 illik tarixi vardır. Zərdüştün ən yaxın silahdaşlarından olan Camaspa (Cəmşid) hələ o zaman Azərbaycana gələrək, burada zərdüştiliyin maqlar tərəfindən qəbul edilməsinə nail olmuşdur. Ona görə də Novruz ənənələri azərbaycanlıların dünyagörüşü və ümumbəşəri dəyərləri ilə sıx bağlıdır. Bu səbəbdən də Novruzu öz əcdadlarımızın adət-ənənələrinə uyğun surətdə və şən keçirmək hər bir azərbaycanlının borcudur. Novruz ənənələrinə əsasən, yeni ilin ilk günü (Zərdüştilik təqvimi ilə 1 fərvərdin), yəni Novruz bayramı nə qədər şən və təmtəraqlı keçirilərsə, həmin il də o qədər bərəkətli olacaq və xoş keçəcəkdir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az