t s

» » Özünün və oğlunun adı dələduzluqda hallanan deputat: “Uşaqlar, bəlkə bəsdi?”

Özünün və oğlunun adı dələduzluqda hallanan deputat: “Uşaqlar, bəlkə bəsdi?”

18-02-2016, 19:46 Yazar:  Günel Baxılıb: 338 Çap et
Özünün və oğlunun adı dələduzluqda hallanan deputat: “Uşaqlar, bəlkə bəsdi?”Elmira Axundova haqqında səslənən iddialara cavab verdi: “Fərman Məmmədovun yazdıqları ağ yalandır!”


Xeyli müddətdir ki, mətbuatda deputat Elmira Axundovanın və oğlu Həbib Axundovun adları dələduzluqda, fırıldaqçılıqda, ayrı-ayrı vətəndaşları aldadaraq onların pullarını, əmlaklarını mənimsəməkdə hallanır.

Elmira Axundovanın Fərman Məmmədov ad-soyadlı bir nəfərlə aralarında yaranmış pul və əmlak mübahisəsi haqda “Yeni Müsavat”da da məqalələr dərc olunub. Ana və oğul Axundovların fırıldağı ilə üzləşdiklərini iddia edən bu insanlar öz şikayətlərini redaksiyamıza ünvanlayıb, biz də onların dedikləri əsasında məqalələr hazırlamışıq. Bu məqalələrlə bağlı qarşı tərəfin də mövqeyini zaman-zaman dərc etmişik.

E.Axundova barələrində yazılanlara geniş cavab məqaləsi hazırlayaraq bir neçə redaksiyaya yollayıb. O, həmin cavab məktubunu elektron poçtla “Yeni Müsavat”a da göndərib. Məktubu qısa ixtisarla dərc edirik:

“Əvvəla, bu, fərmangilin cənab prezidentə birinci müraciətləri deyil. Həmin şəxslər ən azı 6-7 dənə belə müraciət ünvanlayıblar. Özləri də etiraf edirlər ki, onların müraciətlərinə heç bir reaksiya yoxdur. Ola da bilməz. Çünki bu cür məsələlər KİV və ya prezident vasitəsilə həll edilmir. Biz hüquqi dövlətdə yaşayırıq, əgər bu şəxslərin mənə qarşı iddiaları varsa, onlar məhkəməyə və ya digər hüquq mühafizə orqanlarına müraciət etməlidirlər. Yeri gəlmişkən, mən artıq bu cür etmişəm, şərəf və ləyaqətimin qorunması üzrə iddianı qazanmışam”.

Deputat yazısında iddia edir ki, Fərman Məmmədov bu kampaniyada əsas ilhamverici qüvvədir, qalanları isə onun çaldığı havanı oynayırlar: “Oğlum Fərmana qarşı bu çirkin kampaniyaya görə Binəqədi rayon məhkəməsində iddia qaldırıb. Qoy Fərman və onun əlaltıları orada vuruşsunlar, dediklərini sübut etsinlər. KİV-ləri bu işlərə nə üçün qatırlar? Deməli, məqsəd nəyisə sübut etmək yox, ancaq bizi ləkələməkdir. Bilirsiniz, bu dəstənin hərəkətləri məntiqsizdir: əvvəl özləri mətbuatda yazırlar ki, müraciətlərinə baxan yoxdur, lakin istintaq orqanları onları çağıranda, ya da biz məhkəməyə müraciət edəndə yenə şivən qopardırlar: vay, bizi ora-bura çağırırlar, bizə təzyiq edirlər. Əvvəla, heç kim onlara təzyiq etmir, əksinə, onlar məhkəməyə və istintaqın gedişatına mane olurlar. Bu işi aparan müstəntiqlər barədə hər yerə şikayətlər yazırlar. Fərmanın istəyi odur ki, istintaq faktlara və şahidlərə yox, onun dediyinə arxalansın”.

E.Axundova yazır ki, uzun müddət Fərman Məmmədova və onun “dostlarına” cavab vermək istəməyib: “Əvvəla mənim oğlum bir neçə dəfə KİV-də bununla əlaqədar çıxış etmişdi, onların səviyyəsinə enmək və eyni məsələni on dəfə çeynəmək nəyə lazımdır? Məsələ orasındadır ki, Fərmanın ailəsi mətbuatda apardıqları bir sıra hay-küylü kampaniyalar, həmçinin əfqan döyüşçüləri ilə məhkəmə çəkişmələri üzrə məşhurdur. Buna görə də mən onların əsassız məktub və ərizələrinə cavab verməmək qərarına gəlmişdim. Amma bəzi sayt və qəzetlər Fərmanın dəstəsini aktiv şəkildə təbliğ edirlər, siz də dəfələrlə fərmangilin müxtəlif qurumlara olan eyni xarakterli müraciətlərini dərc etmisiniz. Sonuncu dəfə Azadlıq.info saytında iddia olundu ki, guya mən ittihamlara cavab verməkdən yayınıram. Mən və oğlum bir neçə dəfə ittihamlara cavab vermişik, amma artıq yorulmuşuq. Bu cavabı da o şərtlə verirəm ki, siz mənim məktubumu və təqdim etdiyim sənədləri tam şəkildə dərc edəcəksiniz”.

Deputat məqaləsində iddia edir ki, ona qarşı şikayətçi olan şəxslərdən heç birini, Fərman Məmmədov istisna olmaqla tanımır: “Ziya Vəliyev, Elnur Vəliyev, Sabir Ağayev və başqaları pullarını Elnur İbrahimova veriblər. Bu, onların Bakı şəhər Baş Polis İdarəsinə verdikləri izahatlarda da öz əksini tapıb. Onlar ərizələrində qeyd ediblər ki, Həbib Axundova qarşı onların heç bir iddiaları yoxdur. Heç kəs onlara təzyiq də etməyib, bu insanlar Elnur İbrahimovu tapmaq və axtarış elan etməklə bağlı özləri Bakı şəhər Baş Polis İdarəsinə müraciət ediblər və bunları öz ərizələrində qeyd ediblər. Amma bu hadisədən iki il yarım keçdikdən sonra onlar nədənsə öz müraciətlərində iddia etməyə başladılar ki, pulları şəxsən mənim oğluma, hətta mənim özümə veriblər. Belə də yalan olar?!”.

Deputatın fikrincə bütün bu işlərin arxasında dayanan Fərman Məmmədovdur: “Fərman onları müxtəlif şirnikləndirici vədlər və maddi ödəmələrlə yanında saxlayır. Bəzi saytlarda dərc edilən sonuncu müraciətin altında adama elə gəlir ki, çox insanın adı və imzası var, amma diqqətlə baxanda görürsən ki, onlar hamısı Ziya Vəliyev, Elvin Vəliyev və Sabir Ağayevin qohum-əqrəbasıdır. Nə mən, nə də ki oğlum onları tanımırıq və gözümüzlə də görməmişik”.

Deputat daha sonra yazır: “Fərman öz çirkin kampaniyasında hər vasitədən istifadə edir, məsələn, o, öz müraciətlərində bəzi şəxslərin imzalarını saxtalaşdırır, onları aldadır. Onlardan biri - Şahin Məhərrəmov – artıq bununla bağlı Prezidentə müraciət edib. Biz də artıq bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmişik və ümid edirik ki, onlar Fərmanın əməllərinə hüquqi qiymət verəcəklər. Şahin Məhərrəmovun ərizəsini sizə təqdim edirik”.

“Yeni Müsavat”ın xüsusi qeydi: “E.Axundovanın adını çəkdiyi Şahin Məhərrəmov redaksiyamıza müraciət edərək bildirib ki, Axundovların mətbuatda onun adından yaydıqları ərizə tam saxtadır. Ş.Məhərrəmov bununla bağlı redaksiyamıza müraciət edib və geniş müsahibə verib. Ş.Məhərrəmovun müsahibəsilə saytımızın bir başqa bölümündə tanış ola bilərsiniz.


E.Axundova yazır ki, F.Məmmədov 50 yaşını keçib, amma heç bir yerdə işləmir, indiyə qədər ailə qurmayıb, bir uşaq da dünyaya gətirməyib: “Onun bir vaxtlar əfqan-döyüşçülərinə, indi isə təkcə onun özünə məxsus olan əmlakın icarəsindən gələn pul hesabına yaşayır. Bunlar böyük pullardır, hələ 10 il əvvəl özü mənə deyirdi ki, “İtal Dizayn” şirkətindən 13 min dollar aylıq icarə haqqı alır. Bəlkə bu məbləğ indi daha çoxdur, əks halda o, on minlərlə manatı havaya səpələməzdi. Nərimanov heykəlinin arxasında prestij “novostroykada” təm-təraqlı mənzili var (əfqan veteranlarından çəkindiyi üçün bütün mülkünü, mənzillərini subay bacısı Zeynəbin adına keçirib). Buna baxmayaraq, Fərman bacısıyla “20-ci sahə deyilən” kasıb məhəllədə yaşayırlar, yəni, “baxın, biz də kasıbıq” (məgər kasıb hər il İsveçrəyə gedər və orada aylarla yaşayar?)”.

E.Axundova cavab məktubunda daha sonra yazır ki, Fərman öz şəxsi həyatını qurmaq, firavan yaşamaq əvəzinə, onun (E.Axundovanın-red.) haqqında şikayət və böhtan yazmaqla məşğuldur: “Fərmanın mənəvi prinsipləri nə qədər korlanıb ki, 2013-cü ildə mənimlə etdiyi telefon danışıqlarını diktofona yazıb. Mənə zəng edirdi, mənə “böyük bacı” və “ağsaqqall” deyirdi, eyni anda da bizim danışığımızı diktofona yazırmış. İndi isə bu səs yazılarını mənim deputat həmkarlarıma göndərir, halbuki, səs yazısı onun öz əleyhinədir”.

“Fərmanla mən uzun illər duz-çörək kəsmişəm, o yüz dəfələrlə evimizdə olub, mərhum həyat yoldaşımı “əmi” adlandırıb. Təsəvvür edirsiz, həyat yoldaşımın vəfatından sonra o, 40 gün gözləmədi. Onun vəfatından cəmi 2 həftə sonra Fərman növbəti dəfə bütün deputatlara mənim haqqımda daha ağır ittihamlar yolladı. Belə insana müsəlman demək olarmı?!” – deyə deputat yazır.

E.Axundova iddia edir ki, həmin şəxslər öz tələblərinə nail olmaq üçün ən çirkin üsullara əl atmaqdan belə çəkinmirlər: “Fotolarımı müxtəlif qəzet və saytlarda müxtəlif başlıqlar altında yerləşdirərək məni təhqir edirlər, məni və oğlumu izləyirlər, gizli üsulla fotoşəkillərimizi çəkirlər, qeyri-qanuni yolla yazdıqları telefon danışıqlarımızı diskə yazırlar, sonradan montaj edərək şantaj aləti kimi onlardan istifadə edirlər”.

“Beləliklə də mənim Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunlarında təsbit edilmiş hüquqlarımı kobud surətdə pozurlar” – deyə o, yazır.

E.Axundova məqaləsində bildirir: “Konstitusiyanın ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARI VƏ AZADLIQLARI-na dair III Fəslinin Şəxsi Toxunulmazlıq hüququna aid 32-ci maddəsində təsbit edilmişdir:

I. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.

II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatını qanunsuz müdaxilələrdən müdafiə etmək hüququ vardır.

III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

IV. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir.

Bundan əlavə, “Milli Məclis deputatının statusu haqqında” qanunun 12-ci maddəsinə əsasən deputatların toxunlmazlığı onların mənzillərinə, xidməti otaqlarına, nəqliyyat və rabitə vasitələrinə, poçt-teleqraf yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də şamil edilir.
Göründüyü kimi, Fərman və onun dəstəsi qanuna zidd, antikonstitusion əməllər edir. İndi sizdən soruşuram: kimin hüquqları pozulur, Fərmanın ya mənim?

Hal-hazırda bunlar taktikanı dəyişiblər. Əgər birinci şikayətlərdə Fərman oğlum barədə yazırdısa, 11 yanvar 2016-cı il tarixində prezident və deputatlara ünvanladığı şikayətdə o və onun “dostları” yazırlar ki, mən, parlamentin deputatı maliyyə piramidasının təşkilatçısıyam. Guya ki, mən əvvəlcədən bu işi qurmuşam və onların pulunu mənimsəmişəm. Daha sonra Elnur İbrahimovun ölkədən qaçmasını təşkil etmişəm. İndi isə istintaqa təsir edirəm və Elnur İbrahimovun beynəlxalq axtarışa verilməsinə mane oluram (yeri gəlmişkən, Elnur İbrahimov artıq çoxdan beynəlxalq axtarışdadır, bununla bağlı bizdə kağız var və onun şəkli polis bölməsinin qarşısında asılıb).

Siz bu cəfəngiyatı təsəvvür edirsiz? Hətta əgər bu iddiaların yarısı belə doğrudursa, onda məni həbsə almaq lazımdır, yaxud da mənim barəmdə bu cür cəfəngiyat və açıq yalanı yayan şəxsləri. Ona görə mən də sizin saytınız vasitəsilə hüquq mühafizə orqanlarına müraciət edirəm: bu dəstənin əməllərinə hüquqi qiymət verilsin, mənəvi terrora və açıq reketçiliyə son qoyulsun, “Milli Məclis deputatının statusu haqqında” qanunun 12-ci maddəsinə əsasən hüquqlarım qorunsun!

Təəssüf ki, mətbuat bütün bu detallara diqqət yetirmək istəmir. Fərman və onun “dostlarından” kimsə soruşmur: uşaqlar, bəlkə bəsdi? Bəlkə eyni şeyləri onlarca dəfə yazmağı dayandırıb məhkəməyə müraciət etməyin vaxtıdır? Amma heç kim bunu demir, çünki bu cür qalmaqallar mətbuata lazımdır”.

Deputat yazdığı məqalədə onu da qeyd edir ki, Fərmanı müdafiə (?-red.) edən bir sıra qəzetlər özünün, oğlunun xeyrinə olan yazıları dərc etməkdən imtina ediblər (“Yeni Müsavat” olaraq bildiririk ki, dəfələrlə qarşı tərəf olaraq Axundovların mövqeyini dərc etmişik. Hətta onun oğlu Həbib Axundov bir neçə ay öncə redaksiyamızda olub. Ondan müsahibə verməsini xahiş etsək də müxtəlif bəhanələrlə bundan yayınıb. Ona görə də deputatın bu ittihamını qəbuledilməz sayırıq). Ya da sadəcə öz elektron versiyalarında cavabımızı yerləşdiriblər və sonra tez siliblər. Fərmanın yazıları isə günlərlə ön planda durur, qəzet səhifəsində ən önəmli yerdə yerləşdirilir. İndi siz kimsə mənə desə ki, bu qəzet və saytlar Fərmanın müraciətlərini pulsuz-parasız çap edirlər, mən inanmaram. Tanış jurnalistlər mənə deyiblər ki, bir populyar qəzetə Fərman 5 mindən on minədək pul ödəyir. Hər dəfə!

Redaksiyanın qeydi: Elmira xanımdan xahiş edirik ki, söhbətin hansı qəzetdən, jurnalistdən getdiyini açıqlasın. Əlində fakt varsa, redaksiyamıza təqdim etsin, onun bu informasiyasını dərc etməyə hazırıq!

Deputat daha sonra yazır ki, onun barəsində dərc edilən yazılara fikir vermir: “Onların daha nələr uyduracaqları mənim üçün tamamilə əhəmiyyətsizdir. Buna görə də hər dəfə mətbuatda onlara cavab vermirəm. Bu bədbəxt insanlar başa düşmürlər ki, qadına qarşı, cəmiyyətdə hörməti olan şəxsə qarşı bu cür yazılarla onlar əslində özlərini biabır edirlər.
Mənə heç bir ləkə yapışmayacaq, çünki məni və mənim Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətlərimi hamı yaxşı xatırlayır. Mən erməni terroru haqqında məqalə və kitablar yazanda, Zori Balayanla mübarizə aparanda (buna görə prezident məni 49 yaşımda “Şöhrət” ordeni ilə təltif etdi), siyasi romanlar, həmçinin ümummilli lider barədə 6 cildlik bioqrafik romanlar yazanda Fərman Məmmədov ona məxsus olmayan mülklərin özəlləşdirilməsi ilə məşğul idi. Siz keçmiş əfqan döyüşçülərinin Ədliyyə Naziri cənab Fikrət Məmmədova ünvanladıqları müraciəti oxuyun! Müraciət bir neçə gün əvvəl müxtəlif saytlarda yer aldı nə “Azadlıq”, nə də “Yeni Müsavat” onu çap eləmədi, halbuki qarşı tərəfin bütün müraciətlərini həvəslə çap edirsiniz.

Redaksiyadan növbəti qeyd: Deputat Elmira Axundovanın diqqətinə çatdırırıq ki, haqqında bəhs etdiyi müraciətlər “Yeni Müsavat”ın redaksiyasına daxil olmayıb. Olsaydı, məmnuniyyətlə dərc edərdik.

Orada hər şey dəqiqliklə deyilir. Buna görə də sifarişli məqalələr təşkil etməzdən, məni nədəsə ittiham etməzdən əvvəl qoy Fərman bəzi suallara cavab versin: onun özündə bu qədər mülk hardandı, nə üçün “Ədalət” birliyinə məxsus maşınlar birdən-birə onun mülkiyyəti oldu, Zərifə Əliyeva küçəsində yerləşən və ən brend brilyantların satıldığı mağazanı saxlamaq üçün onun bu qədər pulu hardandır? Və onun arxasında kim dayanıb? Kim bu kampaniyanı təşkil edib?

Sizin qəzetiniz jurnalist araşdırması ilə məşğuldur. O zaman buyurun, keçmiş prezident Ayaz Mütəllibovdan soruşun: “Necə və hansı şəraitdə o, 1991-ci ildə daş karxanaları, ofislər, maşınlar, torpaq sahələrini “Ədalət” ictimai birliyinə verdi? Və nə üçün bütün bunlar 1999-cu ildə Fərman Məmmədovun şəxsi mülkiyyətinə çevrildi? Və o, Fərman Məmmədovun bütün bu mülklərə təkbaşına sahiblik etməsinə, bu cür böyük məbləğləri heç bir təsdiqedici sənədlər olmadan faizə verməsinə, öz ofisində bahalı brilyant məmulatlar mağazası saxlamasına, bunun qarşılığında isə əfqan veteranlarının təkcə pensiya ilə yaşamasına necə baxır?”

Əgər Fərman belə ədalətlidirsə, nə üçün hər ay icarədən əldə etdiyi 20 min dollardan imkansız əfqan veteranlarına pul ayırmaq əvəzinə şikayət və böhtan yazmaqla məşğuldur? Mən onun haqqında çox şey bilirəm: kimin vasitəsilə iş qurur, hansı qüvvələrlə xaricdə (məsələn, Rusiyada) dostluq edir, hansı qeyri-qanuni üsullarla mənim haqqımda məlumatlar yığır və s. Sadəcə onun səviyyəsində deyiləm ki, bu xoşagəlməz məlumatları ictimailəşdirim. Amma lazım gəlsə, məhkəmədə təqdim edə bilərəm.

Və nəhayət, əsas məsələ odur ki, mənim oğlum bu iş üzrə zərərçəkən qismində tanınıb (bununla bağlı sənəd sizə təqdim edilir), Ziya, Elvin, Sabir və başqaları eynilə. Zərərçəkən zərərçəkəndən necə pul tələb edə bilər?! İkincisi, oğlumun təşəbbüsü ilə Bakı şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, yenə vurğulayıram, oğlumun təşəbbüsü ilə, Fərmanın yox! Mənim oğlum polisə gedib şikayət yazmağı Fərmana təklif edəndə o, bərk qorxmuşdu. Xahiş edirdi ki, onun və dostu Nazirin adı heç bir yerdə çəkilməsin. Mirzəyev Nazir İsat oğlu AZİ-də dərs deyir. Fərman qorxurdu ki, istintaqın bu “yazıq” müəllimə qarşı sualları ortaya çıxacaq ki, 300 və ya 400 min pulu o, hardan əldə edib. İndiyə qədər yalnız Fərman hüquq-mühafizə orqanlarına ərizə verməyib, o, zərərçəkən kimi tanınmasını istəmir.

Mənim əmlakıma, mənzil və ofisimə gəldikdə isə əmin ola bilərsiniz: hamısı qanuni yolla əldə edilib, hamısının sənədi var. Lazım gəlsə, mən bunu məhkəmədə və ya istintaqda sübut edə bilərəm. Fərman və əlaltıları kimdir ki, onlara hesabat verəm?

Mən heç bir zaman bizneslə məşğul olmamışam, heç VÖEN-im də yoxdur. Lakin həmişə öz məqalələrimə görə böyük qonorarlar almışam, deputat olana qədər uğurlu bir jurnalın baş redaktoru olmuşam, məvəffəqiyyətlə reklamla məşğul olmuşam. Hal-hazırda kitablarım ölkəmizdə və xaricdə uğurla satılır. Oğlum artıq 12 ildir ki, sahibkarlıqla məşğuldur, onun güclü şərikləri var ki, layihələrinə öz vəsaitlərini qoyurlar. Buna görə başqa adamın pullarına ehtiyacımız yoxdur. Oğlumun rəhbərlik etdiyi firma hər ay dövlət büdcəsinə on minlərlə manat vergi ödəyir, orada yüzlərlə insan çalışır, hansılar üçün ki, iş yerləri yaradılıb və yeni iş yerləri yaradılmaqdadır. Oğlumu tanıyanlardan soruşun, onlar dediklərimi təsdiq edərlər. Bəs Fərman Məmmədov kimə yardım edib? O öz əfqan həmkarlarından kiməsə yardım edibmi, çətin anlarında dəstək olubmu? Əfqan döyüşçülərinin məktubuna baxsaq, yox, əksinə Fərman qanunsuz yolla onların əmlakını mənimsəyib və heç bir yerdə işləmədiyi halda vicdanlı insanlara qarşı qara piar kampaniyasına külli miqdarda pul xərcləyir.

Ona görə mən bu şəxslərə məsləhət görürəm: mətbuatda şikayət yazmaqdan əl çəkin, deputatlara məktublar göndərməyi dayandırın, artıq onlar sizə gülürlər. Hər hansı sübutunuz varsa, məhkəməyə gedin. Əks halda, mənə və ailəmə qarşı bu çirkli və yalan kampaniya davam edərsə, mən sizi məhkəməyə vermək məcburiyyətində qalacağam. Və iş “şərəf və ləyaqətin” qorunması ilə bağlı olmayacaq. Maddələr cinayət xarakterli olacaq. Həmin şəxslər buna tam şəkildə layiqdirlər”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az