t s

» » Psixoloq işləyən riyaziyyat müəllimi və ya özümüzü niyə öldürürük? - ARAŞDIRMA

Psixoloq işləyən riyaziyyat müəllimi və ya özümüzü niyə öldürürük? - ARAŞDIRMA

10-02-2016, 17:23 Yazar:  Anar Baxılıb: 194 Çap et
Psixoloq işləyən riyaziyyat müəllimi və ya özümüzü niyə öldürürük? - ARAŞDIRMACəmiyyətimizin psixoloji mənzərəsi nədir, nazirliklər hansı işləri görür?

Son günlərdə ölkədə intiharlarla bağlı statistikada yenə artım nəzərə çarpır. Az qala elə gün olmur ki, kimsə özünü öldürməsin. İntihara əl atan şəxslərin yaş həddinə baxdıqda, mənzərənin təhlükəli olduğu görünür. 20-li yaşlarında, hətta əksər hallarda məktəb yaşında uşaqlar özlərini öldürür.

İntihar edən şəxsləri buna aparan səbəblər müxtəlifdir. Ancaq o “səbəblər” intihar edən şəxsin ölümündən sonra da aradan qalxmır. Yəni intihar problemlərdən çıxış yolu olmur, bəzən hətta onu böyüdür. Bəs, cəmiyyətimizdə bu qədər intihara meylliliyin səbəbləri nədir? Gənc insanların öz həyatlarını sonlandırması niyə bu qədər asanlaşıb? Məktəblərdə, universitetlərdə uşaqlar və gənclər arasında psixoloji maarifləndirmə aparılırmı? Onların psixoloji vəziyyəti ilə Təhsil və ya Səhiyyə Nazirlikləri, valideynlər necə maraqlanır? Hansı işləri görürlər? Cəmiyyətimizin psixoloji mənzərəsi nədir, intihar qərarı verən insanların ruhi vəziyyəti necə olur? Lent.az-ın bu araşdırmasında bu və digər suallara cavab almağa çalışmışıq.

“Məktəblərdə riyaziyyat müəllimi psixoloq işləyir”
“Elə məktəblər var ki, orada riyaziyyat, coğrafiya müəllimi psixoloq işləyir. İndi əsas problem təhsil müəssisələrində çalışan psixoloqların ancaq məktəb psixologiyasından məlumatlı olmasıdır. Onlar klinik psixologiyanı bitirmədən psixoloq kimi çalışırlar”.
Bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Fuad İsmayılov deyir.
Gənclər arasında kütləvi hal almış intihar hadisələrinin 4 amillə bağlı olduğunu bildirən F. İsmayılovun deyir ki, gənclik dövrü ən məsuliyyətli dövrdür, buna görə gənclər müxtəlif istiqamətdə problemlər yaşayırlar: “Onların təhsillə, şəxsi həyatla bağlı problemləri ola bilər, gələcək həyatları ilə bağlı qərar verməkdə çətinliklər yaşaya bilərlər. Üstəlik, əksərən gənclərin həyat təcrübələri o qədər də zəngin olmur. Onlardan çox şey tələb olunur, ancaq həyat bacarıqları bunları etməyə imkan vermir. Gənclər həyata çox emosional yanaşır. 30 yaşdan yuxarı insanlar daha çox ağılla yaşayır, onlarda emosiyalar ikinci dərəcəli yer tutur. Gənclərdə isə fərqlidir. Hazırda Azərbaycanda 18-35 yaş arası intihar edənlər hardasa 60% təşkil edir”.
F. İsmayılovun fikrincə, məktəblərdə əsl psixoloq fəaliyyəti göstərmək üçün həmin şəxs həm bakalavr, səviyyəsində psixoloji təhsil almalı, həm də əlavə olaraq 2 il klinik psixologiya üzrə magistratura səviyyəsini bitirməlidir: “Hər il demək olar ki, ayrı-ayrı universitetlərdən 150-200 nəfər psixoloq çıxır, ancaq bu, o demək deyil ki, onların hamısı psixoloq işləyə bilər. Məndə olan məlumata görə, hazırda Bakı Dövlət Universiteti və Xəzər Universitetində klinik psixologiya üzrə proqram keçirilir.

BDU-da artıq 6 ildir bununla bağlı magistratura proqramı fəaliyyət göstərir. Hər il bu proqram üzrə təxminən 5-6 klinik psixoloq universiteti bitirir. Xəzər Universitetində isə artıq üç ildir bu proqram keçirilir”.

Professorun sözlərinə görə, indi məktəblərdə çalışan psixoloqlar ancaq təhsil psixologiyasını, uşaqda motivasiyanı necə yaratmağı, oxumağı təkmilləşdirmək qaydalarını və s. bu kimi təhsillə bağlı yönləri bilir, ancaq onlar uşaqdakı depressiv halları duymurlar: “Çünki onlar klinik psixologiyanı bilmirlər və depressiya, təşvişli pozuntular, stress pozuntusu nədir, bunlardan məlumatsızdırlar”.

Bu problemin həlli üçün ilk olaraq məktəb psixoloqları üçün təlimlərin keçirilməsini vacib sayan F. İsmayılov bildirib ki, bunun üçün Təhsil Nazirliyi tərəfindən təşəbbüs göstərilməlidir, Səhiyyə Nazirliyinə müraciət etməlidirlər ki, bu nazirlik də səhiyyə mütəxəssisləri tərəfindən həmin təlimləri təşkil etsin: “Məktəb psixoloqları üçün də təlim keçməyə bütün materiallar var, hazırıq, bircə Təhsil Nazirliyinin müraciəti lazımdır. Səhiyyə Nazirliyi intihar problemi ilə çox məşğul olur və bu işə çox ciddi yanaşır. Elə ötən il ərzində bütün poliklinikalarda həkimlər üçün intiharlarla bağlı treyninq keçirilib, onlara intihara meylli xəstələri aşkar etməyin yolları öyrədilib.

Bütün psixiatrlara “İntihara meylli xəstə ilə necə rəftar etmək lazımdır?”, “Müalicəsi necə olmalıdır?” mövzularda təlimlər keçirilib. Bundan başqa, insanların yaşadığı daxili “böhran”a müdaxilə üçün psixoloji üsullar öyrədilib. İndi də İsveçrənin Karolinska Universitetinin intihar üçün profilaktik tədbirlər proqramı var ki, biz də ondan yararlanıb Azərbaycanda istifadə etmək üçün çalışırıq”.

Nazirlik rəsmisi onu da bildirir ki, ötən il hər bir xəstəxanada təcrübəli klinik psixoloqların çalışması üçün əmr imzalanıb.

Təhsil Nazirliyindən isə bildirilib ki, məktəbyaşlı uşaqların mənəvi-psixoloji tərbiyəsinin təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı yerli təhsili idarəetmə orqanlarına nazirlik tərəfindən təlimati məktub göndərilib: “Məktubda təhsilalanların həyatında hər hansı bir arzuolunmaz hadisənin qarşısının alınması üçün “məktəb-valideyn” əlaqələrinin pedaqoji əməkdaşlıq əsasında qurulması, ailələrdə mövcud olan sosial-psixoloji mühitin öyrənilməsi və zəruri hallarda valideynlərə pedaqoji yardım edilməsi, habelə şagirdlərdə həyata nikbin baxış, iradi möhkəmlik, ruh yüksəkliyi aşılayan, xüsusilə də onların ümumbəşəri dini-əxlaqi dəyərlər zəminində, görkəmli şəxsiyyətlərin, müharibə, əmək və ədəbi əsərlərin qəhrəmanlarının, eləcə də mürəkkəb və çətin məqamlarda, fövqəladə hallarda cəsarət və iradə nümayiş etdirdiklərinə görə rəğbətləndirilən həmyaşıdlarının nümunəsində tərbiyə olunmasına yönəlmiş sistemli tədbirlərin yerinə yetirilməsi, məktəblərdə psixoloji xidmətin gücləndirilməsi işinə diqqətin artırılması tapşırılıb”.

Nazirlikdən bildirilib ki, bununla yanaşı, məktəb psixoloqlarının fəaliyyətinin tənzimlənməsini, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsini təmin etmək üçün “Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində psixoloji xidmət haqqında Əsasnamə”nin layihəsi hazırlanıb. Layihə müzakirə olunub təsdiq edildikdən sonra yerlərə göndəriləcək.

Məlumatda o da qeyd edilir ki, hazırda ümumtəhsil məktəblərində 2845 nəfər psixoloq var.
Həmçinin, təhsil müəssisələrində digər kadrların (müəllim köməkçiləri, tərbiyəçilər, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, mühəndis-texniki, tədris-köməkçi işçilər, laborantlar, kitabxana müdiri və kitabxanaçılar) işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Qeyd olunan vəzifələrə təyin olunmaq üçün psixoloji təhsil tələb olunur.

Neçə universitetdə psixologiya kafedrası var? Neçə universitetdə və məktəbdə psixoloq fəaliyyət göstərir? Məktəblərdə çalışan psixoloqların neçə faizi ixtisasca psixoloqdur?
Nazirlik artan xəttlə davam edən intihar statistikasının aşağı salınması üçün məktəblərdə, universitetlərdə və digər təhsil müəssisələrində hansı maarifləndirici tədbirlər görməyi planlayır? Təhsil müəssisələrindəki psixoloji vəziyyətə nəzarət etmək üçün öz fəaliyyətini Səhiyyə Nazirliyi ilə necə koordinasiya edir?

Təhsil Nazirliyinə yönəltdiyimiz bu sualların cavablarını isə ala bilmədik. Nazirlik bu barədə sorğumuza bir sutka ərzində yuxarıdakı ümumi fikirləri cavab olaraq göndərib. Sorğunun universitetlərlə bağlı hissəsinə cavab almaq üçün isə hələ bir müddət də gözləməli olduğumuzu bildirdilər.
İntihar edən şəxslər isə gözləmir. İpi boğazına keçirən və ya benzini üzərinə tökən adamın həyatla ölüm arasında sadəcə bir neçə saniyəsi var. Ümid edirik ki, Təhsil Nazirliyinin məktəblilər arasında psixoloji maarifləndirmə işləri bu sorğunun cavabı cavabı kimi ümumi yox, konkretdir.

Bəs, intihar kəndirinin boğaza keçirilməsinə aparan psixoloji vəziyyət necə yaranır? Bir insanın yaşamağı yox, ölümü seçməsinə hansı ruhi sarsıntı səbəb olur? Azərbaycan insanının psixoloji durumu necədir?

Psixoloq Elnur Rüstəmov deyir ki, gənclərin intihar etməsində ən əsas səbəb onların özünü aktuallaşdıra bilməməsidir: “Məsələn, intihar edən gənclərin xronologiyasına nəzər yetirsək, onların şəxsi həyatda, ailə ya da karyera ilə bağlı müəyyən qədər çətinlik, narahatlıq, sıxıntı keçirdikləri bəlli olur. Yaşanan bu hal da zaman keçdikcə onlarda ruh düşkünlüyü yaradır. Psixologiyada buna “depressiyada olma” halı deyilir və bir müddət keçəndən sonra intihara gətirib çıxarır. Əvvəl intihar riski uzun müddət xroniki xəstəlikdən əziyyət çəkən, tənha insanlar arasında daha çox idisə, bu gün gənclər arasında intihar geniş yayılıb. Fikir versək görərik ki, onların əksəriyyətində orqanik, fiziki bir problemi yoxdur, sadəcə düşüncə ilə bağlı müəyyən narahatlıqları var. Yenə də onlardakı özünü reallaşdıra, aktuallaşdıra bilməmə, şəxsi həyatında problem yaşama həyat tərzinə, həyat baxışına təsirini göstərmiş olur”.

E. Rüstəmovun sözlərinə görə, yaşanan bu intihar hadisələri ilə bağlı ölkənin psixoloqları tərəfindən müvafiq təkliflər paketi hazırlanıb Təhsil Nazirliyinə təqdim olunub: “Bu istiqamətdə cəmiyyəti müəyyən qədər maarifləndirmək lazımdır. Gənclər arasında özünü aktuallaşdırma, inkişaf etdirmə ilə bağlı maarifləndirmə işləri aparmaq vacibdir. Düzdür, bu təhsildən keçən bir yoldur. Ancaq biz bəzən görürük ki, təhsil alan gənc belə özünü reallaşdıra bilmir. Yaşanan intihar hadisələri ilə bağlı ölkənin psixoloqları tərəfindən Təhsil Nazirliyinə müvafiq təkliflər paketi hazırlanıb təqdim olunub. Burda hamımız cəmiyyətdə maarifləndirmə aparmalıyıq. Orta məktəbdə psixoloqları yetişdirmək istiqamətində müəyyən işlər aparmaq mütləqdir. Onlara təlimlər keçirmək üçün hamımın birgə səyi vacib sayılır. Tutaq ki, məktəblərdə psixoloqlar gedib 12 saatlıq işlərini görməklə məsuliyyətlərini yerinə yetirmiş olmurlar. Onlara müəyyən səlahiyyət vermək lazımdır. Üstəlik, orta məktəbdə çalışan psixoloqlar üçün ştat vahidi yaxşı müəyyən edilməlidir. Çünki onların əksəriyyətinin məvacibləri də az olduğu üçün motivasiyası yoxdur. Valideyn özü də burda iş aparmalıdır”.

“İntihar etmək istəyənlər əslində ölmək deyil, yaşadıqları acını sonlandırmaq istəyirlər”, -deyə vurğulayan psixoloq deyir ki, bir insan birdən-birə intihar etmir, əvvəlcədən onda müəyyən əlamətləri müşahidə etmək mümkündür: “Əgər yaxın bir adamın özünə qapıldığını, cəmiyyətlə ünsiyyət qurmadığını, bütün günü evdə oturduğunu, narahatlıq keçirdiyini müşahidə ediriksə, ona mütəxəssis dəstəyi alması üçün yardım etməliyik. Və bir şeyi də deyim ki, əgər fikir vermisinizsə, özünü asaraq intihar edənlərin əksəriyyətinin boğazında qançır izləri var. Yəni onlar ən son anda geri dönmək istəyən insanlardır, ancaq iş işdən keçmiş olur. Və yaxud bir qismi də intihar havasına girib bunu edir.
Məsələn, qalxır evinin damına, əslində isə ölmək istəmir. Biri deyir düş aşağı, biri telefonla çəkir və o insan özündən asılı olmayaraq intihar havasına düşür”.

Gənclərə yaşamağı öyrənmək, bacarmaq lazım olduğunu məsləhət görən E.Rüstəmov insanların diqqətinə çatdırır ki, ölmək həll yolu deyil: “Əgər bir insan sağlamdırsa, dünyaya gəlibsə, şanslı bir insandır. Problem insanı böyütməlidir. Əgər bir insanın problemi varsa, onu həll edə bilirsə, böyüyür. Böyük insanların böyük problemləri olub, ancaq onlar intihar haqda düşünməyiblər. Və bu həyatda uğur qazanan insanlar da böyük bir zəhmətin, çətinliyin hesabına bu yerə gəlib çıxıblar. Ona görə mən düşünürəm ki, həyatda daha pozitiv baxmaq lazımdır”.

E. Rüstəmovun fikrincə intihar edən gənclər problemlərinin həllində düzgün istiqamət seçə bilmirlər: “Dərd varsa, dərmanı da var. Əgər problem varsa və siz ordan çıxa bilmirsinizsə, o demək deyil ki, onun həll yolu yoxdur. Bəlkə nəyisə düz fikirləşmirsiniz. Başqa cür düşünmək və yaşamağa davam etmək lazımdır”.

E. Rüstəmov qeyd edib ki, ona müraciət edənlərin təxminən 40%-i gənclərdir və onların arasında intihar etməyə meylli olanlar da var: “Onlar bir müddət dəstək alandan sonra artıq həyata sarılırlar, yaşama davam edirlər. Müraciət edən gənclərin əsas problemi güvən əskiliyi, təhsil, ailə, şəxsi həyatı ilə bağlı olur. Statistika onu göstərir ki, hər bir insan fikrən də olsa intihar haqda düşünür. Bu, normaldır, ancaq bu fikri həyata keçirmək normal deyil”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az