t s

» » Günev Atalının “İnamlı İllərimin Harayı” kitabı çapdan çıxdı

Günev Atalının “İnamlı İllərimin Harayı” kitabı çapdan çıxdı

2-03-2015, 17:36 Yazar:  Aygün Baxılıb: 885 Çap et
Günev Atalının “İnamlı İllərimin Harayı” kitabı çapdan çıxdıÜrəyinizdə Günəş olsun!
Bu günlərdə Asif Ata Ocağının Evladı Günev Atalının “İnamlı İllərimin Harayı” kitabı çapdan çıxdı. Kitab bir yaşamın Əqidəyə bağlı ayrı-ayrı aşamalarını izhar edir.
Kitab 500 sayda “Elm və Təhsil” nəşriyyatında basılmışdır. Yaxın günlərdə kitab evlərində və satış məntəqələrində olacaqdır. İndi Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının kitaba yazdığı ön sözü sunuruq.
Tükənməyən Ümidin Harayı
Deyirlər “ümid sonda ölür”. Əslində ölmür. Əgər ümid ölə bilirsə, deməli, o, ümid deyilmiş. Ümidi ölənin ruhu olmur, ruhu olanın isə ümidi ölmür. Yaxud belə də demək olar: – ümid bir fərdə, bir məqa­ma bağlananda qırıla, ölə bilsə də, Dünyanın Varlığına bağlanan ümid heç vaxt ölməz. Dünya özünə, öz ölməzliyi qədər ümid yaradır. Dünyanı dərk eləyənin ümidi ali ümiddir, başqa sözlə, ölməzdir. Dün­ya­ya, onun Mənasına ümid bağlamaq – fərəhli ömür yiyəsi ol­maq­dır. Fərəh – idrakiliyin, mənəviliyin ifadəsidir… Bu, böyük dü­şün­cənin yönüdür – İnsan fəlsəfəsinin ölçüsüdür. Bəşər tarixində be­lə ömür faktları çox azdır və bu azlar İnsanlığın bənzərsiz örnəyi­dir.
Əlbəttə, şəxsiyyətləri çeşidləmək, sortlara bölmək yolverilməzdir. Ancaq hər bir şəxsiyyətin dəyəri yaradıcılığının yönü, daşıdığı əqidə­nin hədəfləri ilə bəlli olur. Bir də onların ömürləri “dəyəri yaradan və dəyəri qoruyan” olmaqla qiymətləndirilir. Məsələn, İsa insan sevgisinə yönəlik bir dünyabaxış yaratdı və özü yaratdığı dəyərə tən oldu. Deyək ki, Pavel də bu dəyəri yaşatmaqla, yaymaqla dəyər ölçüsünü ifadə eləmiş oldu. Təbii ki, bu bağlılıqda “İsa daha yaxşı­dır, Pavel az yaxşıdır” məntiqi yaranmaz və onların çəkisini də belə doğru olmayan məntiqlə qiymətləndirmək olmaz. Hər kəsin şəxsiy­yəti düşüncəmizə, sevgimizə “yaradıb”, yaxud “qulluq edib” anlam­larının miqyası ilə girir. Deməli, şəxsiyyət yaşadığı ömrə, daşıdığı görəvə görə, belə demək mümkünsə, mərtəbələşir.
Burada bu misalı ona görə çəkib izah elədik ki, haqqında danı­şa­­ca­ğımız Günev Atalının şəxsiyyətinə düşən qiyməti də anlada bi­lək.
Daşıdıqları dünyagörüş və ölçü fərqli olsa da, əməyin, fədakar­lığın yönü baxımından, Asif Ata və Günev Atalı münasibətini İsa-Pavel münasibətiylə müqayisə eləmək olar. Günev Atalı Yola, Yolun Yaradıcısına inamlı və heyrətlidir. Onun fədakarlığı, zəhməti, ümidi inamından və heyrətindən əmələ gəlir. Pavel kimi Yolun yaradıcısını tanıtmaq, anlatmaq onun sevgisinə hakim olan bir görəvdir. Günev bu görəvin özünə vurulub. Vurğun baxışlar, vurğun yerişlər, vurğun çağırışlar onun şəxsiyyətinə aydınlıq gətirir və sanbal qazandırır. O, kitab­ adamı deyil, ruh adamıdır. Heyrətli çağırışları da tarixi ənənə­lərdən deyil, ruhunun dərinliyindən gəlir. Atanın dediklərinə o qədər inanır ki, insanlarla ünsiyyətdə inandığını haraylayarkən heç bir tə­rəd­­düd hissi keçirmir. Akademik düşüncələr, elmi biliklər, kitab­lar­dan gələn məntiqlər, üzləşəndə Günevi çaşdırmır, ürəyinin ehti­raslı çağı­rı­şını kölgələyə bilmir. Çünki Ruh Dünyasının məntiqini tanıyır, dəyə­rini anlayır. Bilir ki, dünya insanda əyilib, gedişat ruha­niyyat­sız­lıqdan pozulub. Günevin də Asif Atadan gələn çağırışları pozuntu­ların nədənini anladan, bəşər övladını nicata səsləyən çağırış­lardır.
Asif Atanın yaratdığı Ocaq əslində hər bir Ocaqçı üçün ruhani bioqrafiyadır. Ona görə biz də Günev Atalını Ocaqçılıq bioqrafiyası ilə təqdim edirik. Ancaq onun Ocaqçılıq aqibəti də birdən-birə yaran­mamış, çətin aşamalarda əzabdan-əzaba çırpılmış, dərya kimi çalxa­lanmış və durulub bəlli şəklə düşmüşdür. Bu Yolda onun qalxıb-enmə­ləri, büdrəmələri, sarsıntıları çox olmuşdur. Bütün bunları bil­mə­dən onun Ocaqçılıq aqibəti də dərk olunmaz.
İnsan niyə fərəhlənir, fərəhçilik boşuna deyilən sözdürmü? Asif Ata Ocağında “Fərəh” sözü çox işlənir. Bu sözü işlədən adam Oca­ğın ənənəvi sözü kimi də işlədə bilər, yaşamının ölçüsü kimi də. Biz deyəndə ki, “Fərəh” sözü Günevin yaşam ölçüsüdür, bunu onun Ocaqçılıq bioqrafiyasından görmək mümkündür. Odur ki, bir neçə kəlmə amaldaşımız Günev Atalının ruhani ömür yolunda üzləşdiyi çətinliklərdən də danışmaq gərəkir.
Günev Atalı (Əliyev Əlabbas Məcid oğlu) 1955-ci ildə qədim Bey­lə­qanın Örənqala köyündə doğulub böyümüşdür. Orta oxulu bu köydə bitirib, təsərrüfatçılıqla, eləcə də ayrı-ayrı fərdi tikintilərdə us­ta­lıqla məşğul olmuşdur. O, oxuduğu ayrı- ayrı bədii və tarixi ədə­biy­yatlardan da xarakter almış və millətə, vətənə, dövlətə münasi­bə­tində çağdaşlarından fərqlənmişdir. Bununla belə, onun vətənə, mil­lətə, dövlətə münasibəti sevgi səviyyəsində olmuş, idraki yetkinlik, bitginlik səviyyəsinə yüksəlməmişdir.
1988-ci ildə Qarabağın “Topxana”sından başlayan bəlli olaylar bir çoxlarının həyatına birbaşa fəal təsir göstərdiyi kimi, Əlabbasın da şüurunda dəyişikliklərə yol açmışdır. Ancaq hələ sovet yönətim qurallarının qaldığı bir çağda müstəqil ağıl işlətmək, hansısa addım­lar atmaq olduqca çətin idi. Həmin illərdə Əlabbas gizli şəkildə təbli­ğat aparan Asif Ata davamçılarına rast gəlir. Belə bir ünsiyyətdə onu düşündürən bütün suallara cavab tapacağına ümid bəsləyir. Ancaq onu yetərləndirən, yetərləndirməyən cavablar alır. Az vaxtdan sonra bağlantı qurduğu əski Ocaqçılar onu Asif Atanın özü ilə tanış edirlər. Asif Atanı dinləmək onu heyrətə salır, ağlının, ürəyinin gözü açılır. O bu şəxsiyyətin ideyasına, Yoluna inanaraq Ocağın Evladlı­ğını qə­bul edir. Ocaq İlsırasının 11-ci ilində (1990-cı il) Asif Atadan Günev adını alır… Bundan sonra o, həqiqi mübarizə yoluna düşür. Bir il sonra keçmiş amaldaşlarından birinin fəal qatqısı ilə öz köyün­də Ocaq Atasının görüşünü təşkil edir. Bu görüş bütün bölgəyə səs salır və diqqətləri Ocağa yönəldir. Bununla da həmin bölgədə “Qə­dim­yurd” adı ilə Ocaq Ailəsinin yaranmasına yol açılır.
Hər bir Ocaq Ailəsində bir nəfər təmsilçilik edir, – çağdaş sözü­müzlə desək, Ailənin Yükümlüsü olur. Bu görəv, Ocaq Ailəsində Atanı, Atanın qarşısında isə Ailəni təmsil eləmək anlamı daşıyır. “Qədimyurd” Ailəsinin Yükümlüsü o çağlarda Atanın özü tərəfindən iki dəfə dəyişdirilmiş, üçüncüdə bu yükün məsuliyyəti Günevə tapşı­rılmışdır. Bunlar ona görə baş vermişdir ki, Ailədə yönəltmə inzibati xarakter almışdır. Halbuki İnsanlaşma Ocağında Amaldaşlar arasın­dakı münasibət yalnız ruhaniyyata əsaslanmalıdır.
Günev bu Ailənin yaşaması və genişlənməsi üçün ciddi çabalar gös­­­tər­­miş, heç vaxt özünü aldatmamışdır. Çünki ruhaniyyatçılıq onun fitri keyfiyyətlərində mövcud olmuşdur. Ancaq Ailəçilərin həyat tələblərini ötə bilməməsi ilə, eləcə də, bir-birinə və toplum­dakılara adi toplumçuluq (cəmiyyətçilik) halından gələn münasibət sərgiləməsi ilə bu Ailənin ömrü qırılmış və fəaliyyəti dayanmışdır.
Günev Atalının özü də, sağlamlığında sorun olduğuna görə, bir il Ocaqdan qıraqda qalmışdır. Sağlamlığını bərpa elədikdən sonra isə Asif Atanın hüzuruna gələrək, onu, yenidən Ocağa qaytarmasını diləmişdir. Ata bu diləyə yox deməmişdir. Çünki Günev kimi ana­dan­­gəlmə bir ruhaniyyatçını – “Ata vurğunu”nu itirməyi doğru saymamışdır.
Günev Atalı Ocağın yaşaması və yayılması üçün özündənkeçmə səviyyəsində çaba göstərən tək-tək Ocaqçılardandır. Ocaqçılığının ilk çağlarında balalarını dolandırmaq üçün ustalıq edib qazandığı paralardan həmişə Ocaq üçün də ayırmış, onun yaşayıb genişlən­məsinə qulluq göstərmişdir.
Ocaq İlsırasının 12-ci ilində, öz köyündə, 40-50 sot torpaq sahəsi alaraq “Amal Bağı” salmışdır. Hətta Asif Ata ölümündən illər öncə, nə vaxtsa nəşinin bu “Bağ”da gömülməsini sonərk (vəsiyyət) etmişdir. Günev Atalı da hər cür çətinliyə, manelərə sinə gərib Atanın nəşinin Amal Bağında gömülməsini həyata keçirmişdir. Həmin olayda bənzərsiz qeyrət göstərdi Günev – Amaldaşlarına və bütövlükdə ulusuna örnək olacaq bir qeyrət.
Doğrudur, o çağlarda da sağlamlığında baş qaldıran sorunla bağlı Günev, bir neçə il yenə Ocaqdan uzaq düşdü. Vurğu eləmək yerinə düşər ki, onun Ocaqdan uzaq düşməsində bu yazının müəllifinin də suçu vardır. Belə ki, Ocaqla bağlı aşırı ərklər, hardasa, ona yük oldu ki, bunu da şəxsi qayğıları ilə birləşdirmək imkanı yetərsiz idi. Bunun­la belə, Ocaq Günevi yenidən qazandı.
Günev Amal Bağında vaxtilə yaşamaq üçün sığındığı bir tikilinin üzərində işləyib oranı “İnam Evi”nə çevirdi. Yaxın, uzaq ellərdən insan­lar çağırdı. Oradan başlayan səfərlər elədi, Asif Atanın İnamı­nın harayını çəkdi, çoxsaylı Ocaq ədəbiyyatları yaydı. Ocaqdan, Amal­daşlarından ilhamlanaraq, Amal Bağında, Ata ideyalarından qay­naqlanan arxitektura ilə İlk İnam Məbədinin (Evinin) tikintisinə başladı. Üzərinə haylananların təsirinə, həşirinə dözdü, addımı geri qoymadı. Bu yazının yazıldığı tarixdə “Məbəd” in divarları artıq başa çatmaqdadır.
Yeni İnamın yayılması çox çətindir. Ocaq hər addımda bu çətin­liyə dirənir, ancaq dayanmır, aşıb adlayır. Günev də bu çətinliklərlə daim öz bölgəsində üzləşir. Bir yandan dövlət orqanları­nın yersiz qarış­maları, bir yandan İran şüurlu adamların, başqa yandan qohum­larının bezikdirici davranışları Günevi sındıra bilmədi. Çətinliklər onu daha da müdrikləşdirdi. Çünki insan, millət sevgisi onun həyatı­nın ana xəttidir.
Günevin hünərlərindən biri də öz bölgəsində “Atagün” Ocaq Ailəsini başlamaq oldu. İllər sonra orada ruhani Ailəçiliyin bərpasını Ata işini bilməyin və dərk eləməyin təzahürü saymaq doğrudur.
Günev öz ömrünü Ocağa çevirib. Ocağı öz ömrünə çevirib də demək olar…
Adını çəkdiyim və çəkmədiyim məsələlər sıradan olaylar deyil. Ulusal kimliyi təsdiq edən şəxsiyyət ömrüdür. Elə bir ömür ki, şəxsiyyətin özündən sonra da söz deyəcək və iş görəcəkdir.
Burada biz, əsasən, Günev Atalının ömründən, ruhani çalışma­la­rın­dan söz açdıq. Ancaq yazımızı onun “İnamlı İllərimin Harayı” kitabına ön söz kimi sunuruq. Çünki bütün bu deyilənlər ömür yolu­dur, ömür kitabıdır – Asif Atanın peyğəmbərliyini, ideyalarını haray­la­yan ömür-ümid kitabı. Bu kitabda Günevin öz ulusuna, bütövlükdə bəşər övladına ümidi işıqlanır, yaşayır. Biz də soyumuza yaşanan və çağıran bir Ümidi sunuruq.
Xristianlıq üçün başlanğıcda Həvarilərin məktubları, çağırışları nədirsə, İnam üçün Günevin çağırış xislətli kitabı da odur. Amal­daşımızın ömür kitabı qutlu olsun, ruhu uca, Ulusu var olsun!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:16 İnsanlığın Yeni İli qutlu olsun! Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Sabah, 1 Günəş Ayı Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağında Günsıra (təqvim) dəyişir – Yeni İl başlayır. Ocaq İlsırasının (tarixinin) 37-ci ili girir. Günsıranın bu günü Ocaqda “Yeni İl Törəni” keçirilir. Bu gün həm də Türkə-Türklüyə, bütövlükdə
15:20 Soylu Atalı: "Milli Faciəmizin Xocalısı" Güclü siyasət, zəif siyasət deyilişini qəbul etmirik. Güclü dövlət, zəif dövlət məntiqini doğru sayırıq. Güclü siyasət olmur, gücə dayanan siyasət olur. Bəs dövlətin gücü nəyə bağlıdır?! Hesab edirik ki, sağlam prinsiplər üzərində milli ideologiyanın işlənib hazırlanması və dövlət idarəetməsində
14:04 Ana dilini yaşatmaq hünəri İşıqlı Atalı Mütləqə İnam Ocağının Yükümlüsü Dil – ruhaniliyin (insaniliyin) ifadəsidir, bu səbəbdən də o, zamandan, gerçəklikdən, quruluşdan üstündür. Əgər dil ictimai hadisə olsaydı, çoxsaylı quruluşlarla birgə dilimiz də ölüb gedərdi. Hər bir xalq öz adıyla bağlı olan dilin yaradıcısı,
22:23 Asif Ata Ocağı bölgədə gənclərlə yeni görüş keçirib Ürəyinizdə günəş olsun, sayğılı yurddaşlarımız! Bildirdiyimiz kimi, Asif Ata Ocağının ideya quruculuğu və yayıcılığı işi bir neçə yöndə inkişaf etdirilir. Bu yönlərdən ən əsas yeri Ocaq tədbirlərində “Özüylədöyüş” ideyasına əməl olunması və Ocaqçının mənəvi, idraki kamilliyinin yüksəldilməsi tutur.
16:10 Ulusəs Atalının bacısı Elmira xanıma keçirilən “Yas Mərasimi”ndə deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ulusəs Atalının bacısı Elmira xanıma keçirilən “Yas Mərasimi”ndə deyilmiş fikirlər Ocaq Günsırası ilə 15 Köçəri Ayı, 36-cı ildə Asif Atanın Mütləqə İnam Ocağının Evladları, Ocaqdostları və Ulusəs Atalının qohumları onun cismani bacısı Elmira xanıma“Yas

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az