t s

» » İranın nüvə proqramı ətrafında kritik hadisələr: dəhşətli müharibə necə əngəlləndi...

İranın nüvə proqramı ətrafında kritik hadisələr: dəhşətli müharibə necə əngəlləndi...

2-03-2015, 08:27 Yazar:  Fərhad Məmmədov Baxılıb: 873 Çap et
İranın nüvə proqramı ətrafında kritik hadisələr: dəhşətli müharibə necə əngəlləndi...Ukrayna böhranının və İŞİD terror qruplaşmasının arxa plana keçirdiyi, lakin bir vaxtlar dünyanın bir nömrəli problemi səviyyəsinə qədər yüksəlmiş İranın nüvə proqramı ətrafında gərgin proseslər gedir.

Virtualaz.org saytı nüfuzlu beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, ABŞ-la İranın nüvə məsələsində anlaşmaya yaxınlaşdıqları bir vaxtda İsrail bu razılaşmanı əngəlləmək üçün regionu dəhşətli müharibəyə sürükləyəcək hərbi avantüraya hazır olub. ABŞ prezidentinin bu plandan xəbər tutaraq İsraili hərbi cavabla hədələməsindən sonra yəhudi dövlətinin rəhbərliyi geri çəkilib.

Son məlumatlara görə, “Altılar qrupu" (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü+Almaniya) ilə İran arasında davam etməkdə olan danışıqlarda tərəflər razılaşmaya xeyli yaxınlaşıb. Diplomatik mənbələrə əsasən İranla “Altılar qrupu" arasında Tehranın nüvə proqramlarına dair sövdələşmənin əsas prinsiplərinin danışıqların martın 5-də keçiriləcək növbəti raundunda əldə olunacağı bildirilir. Yekun razılaşmanın isə iyun ayına qədər əldə olunacağı haqda məlumatlar var.



Tərəflərin bir ildən çoxdur davam edən danışıqlarda nəticə əldə etməyə yaxın olduğu bir vaxtda əvvəldən Qərblə İran arasında anlaşmaya qarşı olan İsrail bütün mümkün rıçaqlarını işə salıb.

Bu gün İsrail baş naziri Benyamin Netanyahu Birləşmiş Ştatlarla İran arasında nüvə sövdələşməsini pozmaq üçün Vaşinqtona işgüzar səfərə yola düşüb. İsrail hökumətinin rəhbəri Vaşinqtonda prezident Barak Obama ilə görüşəcəyi hələ məlum deyil, çünki Obama Netanyahunun Vaşinqtona səfərinə qarşı olduğunu onun nəzərinə çatdırıb.

Ancaq İsrail baş nazirinin əsas hədəfi ABŞ-dakı yəhudi lobbisinin və Konqresin köməyi ilə İranla razılaşmanın əldə olunmasına mane olmaqdır.

Ekspertlərin qənaətinə görə, Netanyahu Vaşinqtona səfərində istənilən nəticəni əldə edə bilsə, iki həftə sonra keçiriləcək seçkilərdə qələbəsini təmin etmiş olacaq.

Netanyahu martın 3-də Konqresdə çıxış edərək İranın nüvə proqramının İsrailə yaratdığı təhdidlər, gözlənilən razılaşmanın hansı ağır nəticələrə səbəb olacağı və prezident Barak Obamanın Tehranla dialoq kursunun yanlış olduğu barədə danışacaq.

B.Netanyahunu Konqresdə çıxış etməyə Obamanın opponentləri - respublikaçılar dəvət ediblər. İsrail baş naziri həmçinin Amerika Yəhudi Milli Komitəsində çıxış edəcək və İranla gözlənilən nüvə anlaşmasının yəhudilərə qarşı hansı təhdidlər yaradacağı haqda danışacaq.

“Mən Vaşinqtona taleyüklü, hətta tarixi missiya ilə gedirəm. Özümü bütün yəhudi xalqının, bütün İsrail vətəndaşlarının, o cümlədən mənimlə razılaşmayanların elçisi kimi hiss edirəm” - deyə Netanyahu Vaşinqtona yola düşərkən bildirib.

Baş nazir səfərə yola düşməzdən əvvəl Yerusəlimə gedərək yəhudilərin müqəddəs məkanı olan "Ağlama divarı" qarşısında ibadət edib. Netanyahu yəhudi ölkəsinin mövcudluğunun təhlükə qarşısında olduğunu deyib.

“Biz hazırda İran və “böyük dövlətlər” arasında formalaşdırılan razılaşmaya qətiyyətlə qarşıyıq. Bu razılaşma bizim mövcudluğumuzu təhlükə altına alır” - deyə Netanyahu bildirib.

Onun sözlərinə görə, Obamanın planı düşünülməmiş plandır, çünki bu razılaşma sayəsində İran praktiki olaraq nüvə nəhəngi statusu alacaq və qısa müddət ərzində atom silahına malik ola biləcək.

Qeyd etmək lazımdır ki, ABŞ-da İsrail baş nazirinin Vaşinqtona səfərindən heç də məmnun deyillər. İsrail rəhbərliyinin İranla Qərb arasında nüvə anlaşmasına mane olmaq səyləri Obama administrasiyası ilə Təl-Əviv arasında münasibətləri heç vaxt olmayan qədər korlayıb.

İş hətta o yerə çatıb ki, İsrail baş nazirini Vaşinqtonda yüksək səviyyədə qəbul etməyə hazırlaşmırlar. Dövlət katibi Con Kerri iş qrafikinin imkan vermədiyini əsas gətirərək İsrail baş naziri ilə görüş təyin etməyib.

C.Kerri İrana danışıqların növbəti raunduna qatılmaq üçün Netanyahunun Vaşinqtonda olacağı günlərdə Cenevrəyə yola düşəcək. Nəticədə Netanyahu Vaşinqtona yola düşməzdən əvvəl Kerri ilə telefonla danışmalı olub. Danışıqların əsas mövzusu İranla nüvə anlaşması olsa da detallar barədə məlumat yoxdur.

Belə görünür ki, Obama administrasiyası İsrailin bütün kaprizlərinə baxmayaraq İranla nüvə problemini diplomatik yollarla həll edib Tehranla on illərdir kəsilmiş ikitərəfli münasibətləri bərpa etməyə hazırdır. Ağ Ev bildirib ki, prezident Konqresə İranla “Altılar qrupu" arasında nüvə məsələsinə dair istənilən razılaşmanı ləğv etmək səlahiyyəti verən qanun layihəsini veto edəcək.

“The Iran Nuclear Agreement Review Act” adlı qanun layihəsinə əsasən İranla istənilən razılaşma 5 gün ərzində Konqres tərəfindən təsdiqlənməsə qüvvədən düşəcək. Eyni zamanda razılaşma qüvvəyə minsə belə Obama 60 gün ərzində İrana qarşı sanksiyaları yumşalda, yaxu ləğv edə bilməz.



Danışıqlar isə elə də asan getmir. Əslində tərəflər yekun razılaşmanın əldə edilməsi üçün son müddət-2014-cü il noyabrın 23-nü müəyyən etmişdilər.

Lakin həmin tarixə qədər razılaşma əldə etmək mümkün olmadı və tərəflər daha bir neçə ay danışıqlar aparmağa qərar verdilər. ABŞ administrasiyasının yüksək rütbəli nümayəndələri deyirlər ki, İranın nüvə proqramına dair razılaşmanın şərtləri Tehrana nüvə silahı hazırlamağa imkan verəcək zəruri materialları əldə etməyi qadağan etməlidir.

Həmçinin ABŞ İranın Arak nüvə reaktorunda silah təyinatlı plutoniumun istehsalını istisna etməyə, Fordo nüvə mərkəzində uranın zənginləşdirilməsi proqramını dayandırmağa, Natanz nüvə mərkəzində işləyən sentrifuqların sayını xeyli azaltmağa nail olmağa çalışır.

Həmçinin ABŞ-ın şərtlərinə görə, İran nüvə obyektləri üzərində sərt beynəlxalq nəzarətə də razı olmalıdır. Əgər İran bu şərtləri qəbul etsə, beynəlxalq sanksiyalardan xilas olacaq. Ancaq ABŞ-ın şərti belədir ki, sanksiyalar mərhələlərlə götürülməlidir. Son məlumatlara görə, danışıqlarda irəliləyiş var, ancaq proses olduqca çətin gedir.

Dövlət katibi Con Kerri ABC telekanalına müsahibəsində deyib ki, məsələni hərbi yolla həll etməyə çalışmaqdansa ən yaxşısı İranın nüvə probleminin dinc yolla həllini sınaqqdan keçirmək və bunun üçün bütün imkanlardan istifadə etməkdir.

Bununla belə Kerri əlavə edib ki, o, İranla anlaşmanın əldə olunacağına təminat verə bilməz. Kerri optimist olduğunu deyib, çünki İran bəzi beynəlxalq sanksiyaların yumşaldılmasına cavab olaraq nüvə fəaliyyətini dondurmaq barədə öhdəliyinə əməl edir. Deməli, tərəflər arasında etimad krediti yaranıb.

Əgər İsrail ABŞ-dakı yəhudi lobbisinin və respublikaçıların köməyi ilə İranla nüvə anlaşmasını poza bilsə, bu, Obamanın xarici siyasətdə növbəti böyük uğursuzluğu ola biləcək. Ona görə də Obama bütün mümkün səyləri göstərir ki, İsrailin sərt müqavimətinə baxmayaraq bu məsələni həll etsin.

Eyni vaxtda bir neçə ərəb və İsrail qaynaqlarında yer alan məlumatlara görə, hətta iş o yerə çatıb ki, prezident Obama İranın nüvə obyektlərinə zərbə endirmək üçün havaya qalxan İsrail təyyarələrinin Amerika Hərbi-Hava Qüvvələri tərəfindən vurulub salınacağına dair xəbərdarlıq edib.

Məlumatda deyilir ki, İsrail rəhbərliyi İranın nüvə obyektlərinə hava zərbələri endirməyə yaxın idi. Ancaq bu plan barədə Vaşinqtona məlum olan kimi prezident Obama sərt reaksiya verib və hərbi əməliyyatlar təxirə salınıb.

“Əl-Cəzirə” telekanalının xəbərinə əsasən İsrail baş naziri İranla “Altılar qrupu” arasında hazırlanmaqda olan məxfi sövdələşmənin Tehran qarşı iqtisadi sanksiyaları tamamilə ləğv etməyi nəzərdə tutduğu haqda məlumat alan kimi təhlükəsizlik kabinetini toplayıb.

Baş nazir müdafiə naziri Moşe Yalon və xarici işlər naziri Aviqdor Libermanın, habelə İsrail ordusunun yüksək rütbəli komandanlarının iştirakı ilə İranın nüvə obyektlərinə qarşı hava reydlərinə dair qərar qəbul edib.

Məlumata görə, bu plana hazırlıq çərçivəsində İsrail təyyarələri İranın hava məkanında bir neçə sınaq uçuşu da keçiriblər və bu ölkənin hava hücumundan müdafiə sisteminin necə reaksiya verəcəyini yoxlayıblar. Qeyd olunur ki, İranın hava hücumundan müdafiə sistemi ölkənin hava məkanında düşmənin döyüş aviasiyasını görə bilməyib.

Lakin planın bu mərhələsində “ABŞ prezidentinin administrasiyası ilə yaxşı əlaqələri olan”, ancaq adı açıqlanmayan İsrail naziri hazırlanan hücum əməliyyatı barədə dövlət katibi Con Kerrini məlumatlandırıb. Kerri təcili qaydada prezident Obamaya bu haqda məlumat verib.

Bundan sonra Obama İsrail rəhbərliyi ilə təcili telefon əlaqəsi yaradaraq xəbərdarlıq edib ki, əgər İsrail təyyarələri İranın nüvə obyektlərinə zərbə endirmək üçün hava qalxsa, Amerika aviasiyası tərəfindən vurulub salınacaq. Bundan sonra Netanyahu planı təxirə salmalı olub.

Heç bir şübhə yoxdur ki, İsrailin İranın nüvə obyektlərinə hava zərbələri endirməsi məcburən ABŞ-ın da qoşulacağı və ağlasığmaz nəticələrə gətirib çıxaracaq müharibəyə səbəb ola bilərdi...

Virtualaz.org




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:02 İran: “7 dəqiqəyə Tel Əvivi məhv edərik” İranın dini lideri Ayətullah Əli Xamneyinin İnqilab Keşikçiləri Korpusundakı ali nümayəndəsi Höccətülislam Müctəba Zülnur İsrailə sərt mesaj verib. Axar.az xəbər verir ki, general İsrailin xırda səhvinin ona baha başa gələcəyi xəbərdarlığını edib: “Sionist rejim (İsrail) bir səhv etsə, on
01:22 Putin dünyanı hədələdi “Bizə təzyiq göstərməyi də ağıllarından keçirməsinlər”. Rusiya öz hərbi potensialını daha da genişləndirəcək və həmişə istənilən təzyiqə adekvat cavab verəcək. Mediaxeberleri.az ANS PRESS-ə istinadən xəbər verir ki, məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Ordu günü ilə bağlı
00:52 "Qərb Putinin heç bir sözünə inanmır” “Normandiya dördlüyü” - Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərlərinin Belarusun paytaxtı Minsk şəhərində Donbass probleminin həlli üzrə yarım sutkadan çox davam edən danışıqları başa çatıb. Ukraynadakı münaqişənin həllinə dair Minsk razılaşmasının müddəaları da açıqlanıb. Politoloqlar isə
19:36 Netanyahu Avropada yaşayan yəhudiləri İsrailə çağırdı “İsrail sizin evinizdir”. Avropada yaşayan yəhudilər təcili İsrailə qayıtmalıdırlar. Mediaxeberleri.az ANS PRESS-ə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Danimarkada törədilən terror aktından sonra bu çağırışı edib. Baş nazirin sözlərinə görə, Avropada yenidən
12:35 İsraildən şok: “Müharibəyə başlayırıq” İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Benni Qrantz ölkəsinin gələcəkdə Livan sərhədində yeni əməliyyatlara başlayacağını açıqlayıb. Mediaxeberleri.az axar.az-a istinadən xəbər verir ki, İsrailin “Kanal 2” televiziyasına danışan general 7 iyul 2014-cü ildə Qəzzaya təşkil edilən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az