Media Xəbərləri > Çap üçün versiya > Daxili Qoşunların komandanı Şahin Məmmədovun doğum günüdür

Daxili Qoşunların komandanı Şahin Məmmədovun doğum günüdür

Daxili Qoşunların komandanı Şahin Məmmədovun doğum günüdür
10 yanvar - Azərbaycan hərbi xadimi, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin İsgəndər oğlu Məmmədovun doğum günüdür.


Mediaxeberleri.Az xəbər verir ki, Şahin İsgəndər oğlu Məmmədov 10 yanvar 1961-ci ildə Qazax rayonu, Yenikənd kəndində (indiki Ağstafa rayonu, Zəlimxan kəndi) anadan olub.

O, 1986-cı ildə DİN-in Saratov Ali Hərbi Komandanlıq Məktəbini və 1999-cu ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunu bitirib.

Ş.Məmmədov 1979–1981-ci illərdə SSRİ DİN Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olub. 1982–1986-cı illərdə SSRİ DİN-in Saratov Ali Hərbi Komandanlıq Məktəbində təhsil alıb, 1986–1992-ci illərdə isə SSRİ DİN-in Daxili Qoşunlarında zastava rəisinin siyasi hissə üzrə müavini, zastava rəisi, tabor komandirinin müavini — qərargah rəisi vəzifələrinədək yüksəlib.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra isə Şahin Məmmədov 9 iyun 1992-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsinin sərəncamına göndərilib.

O, 1992–1997-ci illərdə Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarında hərbi hissə (əlahiddə tabor) komandiri, hərbi hissə (briqada) komandirinin müavini — qərargah rəisi, hərbi hissənin (alay) komandiri vəzifələrində xidmət edib.

Xidməti ərzində 1998-ci ildən 15 noyabr 2013-cü ilədək Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsində Qərargah rəisinin müavini, Qərargah rəisinin müavini — Əməliyyat və döyüş hazırlığı İdarəsinin rəisi, Daxili Qoşunların Qərargahı rəisinin 1-ci müavini vəzifələrinədək yüksəlib.

Azərbaycan Respublikası Prezidentinin 9 mart 2011-ci il tarixli 1384 nömrəli Sərəncamı ilə Şahin Məmmədova "general-mayor" hərbi rütbəsi verilib.

Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2013-cü il tarixli 64 nömrəli Sərəncamı ilə isə Daxili İşlər Nazirinin müavini — Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Şahin Məmmədov Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı aparılan döyüş əməliyyatlarında da fəal iştirak edib. Onun 1992-ci ilin sentyabr ayında Ağdam rayonunun Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə şəxsi heyətə bacarıqlı rəhbərliyi altında yüksəklik düşməndən azad edilib. Şahin Məmmədovun özü isə döyüşlər zamanı yaralanıb.

Daxili Qoşunlar komandanı Şahin Məmmədov bir çox medallarla, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 10 mart 2012-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 29 iyun 2019-cu il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Qarabağ" ordeni ilə təltif edilib.

11 mart 2015-ci il tarixdə general-leytenant hərbi rütbəsi verilib.

Ailəlidir, 3 övladı var.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=68669

© 2014 www.mediaxeberleri.com