Media Xəbərləri > Çap üçün versiya > Ağsaqqallar Şurasının illik yığıncağı keçirildi

Ağsaqqallar Şurasının illik yığıncağı keçirildi

Ağsaqqallar Şurasının illik yığıncağı keçirildi

Respublika Ağsaqqallar Şurası Məclisinin illik yığıncağı keçirilib.

Mediaxeberleri.az-ın məlumatına görə, tədbirdə Ağsaqqallar Şurasının 2014-cü ildəki fəaliyyətindən və qarşıda duran vəzifələrdən bəhs edilib. Yığıncaqda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov ağsaqqalların, yaşlı və ahıl insanların ölkənin ictimai, mədəni həyatında, eləcə də dövlət idarəetmə sistemindəki fəal rolundan danışıb. F.Heydərov bildirib ki, bu gün ağsaqqalların qarşısında duran əsas vəzifə ümummilli lider Heydər Əliyevin bizə ərməğan etdiyi dövlətimizi qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürməkdən ibarətdir: "Ağsaqqallar Şurası daim dövlətçiliyin möhkəmləndirilməsi, milli mənəvi dəyərlərimizin qorunması, yeniyetmə və gənclərin Heydər Əliyev ideyalarına məhəbbət və yüksək vətənpərvərlik ruhunda tərbiyə olunması kimi nəcib bir missiyaya xidmət edir".

F.Heydərov dünyada hökm sürən iqtisadi böhran şəraitində ölkəmizdə əldə olunan uğurlardan, sosial, iqtisadi, mədəni, ictimai həyatın bütün sahələrində qazanılan nailiyyətlərdən söz açıb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dinamik inkişaf prosesinə ağsaqqalların da böyük töhfələr verdiyini vurğulayıb. Şuranın sədr müavini Bayram Yusifov qurumun ötən il gördüyü işlər barədə məruzə ilə çıxış edib. O, məlumat verib ki, 2014-cü il ərzində Ağsaqqallar Şurası xalqımızın milli mənafeyinə xidmət edən fəaliyyətini daha da gücləndirərək bir sıra uğurlu layihələrə imza atıb. Respublika Ağsaqqallar Şurası rəhbərliyinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Ağsaqqallar Şurasının Qazaxıstanın Almatı şəhərində keçirilən yeddinci, eləcə də Bişkekdə baş tutan səkkizinci iclasındakı iştirakından, Türk Şurasına üzv ölkələrin diasporları arasında əməkdaşlığın dərinləşdirilməsi və mədəni əlaqələrin daha da inkişafı sahəsindəki fəaliyyətindən ətraflı bəhs olunub.

Çıxış edən ağsaqqallar bildiriblər ki, Ağsaqqallar Şurasının hər bir üzvü cəmiyyətin sağlam ruhda tərbiyəsi, gənc nəslin yüksək vətənpərvərlik ruhunda böyüməsi üçün üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirir və ölkəmizin dinamik inkişafı naminə səylə çalışırlar. Şuranın İdarə Heyətinin üzvü Vasif Məmmədəliyev qeyd edib ki, Ağsaqqallar Şurası prezidentin ətrafında sıx birləşib və ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. O, Şuranın gördüyü işləri müsbət qiymətləndirərək, bu işlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Şuranın yaradılmasını müdrik addım kimi qiymətləndirərək, bu fəaliyyətin artıq ölkə regionlarını əhatə etdiyini dilə gətirib.

Sonda yubileyi olan Şura üzvlərinə hədiyyələr təqdim olunub.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=66

© 2014 www.mediaxeberleri.com